Küçə zarafatından əsəbiləşən Fərda Xudaverdiyev: “Get söyüşü…” – MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

Küçə zarafatından əsəbiləşən Fərda Xudaverdiyev: “Get söyüşü…” – MÜSAHİBƏ

Tanınmış aktyor Fərda Xudaverdiyevlə müasir komediya filmlərinin səviyyəsindən danışdıq. Tamaşaçı rəyini üstün tutduğunu deyən aktyor bəzi məqamlarla barışmadığını da etiraf etdi. Xüsusən də filmlərdə istifadə olunan "qurşaqdanaşağı" zarafat və söyüşlərin heç də yaxşı qarşılanmadığını bildirdi.

Aktyorun Publika.az-a müsahibəsini təqdim edirik.

- Fərda, bu gün saysız-hesabsız kommersiya filmləri çəkilir. Amma bu filmlər heç də birmənalı qarşılanmır, bəyənməyənlərin sayı daha çoxdur. Sizcə, bunun səbəbi nədir?

- Mən həmişə tamaşaçıların tərəfində olmuşam və hesab edirəm ki, əsas tamaşaçı fikridir. Tamaşaçı əgər o filmi qəbul edirsə, demək, yaxşı filmdir.

- Hesab edirsiniz ki, tamaşaçılar bu filmlərin hamısını bəyənir?

- Sözsüz ki, qüsurlar var və olacaq da. Amma inandırım ki, yaxın 3-4 il ərzində Azərbaycan filmləri ölkə kənarına çıxa biləcək. Hansı ki biz bu gün həmin ölkələrdə filmlərimizin göstərilməsini çox arzulayırıq.

- Yəqin ki o filmlərə baxmısınız… Gəlin, konkretləşdirək, son vaxtlar bəyəndiyiniz hansı filmin adını çəkərdiniz...

- Əlbəttə, filmlərin premyeralarına dəvətlər almışam və əksəriyyətinə də baxmışam. Elə özüm də o filmlərdən birinə - "Xoxan" filminə çəkilmişəm. Bilirsiniz ki, yaxşı mənada səs-küyə səbəb oldu. "My name is İntiqam", "Səhra almazı", "Toy 2" filmlərinə də baxmışam, xoşuma gəlib.

- Ola bilməz ki, o filmlərdə sizi qane etməyən məqamlar olmasın. Gəlin səmimi olaq…

- Demirəm ki, bütövlükdə bütün filmlər məni qane edir. Çatışmazlıqlar olmalıdır və olacaq.

- Məsələn?

- Hesab edirəm ki, əgər film komediya janrında ərsəyə gəlibsə, bu, janrın tələblərinə cavab verməlidir. Komediya o demək deyil ki, əvvəldən axıra qədər zarafatlardan ibarət olsun. Əlbəttə, iki dost arasında zarafatlaşmaq olar, amma küçə zarafatını kinoya gətirmək xoşagələn hal deyil. Təəssüf ki bu gün küçə zarafatlarını, söyüşləri filmlərimizə gətiriblər. Get, söyüşü küçədə söy, "qurşaqdanaşağı" zarafatı küçədə elə. Belə şeylər filmdə yaxşı qarşılanmır.

- İnsanların yaxşı qarşılamadığı bu vasitədən niyə istifadə edirlər?

- Tamaşaçını kinoteatra gətirmək üçün. Amma hesab edirəm ki, bu, tamaşaçı marağını təmin etmək üçün istifadə olunan ən ucuz vasitədir. Düşünürəm ki, yaxın zamanlarda filmlərimizin keyfiyyətini artıracağıq və o zaman belə "qurşaqdanaşağı" zarafatlara da yer verilməcəyək.

- Buna biz də ümid edirik. Heç olubmu ki, hansısa həmkarına bunu irad tutasan, yaxud məsləhət verəsən ki, qardaş, belə məqamlar insanları qıcıqlandıra bilər...

- Kim nəyi bacarırsa, onu da çəkir. Heç vaxt kiməsə irad tutmaram. Çünki qardaşyana verdiyin məsləhət bəzən düzgün anlaşılmır. Çünki hamı elə hesab edir ki, ondan yaxşı film çəkən yoxdur. Bizim bir mənfi cəhətimiz də budur ki, məsləhət sevmirik. Hər kəs özünü bu sahədə peşəkar sayır, öz aləmində inciyib-küsür ki, bu kimdir, mənə məsləhət verir. Amma hər şey göz önündədir.

- Bəs özünüzü nə vaxt çəkiliş meydançasında görəcəyik. "Ögey ata", "Xoxan"dan sonra nədənsə, çoxdandır filmlərdə görünmürsüz?

- Belə bir fikrim var, inşallah, gələn il reallaşdıracam. Çox dəyərli və keyfiyyətli bir film olacaq.

- Anonsdan belə başa düşdük ki, artıq ssenari hazırdır…

- Bəli, elə filmin adı da bəllidir - "Bay Fərda Xudaverdiyev" adlanacaq. Filmi ya yerli, ya da əcnəbi rejissorlardan biri ekranlaşdıracaq. Artıq hazırlıq işləri görülür.

- Bizdə rejissorlara deyəndə ki film zəif alınıb, o saat büdcəni bəhanə gətirirlər. Sizcə, uğurlu film üçün büdcə mütləqdirmi?

- Əgər o filmi yalnız Azərbaycan üçün deyil, xarici ölkələrdə də tanıtmaq, bazara çıxartmaq istəyiriksə, büdcə vacibdir.

- Məsələn, bir komediya filmi üçün nə qədər lazımdır?

- Heç olmasa, 150 min. Ondan aşağı olmamalıdır.

- Bəs çəkilən filmlərimizin büdcəsi təxminən nə qədərdir?

- Büdcələrindən xəbərim yoxdur. Amma o filmlərə baxanda neçəyə başa gəldiyi bəlli olur.

- Fərda, sizcə, Azərbaycanda niyə iş adamları kinoya pul xərcləmək istəmir. Kino həm də məhsuldur, satılmalı və xərci borcunu ödəməlidir. Necə düşünürsünüz, bəlkə filmlərimiz gəlir gətirmədiyinə görə bu sahəyə sərmayə qoymurlar?

- Narahat olmayın, artıq yeni mərhələ başlayıb və bizim filmlərimiz də gəlir gətirmək mərhələsindədir.

- Qardaş, bəs filmlərinə, seriallarına bəh-bəhlə baxdığımız Türkiyə ilə nə vaxt ayaqlaşacağıq?

- Sovet dönəmindən sonra türklər kino sahəsində hansı sürətlə qabağa gedibsə, biz o sürətlə geri getmişik. Buna görə də bizim kinoda mükəmməlləşməyimiz, qabağa getməyimiz üçün onilliklər lazımdır.

- On il bundan əvvəl də rejissorlarımız eynən siz deyəni deyirdilər.

- Gözləyək.

- Onsuz da gözləməkdən başqa çarəmiz də yoxdur.

...

Cəvahir Səlimqızı

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm