Sevda Yahyayeva əməliyyatdan danışdı: “Utanmaq üçün...” - MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

Sevda Yahyayeva əməliyyatdan danışdı: “Utanmaq üçün...” - MÜSAHİBƏ

Ard-arda uğurlu layihələr təqdim edən, hər il tamaşaçılarına fəaliyyəti ilə bağlı hesabat verən müğənni Sevda Yahyayeva qonağımızdır. 11 ildir ki, peşəkar səhnədə olsa da, heç bir həmkarı ilə qalmaqalı düşməyən tək-tük müğənnilərdəndir. Şəxsi həyatı ilə deyil, sənəti ilə gündəmə gəlməyi sevən gənc və uğurlu müğənnilərdən biri sayılan Sevda Yahyayeva Publika.az-ın suallarını cavablandırır:

- Sevda, niyə illər sonra yenidən ilk prodüserin Pərviz Əsgərovla işləmək qərarına gəldiniz?

- Onunla işləmək çox rahatdır. İş münasibətindən savayı, bizim ailəvi münasibətlərimiz də var. Pərvizlə iş birliyimizə fasilə verəndə də münasibətlərimiz davam edib. İstədiyi vaxt o bizə gəlib, mən də onların evinə getmişəm. Dostluğumuz ailəvidir. Bu səbəbdən də ona indiyədək işçi kimi baxmamışam. O, yaxın dostum olub. Sözümüz-söhbətimiz tutub. Məhsuldar beyini var. Elə işçi var ki, sadəcə, pula görə işləyir. Belələri bəzən işə həvəssiz yanaşır, üzərinə düşənin birini edir, digərini yox. Pərviz isə həvəslə işləyir. Bizim birgə çoxlu uğurlu layihələrimiz olub. Məsələn, Heydər Əliyev sarayında konsert keçirmişik, "Gecdir daha" mahnısına İstanbulda türkiyəli rejissora klip çəkdirmişik. Futbolçu Ruslan Abışovun klipimə çəkilməsi ideyası ona məxsusdur. "Yuxu" adlı konsertim, Rafet El Roman ilə birgə konsert... Bir sözlə, saymaqla bitməyən işlərə onunla birgə imza atmışıq.

- Bir neçə konsertin adını sıraladınız. Bu gün müğənnilər konsertdən qazanc əldə etmədiklərini deyirlər. Verdiyiniz konsertlərdən gəlir əldə edirsiniz?

- Düzünü deyim ki, konsertdən qazancım yoxdur.

- Bəs konsert vermək nəyinizə lazımdır?

- Bu, mənim tamaşaçılarım qarşısında hesabatımdır. Hər il və ya iki ildən bir hesabat verməliyəm. "Maddiyyat güdmürəm", - desəm, yalan olar. Əlbəttə, konsertlərdən qazanmağı mən də istəyirəm. Müğənnilər konsert verəndə dua edir ki, qazanc götürməsə də, heç olmasa, xərci ödəsin. Xeyir onsuz da olmayacaq.

- Yaşıl Teatrda verdiyin son konsertin səhnə işləri möhtəşəmliyi ilə seçilirdi. İşıqlandırma, rəqqaslar, musiqiçilər, səhnə kostyumları yüksək səviyyədə idi. Bir sözlə, bahalı konsert idi. O konsertdən ziyana düşmədiniz ki?

- Verdiyim konsertlərin sponsorları olur. Təkbaşına gücüm çatmaz. Konsert salonunun icarə haqqı, musiqiçilərlə bir-iki aylıq məşq, reklam işləri, geyimlər və s. hamısı pul tələb edir. Konsertə dəstək göstərənlər, sponsorlar olanda, müğənni üçün rahat olur. Son konsertdən qazancım olmadı. Şükür ki, ziyana da düşmədim. Konsert öz xərcini ödəyə bildi.

- Konsertə gəlmədiyi üçün bəzi həmkarlarınızdan küsmüşdünüz. Düzü, ilk dəfə idi ki, sizi tələbkar və həmkarlarına qarşı incik görürdük. Həmin həmkarlarınızla barışmısınız?

- Yox, barışmadım, əksinə, münasibəti kəsdim. O sözləri efir xatirinə demədim. İncidim və bunu dedim. Axı kim dəvət etsə, gedirəm. İndiyədək çağırılan yerdən qalmamışam. Heç bir həmkarımın sözünü yerə salmamışam. İştirak edə bilməyəndə isə mütləq bunun səbəbini izah etmişəm. Bu, biri-birimizə hörmət əlamətidir.

- İncikliyini büruzə verdikdən sonra da zəng edib üzrxahlıq etmədilər?

- Yox. İnciməyimin əsas səbəbi də məhz bu idi. İnsandır, hər kəsin işi çıxa bilər.

- İncidiyin həmkarlarından səni öz tədbirlərinə dəvət edən olsa, getməyəcəksən?

- Yəqin ki, onlar da başa düşər və məni dəvət etməzlər. Fikirləşərlər ki, getməmişəmsə, demək ki, gəlməyəcək.

- Bizim toylar bir az rəngarəng keçir. Harada da görüşməsəniz, toyda istər-istəməz üz-üzə gələcəksiniz...

- (Sözümü kəsərək) salam-sağ ol var. Salam Allah salamıdır. Bir məkana daxil oluramsa, münasibətimdən asılı olmayaraq, tanımadıqlarımla da salamlaşıram. Amma bu, barışıq jesti deyil.

- Əksər müğənnilər ulduz xəstəliyinə tutulur. Müğənninin başını belə gicəlləndirən nədir?

- Heç kəsin adından danışmaq istəməzdim. İnsanların həyata fərqli baxış bucaqları var. Müğənniyə onun ətrafındakılar da təsir edir. Müğənnilərin elə işçiləri olur ki, "sən ulduzsan", "sən belə olmalısan", "sən başını yuxarı tutmalısan" kimi sözlər deyir. Belə şeylər var. Ya da insan özünü dəyişdirir. Amma belə şeylər mənə yaddır. Mənim üçün sadəlik gözəllikdir. Məni tanıyanlar da bilir. 11 ildir peşəkar səhnədəyəm. Hər zaman çalışmışam ki, keyfiyyətli iş təqdim edim. Bu təkcə konsertlərimə aid deyil. İstər mahnı olsun, istərsə də kliplərim. Hər şeydə tamaşaçımı nəzərə alıb, onlar üçün zövqlü məhsul təqdim etməyə çalışmışam. 11 ildə dəyişməmişəmsə, bundan sonra da çətin ki dəyişim.

- "Yeni ulduz" yarışmasından çıxandan mütəmadi olaraq konsertlər verirsiniz...

- Təvazökarlıqdan uzaq olsa da, deyəcəm. "Yeni ulduz"ların arasında ən məhsuldar müğənni mənəm! Həmin layihədən çoxsaylı istedadlı müğənnilər çıxdı. İlhamə Qasımova, Aysel Əlizadə və s.

- Bu gün müğənnilərin toydan başqa heç bir qazanc yeri yoxdur. Ona görə də əksər müğənnilər mahnı ifa edərkən toyxananı nəzərə alır. Siz mahnı seçərkən nəyə diqqət edirsiniz?

- Bəli, bu həqiqətdir ki, Azərbaycan müğənnilərinin yeganə qazanc yeri toyxanalardır. Ancaq mahnı ifa edəndə toyxananı düşünmürəm. Fikirləşmirəm ki, bu mahnını oxusam, toyum çoxalar. Bunu mənim repertuarıma nəzər salsanız, görəcəksiniz. Çalışmışam ifa etdiyim mahnının sözləri təsirli, musiqisi isə gözəl olsun. Onsuz da ifa etdiyim mahnı sevilsə, toya çağıracaqlar. Toya çağırsınlar deyə, toy mahnısı oxumağı düşünmürəm. Çünki müğənnini məclisə sümüyə düşən mahnılar oxuduğuna görə dəvət etmirlər. Bu, insanların seçimidir. Çalışmışam ki, mahnımı ifa edim və təqdim etdiyim məhsul sevilsin. Həmçinin mahnılarımı təkcə gənc nəsil üçün deyil, həm də yaşlı nəslə oxuyuram. Mahnılarımla hər zümrənin zövqünü oxşamağa çalışıram.

- Bəstəkardan mahnı alarkən onun adlı-sanlı və ya gənc olmasının əhəmiyyəti varmı?

- Yox, qətiyyən! Mənim üçün bu, önəmli deyil. Mən önəmi yaxşı mahnıya verirəm. Gənc ola bilər, amma gözəl mahnılar bəstələyə bilər.

- Mahnı seçimində kim sizə kömək edir?

- İfa etdiyim mahnıları özüm seçirəm. Elə mahnı var, ilk dəfədən deyirəm ki, bu, mənimdir. Belə mahnılar, həqiqətən də, hit olur. Düzü, mahnı seçmək çətin məsələdir. Adam başını itirir. Bəzən get-gəldə qalıram. Tərəddüd edirəm. Hit mahnılarımı isə elə birinci dəfədən seçmişəm. Tərəddüdsüz.

- Məsələn...

- "Tut əlimdən", "Sən", "Unut", "Buz kimi", "O zaman", "Sənsiz", "Yalan"... Hətta elə olub ki, bəstəkar Pərviz Mahmudov mahnıları mənə telefonda dinlədib və dərhal cavab vermişəm. Amma bu işdə bir az şans da olmalıdır. Hit olacağını bilmək o qədər asan deyil. Onu əvvəlcədən müəyyənləşdirmək mümkün olsaydı, bütün müğənnilər hit oxuyardı (gülür). Vizit kartım ilk mahnım oldu. "O zaman" adlanan həmin mahnı məni hər kəsə tanıtdı.

- Uğurlu mahnılarınız çox olsa da, onlardan çoxuna klip çəkdirmədiniz...

- Çox heyif... Kaş o mahnıların klipləri olardı.

- Niyə çəkdirmədiniz?

- Heç bilmirəm. Belə alındı... İndi təkcə təəssüflənə bilərəm. Dinləyicilərim çox sağ olsun. Klipsiz də mahnılarımı sevdilər. Bu işdə internetin, radioların əvəzsiz rolu oldu.

- Sevda Yahyayevanın uğurunun sirri nədədir?

- (Gülür) burada zəhmət var, əziyyət var, işə məsuliyyət var, komanda var. İşin uğurlu olması üçün, ilk növbədə, özün zəhmətkeş olmalısan. Güclü komanda, hər şeydən əvvəl isə istedad olmalıdır.

- Uğur əldə edən insanın hər zaman paxıllığını çəkib, ayağını dartmaq istəyənlər olur. Belələri ilə çox rastlaşmısınız?

- Belələri həmişə olub, olacaq da. Bunları artıq normal qəbul edirəm. Uğurlu insansansa, səni ötmək, vurmaq istəyənlər də olacaq.

- Sizə qarşı təzyiqlər nə vaxtdan başladı?

- Dəfələrlə oturub ağlamışam. Axı heç kəslə işim yox idi. Başımı aşağı salıb işimi görürəm. Amma hər hansı layihəmi təqdim edirdim ki, səhəri ona qarşı qara piar aparırdılar, xoş olmayan şeylər yazırdılar.

- Məsələn?

- Konsertimin hələ birinci gün idi ki, reklamı gedirdi. Bir neçə saat sonra mətbuatda belə bir xəbər çıxdı: Sevdanın konsertinə biletlər satılmadı. Halbuki biletlər cəmi bir gün əvvəl kassalara paylanmışdı. Belə hallar o qədər olub ki... Amma bunlara heç vaxt cavab verməmişəm. Əvvəllər ağlayırdımsa, indi heç fikir də vermirəm. Bunlara fikir versəm, elə yerimdə sayaram.

- Dəbi izləyən xanımsınız?

- İzləməyinə izləyirəm. Amma bu, dəbdədirsə, qaçım onu alım, - deyə asılılığım yoxdur. Dəbdə ola bilər. Əsas yaraşmaq məsələsidir.

- Yaraşmayan paltarlarınız var?

- Elə əynimdəki (gülür). Şəkli sosial şəbəkədə paylaşmışam. Biri yazıb ki, kişi pencəyinə oxşayır, digəri yazıb, sənə yaraşmır. Bu geyimimi çox müzakirə etdilər. "Instagram"da yazılan şərhlərə baxmağa qorxuram (gülür). Çünki şərhlər göz oxşayır. Amma fikirlər və zövqlər müxtəlifdir.

- Qarderobunuzda hazır geyimlərə üstünlük verirsiniz, yoxsa sifarişlə tikdirirsiniz?

- Bir çox dizayner və modelyerlərlə işləmişəm. Son konsertimdə Ləman xanımla işlədim. Geyimlərini çox bəyəndim. Artıq hər hansı tədbirə qatılanda onun paltarlarından seçirəm. 10 ildən çoxdur ki, dostluğumuz olsa da, indiyədək onun geyimlərindən seçməmişdim. Ancaq açdığı atelyenin ilk müştərisi mən oldum.

- Sevda, yerli şou biznesin ən öndə olan subay, baxımlı xanımlarından birisiniz...

- (Sözümü kəsərək) bəs niyə ərə getmirsən? (Ürəkdən gülür).

- Doğrudan, niyə ailə qurmursunuz?

- Çünki hələ bu barədə düşünmürəm.

- Ailə qurmaq üçün yaş həddi qoymusunuz?

- Bu haqda danışmağı sevmirəm. Hələ ki başım sənətimə qarışıb. Sevdiyim, ailə qurmaq istədiyim biri olsa da, olmasa da, bu haqda danışmağı sevmirəm. Bu yerə, xahiş edirəm, çoxlu-çoxlu nöqtələr qoyun.

- Gənc və cazibədar qalmaq üçün nə edirsiniz?

- İdmana gedirəm. Bir ara kilo almışdım. Boyum 163 sm-dir və 58 kilo olmuşdum. Fikirləşdim ki, belə davam etsə, bunun qarşısını ala bilməyəcəm. Çünki kökəlməyə meyilliyəm. Sonradan idmana başladım. 3 aya 4 kilo çəki atdım. Hazırda çəkim 54 kq-dır. Bilsəydim, çoxdan fitneslə məşğul olardım. İdmana gedəndən özümü yaxşı hiss edirəm. Hətta idmanda çəkdirdiyim şəkillərimi sosial şəbəkədə paylaşanda mənə "Olimpiadaya hazırlaşırsınız?" deyə sual verənlər də olur (gülür). Həftənin 3 günü məşq edirəm. Bu təkcə formada qalmağım üçün deyil, həm də sağlam həyat tərzidir.

- Plastik əməliyyatlara münasibətiniz necədir?

- Münasibətim yaxşıdır.

- Elətdirərsiniz?

- Lazım olsa, edərəm. Niyə də yox. Ehtiyac varsa, kompleks yaradırsa, bu, normaldır. Gələcəkdə ehtiyac yaranarsa, edəcəm. Hələ ki heç bir plastik əməliyyat etdirməmişəm.

- Yanaqlarınıza gel doldurtdurduğunuzu söyləyirlər...

- Bəli, belə söz-söhbət çoxdan gəzir. Amma yanaqlarım uşaqlıqdan belədir. Üzüm yumrudur. Kilo alanda üzümdə hiss olunur. Gülərkən gözlərim itir. Nə əməliyyat etdirmişəm, nə də üzümə gel vurdurmuşam. Eləmiş olsam, etiraf edərəm. Utanmaq üçün səbəb yoxdur.

Məkana görə Park Bulvarda yerləşən "Sports Cafe"yə təşəkkür edirik.

İsa Şükürov

Fotoqaf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm