• USD 1,7000 0,00% EUR 1,9570 +0,46%
    • GBP 2,2216 +0,36% RUB 0,0259 0,00%

Xalq artistindən illər sonra ETİRAF: “Toydan qabaq şərt kəsdi ki...” - MÜSAHİBƏ

  • Magazin1
  • 2 Noyabr 2015 12:30
  • 3 379 Baxış
Xalq artistindən illər sonra ETİRAF: “Toydan qabaq şərt kəsdi ki...” - MÜSAHİBƏ

Sevilən aktrisa, daha çox ana rolları ilə tamaşaçı sevgisi qazanan xalq artisti Elmira Şabanovanın dünən doğum günü idi. Simasında həmişə nur olan Elmira xanımı biz də təbrik etdik.

Onu müsahibəyə çətinliklə razı sala bildik. Etiraf edək ki, illər bu sığallı-tumarlı xanımın gözəlliyinə xələl gətirə bilməyib. Amma bu dəfə onu sanki həvəssiz gördük. Elə bil ruhdan düşüb. Çoxdandır doğum gününü qeyd etməyi sevmədiyini deyən aktrisa, deyəsən, son illər kinoya çəkilmədiyi üçün həvəsdən düşüb.

Xalq artistinin Publika.az-a müsahibəsini təqdim edirik.

- Elmira xanım, xalq artisti Flora Kərimova bir müsahibəsində demişdi ki, qadın yaşdan qorxmamalıdır, əgər qorxsa, yaş onu üstələcəyək. Siz necə düşünürsünüz?

- Mən də qorxmuram. Düşünürəm ki, əgər qadın yaşından qat-qat cavan görünürsə, yaşını nəinki gizlətməli, əksinə, söyləməlidir ki, hamı ona baxıb desin, bu yaşda necə də gözəl qadındır. Məncə, yaşından qoca görünənlər yaşını gizlətməyə çalışır. Elə qadın var ki, 27 yaşı var, amma ruhu qocadır. Onu heç nə maraqlandırmır, içində boşluq var, sevgi hissindən uzaqdır. Mənəvi gözəllik hər zaman cismani gözəllikdə əks olunur. Ürək çirkin və qocadırsa, bu, çöhrədə də əks olunacaq.

- Elə həmkarınız Leyla Şıxlinskaya da bu yaxınlarda bir verilişdə qonaq olarkən deyib ki, qadın sevilirsə, kişi onun qırışlarını görməcəyək...

- Tamamilə razıyam. Çünki sevilən ruhdur, qəlbdir. Dostoyevskinin o sözü ilə razılaşmıram ki, dünyanı gözəllik xilas edəcək. Məncə, dünyanı sevgi xilas edəcək.

- Amma etiraf edək ki, hər kişinin də daxili dünyası qırışları görməyəcək qədər zəngin deyil…

- Bu, sevməyən kişilərə aiddir.

- Elmira xanım, maraqlıdır, heç plastik əməliyyat etdirmisiniz?

- Heç vaxt. Hətta o vaxtlar bəzi rejissorlar mənə dedilər ki, bəlkə plastik əməliyyat etdirəsən, çünki ekran qırışları sevmir. Həmin vaxt etiraz etdim ki, əməliyyat etdirsəm, onda yaşlı qadın obrazlarını kim oynayacaq? Məşhur italyan aktrisası Anna Manyanidən soruşublar ki, niyə estetik əməliyyat etdirmirsiniz? O cavab vermişdi ki, bu qırışlar həyatımın cizgiləridir, onları itirmək istəmirəm. Mən də təbiiliyi çox sevmişəm. Hətta gənclik illərimdə salonda bəzənib toya getmişəm, evə qayıdanda görmüşəm ki, əksinə, bəzək-düzəksiz daha qəşəng görünürəm. Bu sarıdan həyat yoldaşım da yarımışdı, çünki bəzək-düzəyə pul xərcləmirdim. Xanımlara da məsləhət görərdim ki, həmişə təbii və səmimi olsunlar, o halda seviləcəklər.

- Sevilməkdən söz düşmüşkən, tamaşaçılar sizi ən çox hansı rolunuza görə sevib?

- Özüm "Ötən ilin son gecəsi" filmində oynadığım Həmidə rolunu çox sevirəm, amma tamaşaçılar, nədənsə, "Cehiz" televiziya tamaşasında yaratdığım qayınana rolunu seviblər. Yolda, getdiyim yerlərdə bunu həmişə deyiblər.

- Bildiyimiz qədər oynadığınız qayınana başqa bir "qayınana"nın, bu obrazın ən mahir ifaçısı Nəsibə Zeynalovanın da xoşuna gəlibmiş…

- Bir gün Nəsibə xanım mənə zəng elədi ki, ay Elmira, o rolu nə gözəl oynamısan. Mən də dedim ki, kinomuzun bir qayınanası var, o da sizsiniz. Qayıtdı ki, sən müdrik qayınanasan, mən də zalım.

- Bəs həyatda necə qayınanasınız - müdrik, yoxsa zalım?

- Mən dava-şava sevən adam deyiləm. Həmişə insanları anlamağa çalışıram. Gəlinim Rusiyada yaşayır, rus qızıdır. Hörmətimi də saxlayır. Dünən doğum günümdə Rusiyada yaşayan rejissor oğlum Fuad zəng elədi ki, ana, gəlinin sənə hədiyyə göndərmək istəyir, üstəlik, sənə tez çatması üçün ideyalar irəli sürür. Onlar Bakıda yaşayan dostları vasitəsi ilə mənə gül dəstəsi göndərdilər. Bu, mənim üçün xoş oldu.

- Elmira xanım, heç oynamadığınız, ürəyinizdə qalan rolunuz olub?

- Həmişə arzusunda olmuşam ki, kinoda bir tarixi rola çəkilim. O vaxt rejissor Hüseyn Seyidzadə həyat yoldaşımla məni yanına çağırıb dedi ki, "Natəvan" adlı film çəkəcəm və Elmiranı da baş rolda görmək istəyirəm. Ssenarini də bizə verdi. Amma Hüseyn müəllim rəhmətə getdi və film qaldı. O arzu hələ də ürəyimdə qalıb.

- Bir gənclik illərinizdə filmlərə çəkilmisiniz, bir də 40 yaşdan sonra. Bildiyimizə görə, həyat yoldaşınız sizin filmlərə çəkilməiyinizə qadağa qoyubmuş. Niyə?

- Biz ailə quranda Rüfət Şabanov mənimlə şərt kəsdi ki, ancaq 40 yaşdan sonra filmlərə çəkiləcəksən. O, mənə demişdi ki, istəmirəm, filmdə kiminsə sevgilisi olasan. Onu da demişdi ki, əgər ailəni qorumaq istəyirsənsə, kinoya çəkilməyəcəksən.

- Asanlıqla razılaşdınız?

- Yox. Gecələr ağlayırdım, bunu özümə dərd eləmişdim. Hətta qızım doğulandan sonra küsüb anamgilə getdim. Anama dedim ki, mən də kinoya çəkilmək istəyirəm, nə qədər evdə oturmaq olar. Amma Rüfət razı olmadı, dedi ki, ya mən, ya da kino. Mən onu seçdim.

- Əvəzində aktrisa kimi rollarınızı qurban verdiniz. Buna görə peşman olmadınız ki?

- Oynamadığım rollara görə təəssüflənirəm, amma elə yaxşı ki, çəkilmədim. Çünki ailə ilə sənəti eyni arada tutmaq çətindir. Bir rola çəkiləcəkdim, deyəcəkdilər filankəslə gəzir. Söz-söhbət ailəmi dağıdacaqdı. Həm də mən Rüfəti çox sevirdim və onu itirməkdən qorxurdum. O da məni həqiqətən sevirdi. Çox zalım qayınanam olub, amma dözüb oturmuşam. 11 il onunla eyni evdə yaşamışıq. Rüfətin mənə dəstəyi olmasaydı, dözüb oturmağım çətin olardı. Rüfət qısqanc idi. Toydan qabaq mənimlə şərt kəsdi ki, səni itirmək istəmirəm, buna görə də, dediyimi eləməlisən, əks halda məni itirəcəksən. Onu da deyim ki, mən də gözəl qadın idim. Rüfətlə ailə qurmamışdan qabaq məni sevənlər həddən artıq çox idi.

- Bildiyimizə görə, elə həmkarınız, tanınmış aktyor Hamlet Qurbanov da sizi dəlicəsinə sevib və hətta ömrünün sonuna qədər sizi unuda bilməyib...

- Amma mən onu heç vaxt sevməmişəm.

- Bəs deyirlər, böyük sevgilər qarşı tərəfi inadından döndərmək gücünə malikdir…

- O, mənim zövqümdə olmayıb. Həm də onda mən Rüfəti sevirdim axı. Rüfətdən başqa gözümə heç bir kişi görünmürdü. Amma Hamlet ölənə yaxın anası Gülxar Həsənova məni yolda gördü və dedi ki, Hamletə zəng elə, ağır xəstədir.

- Elədiniz?

- Yox. Amma gərək edəydim, hələ də bunu özümə bağışlaya bilmirəm.

- Qarşınızı nə kəsdi ki?

- Qürur. Bilmədim qarşı tərəf bunu necə qarşılayar, hansı mənaya yozar. Zəng vurmadım.

- Xoşbəxt qadın, xoşbəxt ana, xoşbəxt aktrisa - hansı sizə daha yaxındır?

- Xoşbəxtəm ki, zamanında mənə dəyər verən, məni sevən həyat yoldaşım olub. Yaşa dolduqca onun yoxluğunu daha çox hiss edirəm. Övladlarım, nəvələrim var, amma qadın yaşlananda həyat yoldaşına daha çox ehtiyac duyur. Gözəl bir deyim var: "Qoşa qarıyın". Bütün qadınlara həyat yoldaşı ilə qoşa qarımasını arzulayıram.

Cəvahir

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>