Magazin1
Sakit mövsümdə doğulan müdrik cavan
Sənət aləmində sakit mövsüm adlanan dönəmin varlığı çoxdan
bəllidir. Avqust ayında sənət adamlarının istirahət etməsi
ənənəsinin nə vaxt harada yarandığını deyə bilmərəm. Amma az qala
bütün dünyada belədir: avqust ayında teatr mühiti dincəlir. Bu
üzdən də avqustda doğulan görkəmli teatr sənətçilərinin doğum
gününü bir qədər gec qeyd etməli olursan. Bu sicilləmə girişi ona
görə yazdım ki, uzun illərdən bəri dost olduğum bir insana təbrik
yazısının düz on gün gecikməsinə haqq qazandırım...
Avqustun 13-də görkəmli teatr rejissoru, Xalq artisti, professor
Azərpaşa Nemətovun 70 yaşı tamam oldu. Azər müəllimin indiyədək
gördüyü işləri xatırlayırsan, qoyduğu tamaşaları xatırlayırsan, -
deyirsən ki, hə də... bu qədər işi, nailiyyəti, bu sayda tamaşaya
quruluş verməyi elə 70 illik ömrə güclə sığışdırarsan. Digər
tərəfdən də onun enerjisinə, rəhbərlik etmək əzminə, quruluş vermək
istədiyi əsərlərin sayına, bir sözlə, yaratmaq eşqinə nəzər
salırsan, deyirsən ki, yox, 70 yaşlı adam belə olmur axı. Amma fakt
faktlığında qalır: Azər müəllim 7 onilliyin dizini qatlayıb.
Üstəlik, heç özü də bilmədən yaşca özündən kiçiklərə, ayağına dəyən
daş-kəsəkdən usanıb geriləmək niyyətinə düşənlərə örnək verir ki,
XXI əsrdə 70 yaşlı teatr rəhbəri, ittifaq sədri, bir sözlə,
yaradıcı şəxs elə onun kimi olmalıdır: işgüzar, qərarından dönməz,
enerjili. Canına şığıyan xəstəliklərə, mənəvi basqılara rəğmən ayaq
üstə qalmağı bacaran müdrik cavan.
Azər müəllim sənətkar ailəsində dünyaya gəlib. Neçə aktyor nəslinə
sənət müəllimliyi etmiş, Gənc Tamaşaçılar Teatrının qızıl dövrü
kimi sənət tariximizə yazılmış 1950-60-cı illərdə bu sənət ocağının
baş rejissoru olmuş Zəfər Nemətovun oğludur. İndi deyərsiniz ki,
ağlı kəsəndən teatra gedib-gələn uşağın, üstəlik, Zəfər müəllim
kimi rejissorun oğlu təbii ki, teatrla bağlı sənət seçəcək, onda
irsən keçən istedad da olacaq. Amma hər şey göründüyü kimi deyil.
Bu günün görkəmli rejissoru Bülbül adına Orta ixtisas musiqi
məktəbində təhsil alıb. Sonra da konservatoriyada, həm də
bəstəkarlıq ixtisası üzrə, özü də dünya şöhrətli Qara Qarayevin
sinfində təhsil alıb. Düzdür, tələbə kimi bəstələri gələcək
uğurlardan xəbər versə də, gənclik maksimalizmi və çılğınlığı özünü
çox gözlətməyib. Yazımızın qəhrəmanı özünü gələcəyin bəstəkarı yox,
rejissoru kimi görüb və həyat yolunda açdığı cığırın istiqamətini
dəyişib: o zamankı Teatr İnstitutunun Rejissorluq fakültəsinə daxil
olub, görkəmli rejissor Mehdi Məmmədovun sinfində oxuyub. Ta
odur-budur, 1965-ci ildən üzü bəri milli teatr prosesinin içində,
hətta çox məqamlarda önündədir.
Azər müəllim əsl teatr adamıdır. Teatrda baş rejissor kimi
çalışdığı illərdə də, bu canlı orqanizmdən bir qədər aralı düşüb
Azərbaycan Teatr Xadimləri İttifaqında çalışdığı, universitetdə
dərs dediyi, teatrda yalnız öz quruluş verdiyi tamaşaların
məsuliyyətini daşıdığı illərdə də onu düşündürən Böyük Teatr olub.
Çünki Azərpaşa Nemətov təkcə uğurlu tamaşaları olan rejissor deyil,
öz dəst-xətti ilə məktəb yaradan rejissordur.
Bütün rejissorlar kimi onun da sevimli aktyorları var. Bəzən isə
digər rejissorların sevimli aktyoru kimi tanıdığımız məşhura elə
rol verib, onu yaxşı tanıyan tamaşaçı ilə yenidən fərqli tərzdə
tanış edir ki, özlüyündə çaşıb qalırsan: əcəba, nədən indiyədək bu
sənətçinin performans imkanlarını bu yöndən bizə göstərən
olmamışdı?! Böyük də çıxsa, deyəcəyəm: bundan ötrü hansısa
aktyorun, aktrisanın xətrini çox istəmək yox, Teatrı, bir də bu
sənət məkanına gələn Tamaşaçını çox sevmək lazımdır. Ola bilər ki,
ilk baxışda, ya da kənardan nəzər salanda bu cür rejissor heç də
teatr məhəbbətlisi təsiri bağışlamasın. Amma gərəkdir ki, sən onun
görünüşünə, bəzən bir qədər sərt davranışına, bir azca da kəskin
münasibətinə aldanmayasan, içindəki Böyük Teatr Sevgisini görə
biləsən!..
Bütün yaxşı müəllimlər kimi onun da öz tələbələrinə can yanğısı ilə
yanaşması var. Tələbələrinin təkcə yaxşı sənətçi kimi yetişməsi ilə
kifayətlənmək istəmir. Bir gün sənətdəki ön mövqeləri onlar tutacaq
deyə, gəncləri daha çox oxumağa, öyrənməyə, zəhmətə alışdırmağa
çalışır. Nəsə ürəyincə olmayanda da müəllim kimi yox, valideyn kimi
narahat olur. Tələbələrinin ən azından universitetdən humanitar
savadlı, geniş dünyagörüşlü şəxs kimi ayrılmağını istəyir.
Bütün teatr rəhbərləri kimi onun da öz idarəetmə üslubu var.
Tabelikdə olanlar bu üslubu bəyənsələr də, yarıxoş, yarınaxoş qəbul
etsələr də, Azərpaşa Nemətovun intizam tələbi, böyük kollektivin
fəaliyyətinin axarını təmin edən sığallanmış iş metodu yenə də
Böyük Teatrın xeyrinədir.
Bütün tanınmış sənət adamları kimi onun da... Yazacaqdım ki, öz
sevimli jurnalistləri var. Amma buna tam əmin deyiləm. Çünki otuz
illik sənət dostum, böyük qardaş qədər xətrini əziz tutduğum Azər
müəllimin hansısa tamaşasını çox bəyənsəm də, az bəyənsəm də, hətta
bu fərqli münasibəti yazı formasında paylaşsam da, şəxsi
münasibətimizdə qarşılıqlı olaraq heç sapıntı görməmişəm. Əslində,
dost dediyin kəs də səni hər halınla sevən, hər ovqatınla qəbul
edən, hər sözünü dinləyən biri olmalı...
* * *
... Deyəsən, may ayı idi. Azər müəllimlə teatrdakı kabinetində
əyləşib söhbət edirdik. Söz fırlanıb yaşanmış illərə, sənətə
xidmətə çatanda dedi ki, iki-üç aydan sonra 70 yaşı tamam olacaq.
Təəccübümdən çayım boğazımda qaldı:
- Doğrudan, Azər müəllim?.. Yetmiş də gəlib çatdı?..
- Hə... Nədi ki, vermirsən bu yaşı mənə?
- Yox... Yəni əslində sizin 70 yaşınızın olduğuna inanmaq özümün də
nə qədərsə yaşım olduğunu qəbul etmək demək sayılır.
Bu yerdə ikimiz də güldük. İndi teatr aləminin sakit mövsümü başa
çatmamış Azərpaşa Nemətovun 70 yaş törəninin yeni teatr mövsümündə
necə keçiriləcəyi barədə heç nə deyə bilmərəm. Bu yubiley
münasibətilə ən böyük hədiyyəsini ölkə başçısı İlham Əliyevin
sərəncamı ilə artıq alıb, «Vətənə xidmətə görə» ordeni ilə təltif
edilib.
* * *
...Bu yazı isə mənim yubilyara hədiyyəmdi. Həm öz adımdan, həm də
çalışdığım sənətsevər «Mədəniyyət» qəzetinin adından. Necə
deyərlər, jurnalistin olanından... Düzünü deyim ki, mən əsl yubiley
hədiyyəsini Azər müəllimin özündən istəyirəm: yeni, səs salacaq
tamaşa gözləyirəm müdriklik yaşına çatmış cavan dostumdan.
medeniyyet.az
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”