Aparıcıdan QALMAQALLI MÜSAHİBƏ: "Çünki Manaf Ağayev kişi adamdır..."
Bizi izləyin

Magazin1

Aparıcıdan QALMAQALLI MÜSAHİBƏ: "Çünki Manaf Ağayev kişi adamdır..."

Tanımış aparıcı-şoumen Kamran Həsənli Teleqraf.com-a müsahibə verib.

Publika.az müsahibəni təqdim edir:

- Kamran bəy, karantin rejimini necə keçirirsiniz?

- Hamı necə, biz də elə... Evdə otururuq, maddi vəziyyətimiz yaxşı deyil, gəlir yoxdur. Bilirsiniz ki, şou adamları toy mərasimlərdən və şou proqramlardan gəldi əldə edirlər. Ona görə də bu zümrənin vəziyyəti yaxşı deyil. Toyları, şou proqramları düşündükdə, təkcə müğənnilər, aparıcılar yox, ofisiantlar, administratorlar, fotoqraflar, rəqqaslar, dizaynerlər, elektriklər, xadimələr və başqa bir çox insanlar işləmirlər. Onların ailəsini də nəzərə alsaq nə qədər insanın ailəsinə maddi gəlir daxili olmur.

- Bəs, ailənizi maddi baxımdan necə təmin edirsiniz?

- Hazırda gəlir mənbəyim ancaq Yutubda yayımlanan verilişdəndir.

- Vaxtilə telekanallarda populyar verilişlərin aparıcısı olmusunuz. İndi efirlərdən yoxa çıxmısınız. Populyarlığınız da əvvəlki zirvədə deyil...

- Bu, sizin fikrinizdir. Biz hazırda Yutub kanalında siyasi veriliş aparırıq. Ümumiyyətlə, Azərbaycan televiziyasında vəziyyət biz populyar olduğumuz vaxtın tamamilə tərsidir. Cəmiyyət o vaxt Azərbaycan televiziyasının yüksəlişini gördü və bitdi. Azərbaycan teleməkanına qeyri-peşəkar və televiziyadan anlayışı olmayan insanlar gəldi. Bununla yanaşı, televiziyaya rüşvət girdi. Ona görə də televiziyada aparıcılıq etmək mümkün deyil. Orada sadəcə insaların ikrah hissini qazana bilərsən.
Azərbaycanda Kamran Həsənliyə münasibəti kənara qoyun, istənilən vətəndaşımız televiziya haqda xoşagəlməz sözlər deyirlər. İnsanların çox hissəsi televiziyaya nifrət bəslədiyini, hətta baxmadığını deyir.

- “Televiziya baxmıram” deyənlərin əksəriyyəti televiziyada baş verənlərdən xəbərdardır...

- Reytinqin nə olduğunu bir çox televiziya işçiləri bilmirlər. Reytinq baxımlılıq deyil. Reytinq sənin verilişinə baxandan sonra sənə verilən qiymətdir. Bunlar elə bilirlər ki, reytinq baxımlılıqdır.
Əksər adamlar isə televiziyaya baxmır və verilişlərdə baş verənlərdən xəbərləri yoxdur. Mən televiziya haqqında sizə sual verə bilərəm. Məsələn, ən baxımlı kanal İTV-dir. Orada çalışan iki məşhur aparıcının adını çəkin.

- Saleh Bağırov və Dj Fatehin aparacılıq etdiyi verilişlər maraqlı və səviyyəlidir...

- Bu gün televiziyanın qayəsi cəmiyyətdə gedən proseslərdən geridə qalıb. Tovuz döyüşlərində 100 min insan küçəyə çıxdı. İnsanlar televiziya kanalının pəncərəsinin ağzından keçirdilər. Birinin ağlına gəlmədi ki, olanları kameraya alsın, göstərsin, canlı efirə çıxsın.
Televiziyanın içindən verilən görüntülər əslində Azərbaycana xələl gətirən görüntülərdir. Sizin gördüyünüz çalıb-oynamalar, yanlış musiqilər, zövqün korlanması və sair, bunları edən televiziyadır.
Şükür Allaha, indi bu hallara qarşı mübarizə başlanıb. Hətta bəzi məmurlara qarşı cinayət işi də qaldırılıb. Televiziyada o konsepti yaradan, millətimizin düşüncəsini, mənəviyyatını, əxlaqını pozan verilişlərlə ölkəni yönəldən insanlar yavaş-yavaş ortalığa çıxır. Biz bunu on ildir deyirik.

- Məmurları qeyd etdiniz. Hansısa məmur tərəfindən sizə məhdudiyyət qoyulub? Sonuncu dəfə “Speys” televiziyasında aparıcılıq edirdiniz.

- Nəinki məhdudiyyət, orada qadağalar var. Televiziya əyləncə və maarifləndirmə xarakterli verilişlər təqdim etməlidir. Yəni əyləncənin içində maarifləndirmə... Bizim televiziyalarda maarifləndirmə, demək olar ki, qadağan edilib. Elə düşünürlər ki, bizim xalqımız intellektual olmayan verilişlərə baxırlar.
Televiziyaya yanlışlıqla gələnlər çoxdur, kiminsə dostu, sevgilisi və sair... Birinin pulu çoxdur, sponsoru var, veriliş açır. Bir daha deyirəm, televiziyada reytinq hörmət, nüfuz deməkdir.
Sənə baxıb, üzünə tüpürüb, söyüş söyürlərsə, bunu reytinq saymaq olar? Antireytinqdir... Amma televiziya buna gözünü yumur və deyir ki, üzümüzə tüpürsələr də, söysələr də baxırlar.
Çünki o adamların televiziyadan anlayışı yoxdur. İntellektual xəbər aparıcısı, analitik düşüncə və şou aparıcısı yoxdur. Dünyada bir çox məşhur şoular var, onlardan biri də Azərbaycanda deyil. Yalnız 20 il əvvəlki divan, söhbət, mahnı... Mənim vaxtilə aparıcılıq etdiyim “Sizin saat” verilişinin konseptindən kənara çıxa bilmirlər.
Əvvələr efirimizə “Milyonçu”, “Zəif bənd” kimi layihələri gətirmişdilər. Çox bahalı layihələr idi. Bu layihələr Gürcüstanda hələ də var, halbuki oranı kasıb ölkə hesab edirik.

- Azərbaycana televiziya rəhbərlərinin o tipli layihələr təqdim etməməsinə səbəb nədir?

- Bunun üçün maliyyə lazımdır, maliyyəni qazanmaq üçün isə ağıl... Azərbaycanda reklam bazarı Gürcüstanla müqayisədə dəfələrlə aşağıdır.

- Sizin “Speys” kanalında yayımlanan sonuncu verilişinizin formatında da bayağılıq var idi...

- Televiziyamızın mənzərəsi odur. Siz televiziyada başqa verilişlərimizi görmüsüz yəqin. Biz əvvəl “Onda başladıq” verilişi açdıq. Verilişdə qonaq qismində millət vəkillərindən tutmuş bütün məşhur simalara qədər iştirak edirdilər. Orada tənqidi fikirlərdən tutmuş açıq düşüncəyə qədər çox şey təqdim edirdik. İki aya verilişi bağladılar.
Elə ki, veriliş nüfuz qazanır, veriliş bağlanır. Əsasən bu, “Speys” kanalına aiddir. Həmin verilişin əvəzinə hind filmi yayımlandı. O insanlar düşünürlər ki, tamaşaçılar 60-cı illərdəki kimi hind filmlərinə baxırlar. Halbuki hind filmləri dünyada çoxdan reytinqini itirib. Axı, film yayımlamaqla telekanal yarada bilməzsən...
Televiziyadan gördükləriniz kanal rəhbərlərinin düşüncəsinin təzahürüdür. Biz Yutub kanalında veriliş açırıq, siyasi formatda olacaq. Mən bununla bu gün televiziyalara sübut etdim ki, evdə oturub, sadəcə telefonla iki- üç dəqiqəlik video çəkərəm və bütün Azərbaycan bizdən danışar.

- Son günlər İnstaqramda qalmaqallı açıqlamalarınızla diqqət çəkirsiniz..

- Mənim çəkdiyim videoları bir çox tanınmış saytlar da paylaşdı. Biz bir daha sübut elədik ki, reytinq budur və televiziya verilişləri kimi dekorasiya, işıq, qrim və sairsiz də işləyə bilərik. Ən ucuz telefonla çəkirsən, bütün dünya ondan danışır. Videolardan birinə 300 min baxış sayı gəlmişdi. Üstəgəl bir neçə videoda birlikdə bir milyon baxış sayı var idi. Televiziyaların birində bir milyonluq baxış sayı olan video yoxdur.

Bu gün sosial şəbəkədə iki-üç dəqiqəlik videolarımız televiziyada yayımlanan verilişlərin reytinqindən üstündür. Biz sübut etdik ki, siz reytinq qazanmağın yolunu bilmirsiniz. Həqiqi reytinq qazananların da önünü kəsmisiniz.

Televiziyada mühit tamamilə fərqlidir, yalnız yalançı reytinq dalınca qaçırlar. Bilmirəm həmin “reytinq” haradan gəlir? Azərbaycan televiziyasına reytinq cədvəlini kim göndərir? Kim monitorinq aparır? Çox bunu adam bilmir. Aparıcı sevinir ki, mənim verilişimin reytinqi filan qədərdi. Amma bayıra çıxanda camaat onu söyür.

Televiziyanın daxilində fərqli dünya, fərlqi düşüncə var. Onlar əhalinin televiziyaya verdiyi qiymətə etinasız yanaşırlar. Ölkədə TV-lərin reytinqini kim ölçür? Necə ölçülür?

Efirə getməyən “Sizin saat” verilişinin buraxılışını yutubdan izləyə bilərsiniz. Biz oraya reytinq ölçən idarənin rəhbərini dəvət elədik. Ona sual verdik ki, hər hansı verilişin reytinqini necə müəyyənləşdirirsiz? Cavab verdi ki, evlərə modem qoyuruq, amma kabel televiziyalarına modem qoyulmur. Və cihazı yalnız köhnə iki tərəfli antenası olan televiziyalara qoşurlar.
Soruşdum ki, Azərbaycanda kimdə elə televiziya var? “Bomj”larda. Deməli, siz Azərbaycan televiziyasının reytinqi “bomj”ların baxışı ilə ölçürsünüz. Yəni əgər elə televiziyalar varsa, ancaq “bomj”larda olar.

Reytinq yalanlarını efirdən dediyimizə görə uzaqlaşdıq. Son zamanlar mənim populyarlığımın aşağı düşməsi fikri reallığı əks etdirmir. Ona görə də efirdə yoxuq.

- Niyə başqa telekanallara müraciət etmirsiniz?

- Başqa kanallar da o vəziyyətdədir. Bu gün Azərbaycan televiziyası ancaq çalıb-oynayır, tullanır-düşür. Keyfiyyətsiz verilişlər yaratmaqla məşğuldurlar. Televiziya insanların zövqünü formalaşdırmalıdır, zövqsüzlüyün dalınca düşməməlidir.
İnsanları əyləndirmək olduqca çətindir. Bunun üçün mütləq intellekt, diksiya, ritorika, musiqi duyumu, yumor hissi olmalıdır. Musiqi verilişi aparırsansa, “Çahargah”la “Segah”ı ayırmağı bacarmalısan. Hələ Azərbaycanda elə bir aparıcı görməmişəm. Bilməyənlər isə çox olduğuna görə bilənləri sıradan çıxarır.

- Deməli, televiziyadan problem yaşadığınıza görə uzaqlaşmısınız?

- Mən özəl telekanalların görüntüsündən narazıyam və narazılığımı bildirirəm. Amma problem yaşamamışam.

- Efir məkanını etiraz olaraq tərk eləmisiniz?

- Bəli, etirazdır, görürsünüz ki, efirdə yoxam. Yutubda yerləşdirilən üç-dörd dəqiqəlik videolarımda başdan-ayağa etirazdır.

- Belə bir təəssürat yaratdınız ki, Azərbaycanın efir məkanı sizin üzünüzə bağlanıb.

- Azərbaycan efir məkanı üzümə bağlanmayıb, efir məkanının mənzərəsi mənim üçün qəbuledilməzdir. Mən ora getsəm, onlar kimi olacam. Sonunda oldu da... “Onda başladı” proqramı ilə Azərbaycanı 2000-ci illərdə görmək istədik. Bununla intibah etmək istəyirdik.
Amma rəhbərlik üzərimizə düşdü və açıq dedilər ki, intellektdən, tarixdən, fəlsəfədən, siyasətdən, klassik musiqidən danışmayın. İmkan verin, insanlar oynasınlar. Oranı ucuz toyun rəqs meydançasına çeviriblər. Yəni ki, televiziyaların mənzərəsi belədir. Mənə kanallarda qadağa yoxdur və istənilən televiziyaya sponsorla müraciət edə bilərəm.

- Siz "Toylar kralı" verilişini də təqdim etmisiniz...

- ANS-də "Toylar kralı" verilişi çox önəmli bir layihə idi. O, Azərbaycan musiqisinin məğlubiyyəti idi. Mənim kommersiya xarakterli verilişim idi. Heç vaxt Azərbaycanda bir saat yarımlıq verilişə bir milyon yüz min sms gəlməyib, gəlməyəcək də. Bu hal heç Rusiya və Türkiyə kanallarında da olmayıb. Reytinq budur.

Amma nə baş verirdi? Bir tərəfdə Manaf Ağayev, digər tərəfdə isə Qismət Məmmədzadə oxuyurdu. Eləcə də münsif heyətində bir tərəfdə Ağa Cəbrayıl Abasəliyev, Akif İslamzadə, digər tərəfdə isə Teymur Mustafayev, Baloğlan Əşrəfov… Biz iki səviyyəni üzbəüz qoyduq. Göstərdik ki, əsl musiqi, əsl sənət hansıdır... Axı bunu başqa cür göstərə bilmirdik. Yəni əsl min sms qazanmır, digəri isə bir milyondan artıq sms gətirir.

Bu veriliş son illərdə Azərbaycan musiqisinin məğlubiyyəti idi. Biz mübarizə və meydan yaratdıq. Zövqsüz musiqi təkcə qalib gəlmədi, həm də zövqlü musiqini darmadağın elədi.

Manaf Ağayev dostumuzdur, qardaşımızdır, real adamdır. Onun tacqoyma mərasimi idi. Onu da deyim ki, tacı Manaf Ağayevə kanal verməmişdi, öz pulu ilə cibindən hazırlatmışdı, üzərinə qızıl suyu da çəkdirmişdi. Kanal ona yalnız 100 manatlıq mikrofon bağışladı…

Manaf Ağayev düzgün oğlandır. Ona dedim ki, bu gün sən oxumayacaqsan. Cavab olaraq dedi ki, bir milyondan artıq sms gətirmişəm, mənim tacqoyma mərasimimdir, kim oxuyacaq? Dedim ki, Qismət Məmmədzadə.

Səbəbini soruşanda izah elədim ki, Qismət Məmmədzadə yaxşı oxuyur. Qayıtdı ki, mən pis oxuyuram? Cavab verdim, sən də yaxşı oxuyursan, amma o əla oxuyur. Dedi ki, oğul, sən deyəndir. Başqa adam onu eləməzdi, çünki Manaf Ağayev kişi adamdır.

Canlı efir başladı, Manaf Ağayevin tacı qoyuldu, amma Qismət Məmmədzadə oxudu. Qismət oxuyandan sonra Manaf Ağayev dedi ki, əsl oxuyan elə budur. Hamı da ona əl çaldı. Yəni biz orada göstərdik ki, əsl musiqi hansıdı.

- Ötən əsrin 70-ci illərinin axırlarında məktəbdə millətçi təşkilat yaratmısınız. Bu necə olub?

- Mən Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirmişəm. Ruslaşmış elitar məktəb idi, orada ancaq Bakı qeydiyyatında olan şəxslər oxuya bilərdilər. Partiya işçilərinin, yüksək vəzifəli insanların övladları təhsil alırdılar. Milli tərkibə görə biz azlıq təşkil edirdik.

70-ci illərin sonlarında Xeyransa Məmmədova adlı bir yeniyetmə oxuyan çıxdı. Onun səsi Heydər Əliyevin xoşuna gəlmişdi. Ulu öndər qərar vermişdi ki, o, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul edilsin. Heydər Əliyevin əmrinə əsasən, orada Bakı qeydiyyatında olmayanlar üçün də sinif açıldı. Məktəbdə milliləşmə başladı. Beləliklə, regionlarımızdan istedadlı uşaqları ora götürməli oldular. Milli düşüncə inkişaf etdi.

Tələbələri Azərbaycan dilində danışmağa təhrik edirdik. Qəzet çıxarmağa da başladıq. Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını əlyazmada divara vurduq. Təşkilatın tərkibi əsasən bölgələrdən gələn uşaqlardan ibarət idi. Bakılı uşaqlar da var idi.

Musiqi məktəbindəki təşkilatın adını əvvəl "Qopuz", sonra "Bozqurd" qoyduq. O vaxt Sabir Rüstəmxanlı ilə görüşürdük, onunla türk tarixi haqqında söhbətlərimiz olurdu. Türkçü, turançı düşüncəsini təbliğ edirdik. Elə hesab edin ki, biz Hüseyn Cavidin əsgərləriydik. O vaxt kumirimiz Hüseyn Cavid idi. Hətta övladlarımın adı Hüseyn Cavidin övladlarının adıdır, Ərtoğrul və Turan.

Ölkədə milli azadlıq hərəkatı başlayanda bizim uşaqların hamısı ora qoşuldu.

- Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin müşaviri olmusunuz. Maraqlıdır ki, onunla necə tanış olmusunuz?

- Mən konservatoriyada Xalq Cəbhəsi idarə heyətinin sədri seçilmişəm. Xalq Cəbhəsi idarə heyətinin sədri sonra rəyasət heyətinin üzvü olur. Millət vəkilliyinə namizədliyimi verdim. Ayaz Mütəllibovun dövründə seçkidə total saxtakarlıq baş verdi, ona görə keçə bilmədim. Amma cəbhə namizədliyim vermişdi. Əbülfəz Elçibəy də bizim sədr idi. Onunla evində söhbətimiz oldu.

Bizim ortaq sevdiyimiz tarixçi Lev Nikolayeviç Qumilyov idi. Əbülfəz Elçibəy onu yaxşı bilirdi. Çox təəssüf ki, bizim təşkilatda Qumilyovu yaxşı bilən yox idi. Onun yaradıcılığı üzərində dərin analizli söhbətlərimiz oldu.

Əslində, mən Əbülfəz Elçibəyin mədəniyyət üzrə müşaviriydim, sonra millətlərarası münasibətlər üzrə müşavir təyin edildim. Hətta Əbülfəz Elçibəyə ətrafındakılar etiraz etdilər ki, o, konservatoriyanı bitirib. Əbülfəz bəy də dedi ki, millətlərarası münasibətləri yaxşı bilir və bu sferada işləməlidir. Əbülfəz Elçibəy o zaman AXC sədri olub və tanışlığımız da belə baş tutub.

- Bəs sonrakı dövrdə?..

- Əbülfəz Elçibəy 1992-ci ildə hakimiyyətə gələndə cəbhəni tərk etdim. Onda Elçibəylə də söhbət etdik və dedim ki, bu adamlarla hakimiyyətə gəlmək olmaz. Onların bir çoxu potensial cinayətkardır. Hakimiyyətə gəlib rüşvət alacaqlar, ona görə hərəkata qoşulublar.

Əbülfəz Elçibəy isə etiraz elədi ki, onlar bizimlə küçədə hərəkatda olublar. Mən də ona görə təşkilatdan çıxdım. AXC hakimiyyəti yıxılandan sonra yenidən ora qayıtdım və təşkilata üzv oldum. Artıq Əbülfəz Elçibəyin yanında idim.

- Hazırda kimləri Əbülfəz Elçibəyin davamçıları hesab edirsiniz? Onun ideologiyasına sadiq qalan insanlar varmı?

- Əbülfəz Elçibəy ideologiyası deyəndə nəyi nəzərdə tutursunuz?

- Məsələn, Bütöv Azərbaycan ideologiyası vardı.

- Bütöv Azərbaycan ideologiyası təkcə müxalifətdə deyil, iqtidarda da var.

- Yəni ki, Əbülfəz Elçibəyin siyasi xəttinə uyğun insanlar kimlər idi?

- Ad çəkə bilmərəm, çünki onların sırasında yaxın dostlarım da var və adlarını çəksəm də tanımayacaqsınız. Azərbaycanda təkcə müxalifətdə yox, iqtidarda da Bütöv Azərbaycan tərəfdarları çoxdur. Bütöv Azərbaycan ideologiyası Əbülfəz Elçibəyə qədər də var idi.
Əbülfəz Elçibəy yalnız Bütöv Azərbaycan ideologiyasının daşıyıcısı deyildi, demokratik cəmiyyət, azad söz, azad düşüncə, azad mətbuat tərəfdarı və bir qərb düşüncəli adam idi. Bəzən onu milliyətçi kimi tanıdırlar, amma milliyətçiliyin də müxtəlif spektrləri var. Yəni biz qərb milliyətçiliyi janrında düşünürdük.
Ona görə də kim bu gün Azərbaycanda demokratiya, milli mənafe haqqında düşünürsə, elə hesab edin ki, Əbülfəz Elçibəyin ideyasını davam etdirir. Əbülfəz Elçibəyin fəlsəfi, tarixi düşüncəsi siyasi düşüncəsindən daha üstün idi.

- Əbülfəz Elçibəyin Bütöv Azərbaycan ideologiyasından danışanda deyirlər ki, bu o dövrün siyasi hadisələrinə uyğun seçilməmişdi. Bu haqda nə deyə bilərsiniz?

- Onun öhdəsində dövr yox, qısa zaman var idi. Bir ili dövr adlandırmaq olarmı? Onun siyasətini səhv kimi qiymətləndirmək düzgün deyil. Cəmi bir illik vaxtdı. Qarabağda savaş gedirdi və müəyyən uğurlar da var idi. Sadəcə komanda zəif idi. Bir çoxu təcrübəsiz və səriştəsiz idi. Əbülfəz Elçibəyin özü də siyasətdə səriştəsiz idi. O vaxta qədər heç vaxt peşəkar siyasətdə olmamışdı. Amma tarix göstərdi ki, belə insanlar siyasətdə uğur da qazana bilərlər. Məsələn, Polşada Lex Valensa kimi…

- Kamran bəy, nə zamansa siyasətə qatılmaq fikriniz varmı?

- Xeyr, siyasətə qatılmağı düşünmürəm. Siyasi düşüncəli adamam, həmişə də belə olub. Yutubda siyasi veriliş aparıram, qonaqlarım daha çox siyasətçilərdir. Amma bu, siyasətə qatılmağım deyil.

- Siyasi veriliş aparmaqla cəmiyyətdəki hadisələrə münasibət bildirmək istəyirsiniz?

- Xeyr, siyasi veriliş aparmaqla millətimizi siyasi müzakirələrə dəvət etmək istəyirik. Düşmənlə üz-üzəyik. İstənilən milləti xilas edən siyasətdir. Bütün millətlərin uğuru siyasətlə bağlıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm