Ülviyyə Könüldən illər sonra etiraf: “Aygün Kazımova pulları onlara xərcləyirdi” - FOTOLAR/MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

Ülviyyə Könüldən illər sonra etiraf: “Aygün Kazımova pulları onlara xərcləyirdi” - FOTOLAR/MÜSAHİBƏ

Son vaxtlar çəkilən komediya filmlərinin titrlərində, nədənsə, rejissor Ülviyyə Könülün adına rast gəlmirik. Bir vaxtlar klip yaradıcılığına fasilə verib, bədii filmlərin çəkilişi ilə məşğul olan xanım rejissor, olmaya, komediya filmlərini bəyənmir? Bir ayağı Bakıda, o biri ayağı Amerikada olan Ülviyyə Könül, bəlkə, film çəkilişlərinə vaxt ayıra bilmir?

Publika.az xanım rejissorun müsahibəsini təqdim edir.

- Son vaxtlar Azərbaycanda gənc rejissorlar tərəfindən çoxlu sayda komediya filmləri çəkilir. Bu filmləri izləyirsiniz?

- Xəbərim var, bu tendensiyanı alqışlayıram. Çünki bu tendensiya Azərbaycan tamaşaçısını yadırğadığı Azərbaycan kinoteatrlarına aparacaq. Elə təkcə bu fakta görə mən həmin filmləri alqışlayıram. Hər kəs bilir ki, dövlət sifarişi ilə çəkilən filmlərimiz kinoteatrlarda nümayiş olunur. Amma etiraf edək ki, tamaşaçını daha çox kommersiya filmləri maraqlandırır. Bu filmlərin komediya janrında çəkilməsinin də səbəbi elə tamaşaçını kinoteatra gətirməkdən ibarətdir. Amma filmlərin hansı keyfiyyətdə olması barədə bir söz deyə bilmərəm, çünki görməmişəm, amma əksəriyyətinin anonsunu izləmişəm.

- Bəs hansı filmin anonsu sizi daha çox cəlb etdi?

- “Xoxan” filminin. Amma cəmi bir filmin - “Yarımdünya”nın təqdimat mərasimində olmuşam. Artıq rəqabət genişlənir, baxımlı filmlər həm də gəlir gətirir. Rəqabət artdıqca rejissorlar daha keyfiyyətli məhsul barədə düşünməli olurlar. Axı xərc də borcu ödəməlidir. İstənilən film həm də gəlir gətirməlidir. “Forsaj 7” filmi bir-iki həftəyə milyardlarla gəlir gətirdi. Belə də olmalıdır. Filmə sərf olunan sərmayə çıxmalı və əlavə gəlir götürülməlidir ki, rejissor növbəti filmi çəkə bilsin.

- “Xoxan” sizi nəylə cəlb etmişdi ki?

- Ordakı aktyorlara baxanda elə adamı gülmək tutur. Bəlkə də, mən filmə baxsaydım, 20 dəqiqədən sonra zalı tərk edərdim. Bilmirəm, amma hər halda, anons məni cəlb etdi.

- Təbii ki, filmin kim tərəfindən çəkilməsi də önəmlidir. Amma yəqin özünüz də şahidisiniz ki, bəzən elə insanlar film çəkir, adını ilk dəfə eşidirik.

- Belə başa düşürəm ki, kimin əlinə pul düşür başlayır film çəkməyə. Film çəkənlər sırasında kinoya və kino sənətinə yaxın adamlar da var, uzaq adamlar da. Yəqin ki, zamanla onlar ələnəcək.

- Komediya filmlərində istifadə olunan söyüşə münasibətiniz necədir?

- Mən filmlərdə söyüşün qəti şəkildə əleyhinəyəm. Tamaşaçı gətirsin deyə filmdə söyüş söymək, şit zarafat etmək olmaz.

- Amma tamaşaçı belə filmlərə daha çox maraq göstərir.

- Düşünmürəm ki, hansısa tamaşaçı ailəsini də götürüb həmin filmi izləməyə getsin. Bəlkə də, belə filmlər elə tamaşaçını kinoteatrdan uzaqlaşdırır. Ekranda söyüş olmamalıdır.

- Özünüz də bu tendensiyanı alqışladığınız halda, bəs nə əcəb film çəkmirsiniz?

- Yəqin ki, bir gün mən də qoşularam. Bu dəqiqə mənə maraqlıdır ki, hansı filmlər özünü doğrulda bilir? Əsas filmin özünü doğrultmasıdır. Mən bilirəm ki, “Xoxan” filmi özünü doğruldub. Mən öz zövq və tələbatlarımı bir qırağa qoyub tamaşaçının tələbatını tutmaq istəyirəm. Film zalı söyüş, açıq-saçıq səhnələrlə, şit zarafatlarla doldurursa, mən belə film çəkə bilmərəm.

- Elə həmkarınız Kənan.M.M “Ay brilliant”, Şahin Zəkizadə “Yüz kağız” filmini çəkdi. Nə əcəb gedib baxmadınız, dəvət etmədilər, yoxsa?

- Əslində mən buna görə Kənandan incimişdim. Sonradan onu “Yarımdünya" filminin premyerasında görüb sözümü dedim. O, mənim həmkarımdır, gərək məni filminin təqdimatına dəvət edəydi. Dedi ki, bax indi yeni film çəkirəm, səni mütləq dəvət edəcəyəm.

- Hansı janrda film çəkmək istəyərdiniz?

- Romantik-komediya janrında çəkəcəyəm.

- Sizin də filminizdə qeyri-peşəkar insanların çəkilməsi ehtimalı var?

- Yox, yalnız bir nəfər ulduz müğənni çəkə bilərəm. Amma filmdə peşəkar aktyorlar çəkiləcək, qeyri-peşəkarı dəvət etsəm, təbii ki, həmin aktyorun yanında yaxşı görünməyəcək. Peşəkar operator, peşəkar aktyor, bir sözlə yalnız peşəkar komanda ilə işləyəcəyəm. Təbii ki, əgər film çəkəsi olsam.

- Sizcə, uğurlu filmin ərsəyə gəlməsi üçün maddiyyat çoxmu önəmlidir?

- Yox. Həm də əsas olan keyfiyyətli ssenaridir. Bu gün peşəkar ssenaristlər, cavan istedadlı uşaqlar da çox az saydadır..

- Adlarını çəkərdinizmi?

- Məsələn, Tural Sevdimalıyev, Fateh Məmmədəli, İsmayıl İmanov. Mən öz yaşıdlarımdan olan insanların adlarını çəkdim. İstedadlılar var, amma çox azdır. Yaxşı ssenarilər olsa, az büdcə ilə mükəmməl qısametrajlı filmlər çəkmək olar. Avropada, Amerikada az büdcə ilə o qədər maraqlı filmlər çəkilir ki... Sözsüz ki, böyük büdcəli filmlər də çəkilir, amma biz hələ ona can atmırıq. Uşaq iməkləyə-iməkləyə böyüyür. Ora doğru biz də gedirik. Ən əsası odur ki, bizdə də bu proses başlayıb artıq. Yadınızdadırmı bir vaxtlar Azərbaycanda klip bumu yaşanırdı. Gündə, həftədə bir klip çəkilirdi. Eyni vəziyyət indi kinomuzda başlanıb. Hər həftə bir filmin təqdimatı keçirilir, hər halda, bu, sevindiricidir. Mən də baxıram, düşünürəm, məni tutan bir ssenari olsa, çəkəcəyəm.

- Bir vaxtlar ən bahalı klipmeyker sayılırdınız…

- Əslində, ən bahalı klipmeyker mən deyildim, başqaları idi. Bəlkə ən tanınmış idim, amma ən bahalı rejissor deyildim. Məndən qat-qat artıq qonorar alan həmkarlarım olub və indi də var. Mən heç vaxt bahalı rejissor olmamışam.

- Bahalı rejissorlar kimlər idi ki?

- Ad çəkmək istəmirəm.

- O məbləği sizə vermirdilər, yoxsa özünüz istəmirdiniz?

- Mən ümumiyyətlə, pul söhbəti edə bilmirəm.

- Ən bahalı klipi kimə çəkmisiniz?

- Yadıma gəlmir, təxminən 5-6 minə çəkmişəm. Amma mən rejissorlar tanıyıram ki, hələ o dövr üçün 20-25 minə klip çəkib. Elə bu dövr üçün də bu məbləğ çox böyükdür.

- Həmin vaxt ən bahalı klipləri çəkdirən Aygün Kazımova idi…

- Aygün həmin vaxt kliplərini Gürcüstanda çəkdirirdi və pullarını onlara xərcləyirdi. Amma yenə də mən heç kimin pulunu saymıram bu söhbətdən zəhləm gedir.

- Bu gün yaradıcılığınızda əvvəlki qaynar həyatı yaşayırsınızmı?

- Hər yaşın öz dövrü var. Mən bu gün həm yaşca, həm başca başqa maraqların ardınca gedirəm. Daha çox sənədli filmlərə, ciddi tədbirlərə rejissorluq edirəm. Reklam kampaniyaları ilə birgə işlərim olur.

- Qızınızı şou- biznesə qatılmağa qoyacaqsınız?

- Qətiyyən. Əslində qızım rejissordur və gələcəkdə də yəqin ki, yalnız ciddi filmlər çəkəcək.

Cəvahir Səlimqızı

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm