Maraq dünyası
“Sualtı dünyanın yeddi möcüzəsi”ndən biri: Yer kürəsinin ən isti dənizinin sirri
Qırmızı dəniz İordaniya, Misir, Sudan, Efiopiya, Eritreya, Səudiyyə Ərəbistanı, Yəmən və İsrail sahillərini yuyur. İordaniya üzrə Qırmızı dəniz sahil xətti cəmi 27 km-dir. Bununla belə, krallıq bu kiçik ərazidən maksimum yararlanır. Ərazi həm də İordaniya Krallığının dünya okeanına çıxışını təmin edir.
Məhz bu nöqtə dünyanın ən gözəl sualtı yerlərindən biri hesab olunur. İndiyə qədər alimlər, coğrafiyaçılar və Qırmızı dənizin tədqiqatçıları onun niyə “Qırmızı dəniz” adlandırılması barədə mübahisə edirlər. Lakin bu, turistlərə Qırmızı dənizin gözəl mif və əfsanələrindən həzz almağa mane olmur...
Tədqiqatçıların fikrincə, Qırmızı dəniz bu adı çox miqdarda suyu qırmızı rəngə boyayan yosunlarına görə alıb. Başqa bir elmi nəzəriyyədə deyilir ki, suya qırmızı rəng verən çoxlu sayda mərcan qayalarına görə dəniz “Qırmızı”dır. Romantik versiya isə daha maraqlıdır: dəniz, sevdiyi qıza sevgisini bildirən bir gənc tərəfindən səpələnmiş milyonlarla qırmızı qızılgülün ləçəkləri səbəbindən qırmızı olub. Üfüqdə parlaq qırmızı olan dənizi görən qız təklifi qiymətləndirib və şahzadəsinin ardınca uzaq bir ölkəyə gedib.
Maraqlıdır ki, Misir sakinləri bu su hövzəsini “Yaşıl dəniz” adlandırırlar.
Yer kürəsinin ən isti dənizi
Qırmızı dəniz haqlı olaraq “Sualtı dünyanın yeddi möcüzəsi” siyahısında yer tutur. Hələ 1989-cu ildə okeanın mühafizəsi və kəşfiyyatına həsr olunmuş peşəkar dalğıclar üçün CEDAM təşkilatı ilə əlaqəli bir qrup alim “Sualtı dünyanın yeddi möcüzəsi hansılardır?” sualına cavab axtararkən bu nəticəyə gəliblər.
Qırmızı dəniz tərkibində yüksək duz olması ilə yanaşı, həm də Yer kürəsinin ən isti dənizidir. Qırmızı dənizin özəlliyi ondan ibarətdir ki, ona bir dənə də olsun çay axmır. Buna görə də Qırmızı dənizdəki su kristal təmizdir. Qışda orta temperatur 21-23 dərəcə, yayda isə 30 dərəcəyə çatır. Bütün il boyu dənizdə üzmək olur.
Dalğıc turizminin vətəni
Qırmızı dənizdə tətillər İordaniyaya gələn turistlər arasında çox populyardır. Kristal təmiz sularda hər il minlərlə turist suyun altında gizlənən dünyanın gözəlliyini və zənginliyini müşahidə edir. Bir çox turist bu xüsusi istiqaməti seçir, çünki Qırmızı dənizin sularında hətta rahat üzgüçülük müalicəvi təsir göstərir, mənzərəli təbiət və mülayim iqlim xoş əyləncəyə kömək edir.
İordaniyanın Qırmızı dənizi Aqaba şəhərində yerləşir. Bu, İsraillə sərhəddə yerləşən şəhərdir. Sahildən İsrailin Eylat şəhəri görünür. Aqaba körfəzinin sahilindəki bayraq dirəyi nəhəngliyinə görə Ginnesin Rekordlar kitabında yer alıb. Hündürlüyünə görə dünyada 6-cı sayılan bayraq qonşu ölkələrdən də yaxşı görünür. Az adam bilir ki, 2001-ci ildən krallığın bu guşəsi xüsusi iqtisadi zonadır. Şəhərin infrastrukturu daim inkişaf edir və hökumət Aqabanı “yeni Dubaya” çevirmək niyyətindədir. Aqaba körfəzi Qırmızı dənizin ekoloji baxımdan ən təmiz zonasıdır.
Bu sahillər çox vaxt “Sualtı cənnət bağı” da adlanır.
Qırmızı dənizin zəngin sualtı dünyasına görə şəhər sualtı dalğıc həvəskarları arasında məşhurdur. Bura yeni başlayanlardan peşəkarlara qədər - bütün səviyyələrdə olan dalğıclar üçün uyğundur. 30-a yaxın dalğıc sahəsi hər zövq və bacarıq səviyyəsi üçün imkanlar təklif edir. Ayaqlarını islatmadan dərin dənizin möcüzələrini görmək istəyənlər üçün şüşəli qayıq və ya sualtı gəzinti də təklif olunur. Bundan əlavə, su idmanı üçün çoxlu imkanlar, eləcə də böyük və maraqlı Dəniz Parkı var. Körfəz boyunca müxtəlif hotellərə məxsus həm pulsuz, həm də pullu çimərliklər, onların yaxşı inkişaf etmiş infrastrukturu var. Şəhərin ətrafı dağlarla əhatə olunub. Hündür qayalıqlar sayəsində sahil küləklərdən qorunur. Burada rahat və aktiv tətil, digər əyləncələr üçün ideal şərait var.
Dəniz məhsulu aparmaq qadağası
Qırmızı dəniz zəngin sualtı dünyası ilə məşhurdur. Dənizin təmiz sularında nadir mərcanlar və mindən çox balıq növü yaşayır. “Bura balıqçılar, dalğıclar və nizə ilə balıq ovlamaq istəyənlər üçün cənnətdir. Xüsusi avadanlıq olmadan belə, artıq sahildə dənizin rəngarəng dünyasını görmək üçün maska və şnorkel taxmaq kifayətdir. Burada müxtəlif balıqlar, süngərlər, hər rəngli mərcanlar, tısbağalar, dəniz kirpiləri və digər ekzotik sualtı canlıları görmək mümkündür. Tez-tez meduza və bəzən zəhərli balıqlara da rast gəlmək olar. Sahildə və dənizin dibində kəskin mərcanlar təhlükə yaradır, buna görə də xüsusi çimərlik ayaqqabıları geyinmək daha yaxşıdır”, - deyə sahil mühafizəçisi bildirdi.
Aqaba rifləri müxtəlif mərcanların və balıqların yaşadığı həyat və sulu çiçəklərlə doludur. Maraqlıdır ki, ağaca bənzəyən, böyük dərinliklərdə yaşayan nadir qara mərcan ilk dəfə burada Kral Hüseynin özü tərəfindən aşkar edilib. “İordaniyada Qırmızı dənizdən balıq götürmək qadağandır, siz mərcan kəsə bilməzsiniz, ümumiyyətlə, özünüzlə heç bir dəniz məhsulu götürə bilməzsiniz”, - deyə mühafizəçi əlavə etdi.
Üzgüçülük mövsümünün başa çatdığı ölkələrə alternativ
Müasir İordaniya ölçülü şərq həyatı yaşayır. İordaniyalılar turistlərin gəlişindən məmnundurlar. Buna görə də ənənəvi ərəb qonaqpərvərliyi və sadəliyinə hər addımda rast gəlinir. Hələlik qonşu dövlətlərin müharibəsi, ölkəyə gələn mühacir axını turizmin inkişafına da müəyyən əngəllər yaradır. Amma yerli turizmçilər optimistdirlər:
“Payızın və ya qışın sonu səyahət üçün ideal vaxtdır. İordaniya sahillərində ekskursiya turu üçün ən rahat hava oktyabr-noyabr və fevral-iyun aylarındadır. Ümumiyyətlə, İordaniyada çimərlik tətili üzgüçülük mövsümünün artıq başa çatdığı ölkələrə alternativdir. Daha bir neçə üstünlük: hava limanı yaxındır, təmiz və şəffaf dəniz, çoxlu qədim yerlər var. Qonaqpərvərlik də öz yerində...” ("Kaspi" qəzeti)
-
İdman22:49
Makqreqor bloger ilə boks döyüşü keçirəcək: Fantastik məbləğ qazanacaq
-
Kriminal22:34
Vəzifəli şəxs Bakı aeroportunda külli miqdarda qızılla tutuldu
-
Sosial22:19
Qəzada yaralanan üç nəfər Bakıya gətirildi - Yeniləndi
-
Cənubi Qafqaz22:04
Paşinyandan nazirləri qəzəbləndirən qərar: yalnız bir maşın olacaq
-
Rəsmi xronika21:25
Prezidentdən Yeni illə bağlı paylaşım - FOTO
-
Magazin220:44
Məşhur illüziyaçı vəfat etdi
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı