"iPhone"ların satışı qadağan edilir - Parlamentdə ciddi müzakirə
Bizi izləyin

Maraq dünyası

"iPhone"ların satışı qadağan edilir - Parlamentdə ciddi müzakirə

Rusiya Dövlət Dumasına ölkədə smartfon və planşet bazarını əhəmiyyətli dərəcədə dəyişə biləcək qanun layihəsi təqdim olunub.

Publika.az xəbər verir ki, bu barədə BFM məlumat yayıb.

Təklifə əsasən, bu cihazların satışına yalnız Rusiyanın "RuStore" proqram mağazasına əvvəlcədən quraşdırılmış girişlə icazə veriləcək.

"RuStore" Android əməliyyat sistemi ilə işləyən cihazlar üçün hazırlanmış Rusiya proqram mağazasıdır. O, "Google Play" və "Apple App Store" kimi xarici platformalara alternativ olaraq yaradılmışdır və istifadəçilərə həm Rusiya, həm də beynəlxalq tərtibatçılar tərəfindən hazırlanmış geniş çeşidli proqramlar təklif edir. "RuStore"un əsas məqsədi siyasi vəziyyətdən və xarici şirkətlərin qərarlarından asılı olmayan tətbiqlərə çıxışı təmin etməkdir.

Yeni qanun layihəsi ilə əsas diqqəti çəkən cəhət ondan ibarətdir ki, "iPhone" istehsalçısı olan "Apple" şirkəti iOS əməliyyat sistemi ilə işləyən qurğularında üçüncü tərəf proqram mağazalarının quraşdırılmasını qadağan edir. Bu, "RuStore"u "iPhone" və "iPad"də əvvəlcədən quraşdırmağı qeyri-mümkün edir ki, bu da öz növbəsində onların Rusiyada satışının qadağan edilməsinə səbəb ola bilər.

Qanun layihəsinin müəllifləri deyir ki, sənədin əsas məqsədi rusiyalı istifadəçilərin xarici korporasiyaların siyasi mövqeyindən müstəqilliyini bərqərar etməkdir. Onların fikrincə, bu, Rusiya vətəndaşlarının maraqlarını qoruyacaq və onlara bloklanma və ya silinmə təhlükəsi olmadan lazımi proqramlara çıxış imkanı verəcək.

Qanun layihəsi qəbul olunarsa, bu, Rusiyanın smartfon və planşet bazarına əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Bu cihazların aparıcı istehsalçılarından biri olan "Apple" çətin vəziyyətdə qalacaq. Şirkət ya qaydalarını dəyişib "RuStore"un quraşdırılmasına icazə verməli, ya da Rusiya bazarını tərk etməli olacaq.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm