Maraq dünyası
Müsəlman xilafətinin mərkəzi: Ən gözəl qadınların şəhəri - FOTOLAR
Kordoba tez-tez “ən isti” və “ən ucuz qiymətli” şəhər adı uğrunda yarışır. Əndəlüsün mərkəzində yerləşən bu tarixi şəhər Roma, ərəb və Avropa mədəniyyətlərinin heyrətamiz qarışığıdır. “Kordobanı ziyarət etməyin üç səbəbi var: incəsənət, tarix və qastronomiya. Bundan əlavə, bu şəhərdəki qadınlar bütün Əndəlüsün ən gözəlləridir” deyilir.
Vaxtilə Kordoba Avropada mövcud olan yeganə müsəlman xilafətinin mərkəzi idi. X-XI əsrlərdə Əl-Əndəlüsün çiçəklənən şəhəri dünyanın hər yerindən filosofları, astronomları, həkimləri və musiqiçiləri cəlb edir. Kordobada nəinki elm və incəsənət inkişaf edirdi, hətta üç dinin - İslam, xristianlıq və yəhudiliyin təmsilçiləri dinc şəraitdə yanaşı yaşayırdı: “Kordoba xilafəti güclü islam dövləti idi. Avropanın ən böyük və ən inkişaf etmiş şəhərlərindən biri hesab edilirdi. Kitabxanaları, universitetləri, tibb elmi ilə məşhur idi. İslam dünyasından, eləcə də xristian Avropasından alimlər burada təhsil alırdılar. Şəhəri “elm məskəni” adlandırırdılar. Burada demək olar ki, bütün əhali, hətta qadınlar da savadlı idi”, - deyə tur bələdçisi məlumat verir.
Kordoba ustalarının sümük, keramika və qızıldan nəfis məmulatları dünyada məşhur idi.

Müsəlmanların sıxışdırılması və Kordobanın tənəzzülü
1236-cı ildə - şəhər III Ferdinandın qoşunları tərəfindən tutulandan sonra müsəlmanlar kütləvi şəkildə Kordobadan çıxarılır. Alimlər, sənətkarlar, tacirlər şəhəri tərk edir və iqtisadiyyat geriləməyə başlayır: “Əhali kəskin şəkildə azalırdı. Təbii fəlakətlər, aclıq və epidemiyalar şəhərin tənəzzülünə səbəb oldu. 18-ci əsrdə şəhərdə cəmi 20 min insan qalır. İqtisadiyyatın bərpası və əhalinin artımı yalnız 20-ci əsrin ilk illərində başlayır”.

Məscid-kilsə ansamblı
Ərəb mədəniyyəti bu gün də Kordobanın ayrılmaz tərkib hissəsidir. Hər il minlərlə turist məhz bu izləri görmək üçün Kordobaya gəlir. Kordoba məscidi - “Mesheti” şəhərin simvoludur. Bu binanın qeyri-adi tarixi var. 785-ci ildə tikilən məscid bütün dünyada məşhur olub.

Kordoba əmirliyinin hakimi II Əbd-əl-Rəhman məscidin, onun həyətinin genişləndirilməsi və minarəsinin tikilməsi haqda göstəriş verib. Kordoba əmirliyinin süqutundan sonra - 1236-cı ildə məscidin sütunları arasında heyvan və insan təsvirləri ilə bəzədilmiş katolik kilsəsi peyda olur. Burada kilsə tikilməsi ilə bağlı ciddi mübahisə yaşanır. Şəhər əhalisi bu tikintiyə qarşı çıxır. Uzun mübahisələrdən sonra Kordoba arxiyepiskopu imperator V Çarlza müraciət edir və o, məscidin içərisində kilsə tikməyə icazə verir.

Abidəyə sintez edilən kilsə minarəyə birləşdirilir. Həyətə baxan 19 qapı bağlanır, binanın daxili divarları boyunca ibadətgahlar tikilir, minarə zəng qülləsinə çevrilir. Lakin imperator Kordobaya səfər edərkən verdiyi razılığa görə peşman olur. “Siz hər yerdə tikilə biləcək bir şey tikmisiniz və dünyada bənzəri olmayan bir binanı məhv etmisiniz”, - deyir. Memar R.Ruiz binanın ilkin görkəmini qoruyub saxlamağa çalışsa da, kilsənin divarları məscidin damından hündür olur.

Binanın tağ və sütunlarının sayı 850-dən çoxdur. Divar və günbəzlərdə ərəbcə yazılar diqqəti çəkir. “Mesheti” bu gün də dünyanın bir çox ölkələrindən gəlmiş səyyah və turistləri cəlb edir. Məscid-kilsə kompleksinə giriş biletinin qiyməti 13 avrodur.

30 min nəfərlik saray şəhər
Kordobada mütləq ziyarət ediləsi abidələrdən biri də şəhərdən 6 km aralıda yerləşən “Mədinə-əl-Zəhra” arxeoloji kompleksidir. İspaniyanın və ümumən Avropanın ən mühüm orta əsr arxeoloji abidələrindən olan bu kompleks özündə ərəb-islam mədəniyyətini əks etdirir. Bu, 10-cu əsrdə ərəb hökmdarı tərəfindən sevimli arvadı üçün tikilmiş saray şəhəridir. Rəvayətə görə, saray o qədər böyük idi ki, 30 min nəfəri rahatlıqla qəbul edə bilirdi. Bu maddi-tarixi abidə İkinci Dünya müharibəsi illərində tamamilə dağılır və xarabalığa çevrilir. Hazırda İspaniya tarixi kompleksdə arxeoloji qazıntı işləri ilə bərabər, bərpa işləri də aparır.

Bu gün Kordobaya gələn turistlər “Qala divarı”, “Mersed Sarayı”, “Xəlifə hamamı” “Korrida muzeyi”, “Yəhudi məhəlləsi”, “Roma körpüsü” və s. turistik məkanlara da səfər edirlər.
“Ən yaxşı veranda” adı uğrunda
Kordoba festivallar şəhəridir. “Çalışın, bu şəhərə yaz aylarında gəlin. Onda Kordobanın bütün gözəlliyin daha aydın görəcəksiniz”, - deyə məsləhət görürlər.

Hər il may ayının əvvəlində şəhərdə “Veranda festivalı” keçirilir. Bu zaman şəhərin tarixi hissəsində bu tədbir üçün xüsusi hazırlanmış və bəzədilmiş çoxlu həyətlər turistlərin ziyarəti üçün açıq olur. Festivalda sakinlər “Ən yaxşı veranda” adı uğrunda yarışırlar. Verandalar heykəllər, divarlardakı rəngarəng qablar, antik mebellər, arxeoloji tapıntılar, çiçəklərlə bəzədilir. Festival zamanı həyətlərə giriş pulsuz olur. Bəzi ev sahibləri girişdə ianə qabı qoyurlar.

Qruplar halında xüsusi qapalı həyətlərə bələdçi ilə turlar da təşkil olunur. Turlarda qiymət adambaşına 5 avrodan 20 avroya qədər dəyişir. Yeri gəlmişkən, şəhərin müxtəlif yerlərində öz verandalarına qulluq edən şəhər sakinlərinə həsr olunmuş üç heykəltəraşlıq kompozisiyası quraşdırılıb.

Şəhərdə hər il keçirilən “Flamenko” festivalında isə bu sənətin klassik nümunələri təqdim olunur. Festival günlərində bütün şəhər gecələr də oyaq olur. Kordoba qonaqlarına öz ənənələrini - musiqisini, mətbəxini və tarixini təqdim etməkdən zövq duyur.

Bu gözəl şəhəri ziyarət edib oradan yadigar olaraq nə isə aparmamaq mümkün deyil... ("Kaspi" qəzeti)



-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
















.jpg)





















