Maraq dünyası
İki ölkənin körpüsünə çevrilən möcüzə - FOTOLAR
Niaqara şəlaləsi “Disneyland”, Notr-Dam kilsəsini və Böyük Çin səddini qabaqlayaraq dünyada beşinci ən məşhur turistik məkan kimi tanınır. Bu təbiət möcüzəsini seyr etmək planetin hər bir sakininin arzusudur.
Niaqara şəlaləsi - Niaqara çayı üzərində füsunkar şəlalələr kompleksidir. Bu, sadəcə coğrafi məkan deyil, təbiətin qüdrətinə və gözəlliyinə canlı sübutdur.

Niaqara şəlaləsi Şimali Amerikanın ən məşhur simvollarından sayılır. Şəlalə tarix və duyğuları birləşdirməklə dünyanı ovsunlamaqda davam edir. Kompleksə “At nalı şəlaləsi”, “Amerika şəlaləsi” və “Gəlin nalı” şəlaləsi daxildir. “At nalı” şəlaləsi bunlardan ən böyüyüdür və genişliyi və gücü ilə məşhurdur.

Niaqara şəlaləsi ABŞ-nin Nyu-York ştatını Kanadanın Ontario əyalətindən ayırır. Şəlalə iki ölkənin sərhədinə o qədər yaxındır ki, viza olacağı təqdirdə Niaqara çayı üzərindəki “Göy qurşağı” körpüsünü keçməklə, eləcə də köhnə kanat avtomobili olan “Whirlpool Aero Car”a minməklə sərhədi asanlıqla keçmək mümkündür. Kanada tərəfdən körpüyə daxil olanda ABŞ gömrüyündən keçir, 1 dollar ödəyir və irəliləyirsən. ABŞ tərəfdən daxil olanda da eyni hekayədir. Və dərhal gözəllik başlayır…

Hər iki ölkəyə elektrik enerjisi mənbəyi
Şəlalənin Kanadadan görünən mənzərəsi daha möhtəşəmdir. Amerikalılar ərazidəki qülləyə çıxmaqla şəlaləyə yandan tamaşa edə bilirlər. Mənzərəni daha əhatəli seyr etmək üçünsə çayda qayıq və ya gəmi turlarına çıxırlar.

Niaqara hər iki ölkəyə elektrik enerjisi mənbəyi kimi xidmət edir. Sərhədin hər iki tərəfindəki elektrik stansiyaları milyonlarla evi işıq və istiliklə təmin edir. Çayın sayəsində burada bir çox fabrik və zavodlar cəmləşib. “Əvvəlcə şəlaləyə gələnlər əsasən aristokratlar idi və ilk şərab evləri və qonaq evləri onlar üçün tikilmişdi. 19-cu əsrin birinci yarısında kanalların çəkilməsi ilə, daha sonra isə dəmir yollarının meydana gəlməsi ilə turizm daha əlçatan hala gəldi. Kanada sahillərində turizm daha intensiv inkişaf etdi - çoxsaylı otellər və suvenir mağazaları açıldı, ölkənin ilk muzeyləri yaradıldı. Amerika sahillərində sənaye inkişaf etməyə başladı, orada fabriklər və zavodlar tikildi və suyun gücündən su kanalları vasitəsilə istifadə edildi”, - deyə gəmi turunda öyrənirəm.

Qışda şəlalə ərazisindəki suyun bir hissəsi donaraq buz tağları və sütunlar əmələ gətirir. Bu tamaşa soyuqlara baxmayaraq, minlərlə fotoqrafı və turisti cəlb edir.

Hər il 22 milyondan çox turist cəlb edir
Niaqara şəlaləsini seyr etmək planetin hər bir sakininin arzusudur. Dünyada ən çox ziyarət edilən şəlalədir. Bu təbiət möcüzəsi həmçinin “Disneyland”, Notr-Dam Katedrali və Böyük Çin səddini qabaqlayaraq dünyada beşinci ən məşhur turistik yerdir. İnsanlar bu inanılmaz mənzərəyə tamaşa etmək üçün dünyanın hər yerindən gəlirlər. Şəlalə hər il dünyanın hər yerindən 22 milyondan çox turisti cəlb edir. Bu payız həmin turistlərdən biri olmağın sevincini yaşamaq mənim də qismətimə düşdü.

Şəlalədə bayrağımızın rəngləri
Macəra həvəskarları üçün Niaqarada ağ suda raftinqdən tutmuş ziplininqə qədər müxtəlif fəaliyyətlər təklif edilir. Şəlalənin və ətraf kəndlərin valehedici mənzərələrini təqdim edən Skylon Qülləsinin müşahidə göyərtəsinə qalxa bilərsiniz. Axşam saatlarında Niaqara onların gözəlliyini vurğulayan canlı işıqlar sayəsində daha da mənzərəli olur. Çayda müntəzəm olaraq işıq şouları və atəşfəşanlıq keçirilir. Hər il 28 May Respublika Günündə şəlalə Kanadada yaşayan soydaşlarımızın səyi ilə Azərbaycan bayrağının rənglərinə bürünür. Soydaşlarımız bu mənzərənin nə qədər möhtəşəm olmasından fəxrlə danışırlar. “Kanadada yaşayan azərbaycanlıların çoxu həmin tarixdə Niaqaraya gəlir. Azərbaycan bayrağının rəngləri ilə işıqlanan şəlaləni izləmək bizdə qürur doğurur”, - deyə Kanadada yaşayan soydaşımız İsmayıl Məmmədov məlumat verir.

Niaqara bal ayının simvoluna çevrilib
19-cu əsrdə Niaqara bal ayının simvoluna çevrilib. Şimali Amerikanın hər yerindən yeni evlənənlər buraya gəliblər. Ənənə bu gün də davam edir. Niaqara şəlaləsi şairləri və rəssamları da ilhamlandırıb.

Şəlalə bir çox film və televiziya şousu üçün fon da olub. Romantik səhnələrdə, döyüş filmlərində və hətta cizgi filmlərində çəkilib.

Hazırda ziyarətçilər qayıq və gəmi turlarına çıxmaqla gurultulu sellərə yaxınlaşa bilirlər, amma şəlalənin üzərindən keçmək cəhdləri qanunla qadağandır. Mənbəyinə qədər gəmi turları inanılmaz təəssüratlar yaradır. Turistlər gəminin göyərtəsində islansalar belə bu möhtəşəmliyi yaxından seyr etməkdən vaz keçmirlər. Bu, insanın heç vaxt unuda bilməyəcəyi anlardır. Əvvəlcədən turistlərə dəyişik ayaqqabı və geyim götürmək təklif olunur. Çünki şəlalənin içərilərinə doğru irəlilədikcə islanmamaq mümkün deyil.

Daimi hərəkətə və səs-küyə baxmayaraq, şəlalənin yaxınlığında xüsusi bir sakitlik hissi var.
50 ildən sonra mövcud olmamaq təhlükəsi var
Şəlalənin yaxınlığında muzeylər, kazinolar, müşahidə qüllələri və əyləncə parkları ilə öyünən Niaqara şəhəri yerləşir. Öyrənirəm ki, bu şəhərin ərazisində 12 azərbaycanlı ailə məskunlaşıb. Ümumilikdə isə ərazidə yaşayanlar şərabçılıqla məşhurdurlar. Yol boyu üzüm sahələrini görmək olur. Turistlər üçün ərazidəki şərab zavoduna turlar da təşkil olunur.

Yaxınlıqda yerləşən hotellərin gecəlik qiymətləri ucuz olmasa da, şəlalənin gurultusunu dinləmək və seyr etmək üçün insanlar bu şəhərdə tətil keçirməyi sevirlər. Şəhərdə Drakula qəsri, mum muzeyləri, Əyri ev və bir neçə kabuslu ev var. Bu kabuslu evlərin əksəriyyəti 70-ci illərə qayıdış kimidir. Uşaqlar üçün də bu şəhərdə çoxlu əyləncə məkanları təklif olunur.
Alimlər Niaqara şəlaləsinin təxminən 50 ildən sonra mövcudluğunu dayandıracağını proqnozlaşdırırlar. ("Kaspi" qəzeti)
-
Magazin213:53Timatinin model sevgilisi elə görüntü paylaşdı ki... - FOTO
-
Hadisə13:37Salyanda 2-ci sinif şagirdi bədbəxt hadisənin qurbanı oldu
-
MDB12:46Rusiyada genişmiqyaslı əməliyyat: Onlarla qaraçı hərbi komissarlığa aparıldı - VİDEO
-
Maraq dünyası12:15Müəmmalı nəhəng hörümçək turistə hücum etdi - FOTO
-
Qadın11:22Bugünki derbini tribunadan bu gözəllər də izləyəcək - FOTOLAR
-
Hadisə09:55Emrelinin dayısı oğlu özünü asdı - FOTO
-
Hadisə09:357-ci sinif şagirdi vəfat etdi
-
Sosial08:15Bakıda hər 3 dəqiqədən bir püskürən vulkan... - Video


































.jpg)





