Maraq dünyası
Dünyanın ən qarlı və soyuq paytaxtı: Ora köçməyə dəyər? - FOTOLAR
Ottava Kanadanın siyasi, mədəni və təhsil mərkəzidir. Kraliça Viktoriya bu şəhəri ingilisdilli Ontario ilə fransızdılli Kvebekin ortasında “kompromis” variant kimi seçib. Ottava dünya paytaxtları arasında ən qarlı və üçüncü soyuq şəhərdir.
Ottava meqapolis Toronto və çoxmədəniyyətli Montrealın kölgəsində qalır və bir çoxları üçün sadəcə diplomatik həyatın mərkəzidir. Kanadalılar Ottavanı darıxdırıcı hesab etsələr də, turistlər onu sevgi ilə “Kiçik Miss Ottava” adlandırırlar. Deyirlər, bu şəhərin öz cazibəsi var.

Ottava həm qədim memarlığı sevənlər, həm də müasir incəsənətin pərəstişkarları üçün maraqlı şəhərdir. Paytaxt çoxsaylı yaşıl parkları, insanların zövq ala biləcəyi mənzərəli əraziləri, maraqlı ekskursiyaları ilə öyünür. İngilis və fransızdilli şəhərdə yerlilər turistləri “Bonjour, hello” deyə salamlayır və əhvallarını da soruşurlar.

“Ağyaxalıqlıların şəhəri”
Müasir Ottava paytaxt şəhər olduğundan ilk baxışdan ciddi təsir bağışlayır. Bu şəhərə səfər edəndə dostlarım “ağyaxalıqlıların şəhərinə gedirsən” dedilər.

Hazırkı Ottava gənc əhalisi olan bir şəhərdir. Sakinlərinin təxminən dörddə biri Kanadadan kənarda anadan olub. Əhalisinin demək olar ki, yarısının yaşı 35-dən aşağıdır və son 200 ildə buraya gələn avropalıların nəsilləridir.

Paytaxt Kanadada ən yüksək təhsil səviyyəsinə malikdir. Vətəndaşlarının yarıdan çoxu dərəcə, diplom və ya sertifikata malikdir. Ottavada müxtəlif səviyyəli təhsil müəssisələri fəaliyyət göstərir. Paytaxt əhalisi hər il dünyanın hər yerindən buraya gələn tələbələr hesabına xeyli artır. Küçələrdə hər addımda işgüzar geyimli oğlan və qızlara rast gəlinir.

Cinayətkarlıq səviyyəsi çox aşağıdır
Ottava ölkədə dördüncü, həyat keyfiyyətinə görə isə dünyada altıncı ən böyük şəhərdir. Bura beynəlxalq mədəni, iqtisadi və texnoloji mərkəzdir. Bir çox qlobal şirkətlər burada tədqiqat mərkəzləri və ofislər açıblar. Ottavanın resurslara və istehsala əsaslanmayan məşğulluq buferi var. Şəhər iqtisadi cəhətdən sabitdir.

Şəhər turunda bələdçi məlumat verdi ki, Ottavada Kanadanın əsas şəhərlərinə nisbətən cinayətkarlıq səviyyəsi çox aşağıdır. “Üstəlik, cinayət hadisələri ümumiyyətlə azalır. Pik saatlar böyük şəhərlərdə tapa biləcəyiniz tıxaclara burada rast gəlməzsiniz. Mənzil qiymətləri münasibdir. Vankuver, Toronto və ya Kalqari ilə müqayisədə burada kirayə üçün daha az pul ödəyəcəksiniz. Daşınmaz əmlak qiymətləri də nisbətən aşağıdır”.

Ottavanın küçələrində Torontoda olduğu kimi, işsiz, evsiz insanlar gözə dəymir. Burada arxayın, yaşlı turistlərdən başqa hər kəs məşğul kimi görünür.

“Ottavaya köçməyə dəyərmi?”
“Ottavaya köçməyə dəyərmi?” Bu sual digər şəhərlərə köç edən immiqrantları çox düşündürür. Sorğulara verilən cavab isə belədir:

“Yaşamaq üçün nə istədiyinizdən asılıdır. Təbiətdən zövq alırsınızsa və ya ailə qurmaq üçün gözəl, yaşıl bir şəhər axtarırsınızsa, Ottava yaxşı seçimdir. Lakin gənclər bu şəhəri bir az darıxdırıcı hesab edə bilərlər. Montreal, Toronto və ya Vankuver kimi daha kosmopolit şəhərlərə öyrəşənlərə Ottavadakı həyat monoton görünər. Bu, yəqin ki, Ottavanın ən böyük çatışmazlığıdır. Əlbəttə ki, şəhərdə teatrlar, qalereyalar, klublar, restoranlar və canlı musiqi var, amma böyük şəhərlərdəki qədər çox deyil”. Ottavanın qışının sərtliyi də bura köçmək istəyən insanları ehtiyatlandırır. Mart ayında hələ də qar yağır, temperatur 0°C-dən yuxarı qalxmır. Soyuğa baxmayaraq, insanlar Yeni il ərəfəsində bayram əhval-ruhiyyəsi və sehrli atmosfer üçün buraya gəlirlər. Onlar həmçinin UNESCO tərəfindən dünya mirası siyahısına alınmış Rideau Kanalında buz konkisi sürməkdən zövq alırlar.

Bu şəhərdə iş tapmaq üçün ingilis və fransız dillərinini eyni səviyyədə bilmək önəmlidir. Ottavadakı bir çox iş hər iki rəsmi dilin biliyini tələb edir. Uşaqlar məktəbdə fransız dilini öyrənirlər, buna görə də yaxşı bir başlanğıca sahibdirlər. Yalnız ingilis dilində danışan immiqrantlar iş tapmaqda çətinlik çəkə bilərlər.

Kanadanın paytaxtında metro yoxdur. Ottava sakinləri də, turistlər də ictimai nəqliyyatdan şikayətlənirlər. Şəhər mərkəzinə və geri səyahət etmək əlverişli olsa da, başqa şəhərlərə səyahət edənlər üçün vəziyyət pisləşir. Nəqliyyat şəbəkəsi tədricən genişləndirilir və qurulur, lakin hələ də mükəmməl deyil. Məsələn, yerli sakin deyilsənsə və aylıq biletin və ya güzəştin yoxdursa, bank kartı ilə ödəmə çətinliyi var.

“Qış nağılı”, Lalə festivalı, payızın rəngi
Yüksək inkişaf etmiş infrastruktura malik, rahat və mənzərəli Kanada paytaxtı dünyanın hər yerindən gələn turistlər üçün cəlbedicidir. Şəhər velosiped sevənlər üçün cənnətdir. Şəhərdə onlar üçün gözəl yollar var. Bunlardan ən uzunu və gözəli Rideau Trail-dir.

Ottava ölkənin əsas artefakt kolleksiyalarına ev sahibliyi edir. Ən populyarlar muzeylər - Kanada Hərb Muzeyi, Kanada Milli Qalereyası, Kanada Təbiət Muzeyi, Kanada Aviasiya və Kosmik Muzeyi, Soyuq Müharibə Muzeyi və Kanada Elm və Texnologiya Muzeyidir. Milli İncəsənət Qalereyasında Dali, Andy Varhol, Klod Mone və Pikassonun əbədi əsərləri də daxil olmaqla, yüzlərlə dünya heykəltəraşlıq və rəsm əsəri nümayiş olunur. Turistlər Ottavaya qışda Beynəlxalq Xokkey Festivalı və dünyaca məşhur “Qış nağılı”na baxmağa, yazda “Lalə” festivalında iştirak etməyə, yayda şəhər mərkəzində gəzən bütün hindli qəbilələrini gözləri ilə görməyə, payızda sari, qırmızı ağcaqayın yarpaqlarına tamaşa etmək üçün gəlirlər.("Kaspi" qəzeti)


-
Hadisə10:33Yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı - VİDEO
-
ABŞ10:10Metroda dəhşət: Yatmış kişini yandırdı - -VİDEO
-
Maraq dünyası10:00Dünyanın ən qarlı və soyuq paytaxtı: Ora köçməyə dəyər? - FOTOLAR
-
Nəqliyyat09:29Yuxusuz sükana əyləşən sürücülərin nəzərinə!
-
MDB09:10Ali Məhkəmənin keçmiş hakimindən milyonlarla pul müsadirə edildi - FOTO
-
ABŞ08:45Tramp peyvəndlərlə bağlı direktiv imzaladı - Uşaqlara 72 iynə vurulmamalıdır
-
MDB07:55Dodaqlarını böyüdən qadın metroya daxil ola bilmədi
-
Qoroskop01:40Günün ulduz falı: gözlənilməz bir mesaj və ya görüş gözlənilir
































.jpg)


