Ürəyin “sığınacaq” tapdığı şəhər: Cəmi 508 nəfər əhalisi var - Fotolar
Bizi izləyin

Maraq dünyası

Ürəyin “sığınacaq” tapdığı şəhər: Cəmi 508 nəfər əhalisi var - Fotolar

Portofino kiçik bir şimali İtaliya şəhəridir. Cəmi 508 nəfər əhalisi olan bu elit turizm şəhəri təkcə turistlər üçün deyil, həm də italyanlar üçün sevimli yerdir. Məşhur italyan filmlərinin bir çox səhnələri burada çəkilib. Portofino sanki birbaşa italyan rəsmindən götürülmüş kimi, Aralıq dənizi təbiətinin, rəngarəng evlərin və mavi suların mənzərəli simbiozudur.

Bu kiçik şəhərə səyahət turistlər və qonaqlar üçün sevinc fırtınası yaradır. Portofino insanlar üçün təkcə bir şəhər adı deyil - nostalgiya, sevgi və xatirə deməkdir. Məşhur italyan tenoru Andrea Bocellinin oxuduğu kimi: Portofino - ürəyin sığınacaq tapdığı yer...

Balıqçı qəsəbəsindən kurort şəhərinə

Portofinoya səyahət etməzdən öncə şəhər və ətraf bölgə haqqında xeyli araşdırmalar etdim. Öyrəndim ki, Portofino 19-cu əsrin sonlarında kurort kimi məşhurlaşıb. Əvvəllər isə sakinləri əsasən balıqçılıqla dolanışığını təmin edən bir balıqçı qəsəbəsi olub.

Hazırda Portofino Liquriyadakı ən bahalı şəhərlərdən biridir. Qeyri-rəsmi olaraq cazibədar paytaxt statusu qazanıb. Şəhər bölgədə həm də ən gözəl liman kimi tanınır. Adının mənası da son liman deməkdir. Bütün çimərlikləri büllur kimi təmiz sularına görə “mavi bayrağa” layiq görülüb. Şəhər müxtəlif rəngarəng balıqların, eləcə də delfinlərin geniş çeşidi ilə öyünür. Roma dövründə balıqçılar və dənizçilər sularında çoxlu delfin olduğuna görə qəsəbəyə “Delfin körfəzi” adı veriblər. Əlverişli yerləşməsinə görə körfəzdə hətta fırtına zamanı belə lövbər salmaq olur.

Müxtəlif dövrlərdə bu körfəzdə Ziqmund Freyd, Ernest Heminquey, Gi de Mopassan kimi məşhurlar yaşayıb. Hazırda isə Madonna, Corc Kluni, Şeron Stoun və Demi Mur kimi tanınmışların tətil yeridir. Məşhur siyasətçilər, idman ulduzları, şou-biznes, moda simaları hər il buraya axın edirlər. Turistlər indi sahili seyr edə-edə Himprey Boqart və Marçello Mastroianninin bir vaxtlar məhkəmə iclaslarının keçirildiyi masalarda kofe, qırmızı və ağ italyan şərabları içirlər...

Hər pəncərə ən azı bir milyon dollara

Portofino 1935-ci ildən bəri dövlət mühafizəsi altında olan Milli Parkın ərazisində yerləşir. Bu statusun sahil xəttinin bu hissəsinə verilməsinin səbəbi əbəs deyil. Yerli təbiət həqiqətən unikaldır: burada çoxsaylı nadir bitkilər bitir, fauna da az zəngin deyil.

Yerli sakinlər zarafatla deyirlər ki, evlərdəki hər pəncərə ən azı bir milyon dollara başa gəlir. Fakt budur ki, yalnız varlılar Portofinoda uzun müddətli tətilə çıxa bilərlər. Zəngin yerli italyanlar da bu kurort şəhərinə üstünlük verirlər. İtalyanlar özləri Portofinonu “cənnət guşəsi” adlandırırlar, xüsusən də təəccüblü dərəcədə mülayim iqliminə görə. Portofino bir çox italyan tərəfindən əsasən lüks və sərvətin təcəssümü olan bir şəhər kimi tanınır. Burada evlərin qiyməti 5-7 milyon avrodan başlayır.
Şəhərdə Hollivud ulduzları və digər məşhurlarla bağlı bir çox hekayə var. Məsələn, “İstedadlı cənab Ripley" filmi burada çəkilib. Bundan əlavə, Lana Del Rey 2014-cü ildə Portofinoda “Aşırı şiddət” (“Ultraviolence”) mahnısına klip çəkdirib.
1958-ci ildə “Portofinoda sevgi” mahnısı Fred Buscaglione tərəfindən ifa edildikdən sonra qəsəbənin adı xeyli məşhurlaşıb. Mahnı italyan ruhunun gözəl bir simvoluna çevrilib. Növbəti il italyan-fransız müğənnisi Dalida tərəfindən oxunan mahnı Avropa bazarında ciddi uğur qazanıb. Müğənninin 1950-ci illərin əvvəllərindəki repertuarının şah əsəri hesab edilən mahnı, sonda səhnələşdirildiyi Portofinonun simvolik himninə çevrilib.

Portofinonun simvoluna çevrilən bu mahnı indi də məşhur italyan tenoru Andrea Bocellinin ifasında qəlbləri titrədir. “Youtube” platformasında izlənmə rekordu qıran mahnı şəhərin əsas meydanı Piazzettada oxunanda yerli italyanlar evlərinin pəncərəsindən qulaq asır. Bu meydan özü də Portofinonun qeyri-rəsmi simvoluna çevrilib. Burada avtomobillərin hərəkəti qadağandır, buna görə də turistlər rahat gəzə, şəkil çəkə, dənizdən zövq ala, dəbdəbəli yaxtaları, qayıqları seyr edə bilirlər. Meydanın özündə gözəl otellər, mağazalar və dəniz məhsulları təqdim edilən restoranlar var.

“Qışda sakitliyi sevənlər üçün tətil yerinə çevrilir”

“Portofino yaz və yay aylarında turistlər üçün daha qaynar yerdir”, - deyə sakinlərdən biri danışır: “Yayda burada açıq havada konsertlər keçirilir. Dünyanın məşhur insanlarına tez-tez bu sahillərdə rast gələ bilərsiniz. Noyabrdan başlayaraq aprelə qədər buralarda sakitlikdir. Turistlər az gəlir. Yalnız həftə sonları dincəlməyə gələnlər olur. Yağıntılar az qeydə alınır. Portofino qışda daha çox sakitliyi sevənlər üçün tətil yerinə çevrilir”.

Digər yaşlı sakinlərdən biri də əlavə edir: “Portofino tamamilə turistlər və elit təbəqə hesabına yaşayan bahalı bir şəhərdir. Burada hər şey sözün əsl mənasında onların diqtəsinə tabedir. Yerli sakinlərin rahatlığı hotel və restoran sahibləri üçün az maraq doğurur. Ona görə də onsuz da az olan yerli əhalinin burada hər il azalması təəccüblü deyil. Onların yerini zəngin insanlar tutur”.

Meydandakı hotellər köhnə kimi görünürlər. Lakin əslində, əksəriyyəti ötən əsrdə tikilib. Sahil boyu sıralanan restoranların çoxu yayın gəlişini gözləyir. Restoranlardan ətrafa yayılan həzin italyan mahnıları ruhu dincəldir. ("Kaspi" qəzeti)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm