“Xoyski general Tomsonu inandıra bilir ki…”
Bizi izləyin

Tarix

“Xoyski general Tomsonu inandıra bilir ki…”

Teleqraf.com saytının “Brifinq” layihəsinin növbəti qonağı Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova olub. O, Azərbaycan parlamentinin yaranmasını şərtləndirən amillər, ali qanunverici orqanımızın ilk və son iclası və sair məsələlər barədə danışıb.

Milli Şura parlamentarizmin ilk rüşeymi idi

Səxavət Həmid: – Firdovsiyyə xanım, təkcə müsəlman Şərqində deyil, bütün Yaxın və Uzaq Şərqdə o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlamentin yaradılması necə baş verdi?

– Parlametin formalaşmasına gedən yolda ilk addım Azərbaycan Milli Şurasının yaradılması hesab olunur. Düzdür, Azərbaycan Cümhuriyyətinin qurucuları arasında parlamentarizm təcrübəsinə malik olan şəxslər var idi. Yəni, Rusiya Dövlət Dumasının tərkibindəki müsəlman fraksiyasında fəaliyyət göstərmiş Azərbaycan nümayəndələri – Fətəli xan Xoyski, İsmayıl Ziyadxanov, Xəlil Xasmməmmədov, Əlimərdan bəy Topçubaşov, Məmməd Yusif Cəfərov parlamentarizm təcrübəsinə malik idilər. Amma real olaraq parlament qurmaq və onu idarə etmək 1918-ci ilə təsadüf edir. Bilirsiniz ki, Zaqafqaziya Seyminin dağlması ilə mayın 27-də seymin müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan edir. Milli Şura Azərbaycan parlamentarizminin, belə deyək, ilk rüşeymidir. Ancaq o, Azərbaycan qanunvericiliyi baxımından ali qanunverici orqandır. Bu, İstiqlal Bəyannaməsində də təsbit olunub. Azərbaycan Milli Şurasının fəaliyyəti fasilələrlə davam edib. 27 may 1918-ci ildə yaradılan Azərbaycan Milli Şurası həmin il iyunun 17-də Osmanlı generalı Nuru Killigilin təkidi ilə istefaya getməli olur. Çünki Nuru paşada Azərbaycan Milli Şurasının xalqın maraqlarına kifayət qədər xidmət etməməsi fikri formalaşdırılmışdı.

Milli Şuranın fəaliyyətinin növbəti mərhələsi həmin il noyabrın 16-da başlayıb. Noyabrın 16-sı eyni zamanda Britaniya ordusunun general-leytenantı Uilyam Tomsonun bir qalib kimi Bakıya daxil olduğu gündür. Azərbaycan Milli Şurasının ilk işi noyabrın 19-da parlamentin açılması haqqında qanun qəbul etməkdən ibarət olur. Azərbaycan Milli Şurasının ikinci fəaliyyət dövrü həmin ilin dekabrın 7-dək davam edir. Dekabrın 7-də Azərbaycan parlamentinin açılması ilə Milli Şura öz fəaliyyətinə xitam vermiş olur.

Real şərtlər səsverməyə imkan vermir

Qurban Yaquboğlu: – Parlamentin formalaşması üçün hansı prinsiplər əsas götürülür?

– Bu proseslərdə respublika üzrə seçki keçirmək real deyildi. Bakı hələ təzə azad edilmişdi. Noyabr ayında isə qeyd etdiyim kimi, Britaniya qoşunları qalib kimi Bakıya daxil olmuşdular. Azərbaycan parlamentinin yaradılması haqqında Milli Şuranın az öncə haqqında bəhs etdiyimiz qanununda bir məqam diqqəti cəlb edir. Qanunda yazılır ki, Azərbaycan Milli Şurası sırf milli mövqedə dayanan bir qurum idi və bütün Azərbaycan dövlətçiliyini tam ehtiva etmirdi. Ancaq formalaşacaq parlament bütün Azərbaycan xalqının iradəsini ifadə edəcəkdi. Qanunda qeyd olunur ki, Azərbaycan təkcə Azərbaycan türklərindən ibarət deyil, ölkədə digər xalqların da nümayəndələri yaşayır. Odur ki, 120 deputatdan ibarət olmalı olan parlamentdə 80 yer çoxluğa, yəni müsəlmanlara, yaxud azərbaycanlılara verilir. 21 yer ermənilərə, 10 yer ruslara, digər xalqların – milli azlıqların nümayəndələrinə 1 yer ayrılır. Eyni zamanda Bakı Həmkarlar İttifaqına 2, Bakı Neft Sənayeçilərinə 1, Ticarət-Sənaye İttifaqına 2 yer verilir. Çox zaman yazılarda Bakı Neft Sənayeçilərinin adı çəkilir, ancaq Ticarət-Sənaye İttifaqının adı çəkilmir. Bunun özü bir göstəricidir. Baxın, parlamendə bu qurumlar içində hansılara yer verilir; bir həmkarlar ittifaqına, bir də neft sənayeçiləri və ticarət-sənaye ittifaqına. Demək, cəmiyyətdə onların – yəni, sahibkarların mövqeyi nəzərə alınmalı mövqedir. Bu baxımdan onlara da parlamentdə yer ayrılır.

Qeyd etdiyimiz kimi, indiki kimi ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə keçirməyə həm real şərtlər imkan vermir, həm də buna vaxt yox idi. Ona görə də ən azı Milli Şuranın tərkibindəki 44 nümayəndənin parlamentin yeni tərkibinə daxil edilməsi qərara alınır. Düzdür, Ümumrusiya Müəssislər Məclisinə seçilənlər müsəlman fraksiyasını yaratdılar. Ancaq onların sayı 3 dəfə artırılaraq kvota olması üçün 44-ə çatdırılmışdı. Qalan 36 nəfər üçün yerlərdə yenə də seçki keçirilir. Çətin də olsa, seçki prosesi baxımından bütün Azərbaycanı tam əhatə etməsə də, seçki baş tutur. Adlar göstərilir. Qəzanın mərkəzi olan şəhərdən bir nümayəndə, ümumi qəzadan bir nümayəndə seçilir. Yəni, ümumilikdə qəzadan 2 nümayəndə təmsilçiliyi əsas götürülür. Qanunda göstərilir ki, seçki bələdiyyə varsa, bələdiyyə qurumu və ya milli komitə tərəfindən keçirilir. Yaxud, qəza nümayəndəsi qəzadakı kənd yığıncaqları tərəfindən seçilir. Yəni, qəzadakı kəndlər öz nümayəndlərini qəza mərkəzinə göndərir, onların iclasında açıq səsvermə yolu ilə kənd icmasına bir nümayəndə seçilir. Bütün hallarda seçki prosesi qanunda təsbit olunub və xalqın iradəsinin maksimum ifadə olunmasına çalışılır.

Parlamentdə ermənilərə 21 yer ayrılması təsadüfi deyildi

– Bəs, milli azlıqların deputatı necə seçilir?

– Milli azlıqların milli şuraları var idi. Məsələn, rus, yəhudi, alman milli şuraları öz nümayəndələrinin namizədliyini parlament irəli sürə bilərdilər. Bu, müvafiq olaraq sədrin möhürü və imzası ilə təsdiq edilməli idi. Qeyd etmək yerinə düşər ki, polyakların, gürcülərin, yəhudilərin, almanların sayı onların parlamentdə təmsilçiliyi üçün yetərli deyildi. Amma buna baxmayaraq, Azərbaycan parlamentində onlara da bir yer ayrılır. Onlar parlamentdəki milli azlıqlar fraksiyasında birləşirlər.

S.Həmid: – Parlamentdə hər 24 min nəfəri bir deputatın təmsil etməli olduğunu nəzərə aldıqda, belə çıxır ki, həmin dövrdə ölkə üzrə onların sayı bu həddən aşağı imiş…

– Bəli, onları sayı bu kvota üçün yetərli deyildi. Parlamentdə 21 yerin ermənilərə ayrılması heç də təsadüfi bir hal deyil. Erməni nümayəndələrin 8-i Gəncə, 8-i Şuşa, 5-i isə Bakı erməni komitələrindən seçilməli idi. Ermənilər parlamentdə iki fraksiya ilə – “Daşnaksütyun” və Erməni Milli Şurası fraksiyası yaratdılar.

Noyabrın 29-da Azərbaycan Milli Şurası sədr Məmməd Əmin Rəsulzadənin imzası ilə parlamentin açılması münasibətilə Azərbaycan vətəndaşlarına müraciət edir. Əhali parlamentin açıqlamasında iştirak etməyə dəvət edilir və bu işin məğzi açıqlanır.

Fətəli xan Xoyski general Tomsonu inandıra bilir ki…

– Parlamentin dekabrın 3-də açılması nəzərdə tutulsa da, sonradan bu tarix dekabrın 7-nə keçirilib. Bu nə ilə bağlıdır?

– Ümumiyyətlə, Azərbaycan parlamentinin açılması böyük sual altında idi. Qeyd etdik ki, noyabrın 16-da general Tomson Bəndər-Ənzəlidə Azərbaycan Xalq Cümhuriyyətini idarə edən Müsavat Partiyasının nümayəndələri olan Nəsib bəy Yusifbəyli, Musa bəy Rəfiyev və Əhməd bəy Ağaoğlu ilə görüşdü. O, bir neçə tələb irəli sürür. Onlar hamısı Azərbaycan Xalq Cümhuriyyətinin əleyhinə olur. Belə ki, Osmanlı qoşunları Bakıdan və ümumiyyətlə, AXC ərazisindən təcili şəkildə çıxarılmalı, Britaniya qoşunları Bakıya daxil olmalı idi. Tomson özü növbəti gün 2 min nəfərlik Britaniya-Hind qoşunu ilə Bakıya gəlir və şəhərin general-qubernatoru olur. Bakı polisinə rəhbərlik ingilislərin əlində idi. Yeri gəlmişkən qeyd edim ki, məhz buna görə ordumuz Gəncəyə getməli olur. Azərbaycan ordusu 1918-ci ilin noyabrından 1919-cu ilin aprelinədək Gəncədə olub. Tomson özü aprel ayında Azərbaycan ordusunun Bakıya daxil olmasına icazə verir. Çünki Azərbaycan hökumətinin Avropa tipli idarəçiliyi Tomsonda rəğbət doğurur.

Bundan əlavə ermənilər, “vahid, bölünməz Rusiya” tərəfdarı olan Rus Milli Şurası Azərbaycan parlamentinin açılamasına istəmir, buna qarşı çıxır. Çünki onlar ümumiyyətlə, Azərbaycan dövlətçiliyini qəbul etmək istəmir, buranı rus torpaqları adlandırırlar. Ermənilər isə öz maraqlarından çıxış edirlər. Onlar Tomsonda belə bir fikir formalaşdırırlar ki, əvvəlcə bir koalisyon hökumət yaradılsın, sonra parlament açılsın. Tomsonla əsasən, Fətəli xan Xoyski danışıq aparırdı. General tələb edir ki, əvvəlcə koalisyon hökumət yaradılsın. Amma Fətəli xan Xoyski əvvəla, hüquqşunas idi, ikincisi də Dövlət Dumasında iştirak edərək yığdığı təcrübə ilə Tomsonu inandıra bilir ki, Avropanın heç bir yerində hökumət parlamentdən əvvəl yaranmır, hökumət parlamentdə formalaşır və parlament qarşısında hesabat verir. Yəni, çox gərgin danışıqlardan sonra nəhayət, ingilislər də parlamentin açılamasına dəstək verirlər. Bu tarix dekabrın 7-nə təsadüf edir.

Parlament çox böyük təntənə ilə açılır

– Parlamentin açılış günü barədə danışmağınızı istərdik…

– Həmin gün çox böyük təntənəli şəraitdə gündüz saat 1-də Azərbaycan parlamenti açılır. Bəlkə də parodoksal görünə bilər. Ancaq bu qədər çətinliklə, gərgin şəraitdə olduğu üçün parlamentin açılışı sönük keçmir, tam əksi baş verir. Dekabrın 7-i qeyri-iş günü olub, məktəblərdə dərs olmayıb. İndiki İstiqlaliyyət, o zamankı Nikolayevski küçəsində əhali böyük coşqu ilə parlamentin açılışını gözləyib. Parlament Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbinin binasında, hazırda Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun yerləşdiyi binada açılır. Rəsulzadə yazır ki, iclası əzəmətli İsmailiyyə Sarayında açmaq mümkün olmadı. Çünki “İsmailliyyə”ni Mart soyqırımı zamanı yandırmışdılar. Ancaq onun yaxınlığındakı “Ünas” məktəbində parlament açılır. Binanın üzərində Azərbaycan bayrağı, bir tərəfdə isə Britaniya imperiyasının bayrağı var idi. Bu da təbii idi. Çünki Bakıda ingilis qüvvələri yerləşmişdi. Ancaq biri ingilislərin, digəri Azərbaycan hökumətinin olmaqla iki qarovul mühafizə dəstəsi var idi. İstiqlaliyyət küçəsinin əvvəlindən ta binayadək xalılar döşənmişdi. Parlamentin deputatları küçədə toplaşaraq öz aralarında Müəssislər Məclisinin gələcəkdə açılması, Azərbaycanın müqəddəratı ilə bağlı söhbətlər edir. Yəni, təntənəli bir əhval-ruhiyyə, xoş ovqat hökm sürüb.

Rəsulzadə deyir, rus xalqı ilə heç bir düşmənçiliyimiz yoxdur

Açılışı da təbii ki, statatusuna görə Azərbaycan Milli Şurasının sədri Məmməd Əmin Rəsulzadə edib. Yəni, qanunverici səlahiyyət onda idi. Biz ilk iclasın stenoqramına nəzər saldıqda Rəsulzadənin nitqinin əsas məzmunu barədə fikir yürüdə bilərik. O, parlamentin açılamasına gedən yolun izahatını, şərhini verir. Rəsulzadə çıxışı zamanı bir xeyli Rusiyaya münasibət məsələsinə toxunur. Qeyd edir ki, bizim üçün mənfur Rusiya müstəbid Rusiyadır, rus xalqı deyil. Xalqların müstəqillik hüququnu tanımayan, xalqları əzən Rusiyadır. Qeyd edir ki, bu iki məqamı fərqləndirmək lazımdır. Bizim rus xalqı ilə heç bir düşmənçiliyimiz yoxdur. Əksinə, biz rus xalqının da demokratik bir şəraitdə yaşamasını arzulayırıq. O deyir: “İnanmıram ki, vicdani-bəşəriyyət bu xalqların azadlıq hüququnun yenidən əlindən alınması mövqeyini nümayiş etdirəcək”. Düzdür, zaman göstərdi ki, sovet Rusiyası bəyan etdiyi xalqların öz müqəddəratını təyinetmə hüququnu zorakı yolla əlindən də ala bilər. Ancaq hər halda belə bir ümid, əminlik Rəsulzadənin açılış nitqində ifadə olunur. O, parlament üzvlərini ittihadən Azərbaycan dövlətçiliyi naminə fəaliyyətə çağırır, uğurlar arzulayır. Rəsulzadənin nitqi bir neçə dəfə sürəkli alqışlarla müşayiət olunur.

Daha sonra I və II hökumətin sədri olmuş Fətəli xan Xoyski çıxış edərək parlamentdə hökumətin hesabatını verir. O, çıxışının əvvəlində müstəqil dövlətin parlamentində çıxış etməsindən xoşbəxt olduğunu bildirir. Onun çıxışının əsas məzmununu hökumətin hansı şərtlər daxilində fəaliyyət göstərməsi və hansı şərtlər daxilində nələri edə bilməsi təşkil edir. Bununla da hökumətin istefaya getdiyini bildirir. Yəni, parlament açılıb, artıq yeni hökumət qurulmalıdır.

– Parlamentin rəhbərliyi necə seçilir?

– Rəsulzadə təklif edir ki, sədrliyə və müavinliyə namizədlər olmalıdır. Müsavat Partiyasından olan Şəfi bəy Rüstəmbəyli 5 dəqiqəlik fasilə təklif edir. Fasilədən sonra Rəsulzadə sədrliyə Əlimərdan bəy Topçubaşovu, onun müavini vəzifəsinə isə Həsən bəy Ağayevi təklif edir. Sosialistlər, menşeviklər, Əhrar Partiyası bu təklifi dəstəkləyir. Ancaq İttihad Partiyasından Heybətqulu Məmmədbəyov çıxış edərək, Topçubaşovu sədr kimi dəstəklədiklərini, Həsən bəy Ağayevi isə müavin kimi dəstəkləmədiklərini bildirir. Təklif səsə qoyulur və hər ikisi seçilir. Bilirsiniz ki, Əlimərdan bəy həmin vaxt İstanbulda idi. Yeri gəlmişkən, parlamentin qəbul etdiyi ilk qərarlardan biri dekabrın 28-də Paris Sülh Konfransına Topçubaşovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin göndərilməsi barədə olub. Çox zaman diqqətdən yayınan bir məqam da var. Hələ oktyabr ayında Fətəli xan Xoyski hökumət başçısı kimi Əlimərdan bəyin Avropaya getməsi, Azərbaycan istiqlalının tanıdılması barədə göstəriş verilmişdi. Əlimərdan bəy özü təklif etmişdi ki, mütləq getmək, Azərbaycanın istiqlaliyyətini tanıtmaq lazımdır. Parlament açıldıqdan sonra isə nümayəndə heyəti göndərilməli, bu məsələ rəsmiləşməli idi.

Q.Yaquboğlu: – Axıradək də gəlib iştirak edə bilmir…

– Yox, iştirak edə bilmir. 1918-ci ilin oktybrında Parisə gedir, 1934-cü ildə orda da vəfat edir. Rəsulzadənin onun parlament sədrliyinə namizədliyini irəli sürməsi təsadüfi deyildi. Məmməd Əmin bəy Azərbaycan dövlətçiliyi baxımından müxtəlif firqələr arasında ixtilaflar yaranmaması üçün onun namizədliyi üzərində dayanır. Göründüyü kimi, heç bir fikir ayrılığı yaranmır.

Əslində Azərbaycan Xalq Cümhuriyyəti 23 ay ərzində parlamentli respublika olub. Bu parlamentli respublikanı parlament sədrinin özü olmadan onun müavini tərəfindən, deməli elə parlament üzvlərinin birgə həyata keçirdiyi idarəçilik kimi qiymətləndirmək olar. Deyə bilərsiniz ki, nə olsun, parlament mövcud olub, hökumət sədri var idi, bəlkə onun iradəsi daha üstün olub. Qətiyyən yox. Birincisi, 23 ay ərzində 5 hökumət fəaliyyət göstərib, 5-i də koalisyon olub. Burda da demək olmaz ki, hökumət ancaq bir partiyanın üstünlüyü ilə müşayiət olunub. Nəzərə almaq lazımdır ki, ilk 3 hökumətin başçısı Fətəli xan Xoyski bitərəf idi.

– Beləliklə, Azərbaycan parlamenti açılır…

– Bəli, açılır. Müxtəlif təbriklər oxunur. İlk iclasda ən önəmli məsələ olaraq İttihad Partiyası tərəfindən siyasi məhbuslara əfvi-ümumi verilməsi məsələsi qaldırılır. Bu təklifi Müsavat Partiyası da dəstəkləyir. Lakin, bu bir təkliflə gerçəkləşə bilməz. Qanun layihəsi hazırlanması üçün bir komissiya yaradılır. Dekabrın 7-dək törədilmiş cinayət işlərinə xitam verilir və məhkumların azad edilməsi o qanunla müəyyənləşir.

S.Həmid: – Təbriklər kimlər, hansı ölkələr və ya qurumlar tərəfindən ünvanlanmışdı?

– Milli azlıqların milli şuraları, xarici nümayəndəliklər tərəfindən təbriklər daxil olmuşdu. Yeri gəlmişkən, Qızlar Məktəbindəki loja diplomatik korpus üçün ayrılmışdı. Həmin diplomatik korpusda da İranın, Gürcüstanın və Şimali Qafqaz Dağlı Xalqları İttifaqının nümayəndələri var idi. İran və Gürcüstan müstəqil ölkə idi, oktyabrın 13-də isə Şimali Qafqaz Dağlı Xalqları İttifaqı öz müstəqilliyini rəsmən elan etmişdi.

Ermənilər bu məqsədə nail olmaq üçün parlamentə qatılmağa razılaşır

– Milli azlıqların parlamentin işində iştirak etməmələri nə ilə bağlı olur?

– Rus və erməni milli şuraları parlamentin işində iştirak etmirlər. Ancaq Slavyan-Rus Cəmiyyəti deyilən bir təşkilat var idi. Həmin təşkilat hələ parlament açılmamış Məmməd Əmin Rəsulzadəyə müraciət edir ki, onlar parlamentin işində iştirak etməyə razıdırlar. Onların bu mövqeyinə görə Rus Milli Şurası Slavyan-Rus Cəmiyyəti ilə əlaqələri kəsir. Yəni, bu dərəcədə radikal mövqe nümayiş etdirirlər. Ancaq Bakıda olan rus icmasının təzyiqi ilə 1919-cu ilin yanvarın sonunda artıq Rus Milli Şurası da parlamentdə təmsilçiliyə razılıq verməyə məcbur olur. Ermənilər də həmçinin. Ancaq ermənilərin razılığı bu tribunadan öz maraqlarının müdafiəsi üçün istifadə etməyə görə idi. Yəni, onlar bu məqsədlə parlamentin işində iştirak edirlər.

– Bundan sonra parlamentdə 120 nəfərin hamısının iştirakı ilə iclaslar keçirmək mümkün olurmu?

– Parlament heç zaman 120 nəfərlik tərkibdə fəaliyyət göstərməyib. Özü də heç bir kvota üzrə buna əməl etmək mümkün olmayıb. Yəni, azərbaycanlılar da hər zaman iclaslara qatılmayıblar. Bu da dediyim kimi real vəziyyətlə, obyektiv səbəblərlə bağlı idi. Hətta, Rəsulzadə 1923-cü ildə yazdığı “Məclisi-Məbusan” adlı məqaləsində parlamentin 85 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərdiyini vurğulayıb. Ancaq biz bəzi sənədlərdə parlamentin 96 nəfərlə iclas keçirdiyini görə bilərik.

Q.Yaquboğlu: – Azərbaycan Milli Şurasının noyabrın 19-da parlamentin açılması haqqında qəbul etdiyi qanunda parlamentin hansı dövrədək fəaliyyət göstərməsi nəzərdə tutulmuşdu?

– Qısa müddətdə Müəssislər Məclisinin açılmasına qədər. Yəni, parlament ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə müəyyənləşəcək Müəssislər Məclisinin açılmasınadək fəaliyyət göstərməli idi. Bu da qısa zamanda baş verməli idi. Müəssislər Məclisi daha legitim, xalqın iradəsini ifadə edəcək bir hakimiyyət qurumu olacaqdı. Onun əsasnaməsinə dair qanun 1920-ci il aprelin 20-də qəbul olundu. Lakin aprel işğalı onu gerçəkləşdirməyə imkan vermədi.

Azərbaycan parlamenti son dərəcə demokratik bir parlament idi

– Parlamentin fəaliyyət göstərdiyi 17 ay ərzində qəbul etdiyi qanun layihələri, normativ hüquqi aktlar barədə bir qədər məlumat verməyinizi istərdik…

– Parlamentdə 11 komissiya və 11 fraksiya fəaliyyət göstərib. Hər bir komissiya fraksiya nümayəndlərinin təmsilçiliyi ilə təşkil olunurdu. Bunlar maliyyə-büdcə, qanunvericilik təklifləri, Müəssislər Məclisinə seçkilər keçirmək üzrə mərkəzi komissiya, mandat, hərbi, aqrar məsələlər, sorğular üzrə, təsərrüfat-sərəncamverici, ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət, redaksiya və fəhlə məsələləri üzrə komissiyalar idi.

Azərbaycan parlamenti son dərəcə demokratik bir parlament idi. Siz ilk sualda qeyd etdiniz ki, Azərbaycan parlamenti təkcə müsəlman Şərqində deyil, bütün Yaxın və Uzaq Şərqdə o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış parlament idi. Ancaq belə də deyənlər var ki, Azərbaycan parlamenti məzmununa görə ondan daha erkən qurulan Avropa və ABŞ parlamentindən geri qalan bir nümunə deyildi. Bu, reallıqdır. Heç başqalarının buna qiymət verməsi lazım deyil. Parlamentin stenoqramlarını oxuyan hər kəs buna özü şahid ola bilər.

Qanun layihələri əsasən, üçüncü oxunuşdan sonra qəbul olunurdu. Hərbi quruculuq və müdafiə xarakterli məsələlər istisna olmaqla digər məsələlər demək olar ki, qızğın müzakirələrdən keçirdi. Yəni, bu məsələlərdə bir yekdillik var idi. Məsələn, Bakı Dövlət Universitetinin açılması məsələsi böyük bir müzakirələrdən keçib. Ehtiyat edilirdi ki, açılan bu universitet Azərbaycan milli universiteti olmayacaq, bir rus universiteti olacaq. Çünki rektor Vasili Razumovski başda olmaqla əksər professorlar Zaqafqaziya Universitetinin nümayəndələri idi. O baxımdan bu əndişə var idi.

Ən mühüm qanunlar isə ilk qanunlar idi. Bunlara misal olaraq Azərbaycan Dövlət Bankının yaradılması, Azərbaycan vətəndaşlığı haqqında qanunu, 100 tələbənin xaricə təhsil almağa göndərilməsi, poçt-teleqrafla bağlı qanunu, mətbuat üzərindən senzuranın ləğv olunmasına dair olduqca mütərəqqi qanunları göstərmək olar.

Ümumilikdə parlamentin 145 iclası keçirilib. 270 qanun layihəsindən 230-u qəbul olunub. İki tarixi iclas olub. Bunlardan biri 28 may – AXC-nin yaranmasının, digəri 15 sentyabr – Bakının işğaldan azad edilməsinin 1919-cu ildə ildönümünün keçirilməsinə dair tarixi iclaslardır. Dörd təntənəli iclas olub. Bunlardan ikisi 1919-cu il martın 12-də və 1920-ci il martın 12-də Fevral İnqilabının ildönümlərinin qeyd edilməsidir. Biz buna çox ciddi əhəmiyyət vermirik. Ancaq cümhuriyyət dövründə 1917-ci ilin Fevral inqilabı çox əhəmiyyətli hadisə kimi daim qiymətləndirilib. Məhz o tarixdə mütləqiyyət devrilib və xalqlar azadlıq əldə ediblər. Üçüncü təntənəli iclas 14 yanvar 1920-ci ildə Azərbaycanın müstəqilliyinin de-fakto tanınması şərəfinə təşkil olunub. Nəhayət, dördüncü təntənəli iclas Gürcüstanla Azərbaycan arasında imzalanan hərbi paktın təsdiqi ilə bağlı olub.

Bundan əlaavə iki fövqəladə iclas keçirilib. Bunlardan biri 1918-ci ilin 20 dekabrında Gürcüstanla Ermənistan arasındakı müharibə ilə bağlıdır. Çünki bu müharibə birbaşa Azərbaycanın maraqları, mənafeyi ilə bağlı idi. Digər iclas isə 1920-ci ilin martında Gürcüstanla Azərbaycan arasında iqtisadi əlaqələrə dair paktın təsdiqi ilə bağlı idi.

15 iclas isə kvorum olmadığı üçün baş tutmayıb. Bunun özü də parlamentin demokratikliyinin bir göstəricisidir. Azərbaycan parlamenti Azərbaycanın milli maraqları mövqeyində dayanmaqla demokratik ənənələrə sadiq qalmaq, prinsipiallıq nümayiş etdirmək baxımından çox gözəl bir örnək ortaya qoydu. Xalq Cümhuriyyəti parlamenti göstərdi ki, demokratik ənənəni qorumaqla milli maraqları bir arada tutmaq mümkündür.

– Firdovsiyyə xanım, biz cümhuriyyət parlamentinin atdığı bir addımla öyünürük. Bu, Şərqdə qadınlara seçib-seçilmək hüququ verməklə bağlıdır. Bax, bu məsələ necə olmuşdu, hansı qanunla təsbit olunurdu?

– Birincisi, qadınlara seçki hüququnun verilməsi elə Azərbaycanın İstiqlal Bəyannaməsində öz əksini tapıb. Orda yazılır ki, cinsindən, irqindən, dini inancından asılı olmayaraq, bütün xalqlara bu hüquq verilir. Yəni, artıq İstiqlal Bəyannaməsində bu məsələ ehtiva olunub. Bundan əlavə parlamentin yaradılması haqqında Milli Şuranın 19 noyabr 1918-ci il tarixli qanununda da həmin fikir təkrarlanır. Müəssislər Məclisinin açılması haqqında əsasnamədə bu məqam yenə öz əkisni tapıb. Yəni, 3 əsas sənəddə cinsindən asılı olmayaraq, vətəndaşlara bərabərhüquqluluq verilməsi təsbit olunub. Bu məsələ Müsavat Partiyasının proqramında da təsbit olunub.

Qadınlar parlamentdə üzv olaraq iştirak etməsələr də, dəftərxanada, yəni parlamentin aparatında fəaliyyət göstərirdilər.

Rəsulzadə təklif edir ki, iclas açıq olsun…

– Nəhayət, istərdik o mənfur, məşum gün haqqında – Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsini şərtləndirən 27 aprel 1920-ci ildə baş tutan sonuncu işğal barədə danışasınız…

– Bu iclas 27 aprel 20:45-də başlayır və 23:00-da qərar qəbul olunur. İclas Azərbaycan hakimiyyətinin kommunistlərə təhvil verilməsinə dair Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi, Bakı Fəhlə Komitəsinin ultimatumunun müzakirəsinə həsr olunur. Çox çıxış edən olmur. Çıxışçılar Məmməd Əmin Rəsulzadə, Ağa Aşurov, Mustafa Mahmudov, sosialist və menşeviklərin nümayəndələri Səmədağa Ağamalıoğlu,Aslan bəy Səfikürdski olub. İlk olaraq sədr Məmməd Yusif Cəfərov çıxış edir. Söz yerli kommunistlərlə danışıqlar aparan komissiyanın sədri Məmməd Həsən Hacınskiyə verilir. O, danışıqların məzmunu barədə parlamentə məlumat verir. Ancaq məsələ öncə Rəsulzadə tərəfindən belə qoyulur; iclas açıq, yoxsa qapalı olsun? Rəsulzadə təklif edir ki, iclas açıq olsun, qoy millət qəbul olunan qərardan bixəbər olmasın. Stenoqramda yazılır ki, artıq Şəfi bəy Rüstəmbəyli ağlayır. Çünki bu sözün özü hansı qərar veriləcəyini bəlli edir. Məmməd Həsən Hacınski bildirir ki, XI Ordu Bakıya daxil olmayacaq, guya Türkiyəyə yardıma gedəcək. O, bunu tam əminliklə bildirir. Bundan başqa digər bəndlər də öz əksini tapır. İlk baxışdan belə görünür ki, sanki Azərbaycanın istiqlaliyyəti də qalır, dəyişən ancaq siyasi qüvvədir, müsəlman kommunistlər hakimiyyətə gəlir. Ancaq Azərbaycanın bundan sonrakı müstəqilliyi formal xarakter daşıyır. Real hakimiyyət XI Ordudur və Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsidir. Hansı ki, orda Nəriman Nərimanov rəhbər deyil, ancaq hökumət sədri idi. İstiqlaliyyət faktiki olaraq xalqın əlindən alındı. Ümumiyyətlə, Azərbaycan parlamentinin sonuncu iclası tamamilə həll olunmuş bir məsələnin parlament səviyyəsində bir qərar kimi təsbit olunması üçün çağırılmış bir iclas idi. Sənədlər açılır, arxiv sənədləri bəllidir. Çiçerin Leninə deyirdi ki, Azərbaycanın tanınmasından sonra ona qarşı zorakılığımız beynəlxalq aləmin bizi imperialist hesab etməsinə səbəb ola bilər. Yəni, diplomatik pərdə ilə hazırlanan işğalı örtməyə çalışırdılar. Ancaq fakt faktlığında qalır ki, Azərbaycan Xalq Cümhuriyyəti birbaşa sovet Rusiyanın XI Ordusunun işğalı nəticəsində süqut edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm