Lal gəldi, səs saldı, amma... - Tənəzzülə uğrayan Azərbaycan kinosunun günü
Bizi izləyin

Tarix

Lal gəldi, səs saldı, amma... - Tənəzzülə uğrayan Azərbaycan kinosunun günü

Azərbaycan kinematoqrafının tarixi 1898-ci il avqustun 2-dən səssiz filmlərlə start götürüb. İlk səssiz filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri "Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və "İlişdin" bədii kinosüjetdən ibarət idi. Daha sonralar isə 1915-ci ildə ilə isə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filmi çəkildi. Ardınca 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. Bu minvalla Azərbaycan kinosu təkmilləşdi və "dil açdı". Milyonların rəğbətini qazanan sənədli və bədii filmlər ərsəyə gəldi. Dahi kinorejissorlar və istedadlı aktyorlar, aktrisalar yetişdi. O günlərdən bu günə nə az, nə çox, düz 125 il keçir. Bəli, bu gün Azərbaycan kinosunun yubileyidir. Avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur. “Azərbaycanfilm” kinostudiyasında indiyədək minlərlə müxtəlif növ və janrda film çəkilib. Onların bir hissəsi beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb. Ümumiyyətlə, Azərbaycan kinosu böyük tarixə malikdir. Ötən illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid kinolar çəkilib. Cəmiyyət həyatının ən aktual problemlərinə diqqətin cəlb olunması, milli-mənəvi dəyərlərin yaşadılması, tarixi həqiqətlərin təbliği baxımından kino güclü təsir vasitəsidir. Bu gün Azərbaycan kinosu keçmişlə müqayisədə elə də ürəkaçan deyil. Bəs Azərbaycan kinosunun bu günü dünənindən nə ilə fərqlənir?

Publika.az mövzu ilə bağlı mədəniyyət işçiləri arasında sorğu keçirib:

Xalq artisti, tanınmış rejissor Əbdül Mahmudov (Şeyx Əbdül): “Azərbaycan kinosunun dünəni və bu gününü müqayisəyə belə etmək olmur. Çünki, kino mədəniyyətimizi, tariximizi bugünkü olmayan kino ilə müqayisə etmək olmaz. Möhtəşəm kino mədəniyyəti o vaxtda qaldı. İndi tezdən çalışırıq ki, o vaxt ki, kino mədəniyyətimizi bərpa edək. Şükürlər olsun ki, mədəniyyət sahəsində hakimiyyət dəyişikliyi oldu. Ötən günlərdə kino sahəsində növbəti uğuru əldə etdik. Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) birləşdi. Milli kino ənənəmizi bərpa etməyə çalışırıq. Ona görə də birlikdə fəaliyyətə başlayırıq. Heç bir ayrı seçkilikdən söz gedə bilməz. “El bir olacaq dağ oynadacaq yerindən, güc bir olacaq zərbi kərən sındıracaq” Gələcəyimizi uğurlu görürəm”.

Kinoşünas Aydın Kazımzadə: “Keçmişlə bu gün arasında fərq bundadır ki, kinomuzun dünənində hər bir şey kinostudiyada idi. Hər kəs gücünü bir yerə qoyub işləyirdi. Belə olduğu halda da ərsəyə gözəl kino çıxırdı. Amma bu gün kino yoxdur. Əslində var, amma o səviyyədə deyil. Bir neçə adam var ki, nəysə edir. Amma bu iş bir neçə adamın üzərində deyil".

Kinoşünas deyib ki, kinostudiya da bütün qüvvəsi ilə işləməlidir:

"Qarşısında daim plan olmalıdır ki, bu il və yaxud gələn il hansı kinolar çəkiləcək. Daim həmin planla hərəkət etməlidir. Bunların hamısı da araşdırılmalıdır. Ortada yalnız iş olmalıdır. İşdə dostluq-yoldaşlıq olmur. Elə ssenarilər var ki, burada keçmir, amma xarici ölkədə keçir. Bu necə olur? Ötən günlərdə iki ittifaq birləşdirildi. Bu olduqca uğurlu addımdır. Çox inanıram ki, bu bayramımızdan inkişafa doğru gedəcəyik”.

Aktrisa, Azərbaycanın Xalq artisti Firəngiz Mütəllimova: “O vaxt kinolar "Azərbaycanfilm" Kinostudiyasında çəkilirdi. Elə kinostudiyada da filmlərin keyfiyyəti, kəmiyyəti və aktyorun rolu yüksək idi. Ümumiyyətlə, mənə köhnə kinolarımız daha maraqlı gəlir. Nə qədər baxsam da yorulmuram. Ən böyük arzum "Azərbaycanfilm" Kinostudiyasının əvvəlki halına qayıtmasıdır. Yenə orada gözəl filmlər çəkilməyə başlansın. O cür gözəl filmlərimiz var idi: “Babək”, “Nəsimi”, “Dəli Kür”, “Ulduz” “Əhməd haradadır?” son dönəmlərdə çəkilən “Bəyin oğurlanması”. Yəni ki, çox yaxşı idi. İstəyirəm ki, yenə həmin dövr kimi olsun. Əvvəl sınaq çəkilişləri olurdu. Aktyorlar, aktrisalar gedirdilər".

Aktrisa vurğulayıb ki, onun özü də dəfələrlə filmlərin sınaq çəkilişinə gedib, amma keçməyib:

"Yerimə başqa aktrisa çəkilib. Tam tərsi də olub, mən də getmişəm, xaricdən də aktrisa gəlib, lakin mən seçilmişəm. Kinostudiya aktyorlarla qaynamalıdır. Çünki o vaxt kinolarımız çox ölkələrin kinolarından qat-qat maraqlı və izlənilən idi. Amma indi heç elə deyil. Bilmirəm, bəlkə bu da bir keçid dövrüdür. Ona görə heç nə deyə bilmirəm. Bəlkə də zəmanənin tələbi, istəyi budur. Hamı nəyisə sübut etmək istəyir. Kinolarımızın içərisində gənclərimizin çəkdikləri də var ki, çox maraqlı və təqdirə layiqdir. Açığı deyim ki, son vaxtlar nə seriallara, nə də kinolara baxıram. Çünki eyni adamlardır. Bir adama nə qədər baxaq? Ona görə də kinoya baxmağa maraq olmur”.

Teatr və kino aktyoru, Əməkdar artist Ayşad Məmmədov: “Kino tariximizin keçmişinə baxdıqda nostalji hislər keçiririk. Ötən günləri üçün darıxırıq. Bizimlə eyni səhnəni bölüşənlərin hazırda aramızda olmaması insanda təəssüf hissi doğurur. İndiki dövrdə onlarla çox iş görmək olardı. Allah hər birinə rəhmət eləsin. Ən çox iş birliyim Xalq artisti Ramiz Əzizbəyli ilə olub. Onun gələcəklə bağlı olduqca çox planı var idi. Heyf ki, bəzən ömür möhlət vermir. Hazırda kinomuzun gələcəyinə inamla və müsbət baxıram".

Əməkdar artist bu yaxınlarda izlədiyi bir filmdən danışıb:

"Asif Rüstəmovun “Mərmər soyuğu” filminə baxdım. Çox xoşuma gəldi. Düzü, elə adamlar var ki, bəyənmədi. Deyirlər bizim mentalitetimizə uyğun deyil. Ümumiyyətlə, ən zəhləm gedən söz mentalitet sözüdür. Həmin kino Beynəlxalq Cannes kinofestivalına çıxsaydı mütləq mükafat alacaqdı. Buna sübut olaraq, onların başqa bir festivalda mükafat aldığını demək olar. Belə istedadlı kadrlar, maraqlı işlər gördükdə gələcəyə uğurlu baxıram. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.

Kinorejissor və kinoşünas, ssenarist, televiziya aparıcısı və kino redaktoru, pedaqoq, “Azərbaycanfilm” Kinostudiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Ayaz Salayev: “Əsas kinomuzun gələcəyi haqqında düşünürəm. Azərbaycan kinosu həqiqətən də milli mədəniyyətin bir hissəsinə çevriləcək. Kinomuzda Azərbaycan tarixi, xanımı, igid oğulları, milləti, ziyalısı, zəhmətkeş adamı və təfəkkürü öz əksini tapacaq. Bu vaxta qədər çox az filmlərdə sadaladığım xüsusiyyətləri görmüşük. Bugünkü kinomuz dünənə, srağagünə nisbətdə tənəzzülə uğrayıb. Bizə əsl kino və onun gələcəyi lazımdır”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm