Heydər Əliyevin bayrağımızla bağlı dediyi tarixi sitat: "Kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə..."
Bizi izləyin

Tarix

Heydər Əliyevin bayrağımızla bağlı dediyi tarixi sitat: "Kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə..."

Dövlət bayrağı müstəqilliyimizin, müasirliyimizin, tarixiliyimizin və milli-mənəvi dəyərlərimizin simvoludur. Bayraq, milli azadlığın, istiqlal ideyalarının, bəşər sivilizasiyasında istər xalqın, istərsə də dövlətin yerinin və rolunun təcəssümüdür. Bayraq millətin ruhunu özündə ehtiva etməklə yanaşı, dövlətin varlığını sübut edən rəmzdir. Bir millətin dövləti varsa, bayrağı da var. Odur ki, dövlət müstəqilliyinin ən böyük göstəricilərindən biri də onun bayrağıdır.

Tarix sübut edib ki, bayrağa sahib olmaq hər bir xalqa nəsib olmur. Bayrağı yüksəltmək müəyyən bir ərazidə öz dövlətini qura bilən, onu möhkəmləndirib yaşadan, öz milli-mənəvi dəyərlərini mühafizə və inkişaf etdirən xalqlara nəsib olur.
Başımız üzərində dalğalanan, dünyaya bizi tanıdan XX əsrin əvvəllərində öz müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı bu gün də müstəqilliyimizin və dövlətçiliyimizin rəmzi, Azərbaycan Xalq Cumhuriyyətinin varisi olduğumuzun təsdiqidir.

Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Müvəqqəti Hökumətinin 1918-ci il 24 iyun tarixli qərarı ilə üzərində ağ aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı kimi qəbul olunmuşdur. 1918-ci il noyabrın 9-da isə Nazirlər Kabinetinin Bakıda keçirilən iclasında Fətəli xan Xoyski milli bayraq haqqında məruzə ilə çıxış etmiş, müzakirələrdən sonra Dövlət bayrağı kimi təsdiq edilmiş və Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılmışdır.
1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuş bayrağımız aprelin 28-də sovet ordusunun müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi ilə dövlət bayrağı kimi statusunu itirsə də 70 il ərzində unudulmamış, xalqımızın ürəyində yaşamışdır. Nəhayət, 1991-ci ildə Sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdikdən sonra üçrəngli bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə rəsmən qaldırılmışdır. “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərara əsasən, müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olunmuşdur.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. Sonralar ümummilli lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.

1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etdi. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir. Həmin Qanunla Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr, Dövlət bayrağının qaldırılmalı vəyerləşdirilməli olduğu yerlər, təsvirinin istifadəsi, həmçinin rəsmi tədbirlər zamanı, matəm günlərində və matəm mərasimlərində istifadəsi, digər bayraqlarla birgə qaldırılması və ya yerləşdirilməsi, habelə Dövlət bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər müəyyən edilmişdir.

Milli dövlət və istiqlal rəmzlərimizə hədsiz sevgi nümayiş etdirən Prezident İlham Əliyev Ümummilli Liderin siyasi kursuna sadiq qalaraq dövlət suverenliyinin rəmzləri sayılan bayrağımızı, gerbimizi və himnimizi həmişə yüksək tutmuş, onların təbliği ilə bağlı xüsusi tədbirlər həyata keçirmişdir. 2007-ci il noyabrın 17-də Prezidentin Sərəncamı ilə Bakı şəhərində Dövlət Bayrağı Meydanı təsis edilmiş, 2009-cu il 17 noyabr tarixli Fərmanı ilə hər il noyabr ayının 9-u Azərbaycanda Milli Bayraq Günü kimi rəsmi bayram olaraq qeyd olunmağa başlanmışdır. Cənab Prezidentin “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir” fikirləri şəxsən ölkə başçısının dövlət rəmzlərinə, rəsmi atributlara, suverenlik göstəricilərinə necə ehtiramla yanaşmasını göstərməklə yanaşı həm də müvafiq olaraq bütün Azərbaycan cəmiyyətinin, xarici ölkələrdə yaşayan soydaşlarımızın da dövlətçilik simvollarına sevgisini daha da artırmış, hər bir azərbaycanlıda öz dövləti ilə bağlı qürur hissini yüksəltmiş, xalqla dövlət arasındakı vəhdəti daha da gücləndirmişdir.

Azərbaycan Respublikasının Dövlət bayrağıAzərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir”, “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.
Son olaraq qeyd edim ki, bayrağımız qədimliyimizin, dünyəvi, demokratik, hüquq dövləti qurmağımızın, milli-mənəvi dəyərlərimizin sahibi və mühafizəçisi olmağımızın, xalqımızın azadlığının, suverenliyinin, öz istiqlalı uğrunda apardığı mübarizənin yekununun təsdiqi və milli qürurumuzdur".

Yusif Bağırzadə, politoloq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm