ABŞ-a vergi ödətdirən, hər yerə şiri ilə gedən türk paşası: Onun taleyini nə dəyişdi?
Bizi izləyin

Tarix

ABŞ-a vergi ödətdirən, hər yerə şiri ilə gedən türk paşası: Onun taleyini nə dəyişdi?

Türk tarixinin ən qüdrətli dövləti olan Osmanlı İmperiyası tarixdə dərin izlər buraxıb. Osmanlı İmperiyasının da dünyaca məşhur sultanları kimi güclü paşaları var idi. Onlardan biri də “ Aslanlı Paşa ” kimi tanınan Əlcəzairli Həsən Paşadır.

Publika.az xatırladır ki, dünya tarixində ABŞ-ı vergiyə cəlb edən yeganə şəxs məhz Osmanlı idarəçiliyində olan Əlcəzairli Həsən Paşa olub. Aslanı əhliləşdirib yanında saxlayan və bu xüsusiyyəti ilə böyük şöhrət qazanan Həsən Paşanın hekayəsi böyük maraq doğurur.

“Aslanlı Paşa” kimi tanınan Əlcəzairli Həsən Paşa kimdir?

Onun arzusu hərbçi, daha doğrusu döyüş gəmisinin kapitanı olmaq idi. 1738-ci ildə yeniçəri korpusuna daxil olaraq Belqradın mühasirəsində iştirak edir. Hələ sadəlövh tələbə olmasına baxmayaraq, böyük uğurlar qazanırdı. İstədiyi kimi orduya qatıldı, amma dənizlərdən uzaq qaldı və quruda döyüşdü.

Onun taleyini dəyişən hadisə isə qazandığı pulla aldığı gəmi ilə İstanbuldan Əlcəzairə yola düşmək qərarı olub. Səyahət zamanı onun gəmisi Aralıq dənizi sahillərində İspaniya hərbi gəmisinin hücumuna məruz qalıb. Bu münaqişənin qalibi Həsən Paşa olub.

İstanbuldan tək gəmi ilə yola çıxan Həsən Paşa iki gəmi ilə Əlcəzair limanına yaxınlaşıb. Bu uğuruna görə ona “Əlcəzairin əmisi” titulu verilir və Tilemsen sancağına başçı təyin edilir. İstanbuldan adi bir yeniçəri kimi yola çıxan Həsən Paşa, Əlcəzairə çatanda ən hörmətli gəmi kapitanlarından birinə çevrilir.

Şimali Afrikada olarkən erkək aslan balasını bəsləməyə başlayıb. Aslan böyüdükcə aralarındakı bağ güclənir və Həsən Paşanın ləqəbi “Aslanlı Paşa” olur. O, aslanı ilə hər yerə gedirdi.

Aslanlı Paşa əfsanəsi tezliklə bütün Avropaya səs salıb, Avropa rəssamlarının əsərlərinin mövzusuna çevrilib. Əlcəzairdə 20 il uğur qazandıqdan sonra 1761-ci ildə yenidən İstanbula çağırılır. Qısa müddətdə dövlət idarəçiliyində mühüm vəzifələrə təyin olunur.

1770-ci ildə Çeşmədə Osmanlı donanmasında olan bütün gəmilər ruslar tərəfindən yandırıldıqdan və Limni adası mühasirəyə alındıqdan sonra, 3000 əsgərlə yola çıxır. Qalaya nəzarəti ələ keçirib, rusları bölgədən qovur. Bu müvəffəqiyyətdən sonra ona Qazi rütbəsi verilib. “Kapitan-ı Dərya” rütbəsi ilə mükafatlandırılıb və Osmanlı Donanmasının başçısı təyin edilir.

Ancaq donanma yox idi. Həsən Paşa üç il ərzində yandırılmış donanmanın yerinə müasir donanma hazırlayır. Üstəlik, gəmilərin tikintisinin böyük hissəsini öz cibindən qarşılayırdı. Donanmanın rəisi olduqdan sonra çoxsaylı üsyanları yatırıb və dənizdə döyüşlərini davam etdirib. Bu dövrdə Həsən Paşa Aralıq dənizi sahillərində bir-birinin ardınca çoxlu Amerika gəmilərini ələ keçirdi.

O dövrdə yeni bir ölkə olan ABŞ-ın donanması Osmanlı İmperiyası ilə rəqabət aparacaq vəziyyətdə deyildi. Buna görə də Amerika dənizlərdə Osmanlı hökmranlığına tabe oldu və “Trablus müqaviləsi” imzalandı. Osmanlı türkcəsində yazılmış və 22 maddədən ibarət müqavilə ilə Amerika Osmanlı İmperatorluğuna hər il 12 min qızıl sikkə verməyi qəbul etdi. Bu müqavilə Amerika tarixində xarici dildə bağlanmış yeganə müqavilə, eləcə də xarici dövlətə vergi ödəməyə razılıq verən yeganə Amerika sənədidir.

Osmanlı dənizçiliyini inkişaf etdirən, bugünkü Dəniz Döyüş Akademiyasının təməlini qoyan, məktəblər quran, öz cibindən tikdirdiyi gəmiqayırma zavodları, kazarma və məscidləri olan Əlcəzairli Qazi Həsən Paşa özündən sonra nə övlad, nə də sərvət qoydu.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm