MDB
MDB məkanında rus dilinə hücum: Moskva Azərbaycanı nümunə göstərdi
MDB ölkələrində rus dili ilə bağlı yaranan qalmaqal böyüyür. Bəzi yerlərdə ictimai yerdə rus dilində danışmağa görə cəzalar var. Ukrayna şəhərlərinin küçələrində “dil patrulları” reyd aparırlar. Estoniya, Özbəkistan və Ermənistanda rus dilinə xüsusilə düşmən mövqe sərgilənir.
Publika.az xəbər verir ki, bu barədə “News.ru”-da dərc olunan məqalədə deyilir.
Qeyd olunur ki, bir çox keçmiş sovet respublikalarında rus dilindən imtina edilir. Baltikyanı dövlətlər bu siyasəti xüsusilə fəal şəkildə həyata keçirirlər. Estoniyanın baş naziri Kaja Kallas ölkənin təhlükəsizliyinin birbaşa bundan asılı olduğunu etiraf edib. O, belə bir arqument irəli sürüb: Rusiya “rusdilli əhalini” qorumaq bəhanəsi ilə keçmiş respublikalardan istənilən birini işğal edə bilər.
MDB Ölkələri İnstitutunun rəhbərinin müavini Vladimir Jarixin bildirib ki, bir sıra ölkələrdə rus dilinin inkişafı təşviq edilir, digərlərində isə süni şəkildə əngəllənir, hətta istifadəsinə görə təqib edilir:
“Məsələn, Ukrayna. Yazılı rus dilini öyrənməkdə çətinliklər var, lakin şifahi rus dilini öyrənməkdə ümumiyyətlə problem yoxdur. Axı, hətta Qərbi Ukraynada da bir çox insan rus dilində danışır. Ümumiyyətlə, vətəndaşların 80%-ə qədəri bunu başa düşür. Bununla belə, dövlət ictimai sahədə rus dilindən istifadəni sərt şəkildə təqib edir və onu sıxışdırıb çıxarmağa çalışır”.
Jarixinin sözlərinə görə, Baltikyanı ölkələrdə vəziyyət Ukraynadan yaxşı olsa da, həm də çətin olaraq qalır: “Oradakı hakimiyyət dövlət məktəblərində rus dilinin tədrisinə əvvəlcə maneələr qoydu və sonda onu tamamilə ləğv etdi. İndi rus dilində tədris olunan özəl məktəblərə hücum başlayıb. Ümumiyyətlə, ölkə rəhbərliyinin seçdiyi siyasi kursa görə rus dili orada həyatın bütün sahələrində ciddi şəkildə məhdudlaşdırılıb”.
Sentyabrın sonunda Estoniya Dili Departamentinə Tallinndə yerləşən hipermarketin mühafizəçisinin eston dilində bir kəlmə də danışmaması ilə bağlı şikayət daxil olub. “Müştəri mühafizəçidən ona dondurma şöbəsini göstərməsini xahiş etdi. Mühafizəçinin eston dilində verilən suala rus dilində cavab verməsi müştərini çaşdırıb”, - deyə şikayətdə bildirilir. Hipermarketdən bildirilib ki, nəticədə pərakəndə satış şəbəkəsini qoruyan şirkət işçini müvafiq mağazada əvəz etmək qərarına gəlib.
Özbəkistanda müəllim şagirdi döydü
Sentyabrın sonunda internetdə Daşkəndin Çilanzar rayonundakı 188 saylı məktəbdən videolar yayıldı. Kadrlarda müəllimin materialı rus dilində izah etməyi tələb edən şagirdini döydüyü əks olunub. Üstəlik, bütün bunlar rus dili dərsində baş verib. Müəllim reaksiyasını “Özbəkistan özbəklər üçündür” deməklə izah edib.
Moskva hadisəyə reaksiya verib. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Daşkəndi uşağa edilən zorakılığı qiymətləndirməyə və müvafiq tədbirlər görməyə çağırıb. Özbəkistan parlamentinin vitse-spikeri Əlişir Kodirov isə cavabında bildirib ki, “daxili işlərimizdən narahat olmaqdansa, özlərinin çoxlu problemləri ilə məşğul olmaları doğru olardı”.
Onun Rusiya parlamentindəki həmkarı, Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Andrey Klimov Özbəkistanı Moskva ilə yüksək səslə danışmamağa çağırıb: “Çünki tarixdə buna bənzər davranan və özünü bu cür aparan ölkə olub və çətin vəziyyətə düşüb”.
Erməni dərslikləri Rusiyanı nədə ittiham edir?
Ermənistanda yeni hazırlanan 8-ci sinif tarix dərsliyi Rusiyada qəzəblə qarşılanıb. Buna səbəb dərslikdə “Şərqi Ermənistanın Rusiyaya birləşdirilməsi” fəslidir. Rusiya Xarici İşlər Nazirliyi bunu təxribat adlandırır və dərsliyin tədris prosesinə daxil edilməyəcəyinə ümid edir. Ermənistanın məlum dərsliyində iddia olunur ki, “rus-fars müharibəsi və Türkmənçay müqaviləsi nəticəsində Şərqi Ermənistan Rusiya imperiyası tərəfindən “işğal” olunub”. Burada qeyd olunan “Şərqi Ermənistana” İrəvan, Qars, Gəncə daxil olunur. Ermənilər iddia edirlər ki, bu ərazilər onlara məxsus olub və Rusiya imperiyası tərəfindən ələ keçirilib.
Nəşr yazır ki, son vaxtlara qədər Ermənistanda rus dilinə hörmət edilirdi və təhsil sistemində məcburi dil idi. Lakin bu ildən etibarən bir sıra siniflər üçün rus dili əsas (məcburi) statusundan xarici dil statusuna (istəyə bağlı) keçib ki, onun öyrənilməsinə həftədə cəmi iki saat ayrılıb. Hətta rus dilindən birdəfəlik imtina da gündəmdədir.
Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov bildirib ki, Ermənistanda rus dilində tədris sıradan çıxarılıb, bunu rusofobiyanın birbaşa təzahürü adlandırmaq olar: “Mən bildiyimə görə, rus dilində tədris edən üç məktəb qalıb. Onlar Rusiya strukturları altında fəaliyyət göstərirlər və Ermənistan dövləti onları maliyyələşdirmir”.
Rus dili hansı ölkələrdə dəstəklənir?
Jarixin qeyd edib ki, bütün postsovet respublikaları arasında rus dilinin tədrisi ilə bağlı vəziyyət Belarus və Azərbaycanda ən yaxşı formadadır. Onun sözlərinə görə, bu, orada rus dilinin gündəlik həyatda geniş yayılması ilə özünü büruzə verir.
“Azərbaycan bu baxımdan ən qabaqcıl ölkə olaraq qalır, orada çoxlu rus məktəbləri var. Azərbaycan məktəblərində rus dili də öyrənilir. Hətta Qazaxıstanda, məsələn, Rusiyanın orada rəsmi statusu olsa da, hər şey belə deyil. Qazaxıstanda problemlər daha çox öyrənmə mərhələsində deyil, dilin istifadəsi mərhələsində yaranır. Təzyiq var – dövlət daxilində bütün rəsmi fəaliyyətləri, o cümlədən vətəndaşlarla ünsiyyəti qazax dilinə çevirmək cəhdləri başlayıb”, – Jarixin bildirib.
Sergey Markovun sözlərinə görə, Azərbaycanda rus dilində təhsilin vəziyyəti Ermənistandakından bir neçə dəfə yaxşıdır. “Vladimir Putin bu yaxınlarda Bakıya səfəri zamanı rus dilində yüksək keyfiyyətli tədrisə görə Prezident İlham Əliyevə təşəkkür etdi. Ölkədə rus dilinin bütöv bir sektoru var - orada təhsil bütün səviyyələrdə aparılır: ibtidai məktəbdən tutmuş universitetə qədər. Sektor bütün təhsil sisteminin təxminən 18%-ni təşkil edir, burada tədris sırf rus dilində aparılır. Həmçinin, bir çox dövlət məktəblərində rus dili ikinci dil kimi öyrənilir”, - Markov qeyd edib.
Politoloqun fikrincə, Azərbaycanın fonunda Ermənistan hakimiyyəti obrazlı desək, rusofobik dalana aparan kurs seçib. “Bu, qismən millətçiliyin yüksək səviyyədə olması ilə bağlıdır. Axı Azərbaycan çoxmillətli ölkədir. Ermənistan monoetnikdir, başqa millətlərin nümayəndələri orada xoş qarşılanmır”, - deyə politoloq gileylənib.
Akqabay
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO