Atamov uğursuzluğa aydınlıq gətirdi: “Avtomobil qəzası keçirdim, ayağımda vətər cırıldı”
Bizi izləyin

Müsahibə

Atamov uğursuzluğa aydınlıq gətirdi: “Avtomobil qəzası keçirdim, ayağımda vətər cırıldı”

Dünya çempionu, Dünya Əlbəyaxa Döyüş Növləri Oyunlarının və bir çox beynəlxalq yarışların qalibi, tanınmış karateçi Şahin Atamov hazırda gördüyü işlər barədə Publika.az-a müsahibə verib. İdmançımız söhbət əsnasında başına gələn maşın qəzasından da danışdı. O, həmçinin federasiyadakı maaş probleminə də toxundu.

- Avropa Oyunlarından sonra nə yenilik olub? Hazırda nə işlə məşğulsunuz?

- İndi məşqlərimə davam edirəm. Gələn ay üçün Yaponiyada Premyer Liqaya dəvət almışam. Orada iştirak edəcəm. Məşqdən başqa heç yerdə işləmirəm. Günümün çox hissəsini idmana həsr etmişəm.

- Avropa Oyunları sizin üçün uğursuz alındı. Bunu idman şanssızlığı kimi qiymətləndirirsiz, ya nəsə başqa səbəbi var?

- Həm idman şanssızlığı idi, həm də başqa səbəb... Belə ki, yarışa 10 gün qalmış ayağımda vətər cırıldı. Bu da məni məşqlərdən geri saldı. Bundan başqa, yarışa 2 gün qalmış avtomobil qəzası keçirdim. Məncə bütün bunlar az da olsa təsirini göstərdi.

- Bəs ondan sonra hansısa yarışda iştirak etmisiz?

- Xeyr, gələn ay Yaponiyada, Okinavada döyüşüm olacaq. İnşallah uğurlu keçər.

- Rafael Ağayev 2020-ci ildə karatenin Tokiodakı Olimpiya Oyunlarına salınacağını eşidəndən sonra karyerasını bitirmək fikrini daha da uzatdı. Çünki o, olimpiya oyunlarında iştirak etmək niyyətindədir. Bəs siz? Karyeranızı Olimpiya Oyunlarına qədərə davam etdirməyi, orada iştirakı düşünürsüz?

- Çətin ki, o vaxta qədər peşəkar karyeramı davam etdirəm. Yəqin ki, məşqçi kimi fəaliyyət göstərərəm. Qala da bilərəm əslində... Amma gənclərə məğlub olmaq mənə görə xoş olmaz. Ona görə də idmandan vaxtında, layiqincə getmək lazımdır.

- Şahin bəy, milli komandada məşqçi kimi fəaliyyət göstərməyi üstün tutarsız, ya özünüz üçün idman klubu yaradıb orada idmançılar yetişdirmək istəyərsiniz? Ümumiyyətlə, idman klubu yaratmaq fikriniz varmı?

- Əlbəttə, gələcəkdə belə bir planım var. Ümumiyyətlə, karate mənim həyatımın bir hissəsidir. Özümü karatesiz təsəvvür edə bilmirəm. Buna görə də fəaliyyətimi gələcəkdə də davam etdirməliyəm. Amma milli komandaya məşqçi kimi dəvət alsam, ürəkdən çalışaram.

- Azərbaycan Milli Karate Federasiyasının rəhbəri Yaşar Bəşirovla danışdığımız zaman təsdiqlədi ki, qurumda 5-6 aydır ki, maaş problemi var. Bu problem sizə də təsir edibmi?

- Təbii ki, bu problem hamımıza təsri edib. Amma biz inamımızı itirmirik. Həmişə dövlət tərəfndən bizə qayğı olub. Bunu hər zaman hiss etmişik. İnşallah yenə də olacaq. Biz bir peşəkar idmançı kimi məşqlərimizi davam etdiririk. Formamızı saxlayırıq. Məşqçilər sağ olsunlar, təmənnasız məşqlərə gəlirlər. Yəni maaş olmaya-olmaya...

- Nə baxımdan təsir edib? Məsələn bilirik ki, idmançı üçün maaşın vaxtlı-vaxtında verilməsi vacibdir. İdmançı heç nədə korluq çəkməməlidir deyirlər...

- Bəli düz vurğuladınız. Əslində bu problem bizə məşqlərdə çətinlik yaradır. Elə uşaqlar var ki, uzaqdan gəlirlər. Benzin tökməyə pulları yoxdur. Avtobusla gəlib gedirlər. Amma bunlara baxmayaraq, biz inanırıq ki, rəhbərlik federasiyanın bütün problemlərini həll edəcək və dövlət qayğısı yenə üzərimizdə olacaq.

- Bəs federasiya rəhbərliyi bu barədə siz idmançılarla nə söhbət edib? Bu problemin nə vaxt aradan qaldırılacağı deyilir? Bu günə qədər ödənilməyən maaşlar da veriləcək?

- Bu barədə biz heç nə bilmirik. Sadəcə deyilib ki, “problemin aradan qaldırılması üzərində işləyirik”. Biz də inanırıq ki, olacaq. Bizim vəzifə borcumuz məşq edib, nailiyyət verməkdir, onlarınki isə idmançıları təmin etmək.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm