Azərbaycan gəncliyi özündən iki dəfə böyük problemi həll etdi - Zəfər günlərinə səfər
Bizi izləyin

Müsahibə

Azərbaycan gəncliyi özündən iki dəfə böyük problemi həll etdi - Zəfər günlərinə səfər

Azərbaycan gəncliyi özündən iki dəfə böyük problemi həll etdi - Zəfər günlərinə səfər

44 günlük Vətən müharibəsi Azərbaycanın hərb tarixində yeni səhifə açmaqla yanaşı, xalqın milli iradəsini, dövlətçilik gücünü və gələcəyə baxışını dəyişən tarixi hadisəyə çevrildi. Bu qələbə təkcə döyüş meydanında qazanılan hərbi zəfər deyil, həm də Azərbaycan xalqının onilliklər boyu çəkdiyi Qarabağ həsrətinə son qoyan, ölkənin geosiyasi mövqeyini dəyişdirən böyük dönüş nöqtəsi oldu. Müharibənin qəhrəmanları, Azərbaycan əsgərinin fədakarlığı, ordunun hazırlığı və Ali Baş Komandanın rəhbərliyi isə bu tarixi zəfərin əsas məqamları kimi yadda qaldı.

Publika.az 44 günlük Vətən müharibəsinin mahiyyəti, Azərbaycan əsgərinin qəhrəmanlığı, qələbənin ölkəmizin hərbi-siyasi və mənəvi həyatına təsiri barədə hərbi jurnalist, müharibə iştirakçısı, yazıçı, polkovnik-leytenant İbrahim Rüstəmli ilə söhbət edib. Müsahibəni təqdim edirik:

- 44 günlük Vətən müharibəsi zamanı bir döyüşçü kimi cəbhədə yaşadığınız günləri və yaddaşınızda ən çox iz qoyan hadisələri necə xatırlayırsınız?

- Mən birmənalı şəkildə bu suala belə cavab verirəm: o dövrdə ən böyük hadisə elə 44 günlük Vətən müharibəsi idi. Bu, əvvəlindən axırına qədər böyük hadisə idi. Onu ayrı-ayrı fraqmentlərə bölmək, hansısa döyüş əməliyyatı ilə daha çox səciyyələndirmək, xarakterizə etmək istəmirəm. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının 30 ildən çox davam edən həsrətinin, ağrı-acısının sonu, yaxud işğal faktına üsyanının, etirazının ifadəsi idi.

- Hərbi mütəxəssis kimi Azərbaycan Ordusunun 44 günlük müharibədə nümayiş etdirdiyi döyüş qabiliyyətini, əsgər və zabitlərimizin hazırlığını necə qiymətləndirirsiniz?

- Uzun müddət zabit kimi ordu sıralarında xidmət etmişəm. Mənim əsl adım əsgərdir. Yəni bu ölkənin zabiti də, MAXE-si də, giziri də, parta arxasından qalxıb orduya çağırılan çağırışçısı da əsgər idi. Bizim hamımız əsgər idik. Bu, nisbi bir kadr bölgüsüdür. Əslində isə həmin döyüşlərdə əsgərin yanında zabitlər, gizirlər, MAXE-lər dayanır və sair. Yəni bunların hamısı döyüş əməliyyatında artıq bir əsgərə çevrilir. Bizim bir statusumuz var, o da əsgər statusudur.

Ancaq sizin sualınıza gəldikdə, ilk növbədə onu demək istəyirəm ki, Azərbaycan əsgərinin bu döyüşdə göstərdiyi fədakarlığı, qəhrəmanlığı heç nə ilə müqayisə edə bilmirəm. Doğrudan da Azərbaycan əsgəri və xüsusilə gənc nəslin nümayəndələri özündən böyük problemə, özündən ağır bir şillə vurdu. Heç kəsin vura bilmədiyi bir şilləni o problemin sifətinə vurdu və onu həll etdi.

Ancaq 44 günlük Vətən müharibəsində bundan da önəmli məsələ vardı. Biz Birinci Qarabağ müharibəsində də kişi kimi, mərd-mərdanə döyüşən əsgərlər görmüşük. Onlar heç də 44 günlük döyüşdəki əsgərlərimizdən, zabitlərimizdən zəif döyüşmürdülər. Bəlkə də çox ciddi nümunə göstərirdilər. Mən bunu kifayət qədər əsaslarla sübut edə bilərəm.

Bəli, mən əsgər və zabitlərimizin hazırlığını yüksək qiymətləndirirdim. Hərbidə belə bir deyim var: heç bir döyüş əməliyyatı ideal olmur. Heç bir strategiya ideal olmur. Taktikada artıq müəyyən redaktələr, dəyişikliklər, əlavələr etməlisən. Çünki real vəziyyət səni buna məcbur edir.

Bu mənada mən Azərbaycan əsgərinin, xüsusilə də Ali Baş Komandanımız, cənab Prezidentin hər bir döyüşü dəqiqə-dəqiqə, saat-saat izləməsini xüsusi vurğulamaq istəyirəm. O, bütün döyüş əməliyyatlarına son nöqtə qoyulana qədər şəxsən nəzarət edirdi. Məhz bu nəzarətin nəticəsi idi ki, biz çox az itki verərək böyük qələbə qazandıq.

Yəni mən əsgər və zabitlərimizlə yanaşı, Azərbaycanın ordu rəhbərliyini, təbii ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hazırlığınımı deyim, fədakarlığınımı deyim, qətiyyətini, iradəsini, xarakterini - çox yüksək dəyərləndirirəm.

- 44 günlük müharibədə qazanılan tarixi Zəfərin Azərbaycan hərb tarixində və regionda yaratdığı yeni reallıqlarda əhəmiyyətini necə xarakterizə edərdiniz?

- 44 günlük qələbədə qazandığımız tarixi zəfər istər hərb tariximizdə, istərsə də regionda elə kardinal dəyişikliklər, siyasi dillə desək, elə geosiyasi reallıqlar yaradıb ki, onun təsir etmədiyi sahə qalmayıb.

Azərbaycan Cənubi Qafqazın ən güclü ordusuna sahib olduğunu birmənalı şəkildə sübut etdi. Azərbaycan dünya birliyinin, dünya ictimaiyyətinin qəbul etdiyi qətnamələrin, verdiyi bəyanatların yerinə yetirilməsi missiyasını təkbaşına həyata keçirdi. Yəni Birləşmiş Millətlər Təşkilatı tərəfindən yerinə yetirilməli olan missiyanı Azərbaycan dövləti və Azərbaycan xalqı təkbaşına reallaşdırdı.

Bu, ağır missiya idi və onun uğurla nəticələnməsi Azərbaycanın Cənubi Qafqazda necə böyük söz sahibi olduğunu göstərdi. Bu, təkcə hərbdə, siyasətdə və iqtisadiyyatda deyil, Azərbaycan xalqının mənəvi-psixoloji durumunda da kardinal dəyişikliklər yaratdı. Xalqın özünü özünə tanıtdı, iradəsini daha da gücləndirdi, xarakterinə müəyyən dərəcədə təsir göstərdi.

Təbii ki, yeni reallıq baxımından indi dünyanın – mən hələ regionu, Cənubi Qafqazı demirəm – söz sahibi kimi tanınan dövlətlərindən birinə çevrilmişik. Yeni geosiyasi reallıqlarla bərabər, yeni coğrafiyalar yaratdıq. Yeni baxış bucaqları, münasibətlər formalaşdırdıq.

Ən əsası, son iki yüzillikdə ilk dəfə olaraq Azərbaycan maksimum şəkildə öz ərazi bütövlüyünü bərpa etdi. Maksimum şəkildə. Yəni bu da tam deyil. Tarixi vərəqləsək, görərik ki, bu, hələ son deyil. Onun daxilində, məsələn, İranla 132 kilometrlik tarixi sərhədlərimizin bərpasını xüsusi vurğulamaq istəyirəm. Bu, çox böyük məsələdir.

Bütün bunları bir müsahibədə ifadə etmək mümkün deyil. Çox böyük zəfərdir, çox böyük qələbədir. Həm mənəvi, həm psixoloji, həm ruhi, həm də intellektual baxımdan Azərbaycan üçün strateji xarakter daşıyır.

- Bir yazıçı və şair kimi müharibədə şahidi olduğunuz, şəxsən yaşadığınız hansı hadisələri qələmə almaq istəmisiniz?

- Məncə, 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqları qələmə almaq həqiqətən də çox çətindir. Çünki biz tarixdə ilk dəfə öz yaralı döyüş yoldaşını çiyninə alıb geri çəkilməyən, əksinə, onu da özü ilə birlikdə irəliyə daşıyan Azərbaycan əsgəri ilə rastlaşdıq.

Biz bu savaşda 18-19 yaşlı gəncləri gördük. Təsəvvür edirsinizmi?! Bizim Qarabağ problemimizin yaşı o uşaqların yaşından iki dəfə böyük idi. Bu uşaqlar özlərindən iki dəfə böyük problemi həll etdilər. Azərbaycan gəncliyi həqiqətən də çox böyük qürur mənbəyinə çevrildi.

Müharibədən öncə, yəni 44 günlük Vətən müharibəsi başlamamışdan əvvəl media nümayəndələrindən biri məndən soruşmuşdu: Azərbaycan gəncliyi haqqında fikirləriniz nədir? Mən onda cavab vermişdim ki, Azərbaycan gəncliyi hər bir xoş sözü haqq edən gənclikdir. Onu internet gəncliyi, “TikTok” gəncliyi adlandırmaqla aşağılamağa ehtiyac yoxdur.

Çünki mən özüm də bu gün gənclərlə, yeniyetmələrlə daha çox işləyirəm və onları müşahidə edirəm. Məsələn, dərs deyirəm, heç vaxt heç bir uşağa dörd yazmıram. Bilirəm, bu, bəlkə də nəzəri baxımdan doğru deyil, amma praktik baxımdan bunu məqbul sayıram.

44 günlük Vətən müharibəsində qazandığımız qələbədən sonra liseyimizin direktoru mənə zəng vurub bildirdi ki, “İbrahim müəllim, siz hamıya beş yazırdınız, biz sizə irad tuturduq. Doğrudan da, bu uşaqlar həqiqətən ən yüksək dəyərə, ən yüksək qiymətə layiqdirlər”.

44 günlük Vətən müharibəsi ilə bağlı mənim bir yazım var. Ancaq mən bunu son hesab etmirəm. Çünki mən hələ də o savaşın həqiqi mahiyyətini olduğu kimi, yaxud açıq şəkildə ifadə edə bilməmişəm. Bu, bir möcüzə idi. Bu, həqiqətən də haqqında danışmaqdan çox düşünməli olduğumuz bir məsələdir.

Biz bu məsələ haqqında hələ çox düşünməliyik. Bu barədə hələ çox yazmalıyıq. Çünki 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının həyatında böyük bir dönüş, yeni bir mərhələdir.

P.S. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının yaddaşında yalnız qazanılmış hərbi qələbə kimi deyil, milli ruhun, birliyin və iradənin təntənəsi kimi yaşayır. Bu zəfərin əhəmiyyəti illər keçdikcə daha dərindən dərk olunur. Çünki həmin 44 gün Azərbaycanın tarixini dəyişməklə yanaşı, gələcək nəsillərə də böyük məsuliyyət və qürur mirası qoydu. Müsahibimizin də vurğuladığı kimi, bu müharibənin həqiqi mahiyyətini anlamaq, onun qəhrəmanlıqlarını yazmaq və gələcək nəsillərə çatdırmaq hələ uzun illər davam edəcək.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm