Özünüzün daha yaxşı versiyanızı təqdim etməkdən qorxmayın! - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Özünüzün daha yaxşı versiyanızı təqdim etməkdən qorxmayın! - MÜSAHİBƏ

Özünüzün daha yaxşı versiyanızı təqdim etməkdən qorxmayın! - MÜSAHİBƏ

Televiziya ekranlarında gördüyümüz bir çox layihələrin arxasında həm yaradıcı, həm də formalaşdırıcı bir imza var - Səyavuş Hüseynli. Aktyor kimi başladığı sənət yolunu televiziya layihələri, şou formatları, gənc ifaçıların yetişdirilməsi və daha sonra ölkənin bölgələrini dünyaya tanıdan “Real Vətən” kimi genişmiqyaslı bir layihə ilə davam etdirən Səyavuş Hüseynli bu gün təkcə media adamı deyil, həm də natiqlik və özünüifadə sahəsində təlimçi kimi fəaliyyət göstərir.

Onun karyerasında “Çalçağır”, “Yeni ulduz”, “Xalq ulduzu” kimi televiziya layihələri, yüzlərlə gəncin səhnəyə çıxış yolu, eləcə də Azərbaycanın təbiətini və mədəniyyətini əks etdirən “Real Vətən” silsiləsi xüsusi yer tutur. Son illərdə isə o, diqqətini insanın özünüifadə bacarığına, səhnə qorxusuna, xarizmaya və düzgün təqdimat mədəniyyətinə yönəldib.

Publika.az-a verdiyi müsahibədə Səyavuş Hüseynli yalnız keçdiyi yolu danışmır, o, səhnə qorxusunun mahiyyətini, təqdimat mədəniyyətinin gücünü, xarizmanın necə formalaşdığını və niyə bəzən yaxşı danışmağın kifayət etmədiyini izah edir. Onun sözlərinə görə, natiqlik sadəcə danışmaq deyil, düşünmək, hiss etmək və təsir yaratmaq bacarığıdır.

- Səyavuş Hüseynli kimdir? Bugün hansı missiyanı daşıyır?

- Mən 1988-ci ildə İncəsənət Universitetinin Dram Teatrı və Kino Aktyorluğu fakültəsinə daxil olmuşam. Oranı bitirəndən sonra bir müddət Pantomim Teatrında və Gənclər Teatrında işləmişəm. Daha sonra hərbi xidmət, ondan sonra qayıtdım və teatrda işləmək maliyyə baxımından bir qədər çətin idi. Gəncədən Bakıya gəlibsən, sən ev almalısan, evlənməlisən və s. Amma teatrda aldığın maaşla bunun üçün neçə illər lazımdır.

- O dövrdə artıq teatrla davam etməyin çətin olduğunu hiss edirdiniz?

- Ona görə də üç dost olaraq - biri Oqtay Əliyev, yeri gəlmişkən, bu gün onun ad günüdür (müsahibə günü-red.), Yaşar Məmmədov, bir də mən, - fikirləşdik ki, SOY adlı bir şirkət yaradaq. Və yaratdıq. Bu şirkət istehsalçı şirkət idi və televiziyalar üçün proqramlar hazırlayırdı. İlk proqramımız “Həftə çalçağırı” oldu. 1998-ci ildə ilk efiri baş tutdu. Bu, mədəniyyət və şou-biznes xəbərləri idi. Bir az fərqli yanaşma, fərqli təqdimat idi və diqqət çəkdi. Mən onun həm quruluşçu rejissoru, həm də aparıcısı idim.

- İlk layihənin uğur gətirəcəyini gözləyirdiniz?

- Əlbəttə, gözləyirdik. İnam hər şeyə qalib gəlir. Ondan sonra orada bir rubrika var idi “Pıçapıç”, onu Dilarə Əliyeva aparırdı. Sonra ATV-yə gəldik. Burada qərara gəldik ki, məhz bu hissəni daha böyük edək. Və adını qoyduq “Çalçağır”.

Dilarə və yanında da iki köməkçisi - Balaca xanım və Böyük xanım. Sonra Böyükxanım və Keyxanım oldu, Ülviyyə Əliyeva gəldi. Böyükxanım Toppuş bacı, yəni rəhmətlik Tünzalə Əliyeva idi. Belə maraqlı tandem yarandı. Uzun müddət şou-biznes sahəsində çalışdıq. Ümumiyyətlə, mənim fəaliyyətim televiziyada əsasən əyləncə sektorunda olub.

- O dövr Azərbaycan televiziyasında şou formatlarının formalaşdığı illər idi…

- Daha sonra layihələrimiz böyüməyə başladı. “Çalçağır” uğurlu layihə oldu. Reytinqləri çox yaxşı idi. Öz dövrünün ən populyar böyük şousu idi, iki saatlıq canlı yayım, böyük səhnə və bütün ulduzlar, müxtəlif peşə sahibləri və s.

Ondan sonra daha bir layihəyə - “Yeni ulduz”a imza atdıq. Bu gün mən deyəndə ki, televiziya sahəsində çalışıram və media adamıyam, hər dəfə üç layihəni xüsusi vurğulayıram.

Bunun biri “Çalçağır”, daha sonra “Yeni Ulduz” – ordan indi tanıdığınız Çingiz Mustafayev, Azad Şabanov, İlhamə Qasımova, “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsində iştirak etmiş Aysel Teymurzadə, Safura Əlizadə çıxıb.

- Bu layihədə sizin rolunuz nə idi?

- Fəaliyyətim SOY təsisçiliyindən başqa, gənc ifaçılara səhnədə necə dayanmağı, necə danışmağı öyrətmək idi. “Bəxtiyar” filmindəki Hacıbala Hüseynov kimi.

Sonra bir az da inkişaf etdirdik, başladıq mahnılara səhnəciklər qurmağa. Xalq artisti Mübariz Tağıyev onların vokal hissəsi ilə məşğul olurdu.

Mənim işim həm də mahnılara səhnəcik qurmaq, yəni mini-klip yaratmaq idi.

Bu günə qədər 200-dən çox gənc ifaçı layihədən keçib. Sonra paralel olaraq “Xalq Ulduzu” layihəsini reallaşdırdıq. Hansı ki, beş mövsüm efirdə oldu. “Yeni Ulduz” isə on bir mövsüm yayımlandı. Onlar ən uğurlu layihələr idi.

Sonra müxtəlif yarışmalar - “Kim kimdir” intellektual oyunlar və s. Paralel olaraq xırda sənədli filmlər olurdu.
Daha sonra çiçəklənən dövr gəldi. Səhv etmirəmsə, 2013-cü il idi. Orada “Üç bacı” serialı oldu. Sonra “Real Vətən” layihəsi ortaya çıxdı.

- “Real Vətən”ə keçid necə baş verdi? Bu artıq tam başqa istiqamət idi?

- Bu təklifi mən Yaşardan aldım. Bir müddətdən sonra Yaşar SOY-dan ayrıldı, özü ayrıca fəaliyyət göstərirdi. Sonra təklif elədi ki, “Real Vətən” adlı layihə var - Azərbaycanın bölgələrində turizm imkanlarını göstərmək üçün.

Mən razılaşdım. Yaşarın təklifi ilə uzun müddət aparıcı kimi yox, rejissor kimi çalışdığım halda bu layihədə həm aparıcı, həm də quruluşçu rejissor oldum.

Bu günə qədər “Real Vətən”lə bağlı 50-dən çox film çəkmişik. Demək olar ki, Azərbaycanın bütün bölgələrində olmuşam.

- O bölgələri ekrana gətirəndə ən çox yadda qalan məqam nə olurdu?

- İlk öncə Şəhidlərimizi hörmətlə anırıq. Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Orada olanda insanların nəyin uğrunda və necə döyüşdüyü hiss edilir.

İşimizin əsas məqsədi həm ekoturizm, həm də tarixi turizmi turistlərə çatdırmaq idi. Filmlər üç dildə hazırlanırdı: Azərbaycan, rus və ingilis.

2025-ci ildə arzumu reallaşdırdım. Baxmayaraq ki, akrofobiyam var, yəni hündürlük qorxusu, amma haraya gedirdimsə yüksəklik axtarırdım. Operator Zaur Məmmədov çox peşəkardır, gözəl işləyir. Mənim də bir qatqım olmalıdır. Ona görə də aparıcı elə təqdim etməlidir ki, bu gözəlliyi tamamlasın. Gedib hansısa yazının qarşısında dayanmaq yox, konkret nöqtədə dayanıb demək istəyirdim ki, “bura Şəkidir”, “bura Qubadır”. Hətta elə yerləri tapırdıq ki, yerli camaat belə deyirdi: “Bu bizdədir?” Biz iki, bəzən üç mövsüm eyni bölgəyə gedirdik. Qubanın həm qışını, həm yayını, həm payızını çəkirdik. Adım-adım gəzirdik.

Şuşaya beş dəfə getdim. Hətta qışda da getdim. Nəhayət, Şuşanın qarlı halını gördüm. Şuşanı son dəfə 1991-ci ildə görmüşdüm. O vaxt yaddaşımda başı dumanlı yox, qarlı qalmışdı. “Real Vətən”in “Şuşa” filmi belə ərsəyə gəldi. Layihə birinci mövsümdə “Real Vətən”, ikinci mövsümdə “Real Vətən Qarabağ”, üçüncü mövsümdə isə “Real Vətən - Tanımadığımız Azərbaycan” oldu.

Xüsusi ilə qeyd etmək istəyirəm ki, “Real Vətən” layihəsi Real TV ilə Azərbaycan Dövlət Turizm Agentliyinin birgə layihəsidir və 2019-cu ildən efirdədir.

- Bu təcrübələr sizi necə natiqlik və təlimçiliyə gətirdi?

- Məndə bu fikir çoxdan var idi. Aparıcılar üçün məktəb yaratmaq istəyirdim. Çünki illərlə aparıcılar və gənc ifaçılarla işləyirdim. Sonra düşündüm ki, bunu sistemləşdirmək lazımdır. Amerika akkreditasiyalı təlim proqramına qatıldım. Orada başa düşdüm ki, təcrübə var, amma sistem yoxdur. “StageLab” adlı platforma yaratdım. Bu platforma ünsiyyət, nitq bacarıqları və şəxsi brendi birləşdirir. İndi natiqlik üzrə qrup təlimləri keçirirəm. Müxtəlif sahələrdən insanlar gəlir. Onların əsas problemi özünü ifadə qorxusudur. Mən də onlara səhnədə sərbəst olmağı, qorxunu aşmağı və özünü ifadə etməyi öyrədirəm.

Beynimizdə həmişə mərkəzdə dayanmaq, bir də yad adamların baxışının qorxusu var. O qorxu əslində bir enerjidir. Müdafiə zamanı beyin səndə belə bir enerji yaradır və həmişə deyir ki, “qaç oradan”. Bu da ibtidai insanların bizə ötürdüyü bir koddan gəlir.

O dövrdə insanlar mərkəzdə dayananda ovlanmaq riski var idi. Ona görə mərkəzdə dayanmaq təhlükə kimi kodlaşıb və yad baxışlar “ovlanmaq” hissi ilə eyniləşib. Bu kod illərlə yaddaşımızda qalıb.

Ona görə də insan mərkəzə çıxanda yad baxışları təhlükə kimi qəbul edir. Baxın, elə adam var ki, dostlarının içində rahat danışır, amma kameraya çıxanda və ya 10 yad adamın qarşısında “mən çıxmıram” deyir. Amma bu qorxunun da bir çıxışı var: təcrübə.

- Sizin qarşınızda həyəcanla oturmuşam. Yəni fikirləşirəm ki, müsahibim natiqdir və istənilən vaxt səhvimi tuta bilər. Belə düşünmək lazımdır?

- Səhnədə də eyni olur. Bu o deməkdir ki, siz özünüz haqqında daha çox düşünürsünüz, nəinki qarşınızdakı insan haqqında. Amma siz fikirləşsəniz ki, “mən bu söhbətlə qarşı tərəfə fayda verirəm”, onda qorxu arxa plana keçir.

Həyəcan əslində çox gözəldir. Həyəcan insan emosiyalarının göy qurşağıdır. Onu itirmək lazım deyil. İnsan həyəcanlananda daha canlı olur, enerjisi görünür. Heç bir emosiyası olmayan insan isə çox tez yorur, dinləmək çətin olur. Bir az dinləyəndən sonra ondan uzaqlaşmaq istəyirsən. Odur ki, insan qorxularını yenməlidir.

Topladığım təcrübə göstərdi ki, natiqlik təkcə yaxşı danışmaq deyil. Bu, böyük bacarıqdır. Onun içində özünü ifadə, inam, təsir etmək, fayda vermək, ilhamlandırmaq, hətta əyləndirmək var. Yəni natiqlik bütün bunları əhatə edir. Siseronun bir sözü var, onu mən özüm üçün prinsip etmişəm: yaxşı natiq filosof kimi düşünməli, şair kimi ifadə etməli, aktyor kimi təqdim etməlidir.

Şair kimi ifadə etməlidir ki, söz qulağa yatımlı olsun. Aktyor kimi isə səhnədə bir obraz olmalıdır. Çünki səhnəyə çıxan insan evdəki insan deyil. Orada başqa bir obrazdır. Ona görə də səs, duruş, mimika – hamısı aktyor kimi işləməlidir. Aktyorların səsi necə dəyişir – qalxır, düşür, ritm yaradır. Bu çox vacibdir.

Səs sinədən gəlməlidir. Sinə səsi daha cazibədar və təsirli sayılır. Amma bəzən görürsən ki, insan burundan danışır – bu isə dinləyicini yorur. Bütün bunları düşündüm və başa düşdüm ki, bu bir kurs yox, bir yaradıcı laboratoriya olmalıdır. Çünki əsas məsələ psixoloji durumdur. Sən daxilən hazır deyilsənsə, nə qədər düzgün danışsan da, qorxu hər şeyi bloklayacaq.

- Yəni, yaxşı nitqin olmasa belə, əsas məsələ görünə bilmək olmaqdır?

- Bəli. İnsanlar var ki, illərdir özünü göstərmək istəyir, amma nəsə onları saxlayır. Onlardan biri də təqdimatdır. Təqdimat natiqlikdən keçir. Natiqliyi bilməyən insan kompleksə düşür və özünü gizlədir. Məqsədim də budur – özünü gizlədən insana demək ki, gəl, qorxma! Mən sənə səhnədə durmağı, özünü ifadə etməyi və təsir etməyi öyrədəcəm.

- Natiqlik öyrətmək sizin üçün daha çox texniki bacarıqdır, yoxsa psixoloji məsələdir?

- Burada hər ikisi də var. Həm texniki, həm psixoloji məsələ var. Ümumiyyətlə, natiqlik üç sütunun üzərində dayanır: Ruh, psixoloji hal, texniki – fizioloji məsələ və təqdimat. Əgər siz ruh halınızı qaydaya salmasanız, qorxuların qorxu deyil, enerji olduğunu başa düşməsəniz, həyacanın normal olduğunu və onu yönəltmək yolunu bilməsəniz, ikinci mərhələyə keçə bilməyəcəksiniz. İkinci mərhələ isə artıq texniki məsələdir. Yəni siz danışanda tez-tez parazit sözlər işlədirsiniz (ımmm, aaaa) və yaxud da bir sözü təkrarlayırsınız. “Bu gün sizə belə ki, bir sual vermək istəyirəm, belə ki, bu məsələdə siz belə ki” ən çox hansı söz yadda qaldı? “Belə ki” sözü. Bu texniki məsələdir. Parazit söz məsələsi. Ondan sonra bədən dili məsələsidir, göz kontaktı məsələsi, sözləri daha aydın, daha gözəl ifadə eləməkdir.

Bir də var orfoqrafiya və orfoepiya qaydaları, yəni yazılış və düzgün tələffüz qaydaları. Yəni siz çıxıb səhnədə sözləri tələffüz qaydası ilə yox, yazıldığı kimi səsləndirsəniz, zalda və yaxud efir qarşısında oturanın qulağına sanki yad bir not, cingilti dəyəcək. Təsəvvür edin ki, bu bir neçə dəfə təkrarlansa, o dinləyici, tamaşaçı artıq sizə qulaq asmayacaq. Bu vacib məsələdir. Mənim rəhmətlik səhnə müəllimim Nəsir Sadıqzadə olub, həmişə deyirdi ki, “Sizin hamınızdan aktyor olmasa da, amma sizdən yaxşı tamaşaçı olacaq”.

Müşahidə etmək çox vacib şərtdir. Həmişə deyirdi ki, insanları müşahidə edin. İnsanları müşahidə etdikcə sən bəzən onda özünü görürsən. Əgər onda parazit səs varsa, özünü yoxlamağa başlayırsan: “Məndə bu varmı?” “Bu mənim xoşuma gəlmir”. “Bəs məndə bu olsa, mənim xoşuma gələrmi?”

Əgər qorxunu aşmaq istəyirsənsə, özünün videonu çək. Sonra qoy bir gün qalsın, “dəmlənsin”. O saat baxmırsan. Buna “lifehack” deyirlər, yəni faydalı məlumat. Çox maraqlı bir şeydir, özüm etmişəm. Bir gün qulaq asmırsan, baxmırsan. Çünki həmin an baxsanız, səsiniz xoşunaza gəlməyəcək, duruşunuz, geyiminiz – nəsə xoşuna gəlməyəcək. Çünki o anda tənqidi funksiyan çox aktivdir. Bir gündən sonra baxın. Amma əvvəl videoya yox – səsinizə qulaq asın. Siz öz səsinizi eşidəcəksiniz. Nə yaxşıdır, nə pisdir? Bir neçə dəfə qulaq asın. Ondan sonra səsi yığışdırın, yalnız videoya baxın. Hərəkətlərinizi görün. Mən hərdən deyirəm ki, buna görə adətən pul alırlar. Siz bunu pulsuz öyrənə bilərsiniz.

Hətta üçüncü mərhələ var. Özünü dinlə və orada nə deyirsənsə hamısını yaz. Hətta aradakı parazit səsləri də yaz. Sonra onu çap et.

- Nitqdəki parazit səsləri hansısa metodla təmizləmək mümkündür?

- Arada “hmm, ımmm, aaaa” hamıda ola bilər. Az-az ola bilər. İndi sizinlə söhbət etdiyim vaxt iki dəqiqədə bir “hmm, aaa, ıııı” etsəm, bu, sizin beyninizi yoracaq. Amma siz o “hmm, aaa, ııı”ların yerinə balaca pauza versəniz, o zaman hər şey dəyişəcək. Pauza versəniz, sizin səsiniz daha maraqlı olacaq.

- Natiq olmaq üçün əvvəlcə baza olmalıdır, yoxsa heç bir bazası olmayan bir insandan natiq formalaşdırmaq mümkündür?

- Ən birinci “niyə?”niz olmalıdır. Mən bunu niyə öyrənirəm? “Niyə?” sualına cavab tapmalısınız. Buna cavab tapsanız, ondan sonra ardı gəlir. Yəni əsas niyəsidir.

- Aparıcıların natiqlikdə ən çox yol verdikləri səhvlər hansılardır?

- “Ç-C” səsləri. Bu hərflər çox pis səslənir. Təəssüf ki, çox adam buna əhəmiyyət vermir. Dilində qüsur olan adam aparıcı ola bilərmi? Bəli, ola bilər. Buna nümunələr də var. Bəzi aparıcıların dili tam səlis olmasa da, enerjisi, biliyi, dilinin şirinliyi, yumoru və təqdimatı onları sevdirir. Amma “çı-cı” kimi səslər, düzgün olmayan tələffüzlər və kobud nitq səhvləri peşəkar mühit üçün qəbuledilməzdir. Böyük auditoriya bu səsə özləri də danışdığı üçün öyrəşib. Amma bu peşəkar yanaşma deyil. Bu, təkcə televiziya və radio üçün deyil, ümumiyyətlə, böyük auditoriya qarşısında çıxış edən hər kəs üçün keçərlidir.

- Siz də bilirsiniz, sovet dövrünün aprıcıları ilə müasir aparıcılar tez-tez müqayisə olunur. Sizcə, niyə tamaşaçı hələ də “keçmiş daha yaxşı idi” yanaşmasını saxlayır?

- Birincisi, onlar klassiklərdir. Klassiklər həmişə yad ediləcək, müqayisə olunacaq. Amma zaman və nəsillər, münasibətlər və baxışlar dəyişir. O dövrün tələbi başqa idi, bu dövrün tələbi isə fərqlidir. Çünki bu gün sosial şəbəkələr həyatımızın bir hissəsinə çevrilib və bu, təkcə gündəlik həyatımızı yox, bütün peşələrə baxışımızı dəyişib. İndi istənilən insan telefonla məşhur ola, istənilən mövzuda fikrini geniş auditoriyaya çatdıra bilir.

Bəzən televiziyada və ya radioda zəif aparıcı görürük və bütün günah təkcə onda olmur. Onu seçən, onu efirə çıxaran, ona meydan verən adam da bu barədə düşünməlidir. Və yaxud da o adamın da bu kriteriyalardan heç xəbəri yoxdur. Yəni o görür ki, aparıcısı “c-ç” danışır, qonaqla pis rəftar edir, aparıcısı özünü idarə edə bilmir, heç bir enerjisi yoxdur, ümumiyyətlə adam içərisinə çıxarılası deyil, amma onu efirə çıxarır. Bu o deməkdir ki, onu efirə çıxaran da elə o səviyyədədir. Elə bilir ki, bu belə olmalıdır. Ona görə də bəzən insanlara sadəcə demək lazımdır: “Bu, düzgün deyil!”

- Sonda özünüifadə bacarıqlarını inkişaf etdirmək istəyənlərə bir cümləlik mesajınız nə olardı?

- Özünüzün daha yaxşı versiyanızı təqdim etməkdən qorxmayın! Çünki siz qorxduqca, o versiyanızı itirirsiniz. Gözləməyin, başlayın!

Müəllif: Adəm Abbaslı

Fotoqraf: Elnur Muxtarlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm