Murad Əliyev: Bu, agentlikdə ən sərt qaydalardan biridir - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Murad Əliyev: Bu, agentlikdə ən sərt qaydalardan biridir - MÜSAHİBƏ

"Report" etibarlı xəbər mənbəyi kimi özünü təsdiq edib"

Teleqraf.com bir yaşı tamam olan Report.az saytının Baş redaktoru Murad Əliyevlə müsahibəni təqdim edir:

– Bir il arxada qaldı. Təəssüratlarınız necədir?
– Təssüratları bir neçə sözlə ifadə etmək çətindir. Bir tərəfdən bir il ərzində keçilən yola nəzər salırıq, “Report” komandasının hansı həcmdə bir iş gördüyünü analiz edirik, belə bir işin ortaya qoyulmasından qürur hissi keçiririk. Digər tərəfdən, başa düşürük ki, bu üzərimizə daha böyük məsuliyyət qoyur, daha artıq səylə çalışmağa vadar edir.

– Bu bir illə bağlı nə deyə bilərsiniz? “Report”un belə qısa zamanda məşhurlaşacağına inanırdınızmı?
– Bir il ərzində görülən işlərə nəzər saldıqda demək olar ki, bütün sahələr üzrə dövlət qurumları, korporativ sektorun strukturları ilə əlaqələr qurulub. Özümüzə hesabat verərkən əməkdaşlarımızın uğurlarını da qeyd etmək lazımdır. “Report” əməkdaşlarının fəaliyyəti ötən dövrdə dövlət səviyyəsində yüksək qiymətə layiq görülüb. Belə ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikası kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında imzaladığı sərəncamla “Report” İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə “Tərəqqi” medalına layiq görülüb. Həmçinin, daxili işlər naziri, general-polkovnik Ramil Usubov paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı ekstremal şəraitdə peşə borcunu ləyaqətlə yerinə yetirərək əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmiş “Report” İA-nın fotomüxbiri Orxan Əzimovu qəbul edib və ona nazirliyin “Fəxri fərmanı”nı təqdim edib.

Saytın məşhurlaşmağına, irəli gedəcəyinə isə inam verən hər bir “Report” üzvünün işə can yandırması, öz enerjisinə qənaət etmədən bütün potensialından istifadə etməsi olub. Əminəm ki, bu istəklə davam edəcəyimiz təqdirdə daha çox uğurlar qazanılacaq.

– “Report”un yaranma ideyası necə meydana çıxdı, bu adı ilk dəfə kim irəli sürdü?
– “Report” Agentliyinin yaranmasını Azərbaycan mətbuatının son illərdə çoxşaxəli inkişafı əsaslandırıb deyərdim. Ad seçimində həmin adın beynəlxalq səviyyədə asanlıqla qəbul olunmasına üstünlük verildi. Reportyor fəaliyyəti isə dünyanın istənilən yerində eyni anlama gəlir, bir çox dillərdə səslənməsi də eynidir.

– Gənc yaşda bu cür məsul vəzifədə çalışmaq çətin deyil ki? Uzun illər media sahəsində çalışsanız da, bir müddət bu sahədən uzaqlaşmışdınız. Yenidən media sahəsinə qayıtmağınıza səbəb nə oldu?
– “Report”un sayəsində mətbuatdan uzaqlaşmağım uzun çəkmədi. Açığı, 9 il çalışandan sonra mətbuatdan uzaqlaşmaq fikrinə gəlsəm də, nə vaxtsa hökmən media sahəsinə qayıdacağıma əminlik vardı. “Report” isə hələ ideya formasında olan vaxtında belə məni çox özünə cəlb etmişdi.

Gənclik dövrü isə mənə əlavə imkanlar yaradır - məişət problemlərindən uzaq olaraq özümü tam işə sərf etməyə imkan verdi. İnformasiya agentliyinin redaktorunun işi rəssam, şair işi deyil ki, təb gələndə daha məhsuldar işləyəsən, bu bir konveyer üsulu ilə işləyən fabriki xatırladır. Əsas məsələ mexanizmi düzgün qurmaqdı və daima onun hər detalının necə işləməsinə nəzarət etməkdir. Bunun üçün isə özünü həsr etməlisən işə.

– İnformasiya agentliyi olaraq əsas prinsipləriniz nələrdir? İP dalınca qaçırsınız, yoxsa saytın səviyyəsini gözləyirsiniz?
– “Report” İnformasiya Agemtliyi mətbuata heç bir fərqli, yeni prinsiplər gətirmədi, sadəcə beynəlxalq səviyyədə qəbul olunan prinsiplərə sadiqlik nümayiş etdirdi. Bəzən bir sıra xəbər portallarına rəhbərlik edən dostlar öz aramızda danışanda ərkiyanə deyirlər ki, sizin xəbərləri istinadla veririk, report.az niyə bizdə olan eksklüziv xəbərləri istinadla yerləşdirmir. "Report" da sırf informasiya agentliyi olaraq xəbər istehsal edən fabrik funksiyasını öz üzərinə götürür - oxucu yığmaq üçün saytı zənginləşdirən bir resurs kimi yox. Yəni hər hansı bir hadisə ilə bağlı məlumat başqa saytda dərc olunubsa biz çalışıb o xəbərin təfərrüatlarını, yeni faktları tapıb üzə çıxarmalıyıq. Və ötən 1 il ərzində də məhz bununla məşğul olmuşuq. Bunun nəticəsidir ki, il ərzində Agentliyin xəbərlərini ölkədə fəaliyyət göstərən 100-dən artıq informasiya resursu, o cümlədən televiziya, radio, qəzet və xəbər saytları gündəlik olaraq istinadla yayımlayıblar. Hesab edirik ki, İnformasiya Agentliyi İP dalınca qaçmaqla öz əsas yolundan uzaqlaşa bilər. Əgər bizim xəbərin ölkə gündəminə tövfəsi varsa, bir çox saytlar istifadə ediblərsə, demək ki biz öz üzərimizə düşən işi görməyi bacaqmışıq. Bəzən olur ki, report.az-da 200-300 dəfə oxunan xəbər digər xəbər portallarında istinadla verilir və 10 minlərlə oxucu yığır. Bu normaldı və hesab edirəm ki, belə də olmalıdır.

– Onlayn media qurumlarının çox olduğu bir dövrdə “Report”un meydana gəlməsi hansı ehtiyacdan yarandı?
– Yuxarıda qeyd etdiyim kimi, məhz ölkədə azad mətbuatın fəaliyyətinə yaradılan şərait, ictimaiyyətin xəbər resurslarına əlçatanlığının asanlaşması, onlayn media orqanlarının son illər artması yeni bir xəbər istehsalçısının gəlməsinə şərait yaratdı. Digər tərəfdən, Azərbaycanın son illər genişmiqyaslı layihələrə qoşulması, mötəbər tədbirlərə ev sahibliyi etməsi dünya ictimaiyyətinin də daha dolğun informasiya ilə təmin olunmasına ehtiyac yaranır. Bu səbəbdən report.az-ın rus və ingilis dilində olan versiyasına xüsusi diqqət yetirilir. Misal üçün bizim fəaliyyət göstərdiyimiz 1 il ərzində "Report" Azərbaycanda təşkil olunan ən mötəbər tədbir olan ilk Avropa Oyunlarına aid məlumatların yayım sayına və keyfiyyətinə görə ölkənin ən qabaqcıl informasiya resurslarından biri olub. Oyunlar keçirilən 1 aya yaxın dövrdə www.report.az "Avropa Oyunları" blokunda 2172 xəbər dərc edib. Bunlardan 1003-ü Azərbaycan, 631-i rus, 538-i ingilis dillərində olan xəbərlərdir. “Report” oxucuları Avropa Oyunları zamanı agentliyin saytı vasitəsilə yarışları canlı izləmək, həmçinin yarışların ən maraqlı anlarından fotosessiyalarla tanış olmaq imkanı əldə ediblər.

– Saytınız üç dildə fəaliyyət göstərir: Azərbaycan, rus, ingilis. Başqa dillərdə də fəaliyyətiniz gözlənilirmi və xarici ölkələrdə müxbir məntəqəsi yaratmaq fikiriniz varmı?
– Hesab edirəm ki, saytın xəbər dilləri ilə bağlı kəmiyyət deyil, keyfiyyətə üstünlük vermək lazımdır. Yəni, hər dil üzrə 1-2 tərcüməçi sayəsində saytda xeyli dillərdə yayım təşkil etmək olar. Lakin həmin xəbərlərin keyfiyyətinə lazımı səviyyədə nəzarət olunmasa, digər tərəfdən operativlik təmin olunmasa, agentliyin məhsuluna istinad mənbəyi kimi baxılmayacaq. Bu da yuxarıda qeyd etdiyim prinsiplərə əksdir. Xarici ölkələrdə müxbir postlarının yaradılması da zamanın tələbi olmalıdır.

– Hansısa xəbərə görə problem yaşamısınızmı? Xəbərin saytda işıqlanmasını istəməməsiniz və yaxud da xəbərin yayımlanmamasını istəməyiblər?
– Bu və ya digər xəbərlə bağlı problemlər hər gün yaşanır - hansısa faktı əldə edirik, dərc edirik, dərhal digər saytlar istinadla yerləşdirir, xəbər subyekti olan şəxslər zəng edərək bizə narazılığını bildirir, gəlir redaksiyaya, uzun-uzadı izah olunur ki, qərəzdən söhbət gedə bilməz, bunun bizim üçün yalnız xəbər əhəmiyyəti var. Xəbər isə istənilən halda dərc olunmalıdır - biz istədik, ya istəmədik. Misal üçün bu yaxınlarda mənim yaxşı tanıdığım bir şəxsin ailəsində faciə baş vermişdi, mənim özüm də hüquq-mühafizə orqanlarının yaydığı xəbərdən məlumat aldım. Həmin xəbəri dərc elədik, axşamı isə getdim başsağlığına. Yəni biz dərc etməsək də müasir informasiya mühitində faktı gizlətmək olmaz. Amma istənilən halda haqqında danışdığımız prinsiplərdən söhbət gedirsə, xəbər müvafiq instansiyalardan dəqiqləşdirilməmiş verilmir. Bu, agentlikdə ən sərt qaydalardan biridir. Məhz elə bu səbəbdəndir ki, ötən 1 il ərzində "Report" etibarlı xəbər mənbəyi kimi özünü təsdiq edib. Heç bir xahişlə və ya pul müqabilində xəbər saytdan çıxarılmayıb.

– Sizə daha çox hansı məmurlar açıqlama verib və dəstək olub?
– Hesab edirəm ki, hər kəs öz işini görməlidir və bunu nə qədər peşəkarcasına edərsə, bir o qədər cəmiyyətin inkişafına nail olmaq olar. Bu sizin sualın "dəstək olub" hissəsinə cavabdır, yəni istənilən məmur və ya dövlət qurumu sorğularımıza cavab verirsə, öz işinə peşəkarcasına yanaşırsa, bu, tək bizə deyil, bütövlükdə ölkə mətbuatına verəcəyi ən böyük dəstəkdir. Açıqlamalarla bağlı isə bu gün hər hansı şəxsin adını çəkə bilmərəm, bütün infromasiya resursları üçün necə, bizim üçün də elə. Lakin informasiya agentliyinin jurnalistinin 1 nömrəli vəzifəsi öz çalışdığı sahə üzrə daha çox mənbə əldə etməkdir, hər hansı xəbər yayılarsa , ona dərhal reaksiyanı təmin etməlidir. Bu sahədə də ümumən götürsək, jurnalistlərimizdən razılıq edə bilərəm.

– Gələcək hədəfləriniz nələrdir?
– Açıq deyim, hər hansı bir fantastik hədəflər müəyyənləşdirməmişik. Əsas hədəf növbəti ay bu aydan daha səmərəli işləməkdir, işimizdə boşluqları müəyyənləşdirib onları tez bir zamanda aradan qaldırmaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm