• USD 1,7000 0,00% EUR 1,9202 -0,07%
    • GBP 2,2177 -0,11% RUB 0,0266 +0,38%

Yeri görünən “Buğa” - “10 il əvvəl futbol daha maraqlı idi”

Yeri görünən “Buğa” - “10 il əvvəl futbol daha maraqlı idi”

Azərbaycan çempionatında bir dövrə geridə qalıb. 2015/16 mövsümündə 45 oyun keçirilib və bu gün bombardirlər siyahısına baxanda adamın ürəyi ağrıyır. İlk 3-4 yerdə bir azərbaycanlı futbolçunun adına rast gəlmək olmur. Ümumiyyətlə, son illərdə Azərbaycan futbolunun ən çox əziyyət çəkdiyi mövqelərdən biri də hücumdur. Amma vaxtilə çempionatın bombardiri olan azərbaycanlı futbolçular az olmayıb. Bizim Fərruxumuz, Paşamız, Zaurumuz, “Buğa”mız olub...

“Buğa” ləqəbiylə tanınan “Qarabağ”ın sabiq forvardı, hazırda da bu klubda uşaq məşqçisi kimi çalışan Samir Musayevdir. Samir oynadığı dövrlərdə komandasına çox fayda verib. Taran tipli hücumçu ən yaxşı illərini “Qarabağ”da keçirsə də, Azərbaycanda bir çox klubun şərəfini qoruyub. Təəssüf ki, amansız zədə ona karyerasını layiqli şəkildə bitirməyə imkan verməyib. Özünün də dediyi kimi, süni meydançalar onu vaxtından əvvəl yaşıl meydanlardan uzaqlaşdırıb. Uzun müddət idi ondan xəbər yox idi. Hazırda “Qarabağ”da yeniyetmələrə futbolun sirlərini öyrədən Samirlə söhbətləşmək qərarına gəldik.

Publika.az-ın qonağı olan sabiq futbolçuyla bir az keçmişə boylandıq, bir az da futboldan kənar söhbət etməyə çalışdıq.

- Samir bəy, neçə ildir peşəkar futboldan uzaqlaşmısınız?

- 5 ildir artıq.

- Futbolsuz darıxmırsınız ki?

- Darıxmaq nədir, hərdən lap ağlamaq tutur. Xüsusilə də oyunlara gedəndə təsirlənirəm. Sizə asan gəlməsin. Təsəvvür edin ki, 18 il dayanmadan futbol oynayırsan və bir gün hər şeyə son qoyursan.

- Karyeranızı başa vurmaq qərarını necə verdiniz? Çətin olmadı?

- Həm zədələr imkan vermədi, həm də gəncləşdirmə siyasətinə başladılar. Anladım ki, artıq getmək vaxtıdır.

- Siz oynadığınız vaxt Azərbaycanda futbol daha maraqlı idi?

- Hardasa razıyam bu fikirlə. O vaxt yerli futbolçular çox idi, savadlı məşqçilər isə az idi. İndi bunun əksi müşahidə olunur. Legionerlər çoxalıb. Yerli yaxşı futbolçular barmaqla sayılacaq qədər azalıb. Bizim dövrümüzdə gecə-gündüz futbol oynayardıq. Kimisi məktəbdən qaçardı, kimisi institutdan. Yəni başqa işimiz-gücümüz yox idi. Futbolla yatıb dururduq. Bundan başqa, çempionatda bölgə komandaları çox idi, Gəncə, Tovuz... Ona görə təxminən 10 il əvvəl futbol daha çox maraqlı gəlirdi adama.

- Peşəkar səviyyədə sonuncu oyununuz yadınızdadırmı? Həmin oyunda hansı hisləri keçirmişdiniz?

- Dəqiq xatırlamıram. “Simurq”da oynayırdım. Əlbəttə, meydana çıxanda bilirdim ki, sonuncu oyunumdur. Kövrəlmişdim. Hətta ağlamaq istəyirdim.

- Konkret zədəyə görə qəti qərar verdiniz, yoxsa artıq yorulmuşdunuz?

- Gənc vaxtlarımda 4 il “Şəfa”da oynamışam. Bildiyiniz kimi bu komanda süni örtüklü meydançada oynayırdı. Süni meydançalarda qazonun altı beton olur. Çoxlu məşq etdikcə, oynadıqca bütün oynaqlarda ağrılar hiss olunur. Tədricən dizimdə zədə əmələ gəldi. Oynaqda olan “maye” tamamilə əriyib yoxa çıxdı. Sümük sümüyün üstündə qalanda kəskin ağrılar olur. Sırf bu üzdən 31 yaşımda futbolla vidalaşmalı oldum.

- Karyeranızda ən yaddaqalan oyununuz hansı olub?

- 2006-cı ildə baş tutan “Qarabağ”la “Karvan” arasında kubokun final oyunu (2:1) mənim üçün unudulmazdır. Bir də 2004/05 mövsümündə “Qarabağ” çempionluğa oynayırdı. Lənkəranda “Xəzər”ə 0:3 uduzduq. Amma meydanda yox... O oyunu udsaydıq, böyük ölçüdə çempionluğu həll edəcəkdik. Amma meydanda elə şeylər baş verdi ki, nəticəsi 0:3 oldu. Bu üzdən həmin oyunu yaddan çıxara bilmirəm.

- Futboldan başqa məşğuliyyətiniz varmı?

- Elə bir məşğuliyyətim yoxdur. Məşqçiliklə bağlı özüm üçün araşdırmalar aparıram. Kimdənsə nəsə öyrənirəm.

- Öyrəndiklərinizi məşqlərdə tətbiq edirsiz?

- Əlbəttə. Mən uşaq futbolundayam. Bizim üçün nəticə odur ki, bacardığımız qədər yuxarıya istedadlı futbolçu verək.

- Az əvvəl gənc məşqçilərdən söz düşdü. Sizcə kimlər gələcəkdə Qurban Qurbanov kimi Azərbaycan futboluna töhfə verə bilər?

- Hər bir məşqçidən yüksək nəticə gözləmək olar. Sadəcə olaraq, ona inanmaq və vaxt vermək lazımdır. Qurban müəllimə “Azərsun” rəhbərliyi güvəndi və indi də bəhrəsini görür. O, ilk dəfə “Qarabağ”a baş məşqçi gələndə komanda səhv etmirəmsə, mövsümü 5-ci pillədə başa vurmuşdu. Amma indi “Qarabağ” görürsüz nələr edir. Ümumiyyətlə, beynindəki komandanı yaratmaq, düşündüklərini həyata keçirtmək üçün hər bir gənc məşqçiyə inanmaq və vaxt vermək mütləqdir.

- Dost məclisləriylə aranız necədir? Orada da futboldan danışırsız?

- İnanın ki, dostlarla da futbolda görüşürük. 14-15 dostla görüşmək istəyəndə əvvəlcə futbol oynayırıq, sonra oturub söhbətləşirik. Amma mövzu təbii ki, dəyişmir (gülür). Yalnız kəndə gedəndə futboldan uzaqlaşıram...

- Kənddə tanıyanlar sizi görəndə ilk sualı nə olur?

- Bizim futbol nə vaxt düzələcək?

- Bəs ailədə necəsiniz?

- Ailədə futbol haqda danışmasam da, evə gələndə balaca qızımın ilk sualı belə olur: “Hardan gəlirsən, yenə futboldan?” Bəzən görürsən ki, futbolda zədələnirəm, ayağım ağrıyır. Axsayanda görür. Deyir ki, ayağını kim əzib, mənə de, gedim onu döyüm...

- Neçə övladınız var?

- İki qızım var. Biri 1-ci sinifdə oxuyur, biri 3-cü sinifdə.

- Yəqin ki, cizgi filmlərinə maraq göstərirlər. Televizora baxmaq üstündə mübahisə yaranmır ki?

- Onlar xasiyyətimə bələddir. Evə gələn kimi balaca qızım “pult”u gətirir mənə verir.

- Dərs oxuyanda sizi köməyə çağırırlar?

- Düzü, mən qarışmıram, anaları məşğul olur. Amma oxumayanda anaları onları mənimlə qorxudur. Məndən çox çəkinirlər.

- Sosial şəbəkədə yaydığınız fotolardan hiss olunur ki, ov həvəskarısız...

- Bəli. Kənddə olanda ova mütləq gedirəm.

- Hansı ova marağınız daha böyükdür?

- Mən peşəkar ovçuluqla məşğul olmuram. Sadəcə həvəskaram.

- Dincəlmək üçün ölkə xaricinə çıxmısız?

- Belə şeylərə həvəsim yoxdur. Onsuz da futbol oynayanda bir çox ölkələrdə olmuşam. Avropada görmək istədiyim yerləri də görmüşəm.

- Ən çox marağınıza səbəb olan şəhər hansı olub?

- Vyana. Oradakı tarixi binalar adamı valeh edir.

- Kinoya marağınız var? Varsa, hansı janrlara üstünlük verirsiniz?

- Var. Tarixi kinolara baxıram.

- Onda “Qladiator”a baxmısız yəqin?

- Elə ən çox sevdiyim filmdir.

- O filmin çəkildiyi meydana getmək istəyərdiniz?

- Əlbəttə gedərəm.

- Kefiniz olmayanda Bakının harasında dinclik tapırsız?

- Bulvarda, Bayraq meydanında...

Pərviz Hikmət

Aygün İlqarqızı

Fotolar: Elçin Murad

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR