“Onları da çox acınacaqlı aqibət gözləyir” – deputatdan şok AÇIQLAMALAR – MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

“Onları da çox acınacaqlı aqibət gözləyir” – deputatdan şok AÇIQLAMALAR – MÜSAHİBƏ

Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalının Publika.az-a müsahibəsi:

- Prezident İlham Əliyevin sahibkarlığın inkişafı və bu inkişafa mane olan şəxslərlə bağlı sərt çıxışı Azərbaycanda biznes mühitinin inkişafına hansı təsirləri göstərəcək?

- Ölkə Prezidentinin iştirakı ilə keçirilən Nazirlər Kabinetinin son toplantısında prezident İlham Əliyevin söyləmiş olduğu kəskin fikirlər və ortaya qoyduğu ciddi xarakter daşıyan iradə artıq özünün konkret nəticələrini verməkdədir. Mən həmin toplantıdan sonra kütləvi informasiya vasitələrinin (KİV) mənə ünvanlandığı suallarına cavab verərkən, birmənalı şəkildə bildirdim ki, artıq ölkə prezidenti rüşvətxorluğa və korrupsiyaya qarşı müharibə elan edib. Biz bu müharibənin konkret nəticələrini yaxın zamanlarda görəcəyik. Bu günlərdə prezident heç kəsin gözləmədiyi sərəncamı imzaladı və milli təhlükəsizlik naziri tutduğu vəzifədən uzaqlaşdırıldı. Eyni zamanda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) bir sıra yüksək rütbəli məmurları barəsində cinayət işləri açıldı. Bununla da Azərbaycan cəmiyyətinə, o cümlədən bizim hər birimizə tükürpədici faktlar bəlli oldu. Bəlli oldu ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov üzərinə düşən çox şərəfli və məsuliyyətli vəzifəni yerinə yetirmək əvəzinə, rüşvətxorluqla, korrupsiya ilə, sahibkarları incidərək onlardan külli miqdarda pul almaqla məşğul imiş. Məlum oldu ki, əslində, o, Azərbaycan dövlətinin digər bel sütunu olan və ölkə iqtisadiyyatının əsasını təşkil edən sahibkarlara qarşı müharibə elan edib, rüşvətxorluq və korrupsiyaya bulanmaqla çox ciddi cinayətlərə yol verib. Bununla bağlı mənim KİV-lərdə bir sıra açıqlamalarım da getdi və sərt mövqeyimi ifadə etdim. Bu gün də o fikirdəyəm ki, ölkə prezidentinin ortaya qoymuş olduğu iradə və Azərbaycan xalqına xidmət edən addımları bütün respublikada xalqımız tərəfindən, o cümlədən siyasətçilər tərəfindən müdafiə olunmalı və dəstəklənməlidir.

Bilirsiniz ki, son günlər digər sahələrdə də müəyyən adamlar cinayət məsuliyyətinə cəlb olunublar. Cənab Prezident ötən günlərdə Sumqayıt şəhərindəki açılış törənində bir daha bəyan etdi ki, sahibkarlara mane olanlar, onları sıxışdıranlar, onlardan haqq tələb edənlər, sahibkarlığın inkişafına əngəl yaradanlar dövlətə xəyanət edirlər. Bu çox ciddi bir mesaj idi. İndi görün vəziyyət nə qədər mürəkkəb və ciddidir ki, ölkə başçısı bu cür ifadələr səsləndirir.

Şübhəsiz ki, ölkə prezidentinin bu addımı Azərbaycanda sahibkarlığın inkişafına çox geniş imkanlar açacaq. Buna mane olanların yeri isə artıq bəllidi. Bunun digər yolu yoxdur. Nəzərə alsaq ki, dünyada çox ciddi proseslər gedir, Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır, dünyada qütbləşmə davam edir, iqtisadi və maliyyə böhranı getdikcə daha da dərinləşir. Yaxın gələcəkdə neftin qiymətinin artması gözlənilmir. Belə bir şəraitdə Azərbaycan iqtisadiyyatının inkişafını, ölkə büdcəsinin formalaşmasını təmin edəcək yeganə mənbə daxili imkanlar və sahibkarlığın güclənməsidir.

Prezident sahibkarlığın inkişafına mane olan amilləri aradan qaldırmaqla kifayətlənmir, eyni zamanda islahat xarakterli addımlar da atır. Artıq bir sıra sahələr “ASAN” xidmətə verilib və bu proses gedəcək. Gömrük sahəsində islahatlar davam edir. Vergilərlə bağlı xalqın və sahibkarların xeyrinə müəyyən güzəştli addımlar atıldı. Beləliklə, Azərbaycanda əlverişli biznes mühitinin yaradılması və sahibkarlığın inkişafının gücləndirilməsi üçün geniş perspektivlər açılmaqdadır. Bütün bunlar bir daha onu sübut edir ki, Azərbaycan dövlətinin güclənməsi və xalqın həyat səviyyəsinin yüksək səviyyəyə çatdırılması üçün ölkə prezidentinin iradəsi ortadadır və bu iradəyə qarşı çıxanları çox acınacaqlı aqibət gözləyir.

“Prezidentin xəbərdarlıqlarının limiti tükənib”

- Ölkə Prezidenti harınlamış bir sıra məmur övladları ilə bağlı da sərt mövqeyini daim ifadə edir. Sizcə, son həbslərin bu istiqamətdə də təsiri olacaqmı?

- Cənab Prezidentin çıxışlarında o da var ki, təkcə səlahiyyətlərindən sui-istifadə edib rüşvət alan və korrupsiyaya bulanan bəzi məmurlar onlara bəslənən ümidləri və etimadı itirməklə kifayətlənmirlər. Onlar həm də toplamış olduqları haram sərvətin xoşagəlməz nəticələrini cəmiyyətə bu və ya digər şəkildə ötürməkdə davam edirlər. Haram pulla qidalanan, yetişən, formalaşan bəzi məmur övladları ciddi problemlər yaradırlar, qanunları tapdalayırlar, qanuna məhəl qoymurlar, özlərini çox fərqli bir statusda hiss edirlər. Baxmayaraq ki, ölkə prezidenti bununla bağlı dəfələrlə kəskin fikirlər söyləyib, onları xəbərdarlıq edib, hətta övladlarını düzgün tərbiyə etməyən məmurları işdən qovub. Oğurluq, korrupsiya və rüşvətxorluğa başları qarışan bu antipodlar öz övladlarının tərbiyəsi ilə məşğul ola bilmirlər. Əksinə, haram pullar onların övladlarını da harınladır, qudurdur və onlar da cəmiyyət üçün əlavə problemlər yaradırlar. Mən tam əminəm ki, bundan sonra da kimliyindən asılı olmayaraq onlara qarşı heç bir güzəşt olmadan sərt addımlar atılacaq. Artıq güzəşt limiti bitib. Azərbaycan xalqının və dövlətinin maraqlarını ifadə edən bu siyasi xətt xalqımız tərəfindən yüksək səviyyədə dəstəklənir. Seçicilərimlə görüşlərdə onlar Prezidentə bu addımlarına görə minnətdarlıq və təşəkkürlərini ifadə edirlər. Bu gün Azərbaycan xalqı ölkə prezidenti ilə bərabərdir.

“Azərbaycan xalqı öz dövlətinə və dövlətçiliyinə biganə deyil”

- Artıq təşviqat kampaniyası yekunlaşır. Mümkünsə, indiyədək seçicilərinizlə keçirdiyiniz görüşlər barədə də məlumat verərdiniz...

- Artıq görüşlər başa çatıb. Bütün görüşlər yüksək əhval-ruhiyyə və fəallıqla müşahidə olunurdu. Açıq etiraf edim ki, əvvəlki dönəmlərlə müqayisədə bu seçkidə insanların fəallığı daha yüksəkdir. Digər bir məqam, gənclərimizin və xanımların görüşlərə maraqlarının böyük olmasıdır. Mərkəzi və Dairə Seçki Komissiyaları görüşlərin keçirilməsi üçün bütün namizədlərə bərabər imkanlar yaradıb. Azərbaycan dövlətinin bütün strukturları Konstitusiya və Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq hərəkət və davranışlarını nümayiş etdirir. Heç bir icra strukturunun seçki prosesinə hər hansı müdaxiləsi yoxdur, vətəndaşlarla keçirdiyimiz görüşlərin təhlükəsizliyi yüksək səviyyədə təmin olunur, müəyyən olunan yerdə hər hansı xoşagəlməz vəziyyətin baş verməməsi üçün əvvəlcədən Dairə Seçki Komissiyasının tələbi ilə hüquq-mühafizə orqanları həmin görüş yerlərinin təhlükəsizliyini təmin edirlər. Beləliklə, seçki prosesində mühüm mərhələ olan təbliğat-təşviqat kampaniyasını uğurla başa çatdırdım. Bu, təbliğat-təşviqat kampaniyasından çıxardığım nəticə ondan ibarətdir ki, Azərbaycan xalqı öz dövlətinə və dövlətçiliyinə biganə deyil və parlament seçkilərində fəal iştirak etmək niyyətindədir. Mən tam əminəm ki, bütün xalqımız, eyni zamanda 60 saylı Salyan-Neftçala seçki dairəsində yaşayan soydaşlarımız noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə fəal iştirak eədəcək, seçki məntəqələrinə gələrək, layiqli və peşəkar namizədlərə səs verəcəklər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm