• USD 1,7000 0,00% EUR 1,9343 0,00%
    • GBP 2,1630 0,00% RUB 0,0254 0,00%

“Qəbələ”nin legioneri: “Bakıda oynadığımız kimi oynasaq...” – MÜSAHİBƏ

“Qəbələ”nin legioneri: “Bakıda oynadığımız kimi oynasaq...” – MÜSAHİBƏ

Mövsümün əvvəlində PAOK-dan icarəyə götürülən Fakundo Pereyra “Qəbələ” tez uyğunlaşdı. Həm çempionatda, həm də Avropa Liqasında forma geyinən argentinalı hücumçu artıq yeni klubunda qol hesabını da açıb. 28 yaşlı forvard “Borussiya”yla oyun ərəfəsində “Qəbələ İK" qəzetinə müsahibə verib. Onu daha yaxından tanımaq istəyənlər üçün bu müsahibə yaxşı fürsətdir.

Publika.az həmin müsahibəni təqdim edir:

- Ölkəmizə, yeni komandana uyğunlaşa bilmisən?

- Azərbaycanda yeni mühitə, demək olar, çox tez uyğunlaşdım. Ölkənizi yavaş-yavaş tanımağa başlayıram.

- Azərbaycanda ən çox diqqətini çəkən nə oldu?

- İlk gündən mənə göstərilən isti münasibəti xüsusi qeyd edərdim. Burda əcnəbi vətəndaş deyil, sanki sizlərdən biriyəm. Buna görə darıxmıram, özümü yad adam kimi hiss etmirəm. Azərbaycanlıların qonaqpərvərliyi məni yaxşı mənada təəccübləndirdi.

- Bəs Azərbaycan mətbəxi ilə aran necədi?

- Qızardılmış yeməklərə üstünlük verilməsi diqqətimi çəkib. Kabablar, toyuq ətindən hazırlanan yeməklər burda xüsusi arzuolunandır. Mənsə sağlam qidaya, komanda yoldaşlarım kimi peşəkar futbolçulara uyğun yeməklərə üstünlük verirəm. Ancaq bu o demək deyil ki, milli təamlarınızın dadına baxmıram. Vətəndən xeyli uzaqda olsam da, imkan tapıb ara-sıra Argentina mətbəxini də yada salıram. Məsələn, Cənubi Amerikada çox sevilən mate içkisi qəbul edirəm.

- PAOK-a keçidin haqda danışardın. O zaman Avropanın başqa klublarından da təkliflər var idi?

- Bəli, başqa variantlar vardı. Avropada oynamaq istəyirdim və gələn təklifləri dəyərləndirirdim. Yunanıstanın digər klubları da məni heyətlərində görmək istəyirdilər. Ancaq PAOK-u bir neçə səbəbə görə seçdim. Əvvəla, Avropa Liqasında çıxış edirdi. İkincisi də Yunanıstanda azarkeşlərin futbola sevgisi çox böyükdür. Bu, vətənim Argentinada da belədir. PAOK-u seçdiyimə görə qətiyyən peşman olmamışam.

- Bu klubla uzunmüddətli müqavilə bağlasan da, ilk mövsümdən sonra ayrılmalı oldun. Rəqib komandaya - "Qəbələ"yə keçidin isə böyük rezonans doğurdu.

- İstər PAOK olsun, istərsə də "Qəbələ", əsas məqsədim komandam üçün əlimdən gələni etməkdir. Bu xüsusiyyətimə həmişə sadiqəm. Mənə görə duyğular həmişə ikinci planda olub. "Qəbələ"dən təklif gələrkən PAOK-da hazırlıq keçirdim. Həmin vaxt yeni kluba keçmək zərurəti yarandı və bu addımı atdım. Müqavilə ilə PAOK-a məxsus olsam da, Bakıdakı matçda sabiq komandama qarşı var qüvvəylə oynadım. Çünki hazırda "Qəbələ"nin şərəfini qoruyuram. Çalışacam ki, təkcə Avropa Liqasında deyil, Azərbaycan çempionatında da komandamın uğurlarına töhfə verim.

- PAOK-dan baş məşqçi İqor Tudorla münasibətlərinə görə getdiyin deyilir. Belə çıxır ki, xorvatiyalı mütəxəssis nə qədər Saloniki təmsilçisinin çalışdırıcısıdır, qayıtmağı düşünmürsən?

- Futbolda hər şey nəticədən asılıdır. İqor Tudor hazırda ordadır. Ancaq ola bilər ki, vacib oyunlarda məğlubiyyətdən sonra klubun ona münasibəti dəyişsin. Öncədən dəqiq bir şey demək olmur. Hər şeyi zaman göstərəcək. "Qəbələ" ilə icarə müqaviləm gələn ilin iyununda bitdiyi zaman da, PAOK-la hələ 2 illik anlaşmam qüvvədə qalacaq. Ona görə də, həmin kluba qayıdıb-qayıtmayacağımı indidən deyə bilmərəm.

- Ardıcıl 2-ci ildir Avropa Liqasının qrup mərhələsində iştirak edirsən. "Qəbələ"nin 1/16 finala çıxmaq şansını necə dəyərləndirərdin?

- Mən bu təcrübəni yaşamışam. Qrupdan çıxmaq üçün axıradək mübarizə aparmaq lazımdır. PAOK-da oynadığım zaman son turadək 1/16 finala çıxmaq şansımızı saxlasaq da, bundan istifadə edə bilmədik. Doğrudur, "Qəbələ" hazırda qrup sonuncusudur. Ancaq ruhdan düşməməliyik. Baş məşqçimizin oyun üslubuna sadiq qalsaq, daha böyük uğurlar qazanacağıq. "Borussiya" xaric digər 3 komanda - "Qəbələ", PAOK və "Krasnodar" qrupda 2-ci yer uğrunda mübarizə aparır. Hesab edirəm ki, bu komandalar səviyyəcə eynidir. "Krasnodar"la matçın ikinci hissəsində rəqibdən üstün idik. Hesabı bərabərləşdirdik, hətta daha bir qol vurduq. Ancaq haqsız olaraq qolu saymadılar. PAOK-la Bakıdakı oyunda da çoxlu qol imkanlarını əldən verdik.

- Eyni sözləri "Borussiya"yla ev matçı haqda da deyə bilərik...

- Bəli. Əlbəttə, qrup favoriti olan "Borussiya" ilə oyunun çətin olacağını bilirdik. İlk 30 dəqiqədə yaratdığımız real qol imkanlarından istifadə etsəydik, bəlkə də, hesab başqa cür olacaqdı. İstənilən halda, çox güclü rəqiblə oyunda xal qazanmaq üçün əlimizdən gələni etdik. Bu görüşü unudub, qarşıdakı sınağı düşünürük. Almaniyada bizə daha çətin olacaq. Ancaq, istənilən halda, sərfəli nəticəylə qayıtmağa çalışacağıq. Bunun üçün Bakıda ilk 30 dəqiqədə oynadığımız futbolu Dortmundda 90 dəqiqə nümayiş etdirməliyik.

- PAOK-un "Qəbələ"ylə müqaviləyə daxil etdiyi bəndə əsasən Salonikidəki matçda iştirak etməyəcəksən. Bu məsələyə münasibətin necədir?

- Noyabrın 26-da keçiriləcək həmin matçda oynamayacam. Amma bu, komandamızın səfərdə zəif çıxış edəcəyi anlamına gəlməməlidir. "Qəbələ" güclü komandadır. Bunu "Panatinaikos" kimi ciddi rəqibi üstələyib, qrup mərhələsinə düşməklə artıq sübut etmişik. Mən də istərdim ki, Salonikidə oynayım. Yunanıstan klubları ev oyunlarını doğma azarkeşlərinin dəstəyi sayəsində yüksək əhval-ruhiyyədə keçirirlər. Amma çətin olsa da, "Qəbələ"nin mənsiz də Salonikidən 3 xalla qayıdacağına inanıram.

- "Qəbələ"də PAOK-u səndən yaxşı tanıyan yoxdur. Bu komandaya necə qalib gələ bilərik?

- PAOK-a qarşı Bakıda oynadığımız kimi oynasaq, qalib gələ bilərik. Doğrudur, Saloniki təmsilçisi ciddi rəqibdir. Öz üstünlükləri, özünəməxsus oyun üslubu var. Ancaq Bakıda PAOK-dan üstün idik. Qol vəziyyətlərindən yararlansaydıq, 3 xalı götürmüşdük.

- Yunanıstan və Azərbaycan çempionatlarının hansı oxşar və fərqli cəhətlər var?

- Oxşar cəhət odur ki, hər iki birincilikdə 2-3 komanda çempionluğa iddia edir. Hazırda Azərbaycanda "Qarabağ"la "Qəbələ" bütün qalan iştirakçılardan üstün görünürlər. Yunanıstanda isə həmişə "Olimpiakos" çempionluğa əsas namizəd olub. Təsadüfi deyil ki, son 19 mövsümün 17-də ölkə çempionu titulu məhz bu komandaya nəsib olub. Əsas fərq isə ondadır ki, Yunanıstan çempionatının 100-ə yaxın yaşı, zəngin tarixi var. Klubların maddi durumları da fərqlidir. Yunanıstanda 4-5 klub var ki, daha çox tanınıblar və bu səbəbdən də heyətə çox güclü futbolçular cəlb edə bilirlər. Necə ki, PAOK Dimitar Berbatov, Rikardo Kosta, "Olimpiakos" Alexandro Dominqes, Esteban Kambyasso kimi ulduz futbolçular transfer edib.

- PAOK-un heyətində Yunanıstan Superliqasında 36 oyunda 13 qol vurmusan ki, bu da yaxşı göstəricidir. "Qəbələ"də də belə məhsuldarlıq nümayiş etdirə biləcəksən?

- Mənim işim bacardıqca məhsuldar oyun nümayiş etdirməkdir. Bunun üzərində daim çalışıram. Yunanıstan çempionatında 13 qol vurmuşam. Ancaq Azərbaycan Premyer Liqasında daha çox qol vurmaqla yaddaşlarda qalmaq istəyirəm.

- "Qəbələ" ilk dövrəni 1-ci yerdə bitirsə də, son 3 ev oyununda qalib gələ bilmədi. Bunun səbəbini nədə görürsən?

- "Zirə", AZAL və "Kəpəz"lə matçlarımız çempionatımızda asan oyunların, asan rəqiblərin olmadığını göstərdi. "Zirə"ylə oyunda qasıq nahiyəmdə ağrılarım olduğumdan komandama kömək edə bilmədim. Əlbəttə, birinci dövrəni birinci pillədə başa vurmağımız nə qədər yaxşı olsa da, bu, hələ heç nə demək deyil. Çünki əsas mübarizə hələ qabaqdadır.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>