Brilliant Dadaşova özünü öldürmək istəyib - FOTOLAR
Bizi izləyin

Müsahibə

Brilliant Dadaşova özünü öldürmək istəyib - FOTOLAR

Tələbəlik dövrü yada düşəndə əksəriyyətimizin dodağına gülüş qonur. Acı-şirin xatirələr bizi qayğıların az, arzuların bol olduğu illərə aparır. Bəzilərimizin o günlər üçün burnunun ucu göynəyir. Bir də xatirələrdən bu günə boylanırıq.

Tələbəlik dövrü yada düşəndə əksəriyyətimizin dodağına gülüş qonur. Acı-şirin xatirələr bizi qayğıların az, arzuların bol olduğu illərə aparır. Bəzilərimizin o günlər üçün burnunun ucu göynəyir. Bir də xatirələrdən bu günə boylanırıq.

Tələbə yoldaşlarımızın taleyi ilə maraqlanırıq. Kimi ixtisas üzrə işləyir, kimi başqa sahəyə gedib, kimisi ümumiyyətlə işləmir, kimi ölkədən köçüb, kimi dünyadan... Bəzən də tələbə ikən bir addımladığımız yoldaşımız məşhur olur. Cəmiyyətin məşhur olarkən tanıdığı şəxsi biz uzun illər əvvəldən tanıyırıq.

Bu dəfə xalq artisti, müğənni Zülfiyyə Xanbabayeva tələbə yoldaşı xalq artisti, müğənni, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili komediya ixtisasını 1990-cı ildə bitirmiş Brilliant Dadaşova haqqında danışır:

“Brilliant xanımla biz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tanış olmuşuq. Brilliant musiqili komediya ixtisasını bitirib. Mən isə mədəni maarif və rejissorluq fakültəsində təhsil almışam. Bizi tanış edən mənim prodüserim Nigar Hacızadə olub. Çünki Nigar Brilliantı tanıyırdı, mən tanımırdım. O vaxt Brilliant efirlərə çıxırdı və hamının sevgisini qazanmışdı. Özü də onda efirə çıxmaq çox asan iş deyildi. Onun efirə çıxmağı, populyar olmağı mənim üçün maraqlı idi. Nigar mənim səsimə artıq bələd idi və o mənə deyəndə ki, səni Brilliantla tanış edim, bir o sənə qulaq assın, dedim, “yox”, çəkindim. Çünki o artıq efirə çıxmış bir müğənni idi, buna görə Brilliantın qarşısında oxumağa utanırdım. Brilliant həmişə auditoriyada otururdu, özü çalır, özü oxuyurdu. Nigar necə deyərlər, mənim saqqızımı oğurladı. Tanışlığa razılıq verdim. Brilliant gəldi, auditoriyada oturduq, mahnı oxudum. Qulaq asdı, sonra mənə dedi ki, “tez ol, geyin, gedirik!”. O vaxt Brilliantın maşını var idi. Dedim, “hara gedirik? Hara gedirik?”. Yadımdadı, bacısıgilə-Sədaqətgilə getdik və hamını ora yığdı. Dedi, “sizə bir qız gətirmişəm, qoy oxusun, siz də qulaq asın”. Mən oxumağa başladım. Hamısı bəyəndi, məni tərifləməyə başladı: “Oyy Brilliant, sən bu qızı hardan tapdın?”. Brilliant dedi: “Biz bir yerdə, universitetdə oxuyuruq, amma bizi Nigar tanış edib”.

Sonra məni bəstəkar Cavanşir Quliyevin yanına apardı. Cavanşir Quliyev də zarafatca dedi ki, “Brilliant, vəssəlam, sən özün öz ayağınla Zülfiyyəni oxumağa gətirdin”. Özü də yadımdadır ki, Cavanşir Quliyevin də yanında mən Brilliantın mahnısını, Cavanşir Quliyevin bəstəsi olan mahnını oxudum. Sonra Bəstəkarlar İttifaqına getdik. Brilliantla belə tanış olduq. Ondan sonra auditoriyalarda o çalırdı, mən oxuyurdum. Bir yerdə oxuyurduq. Hətta səsimizi kasetə yazırdıq”.

“O vaxt efirə qadağalar da var idi”

“Bizim tələbəliyimiz çox gözəl keçib. Ümumiyyətlə, İncəsənət Universiteti elə bir yerdir ki, hər auditoriyadan mahnı səsi, sənətlə bağlı səs gəlirdi. Böyük auditoriya otağımız var idi, orada pianino olardı. Brilliant mütləq hər tənəffüsdə pianinoda çox gözəl ifa edir, biz də oxuyurduq. Bilirəm ki, Brilliantın çox tez-tez çəkilişləri olurdu, amma o imtahanlara gəlirdi. O, tələbə vaxtı hər zaman nədənsə çəkinirdi. Yəqin ki, bu, efirə çıxmağın, populyarlığın gətirdiyi məsuliyyətdən irəli gəlirdi. Çünki Brilliant xanım efirə çıxan kimi tanındı, sevildi. O vaxtı efirə qadağalar da var idi.

Yadımdadır, 1 may zəhmətkeşlər günündə biz maşınla gedəndə hətta ona baxırdıq ki, Brilliant maşını sürəndə həmişə sükanın arxasında mahnı oxuyur. Bizim bir dənə balaca səsyazma aparatımız var idi, o Nigarda idi, həmişə Brilliantın səsini yazırdıq, sonra ona göstərirdik. Nigarda bəlkə də o səslər qalıb”.

“Tələbə vaxtı ailə qurdu”

“Brilliant tələbə vaxtı ailə qurub. Yadımdadır, onun toyunda Şövkət Ələkbərova, Sara Qədimova kimi çox möhtəşəm sənətkarlarımız iştirak edirdilər, ruhları şad olsun. Ədalətlə Brilliant həddindən artıq sevib ailə qurmuşdular. Onlar tələbəlik vaxtında tanış olublar. Brilliant mənə zəng vurdu ki, “bəs görüşək, gəzək, gedək bir yerdə oturaq”. Gəzməyə bulvara, Malakan bağına gedə bilirdik. Bizim institut Malakan bağının yanında idi. Brilliant Nigara da zəng vurur, amma səhvən Ədalətin nömrəsinə düşür. Brilliantın səsi də məlahətli idi. Ədalət götürüb deyir ki, “mən Nigarın qardaşıyam”.
“Aaa hansı qardaşı, mən heç Nigarın qardaşını tanımıram axı”- Brilliant deyir. Beləcə o, Brilliantın “başını bişirib”. Tanışlıqları belə olmuşdu. Brilliant sonra bunu bizə danışdı. Neçə dəfə görüşdülər. Ondan sonra sevgi-məhəbbət başladı”.

“Brilliantı aldatdım”

“Brilliant sakit, mülayim idi. Hətta efirdən də (o vaxt Azərbaycan Dövlət Televiziyası idi) o sakitlik yansıyırdı. Məsələn, heç vaxt onu səsini yuxarı qaldıran, səs-küylü görməzdin, elə deyildi. Mən daha çox haylı-küylü idim, nəinki Brilliant. Siz mənim beləliyimə baxmayın. Elə bilirsiniz Brilliant haylıdır, əslində haylı-küylü mənəm. Brilliant yadımda nazlı, qəmzəli biri kimi qalıb. Özü də çox duyğusal idi. Bir dəfə həyat yoldaşı Ədalətlə aralarında söz düşmüşdü. O vaxtı mobil telefon yox idi. Brilliant bizə evə zəng vurub dedi ki, “mən özümü öldürürəm”. Biz də qaldıq, neyləyək, necə edək? Mən Brillianta dedim ki, “sən məni gözlə, sənə elə bir dərman gətirəcəyəm ki, onu içən kimi elə yerində öləcəksən, əziyyət çəkməyəcəksən”. Dedi, “Oy, çox sağ ol”. Mən onu ancaq belə aldada bilərdim, başqa cürə yox. Əlbəttə, evdə də məsləhətləşdim ki, neyləyək, bu qız qabağına məqsəd qoyub ki, Ədalətə görə özünü öldürəcək. Getdim bir dənə kömür dərmanlardan aldım, onun heç bir ziyanı yoxdur. İstəyirsən 10 dənə iç, heç nə olmur. O dərmanı apardım Brillianta verdim, baxdı, gördü qara dərmanlardır. Dedim, “al, 7-8 dənə içsən, sənə bəsdir, yerində qalacaqsan”. İnanırsız, aldı, içdi. Özünü ölməyə hazırlamışdı, yataqda uzanıb, əlin, ayağın da uzadıb ki, qəşəng ölsün. Dərmanı içəndən bir az keçəndən sonra gördü heç nə olmur, dedi “mən ölmürəm axı”. Axır onu başa saldıq. Ədaləti çağırdıq, o gəldi, Brilliantın ağlını başına qoydu. Ədaləti görəndən sonra dedi, “yox e, yaşamaq istəyirəm. Heç ölmək istəmirəm”.

Mən Brilliantın ancaq Ədalətlə bağlı hirsləndiyini görürdüm. Brilliant çox qısqanc idi. Çünki Ədaləti çox sevirdi. Ədalət komsomolda çox ciddi, məsuliyyətli bir işdə işləyirdi. Yadımdadır, Brilliant bir dəfə Ədalətin maşınını görmüşdü, ağlına başqa şey gəlmişdi. Yəni, maşında heç kim yox idi, Brillianta elə gəlmişdi. Mən ancaq belə şeylərdə Brilliantı hirsli görürdüm. Amma universitet vaxtı özündən böyüyə qarşı, ya bir tələbə yoldaşına qarşı bir hörmətsizlik etsin, belə şey olmazdı. Brilliant çox təmkinli, tərbiyəli idi. Məsəlçün, mən çox emosional, çox tez inciyən idim, başa düşürsüz, durub çıxıb gedə bilərəm”.

“Aramızda inciklik olsa da, həll etmişik, çıxıb gedib”

“Brilliantda bir dənə xüsusiyyət var idi ki, indi deyəcəm, məni öldürəcək. Bir də görürsüz, elə sadəlövh olurdu ki, o məsəlçün, mənə gülməli gəlirdi. Hərdən onu başa salırdım ki, “ay qız bu belə deyil, belədir”. “Aa, necə yəni, yox e” deyirdi. Həyat Brilliantı bir az bərkişdirdi, başqa cür etdi. Həyat elə şeydi ki, yəni, o qurdların qabağında mübarizə aparmaq lazımdır. Əksinə, institut vaxtı çox sadəlövh idi.
Onunla dostluğumuz çoxdan başlayıb, indi də davam edir. Əlbəttə ki, aramızda inciklik də olub. Amma onu özümüz aramızda həll etmişik, çıxıb gedib. Bir dost kimi Brilliant çox mərddir, onun başına elə hər şey mərdliyindən gəlir. O məzlumların yanındadır, zalımların yox. Brillianta kürəyini söykəyə bilərsən, heç vaxt insanı satmaz. Bax, əsas xasiyyətlərindən biri budur”.

“Sən müğənni olmayacaqsan”

“Heç bilmirəm özünün yadına gələr, yoxsa yox, amma mənim yadımdadır ki, Brilliant Dadaşova ilk dəfə Politexnik İnstitutunda çox böyük sənətkarımız Akif İslamzadə ilə bir yerdə “Gözlərim” mahnısını oxudular. Brilliant o gündən populyarlaşdı. O, populyarlıqdan əlavə həm də sevildi. O vaxt televiziyaya çıxanda sabahısı səni bütün şəhər barmaqla göstərirdi, tanıyırdı. Çünki bir kanalımız var idi və efirə çıxmaq da hər kəsin hünəri deyildi. Brilliant efirə çıxan gündən sevildi. Mən otururdum, evdə baxırdım, rəhmətlik atama demişdim ki, “mən də mütləq müğənni olacağam”. Atam hirslənirdi. Evdə mənə deyirdilər ki, “bəsdir, sən Nigarla, Brilliantla görüşürsən, sən müğənni olmayacaqsan”.

Bizdə evdə qadağan idi, qoymurdular: “Yox, sən onların heç biri ilə danışmayacaqsan, nə Nigarla, nə Brilliantla. Olmaz”. Zəmanə belə zəmanə idi. Brilliant mənim valideynlərimə zəng vururdu, deyirdi ki, “nəyə görə qabağını kəsirsiniz? Qabağını kəsməyin, saxlamayın, əksinə qoyun çıxsın efirə”. Çünki vaxtında Brilliantın da nənəsindən gizlətmişdilər ki, o müğənni olacaq. Brilliantın bir sözü var: istedadlılara yol göstərmək lazımdır, istedadsızlar özləri gedib yerlərini tapacaqlar”. /modern.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm