Lukaşenkonun Bakı səfərinin pərdəarxası: Aleksandrın qovluğunda nələr vardı? - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Lukaşenkonun Bakı səfərinin pərdəarxası: Aleksandrın qovluğunda nələr vardı? - MÜSAHİBƏ

Azərbaycan Prezidenti İlham Əliyev Belarus rəhbəri Aleksandr Lukaşenko ilə 5 saatlıq görüş keçirdi. Bu görüşdən sonra iki ölkə arasında bir sıra işgüzar əməkdaşlıq memorandumları imzalandı.

Azərbaycan-Belarus parlamentlərarası dostluq qrupunun üzvü, deputat Azər Badamov Publika.az-a müsahibəsində Belarus Prezidentinin Bakı səfərinin məqsədindən danışıb.

- Azər müəllim, Belarus Prezidentinin Azərbaycana səfərini necə qiymətləndirirsiniz?

- Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfərini çox müsbət dəyərləndirirəm. Bu, Belarus Prezidentinin ölkəmizə növbəti səfəridir. Bu cür səfərlər ölkələrimizin başçıları arasında mütəmadi olaraq baş verir. Həmin səfərlər çərçivəsində müəyyən sənədlər imzalanır. İki ölkə arasındakı əlaqələr daha da genişlənir. Düşünürəm ki, cənab Lukaşenkonun paytaxtımıza budəfəki səfəri də ölkələrimiz arasındakı əlaqələrin bundan sonrakı inkişafında mühüm rol oynayacaq. Belarusla Azərbaycan dost ölkələrdir. Bu dostluq prezidentlərimizin şəxsi dostluq münasibətləri müstəvisində daha da möhkəmlənib.

- Belarusun Azərbaycanın ərazi bütövlüyünə münasibəti necə olub? Söhbət 44 günlük Vətən müharibəsindən əvvəlki dövrdən gedir...

- Belarus torpaqlarımızın işğal altında olduğu dövr ərzində hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini hər zaman qeyd edib. Minsk 44 günlük Vətən müharibəsində də Bakının yanında olub. Belarus bizim qələbəmizə sevinən ölkədir. Belarus Prezidentinin bizim şanlı qələbəmizdən, xüsusən də Hərbi Qənimətlər Parkının açılışından sonra ölkəmizə səfər etməsi bu ölkənin Azərbaycanın qələbəsinə sevincindən irəli gəldiyini göstərir. Ölkələrimiz arasındakı iqtisadi əməkdaşlıq imkanları günü-gündən genişlənməkdədir. Belarus Prezidenti bu səfər çərçivəsində işğaldan azad olunmuş ərazilərimizdə aparılacaq yenidənqurma və bərpa işlərində bu ölkə şirkətlərinin iştirak etmək arzusunda olduğunu bildirdi.

- Belarus bu istiqamətdə bizə hansı sahələrdə kömək edə bilər?

- Belarus aqrar sahədə, xüsusən də aqrar texnologiyalar sahəsində seçilən ölkələrdəndir. Gəncə şəhərində Belarus Traktor Zavodu fəaliyyət göstərir. Biz maşınqayırma, avtomobillərin istehsalı sahəsində əməkdaşlıq edirik. İşğaldan azad edilmiş ərazilərimizdə də bu əməkdaşlığın yeni perspektivləri mümkündür. Yəni əməkdaşlıq imkanlarımız günü-gündən genişlənir. 2020-ci ildə pandemiyaya görə ölkələr arasında ticarət dövriyyəsi aşağı endiyi bir zamanda Azərbaycanla Belarus arasındakı bu dövriyyə xeyli artıb. Hətta yarım milyard dollara çatıb. Bu, bir daha onu göstərir ki, bizim əməkdaşlığımıza heç nə mane ola bilməz. Ona görə də Belarus Prezidentinin ölkəmizə səfərini çox müsbət qiymətləndirirəm. Bizim dost ölkəmiz olan Belarusa da bundan sonrakı əməkdaşlığımızda uğurlar arzulayıram. Düşünürəm ki, bundan sonra bu ölkə ilə bütün sferalarda əməkdaşlıq edəcəyik. Eləcə də həm siyasi meydanlarda bir-birimizin yanında olub dəstək verəcəyik, həm də iqtisadi əlaqələrimizi daha da möhkəmləndirəcəyik.

- Belarus Prezidenti vaksin məsələsindən də danışdı. Bu ölkə bizə vaksin də verəcəkmi? Bu sahədəki əməkdaşlıq haqqında fikirlərinizi öyrənmək istərdik...

- Belarusla Azərbaycan farmakologiya sahəsində də əməkdaşlıq edir. Düşünürəm ki, vaksinlərin verilməsində də Belarus Azərbaycanın yanında olacaq. Ehtiyac olduğu təqdirdə, eləcə də müraciət edilərsə, Belarus bu sahədə də Azərbaycana öz köməyini göstərə biləcək və buna hazır bir ölkədir. Biz də hər zaman Belarusun yanında olmuşuq. Belarusun dar günlərində, eləcə də onlar üçün müəyyən çətinliklər yarandığı dövrlərdə Azərbaycan Belarusa dəstək verib. Belaruslar da heç vaxt bunu unutmurlar.

- Prezidentlərin görüşü 5 saat davam etdi və bundan sonra iki ölkə arasında bir sıra sənədlər imzalandı. İmzalanan sənədləri necə qiymətləndirirsiniz?

- Çox yüksək qiymətləndirirəm. İmzalanan sənədlərin hamısının arxasında böyük fəaliyyət və böyük iş dayanır. Düşünürəm ki, bu vaxta qədər imzalanan sənədlər necə ərsəyə gəlibsə, necə reallaşıbsa, həmin sənədlər də müəyyən olunmuş vaxt, zaman çərçivəsində reallaşacaq. İmzalanan hər bir sənəd hər iki ölkənin büdcəsinə xeyir gətirəcək.

- Lukaşenkonun Bakı səfərini qəfil səfər adlandıranlar da oldu. Bu səfər sırf Qarabağa investisiya qoyulması ilə bağlıdır, yoxsa başqa səbəbləri də var?

- Başqa səbəblərinin olmasını düşünmürəm. Bayaq da qeyd etdim ki, bu səfər Hərbi Qənimətlər Parkının açılışından sonraya təsadüf edir. Mən bu səfərin Azərbaycanın sevincinə şərik olmaq üçün edildiyinin qənaətindəyəm.

- İndiyə qədər Belarusla əsasən kənd təsərrüfatı sahəsində əməkdaşlıq edirdik. Gələcəkdə daha hansı sahələr üzrə əməkdaşlıq imkanlarında perspektiv görürsünüz?

- Təbii ki, digər sahələrdə də əməkdaşlığımız mümkündür. Belarusla bizim iqtisadi əlaqələrimiz günü-gündən genişlənir. Bu əməkdaşlıq istiqamətləri humanitar, təhsil sahələrini də əhatə edə bilər. Mütəxəssislərin hazırlanması ilə bağlı da əməkdaşlıq imkanları mümkündür. Belarus sənaye sahəsində yüksək inkişaf yolu keçmiş ölkədir. Yüksək hərbi sənayesi var. Bu sahədə də onunla əməkdaşlıq imkanlarımızı genişləndirə bilərik. Digər tərəfdən, sırf aqrar yox, aqrar-sənaye sahəsində də əməkdaşlıq imkanlarımızı daha geniş müstəviyə daşımaq mümkündür. Aqrar sahədə istifadə olunan texnika və avadanlıqlarla bağlı yeni istehsal sahələrinin qurulmasında əməkdaşlığımızı genişləndirə bilərik. Belarus aqrar sahənin inkişafı ilə tanınmış bir ölkədir. Onun kənd təsərrüfatı təcrübəsi çox yüksəkdir. Bu ölkənin yüksək təcrübəsindən Azərbaycan da istifadə edə bilər. Yeni aqroparkların, təzə fermer təsərrüfatlarının yaradılmasında Belarusun təcrübəsi bizim üçün xeyir gətirə bilər. Ona görə də bundan istifadə etmək mümkündür. Həm də ticarət dövriyyəsinin artırılması gündəmdədir. Yeni ticarət evlərinin açılması istiqamətində əməkdaşlığımızı artıra bilərik. Belarusda Azərbaycan Ticarət Evi tikilib və fəaliyyət göstərir. Bu Ticarət Evlərini Belarusun ayrı-ayrı vilayətlərinə doğru genişləndirmək imkanı mövcuddur. Eyni zamanda, Belarusun Azərbaycanda ticarət şəbəkələrinin qurulması mümkündür. Gəncə şəhərində ticarət şəbəkəsi qurulub. Bakının mərkəzində də bu ölkənin ticarət şəbəkələri mövcuddur. Bu şəbəkəni daha da genişləndirmək mümkündür. Belarus Prezidentinin də qeyd etdiyi kimi, bu ölkədə istehsal olunmayan çoxlu sayda mallar mövcuddur. Belarus bazarı üçün həmin məhsullar vacibdir. Onar bu məhsulları Azərbaycandan tədarük edə bilərlər.

- Azər müəllim, Azərbaycan istehsal etdiyi hansı növ məhsullarla Belarus bazarında möhkəmlənə bilər?

- Azərbaycan qeyri-neft sektorunda aqrar emal sənayesi məhsulları ilə seçilir. Elə məhsullar var ki, Belarusda istehsal olunmur. Həmin məhsulları biz Belarusa ixrac edə bilərik. Biz neft məhsullarının ixracından danışmırıq. Çünki bu məhsullar daha əvvəl imzalanan müqavilələr əsasında Belarusa tədarük olunur. Bu da bizim üçün önəmlidir. Eyni zamanda, bizim qeyri-neft sənayemiz inkişaf edir. Azərbaycanda istehsal olunan qeyri-neft sənayesi məhsulları beynəlxalq standartlara cavab verir. Həmin məhsullara Belarus bazarında da tələbat var. Tam məsuliyyətlə deyirəm ki, biz həmin məhsulları da Belarus bazarına ixrac edə bilərik. Prezidentlərin də qeyd etdiyi kimi, mal və məhsulların ixracında heç bir maneə yoxdur. Dövlətlər bu əməkdaşlığın daha da genişlənməsinə dəstək verir.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm