O, bundan xoşlanmazdı, amma mən onu öpmüşəm - Məşhur xanımın Ulu öndərlə bağlı xatirələri
Bizi izləyin

Müsahibə

O, bundan xoşlanmazdı, amma mən onu öpmüşəm - Məşhur xanımın Ulu öndərlə bağlı xatirələri

O, bundan xoşlanmazdı, amma mən onu öpmüşəm - Məşhur xanımın Ulu öndərlə bağlı xatirələri

Azərbaycan mədəniyyətinin inkişafına və milli mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu öndərimiz Heydər Əliyev kitaba və kitabxanaya da həmişə böyük dəyər verib. Kitabı mənəvi zənginliyin və elmlərə yiyələnməyin mühüm açarı hesab edən Ulu Öndər daima gəncləri və ətrafındakı insanları mütaliə etməyə, kitabla həmsöhbət olmağa dəvət edib. Həyatda kamil insan kimi yetişməyin, zəngin biliklərə yiyələnməyin yollarından biri də mütaliədir.

Əməkdar mədəniyyət işçisi, Miniatür Kitab Muzeyinin təsisçisi Zərifə Salahova Heydər Əliyevlə bağlı xatirələrini Publika.az-a danışıb.

Salahovanın sözlərinə görə, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev ilk dəfə Prezident seçildikdən sonra onun andiçmə mərasimində o da iştirak edib:

“Andiçmə mərasimi oktyabrın 10-da Heydər Əliyev Sarayında keçirildi. Heydər Əliyev 1 saat 10 dəqiqə dümdüz dayanıb öz proqram nitqini söylədi. Tədbir bitəndən sonra öz-özümə dedim ki, bir insan necə bu qədər vaxt ərzində belə dik dayanıb və nitq söyləyə bilər axı? Andiçmə mərasimindən sonra düşündüm ki, bu nitqi miniatür kitabda çap etdirməliyəm. Con Kennedini ölümündən sonra Hollandiyada onun haqqında minatür formatda kitab çap etdiriblər. Ağlıma bu kitab gəldi. İlhamlanıb, düşündüm ki, mən də Heydər Əliyevin andiçmədə söylədiyi nitqi çıxarım.

Kitabı Moskavada iki dildə rus və ingilis dilində çıxartdırdım. Milli kitabxanada tədbir keçirilirdi. Həmçinin mən də orada bu kitabın təqdimatını keçirirdim. Heydər Əliyev də həmin tədbirdə iştirak edirdi. Çıxışımda Heydər Əliyevə bildirdim ki, mənə yer və ya bina versələr Minatür Kitab Muzeyi açmaq istəyirəm. Kitabları da öz ölkəmə, şəhərimə bağışlayaram. Heydər Əliyev öz çıxışında iki dəfə mənim etdiyim çıxışa toxundu. Daha sonra Heydər Əliyev kitablara nəzər saldı. Əlişir Niyazovun "Fərhad və Şirin" kitabı Prezidentə maraqlı gəlir. Soruşdu ki, harada çap olunub? Hamısını bir-bir dedim. Fikrimi bitirən kimi ardınca sual verdim ki, Heydər Əliyev, xoşunuza gəldi? O da dedi ki, hə. Dedim, sizə bağışlayıram. Heydər Əliyev kimdənsə nəysə götürməkdən xoşu gəlməzdi. Amma bu kitabı götürdü. Sərgidə ona 3 kitab hədiyyə etdim”.

Zərifə Salahova tədbirdən bir neçə ay sonra İcra Hakimiyyətinə məktub ünvanlayıb ki, ona yer versinlər, lakin cavab gəlməyib:

“Muzeyin hazırki yerini sən demə baş memar Elbay Qasımzadə özü üçün saxlayıbmış. O vaxt biz tikintini başlaya bilməmişdik. Çünki əlimizdə pul yox idi. Muzey İtaliya səfirliyinin yanında yerləşir, səfirliyin açılışında Heydər Əliyev də orada iştirak edirdi. Elbay istəyib ki, öyrənsin ki, doğrudan da, bu yeri mənə Heydər Əliyevin tapşırığı ilə veriblər, ya yox.

O, Prezidentə belə deyib, Zərifə Salahova istəyir ki, burada ya dükan, ya da restoran açsın. Heydər Əliyev onun sözünü kəsib, sərt şəkildə baxıb və uca səslə muzey, muzey olacaq burada. Elə oradaca da söhbət bağlanıb.”

Bütün bunları xatırlamaqda Zərifə Salahovanın məqsədi Ümummilli Lider Heydər Əliyevin Miniatür Kitab Muzeyinin yaradılmasına göstərdiyi mənəvi dəstəyi bildirməkdir. Heydər Əliyev yaxşı bilirdi ki, bu kitabların hansı gələcək gözləyir.

“Heydər Əliyev üçün ilk çıxartdığım kitab “Əsrin Müqaviləsi” olub. Onun da maraqlı tarixçəsi var. Kitabda Heydər Əliyevin 75 illiyi münasibəti ilə hədiyyə etdiyim medal da var. Yeri gəlmişkən deyim ki, Moskvadakı "Monetnıy dvor"da qızıldan hazırlanmış medalın müəllifi İvan Kopıtkindir. Heydər Əliyev 75 illiyində məni qəbul etmişdi. İllər sonra onun katibi Dilarə xanım mənə dedi ki, 10 ildir ki, Heydər Əliyevin yanında işləyirəm. Yuxarı vəzifəli şəxsləri qəbul etməyib, sizi qəbul edib. Siz yeganə şəxsiyyətsiniz ki, otağının yarısına qədər gəlib sizi qarşıladı, yola da saldı. Hələ də yadımdadır, məni qarşılayanda Heydər Əliyevə dedim ki, olar sizi öpüm? Daha sonra öpdüm onu. Kitab haqqında danışmağa başladıq.

Kitabın sonunda Heydər Əliyevin bioqrafiyası və hansı neft şirkətləri ilə sənəd imzalanıbsa o şirkətlərin siyahısı var idi. Həmçinin kitabda medal da var idi. Heydər Əliyev medalla bağlı dedi ki, Zərifə xanım birinci dəfədir görürəm ki, medalda özümə oxşayıram. Artıq bu görüşdən 25 il keçir. Bu gün isə Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə minatür kitab çıxartdırıram. “Bakinski raboçi” qəzətində Heydər Əliyevin nitqi var idi. Orada olan materialı minatür şəkildə kitabda buraxacağam. Artıq çapdadır. İşlər davam edir.”

Zərifə Salahovanın əməyi istər Ulu Öndər Heydər Əliyev, istərsə də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək dəyərləndirilib. Belə bir ünikal kitab məbədi yaradan, Azərbaycan Respublikasının ictimai və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyət göstərən Zərifə Salahova 2007-ci ildə dövlət başçısının imzaladığı sərəncamla “Şöhrət” ordeninə layiq görülüb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə isə anadan olmasının 90 illiyində Zərifə Salahova “Şərəf” ordeni təqdim olunub.

Aysel Şahmar

Fotolar Elnur Muxtarındır

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli” istiqaməti üzrə hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm