Avtomobilim olmasa da, daha lazımlı yaradıcılığım var - Yeddinci onluğu xırdalayan Xalq artisti
Bizi izləyin

Müsahibə

Avtomobilim olmasa da, daha lazımlı yaradıcılığım var - Yeddinci onluğu xırdalayan Xalq artisti

Sərdar Fərəcov - ürəyi, canı, qanı, ruhu Azərbaycan musiqisi ilə yoğrulan, milli musiqimizin təəssübkeşi, Üzeyir Hacıbəyli yaradıcılığının layiqli davamçısı, başdan-ayağa özünü peşəkar musiqiyə həsr edən böyük şəxsiyyət.

Publika.az xəbər verir ki, bu gün xalq artistinin 66 yaşı tamam olur. Özəl günü münasibəti ilə sənətkarla əlaqə saxlayıb, təbrik etdik, xoş arzularımızı dilədik, nəticədə kiçik də olsa, səmimi söhbətimiz baş tutdu. Həmin müsahibəni elə olduğu kimi sizə təqdim edirik:

Müsahibəmizə ənənəvi sualımızla başladıq.

- Sərdar müəllim necəsiniz, yeni yaşda insan özünü necə hiss edir?

- Yaxşıyam, adam ad günündə necə olar? Özü də yeddinci 10 illyi xırdalayan insan istər-istəməz fəlsəfi düşünür. Allaha çox şükür edirəm ki, imkan verdi 66 yaşa gəlib çatdım. Böyük Qara Qarayev deyirdi ki, 50 yaşdan sonra insana Allah nə ömür versə qənimətdir. İnsanların özünə uzun ömür arzulaması onun arzuları, istəkləri ilə bağlıdır. Bəsətəkar da istəyir ki, yarımçıq qalan əsərlərini tamamlasın, nə zamansa yazmaq istədiyi, ancaq yaza bilmədiyi əsərləri, musiqiləri ortaya çıxarsın. 60 illiyimdə, 65 illiyimdə müəllif konsertləri təşkil etdik. Həm simfonik, həm də daha kiçik həcmli kamera əsərlərimi səsləndirdim. Bu həm də bəstəkar üçün xalq qarşısında bir hesabatdır ki, bu ömrü necə yaşamısan, nələr yaratmısan.

- Maraqlıdır, Sərdar müəllimin bu 66 ildə arzuladığı, lakin hələ də həyata keçməyən hər hansısa bir istəyi varmı?

- Elə bir arzum var. Qismət olsa 70 illiyimədə iri həcmli əsərlərimi təqdim etməyə hazırlaşıram. Əlimdə işlədiyim bir balet var, onu tamamlamaq istəyirəm. Bilirsiniz, insanı yaşadan arzulardır. Fikirləşirəm ki, ürəyimdə olan arzularımı kağıza köçürərək gerçəkləşdirə biləcəm.

- Yeri gəlmişkən, bəlkə elə adını da açıqlayasınız yeni baletinizin? Həm bizim, həm də oxucularımız üçün maraqlı olar.

- Yox, adını deməyəcəyəm.Yazılmayan əsər haqqında danışmaq bir az tezdir. Həm də düşər-düşməzi olar. Qoyun nöqtəni qoyum, tamamalayaq, sonra ətraflı danışaram. Haradasa reallaşmağa doğru gedir. Artıq böyük hissələr yazılıb. Adını deməsəm də, qəhrəman azadlığa can atan bir quldur. Qədim bir əhvalatdır. Onu 2 yol arasında qoyurlar: Ya zəngin yaşayıb qul olmaq, ya da azad olub, ölümü seçmək. O insan azadlığı seçir. Bu da bir fəlsəfədir. İnsan doğrudan da daxilən, ruhən azad olmasa yarada bilməz, sevə bilməz. Lap yağ-balın içində yaşasan belə, hərəkətlərin istəklərin, arzuların məhbusdursa, buxovlanıbsa o insanlıq deyil, əzab-əziyyətdir. Zaman keçdikcə insanı yalnız böyük fikirlər məşğul edir. Mən hər zaman xalqımızın qəhrəmanlıq tarixindən əsərlər yazmışam. Məni həmişə böyük mövzular düşündürüb. Dədə Qorqud, Koroğlu, Türk Dünyası, Cavad xan bunlara əyani misaldır. Hər kəsin öz yolu olur, hərə bu yolu özü seçir.

- Yeri gəlmişkən Sərdar müəllim, Üzeyir Hacıbəyovun ev muzeyində işlər necə gedir?

- İşlər eyni templə davam edir.Yaxşı mənada hələ işmiz bir az da artıb. Şuşada Üzeyir Hacıbəylinin ev muzeyi yaradılır. Biz də öz növbəmizdə o muzeyin qurulmasında, təchizatında onlara yaxından kömək edəcəyik. Üzeyir bəylə bağlı olan əşyalar, sənədlər, şəkillər hər nə varsa qardaşlaşmış muzeyimizə əlimizdən gələn yardımı edəcəyik. Üzeyir bəy haqqında yeni bir kitab da yazılacaq. Yarımçıq qalmış əsərlərini təzədən köçürdürük, bəzilərini yenidən işləyib düzəldirəm. Çox istəyirəm ki, “Unudulmuş Üzeyir Hacıbəyli" adlı konsert proqramı təşkil edək. Bir neçə unudulmuş əsərləri var ki, olduğu kimi qalıb. Onları da arxivdən çıxardaraq təqdim etmək niyyətindəyəm.

- Bu gün Sərdar müəllim özünə nə diləyir, nələri arzulayır?

- Özümə yalnız cansağlığı diləyirəm. Ailəmə dayaq ola bilim, yarımçıq qalan musiqilərimi tamamlaya bilim. Bu həyatda heç vaxt zənginlik, var-dövlət arzulamamışam. Bilirsizniz, heç avtomobilim də yoxdur, heç vaxt da olmasını arzulamamışam. Böyük səslənməsin, amma müşahidə edəndə görürəm ki, digərləri ilə müqayisədə mənim yaradıcılığım, yazdıqlarım, yaratdıqlarım daha çoxdur, daha məzmunludur və bəlkə də daha lazımlıdır.

Cəmilə Hətəmxanova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm