"Mənim üçün ən gözəl nümunə prezidentimizdir" - NATİQ RƏSULZADƏ
Bizi izləyin

Müsahibə

"Mənim üçün ən gözəl nümunə prezidentimizdir" - NATİQ RƏSULZADƏ

Salam, gününüz aydın olsun, Natiq müəllim.

- Salam.

- Necəsiniz?

- Çox sağ olun, var olun, yaxşıyam. Kimdir?

Özümü tanıdıb, onu doğum günü münasibəti ilə təbrik edirəm.

- Təşəkkür edirəm, xoş oldu.

"Çalışıram ki, ad günümü məxsusi Şuşa və ya Laçında qeyd edim"

- Natiq müəllim ad günlərini qeyd etməyi sevir?

- Bir o qədər də yox. Artıq o zamanım, o vaxtım keçib, keçmişdə qalıb. (gülür) Amma yaxşı ki, ad günləri var. Bilirsiniz, mənə “Siz ad gününüzü necə qeyd edəcəksiniz, neyləyəcəksiniz?” sualını tez-tez verirlər. Ələlxüsus da son bir həftədir ki, çox eşidirəm bu sualı. Belə deyim də, bu mövzuda mənim üçün ən gözəl nümunə prezidentimizdir. O ad günlərini necə sakit, təmtəraqsız, ailəsi ilə qeyd edir. Mən də belə keçirirəm. Ailəmiz bir araya gələrək, təxmini 15 nəfər doğum günümü birlikdə qeyd edirik. Bax belə.

- Natiq müəllim, deyirsiniz ki, Cənab prezidentdən örnək alırsınız. Adətən prezidentimiz hər il ad günündə, xüsusi günlərdə harasa səfər edir, açılış mərasimlərində, xalq arasında olur. Xüsusilə də torpaqlarımız işğaldan azad olunandan sonra. Siz də gələcəkdə doğum gününüzü məhz bu şəkildə qeyd etməyi düşünmüsünüz?

- Yaxşı olardı, əlbəttə. Mən qələbədən sonra o torpaqlarda çox olmuşam. Şuşaya 4 dəfə səfər etmişəm. Azərbaycanın hər yerini gəzmək çox gözəl hissdir. Çalışıram ki, imkan olduqca çox gəzim, amma məhz ad günümü məxsusi Şuşa və ya Laçında qeyd edim... Bunu belə izah edə bilərəm. Ad günüm bir tərəfə, o torpaqlara getmək lazımdır. Ad günün oldu-olmadı, oraları ziyarət etmək vacibdir. Ora gedib sevinmək lazımdır ki, o torpaqlar 30 ildən sonra bizə qayıdıb. Bu mövzuda çox yazmışam. Ssenarilərim əsasında iki məşhur film də çəkilib. Xalq artisti Elxan Qasımovun “Biz qayıdacağıq” və Xalq artisti Eldar Quliyevin “Girov “ filmləri.

"Mədəniyyət Nazirliyindən cavab gözləyirəm"

- Natiq müəllim, sözünüzə qüvvət, elə vermək istədiyim növbəti sualın mövzusuna toxundunuz. Baxın, biz bütün hiss və həyacanları o filmlərdə hiss etmişik. Ondan sonra nəsə durğunluq hiss olunur. Yeni bir ssenari varmı planda? O filmlər qədər effektli ekran əsərləri gözə dəymir bu gün.

- Düz deyirsiniz, doğru müşahidədir. Bu mövzuda ideyalarım çoxdur. Hətta sizə deyim ki, çox geniş bir sinopsisdə yazmışam, artıq hazırdır. Burda məsələ belədir, qısaca izah edim. Bizdə sifarişçi Mədəniyyət Nazirliyidir. Ssenari elə şeydir ki, bu nəsr deyil ki, bu nəşriyyat çap etmədi, digər mətbu orqana aparasan. Gərək sifariçi ssenarini alsın və ondan sonra ekran həyatı verilsin. Ona görə də bu iş bir qədər çətin, mürəkkəbdir. Görək də, Allah kərimdir. Mən ssenarilərimi yazıb Mədəniyyət Nazirliyinə müraciət etmişəm. Onlardan cavab gəlməsini gözləyirəm.

"Küçə ilə gedəndə tanımadığım bir şəxs mənə yaxınlaşdı..."

- 75 yaşınız tamam olur. Bu illər ərzində aldığınız ən gözəl, sizdə xüsusi bir iz, xatirə buraxan hədiyyə nə olub?

- Bu böyük bir yoldur. Ən gözəl hədiyyə? Deyim də. Hələ 25 il əvvəl ən yadda qalan hədiyyələrdən birini əldə etmişəm. Ulu öndər Heydər Əliyev 50 illik yubileyim münasibəti ilə məni "Əməkdar incəsənət xadimi" fəxri adı ilə təltif edib. 5 il əvvəl isə prezident İlham Əliyev ad günümdə mənə "Xalq yazıçısı" fəxri adı verib, ordenlə təltif edib. Bax, bunlar mənim üçün çox dəyərli hədiyyədir. Digər unudulmaz hədiyyəni isə mənə oxucularım edib. Çox yox, amma iki dəfə belə bir hadisə olub. Küçə ilə gedəndə o vaxt hələ sovet dönəmi idi, tanımadığım bir şəxs mənə yaxınlaşdı. Orta yaşlarında bir kişi idi. Yaxınlaşan kimi dedi ki, sizin kitablarınız həyatımı dəyişib. Belə baxdım ona inanmadım ki, bu adam həqiqətən mənə belə bir söz deyə. Mənim də onda olardı 35 yaşım. O da məndən təxmini 5-10 yaş böyük olardı. Ürəyimdə dedim, sözdü də deyir. Sonra başladı hər şeyi danışmağa. Dedi ki, mən həbsxanada cəza çəkəndə, orda balaca bir kitabxana var idi. Kitabxanadan sizin kitabı götürüb gecələr oxuyub, ağlayırdım. Soruşdum ki, siz nə vaxt çıxmısınız həbsxandan? Dedi ki, iki ildir: "O kitab mənim taleyimi dəyişdi”.

Buna oxşar bir hadisə də oldu, təxminən bir il odan sonra. Bir məclisdə oturmuşdum. Bir kişi yaxınlaşdı, o da mənimlə həmyaşıd olardı. O da eyni ilə bu sözləri dedi: "Sizin kitabınız həyatımı dəyişdi. O konkret kitabımın adını çəkdi. “Gecə süvarisi”. Dedi bu kitabı oxuyandan sonra həyatıma çox ciddi təsir etdi”.

Bax, bu iki hadisə mənim üçün qiymətsiz hədiyyədir. Bilmirəm kitablarım, yazdığım əsərlər neçə-neçə insanların həyatına təsir edib, amma hər halda bir yazıçıya oxucusu tərəfindən belə etiraf edilirsə, demək ki, onların həyatında xoş bir iz buraxmışam. Bundan gözəl nə olar bilər?!

- Sizə can sağlığı arzulayıram.

- Çox sağ olun.

- Bəs, siz özünüzə nə arzu edirsiniz?

- Mən özümə? (Gülür) Elə siz deyəni. Çünki ondan vacib heç nə yoxdur. Həqiqətən də 75 yaşında can sağlığından önəmli heç bir şey yoxdur. İnanın...

- O zaman gələn doğum gününə kimi salamat qalın.

- Sağ olun.

Cəmilə Hətəmxanova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm