Təbii fəlakətlər, ağlagəlməz hadisələr, icra başçılarının... - Və sairlər ƏJDAHA PROQNOZUNDA
Bizi izləyin

Müsahibə

Təbii fəlakətlər, ağlagəlməz hadisələr, icra başçılarının... - Və sairlər ƏJDAHA PROQNOZUNDA

13 Yanvar - Köhnə yeni ildir. Belə ki, bir çox ölkələrdə yanvarın 13-dən 14-nə keçən gecə bayram kimi qeyd olunur. Köhnə yeni ili qeyd etmək ənənəsi hələ Yulian təqviminin vaxtında yaranıb. Rusiyada əvvəllər tətbiq olunan Yulian təqvimi ilə Yeni il yanvarın 14-də başlayır.

Rusiya ilə yanaşı köhnə yeni il Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus, Serbiyada, Çernoqoriya və İsveçrədə də keçirilir.

Yeni ilin 13-cü günü. Ilin bitməsinə 352 gün qalır. Nələr gözləyir bizi bu il? Təbii ki, hamımıza maraqlıdır. Elə bu məqsədlə tədqiqatçı-jurnalist, avestaşünas, astroloq Səbuhi Rəhimli ilə həmsöhbət olduq.

Publika.az həmin müsahibəni sizə təqdim edir.

- Səbuhi müəllim Əjdaha İlini ümumi olaraq necə xarakterizə etmək olar? Əjdaha bizə nələri vəd edir?

- Astroloji bilgilərə görə, Əjdaha ilində baş verən hadisələr gözlənilmədən, qısa zaman kəsiyində cərəyan edir. Amma tarixi xronologiyaya nəzər salsaq, görərik ki, Əjdaha ilində böyük müharibələr, dövlətlərarası münasibətlərdə kəskin konfiliktlər müşahidə olunmur, əksinə sülh sazişləri, münaqişələrin sabitləşməsi nəzərə çarpır.

Əjdaha ili çox yaxşı ildir. Əjdaha özündən əvvəlki son iki ilin xoş olmayan, ürək açmayan hadisələrini sahmana salır. Natarazlığı tarazlayan bir ildir. Əjdaha ili sülh ilidir. Dövlətlərarası münasibətlərdə, böyük müqavilələrin bağlanılmasında, sülh sazişlərinin əldə olunmasında əhəmiyyətli rol oynayan bir ildir. Yalnız təbii fəlakətlər istisnadır. Çünki bu, sırf təbii fəlakət hadisəsidir. Və bunun nə zamanı, nə saatı, nə də anı bəlli olmur. Ümumi götürəndə il ərzində sabitlik hökm sürəcək.

- Hamı üçün ilinin necə keçəcəyi maraqlıdır. Fərd olaraq insanlara nələri vəd edir bu nəhəng heyvan?

- Bu heyvan nəinki Şərqdə, həmçinin Qərbdə də xəzinələrin, sirrlərin, bütün gizli işlərin himayəçisi, fövqəladə güc sahibi, həmçinin amansızlığın qatı düşməni kimi qəbul olunur. Onlar mağaralarda tək yaşadığından insanlarda tənhalığa meyli gücləndirirlər. Bu baxımdan hissləri duymaq, Tanrıya yaxın olmaq, məkrli fikirləri oxumaq və öyrənmək, dünyanı dərk etmək əlverişli olsa da, qarşılıqlı münasibətlərdə, xüsusən də tərəfdaşlıq və müttəfiqlik zəminində passivlik yaradır. Buna baxmayaraq, Əjdaha cəsarətli adamlara gözəl şərait yaradır, onları qəhrəmanlaşdırır, gələcəyini parlaq edir, dostu düşməndən ayırmaqda yardımçı olur.

Əjdaha tək yaşayır deyə insanları təkliyə, yalnızlığa yönəldir. Təkliyi sevən canlıdır. Bu ildə münasibətlərə pozulmalar daha çox müşahidə edilir. Statistikaya görə, boşanmalar əjdaha ilində daha çox olur. Bununla yanaşı əjdaha oyun qura bilmir, hiyləgər deyil. Ona görə səmimiliyi qorumaq lazımdır.

- Əjdahanın bürclərə təsiri necə olacaq? Ümumi götürəndə ilin şanslı bürcləri hansılardır?

- İlin aparıcı planeti Saturandır. İlin apaıcı bürcləri sutökən və oğlaqdır. Saturun oğlaqın gündüz, sutökənin isə gecə evidir. Torpaq və hava ünsrülü bürclər bu il daha şanslıdır. Sutökən, oğlaq, buğa, qız, əkizlər və tərəzi bürcləri üçün Əjdaha böyük uğur vəd edir. Əjdaha ilinin dostları siçan və meymun ilində doğulanlardır. Rəqibi isə it ilində dünyaya gələnlərdir.

Ötən il kollektiv işlərdə daha çox uğur əldə etmişik. İstər ordumuzun timsalında, istər türkdilli dövlətlərin birliyinin nümayişində bunu gördük. Bu il isə fərdi yaradıcılıq sahəsində çalışanlar üçün uğurlu olacaq. İnsanın sadəcə xəyal qovluğunda saxladığı arzuları, ağlagəlməz hadisələr gerçəkləşəcək. Əgər nə vaxtsa ədalətsizlik, anlaşılmazlıqdan dolayı hər hansı bir işinizdən məhrum olmusunuzsa, il sizə ilahi ədalət vəd edir. Sən ümidini itirsən də ümid səni itirməyib. O səni gəlib tapacaq.

- Müsahibənin əvvəlində qeyd etdiniz ki, ümumi götürəndə il uğur vəd edir. Ölkəmiz üçün hansı əlamətdar hadisələr gözlənilir?

- Ermənistanla Azərbaycan arasında bundan sonra heç vaxt müharibə olmayacaq. Zəngəzur dəhlizinə qovuşacağıq. Düzdü bu 2025-ci ilə kimi davam edən bir prosses ola bilər. Bu il gözlənilən sülh müqaviəsi imzalanacaq. Əvvəldə də dediyim kimi, 2024-ci il sülh ili, sabitlik ilidir. Əjdaha ilini qızıl kadr islahatları dövrü kimi də xarakterizə etmək olar. Məhkəmə hüquq sistemində nəzərə çarpan dərəcədə islahatlar olacaq. 40%-dən çox icra başçıları yeniləri ilə əvəzlənəcək. Bir sözlə böyük kadr islahatları gözlənilir.

- Dünyaya gəlincə, il dünya dövlətləri üçün nələri vəd edir?

- Bu gün dünyanı narahat edən ən çox müharibələrdir. Rusiya-Ukrayna müharibəsi ilin sonuna kimi davam edəcək. Qəzzada müharibə may ayında bitə bilər. Böyük itkilərə səbəb olan fəlakət, qəzalar gözlənilmir.

- Çində, ABŞ-da yayılan xəstəliklər dünyanı narahat edir. Böyük bir pandemiyanı geridə qoymuşuq. Bu xəstəliklərlə bağlı yeni ildə vəziyyət necə olacaq?

- Saturanın özünəməxsus xəstəlikləri var. Sinir, oynaq, revmatik ağrılardan əziyyət çəkənlər olacaq. Ümumilikdə isə pandemiya kimi böyük bəlalar olmayacaq.

- Təşəkkür edirəm ətraflı müsahibə üçün. Həmişə ürəkaçan proqnozlar verməyiniz diləyi ilə...

- Çox sağ olun.

Cəmilə Hətəmxanova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm