Xalq artisti bu qədər yaşayacağına inanmırmış: Yeganə arzum odur ki...
Bizi izləyin

Müsahibə

Xalq artisti bu qədər yaşayacağına inanmırmış: Yeganə arzum odur ki...

“İstər-istəməz oynadığımız rolun təsiri altına düşürük, o obrazla yaşayırıq. Səhnədə, səhnədən kənarda, həyatda. Aktyorun xasiyyəti, görkəmi də bir qədər eynitipli rollara aparır. Mənə ən çox Mustafanın ruhu təsir göstərib.

Bu gün “Həm ziyarət, həm ticarət” filmindəki Mustafa obrazını uşaqdan böyüyə kimi hamıya sevdirməyi bacaran Xalq artisti, Teatr Xadimləri İttifaqının sədri, Dövlət mükafatı laureatı, "Şöhrət" Ordenli Hacı İsmayılovun doğum günüdür.

Publika. az kollektivi olaraq sənətkarı təbrik edərək, bu günlə bağlı təəsüratlarını öyrənməyə çalışdıq.

- Salam, hər vaxtınız xeyir olsun. Doğum gününüz mübarək, Hacı müəllim. İstədim ki, sizi canlı-canlı təbrik edim (Gülürük). Bu gün Hacı İsmayılov özünü necə hiss edir?

-Hə (Bir xeyli gülür), adam özünü 80 yaşında necə hiss eləyər? Yaxşıyam. Elə bilirəm, elə də bir fərq yoxdur. 70 yaşımda da belə idim, 60 yaşımda da. Hələ ki, gümraham. Bir az yorğunluq olur. İstirahət etmək istəyirsən. Belə götürəndə yaxşıyam, çox şükür.

-Bu gün sizi ilk təbrik edən kim oldu?

-Məni bu gün birinci təbrik edən Gəncə Dövlət Filarmoniyasının direktoru Ramil Qasımov oldu. Bizim istedadlı ifaçımız, əməkdar artistimiz. Telefonu açan kimi ilk təbrik ondan gəldi. Daha sonra bizim hörmətli Ədalət müəllim, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, əməkdar incəsənət xadimi Ədalət Vəliyev təbrik etdi məni. Çox gözəl sözlər dedi haqqımda. Biz onunla çoxdanın dostuyuq, 80-ci illərdən tanışıq. Sağ olsun, çox yaxşı təbrik etdi məni.

-Hacı müəllim, 80 yaş hamıya nəsib olmur, bilirsiniz. Bu yaşda da eyni şövqlə, həvəslə işinizin başındasınız. Akademik Milli Dram Teatrında , Teatr Xadimləri İttifaqında vəziyyət necədir?

Deyir,

İllər ötür, yaş üstünə yaş gəlir,

Zirvələrə ucalırıq sən demə.

Ötən ömrün xatirəsi qocalmır,

Tək özümüz qocalırıq sən demə.

Mənim 3 evim var. Bir öz səxsi yaşadığım ev, ikinci evim Akademik Milli Dramn Teatrı, hansı ki, orda 54 ildi çalışıram, üçüncü evim də on ildir ki, çalışdığım Teatr Xadimləri İttifaqıdır. Bax bu üç evin arasında, bu günə kimi həyatımı bölə, paylaşa bilirəm. "Azdrama"da repertuarda olan 7 tamaşanın hamısında varam, öz rollarımı böyük sevgi ilə canlandırıram. Teatr Xadimləri İttifaqında da böyük, yaxşı layihələr gerçəkləşdiririk. Bölgə teatrlarını Bakıya dəvət edirik. Keçən il 30-dan çox tədbir keçirib Teatr Xadimləri İttifaqı. Onlardan da ən mühümü, əhəmiyyətlisi o idi ki, 8 ayda 9 teatr kollektivini Bakıya dəvət eləmişik. Bu böyük bir işdir. Düşünürəm ki, ittifaq bu işin öhdəsindən layiqincə gələ bilir.

-80 illik ömür yoluna bütün rolları sığışdıra bilmisiniz? Yoxsa hələ də arzusunda olduğunuz, canlandırmaq istədiyiniz hansısa bir obraz qalıb?

-Elədiyimi eləmişəm. Amma təzə bir rol olsa.... Aktyor həmişə sevinir ki, təzə bir rol olsun, onunla yenə səhnəyə çıxsın və ya o rola çəkilsin. Yəni həmişə bir istək, arzu var...

- Hacı İsmayılovun xəyalındakı hansı obrazdır?

-Bir neçə il bundan əvvəl bizim teatrda “Alın yazısı “ adında bir tamaşa var idi. Tatar yazıçısı Tufan Minullinin “Ərməğanlı Əlməndər” adlı bir pyes idi. Orda mən Əlməndər rolunda çıxış edirdim, baş rolda. Tamaşanın quruluşcu rejissoru rəhmətlik xalq artisti Ağakişi Kazımov idi. O, mənim teatr fəaliyyətimdə mühüm yerlərdən birin tutan bir tamaşa, rol idi. Çox istərdim ki, yenidən o obrazı canlandırım.

-Hər bir şəxs doğum günündə özünə nələrsə arzulayır, istəyir. Hacı İsmayılov 80 yaşında yaradandan nə diləyir?

-Yeganə arzum odur ki, dövlətimiz var olsun, xalqımız xoşbəxt olsun. Mənə bundan artıq heç nə lazım deyil. Ömrümü yaşamışam, çox şükür. İnanmırdım ki, bu qədər yaşaya bilərəm. Şükür edirəm Allaha ki, bu ömrü verdi mənə. Bir şeyə çox sevinirəm ki, Azərbaycan deyəndə dünyada hamı tanıyır, başa düşür ki, belə bir ölkə var, xalq var. Mənim üçün bax o Azərbaycan adının yüksəkliyi kifayətdir.

-Necə keçirəcəksiniz bu günü?

-Gülür... Teatr Xadimləri İttifaqında istəyirlər məni təbrik etsinlər. Akademik Milli Dram Teatrının, başda rəhbərlik olmaqla kollektivi də məni təbrik edəcəklər. Günüm yaxşı keçək, bir sözlə.

-Çox təşəkkür edirəm, bizə zaman ayırdığınız üçün. Bir daha ürəkdən təbrik edirəm. Ömrünüz uzun olsun.

-Var olun!

Cəmilə Hətəmxanova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm