86 yaşlı Xalq artisti: "Bu gün də o rolları oynayardım"
Bizi izləyin

Müsahibə

86 yaşlı Xalq artisti: "Bu gün də o rolları oynayardım"

Elə aktyorlar var ki, sənətdə qazandıqları nailiyyətlərlə yanaşı, insanlarla xoş davranışlarına, səmimiyyətlərinə görə də sevilirlər, rəğbət qazanırlar. “Şöhrət” ordenli Xalq artisti Rafiq Əzimov da belə sənətkarlardandır. Bu gün onun doğum günüdür.

Rafiq Əzimov təəssüratlarını Publika.az-la bölüşüb.

Müsahibəni təqdim edirik:

- Doğum gününüz mübarək, Rafiq müəllim.

- Çox sağ olun. Xoş oldu zənginiz.

- Özünüzü necə hiss edirsiniz? Ayağınızda problem olduğunu eşitdik. İndi vəziyyətiniz necədir?

- Əvvəl çox ağrı var idi. Əməliyyat olundum, fizioterapiyadan keçdim, indi yaxşıyam. Yavaş-yavaş düzəlirəm.

- 86 yaş... Bəzən adama çox uzaq görünür bu yaş. Fikirləşəndə deyirsən ki, görəsən 86-a çata bilərəm? İndi Rafiq müəllim uzaqdan 86-a baxanda ürəyindən nələr keçir?

- Buna hünər istəyir adam. Bu yaşa çatmaq üçün hünər lazımdır. Həm sənə yaxşı qulluq etsinlər, həm də sən özünə yaxşı baxasan. Sənətimiz elədir ki, həmişə gərək tamaşaçı qarşısında formada olasan. Ona görə də hər zaman özümüzü qorumalıyıq. Mən də çalışmışam ki, bu vaxta qədər yaxşı əməllərlə məşğul olum, ziyanlı vərdişlərdən isə həmişə uzaq olmuşam.

- Doğum günlərini qeyd etməyi sevirsiniz?

- Gənclik illərində ev şəraitində, dostlarımızın ətrafında, qohum-əqrəba ilə qeyd etmişik. Get-gedə elə də çox təmtəraqlı keçirməyi xoşlamıram. Yalnız yubiley illərində çalışıram ki, ətrafımda sənət dostlarım da, ailəm də olsun. Teatrda 70 illik yubileyim dövlət tərəfindən yüksək səviyyədə qeyd olunub. 80 illik yubileyimi qeyd etmişəm. Şikayət etməyə haqqım yoxdur.

- Siz bu gün də səhnədəsiniz. Elə bir rol varmı ki, ürəyinizdə deyirsiniz ki, kaş o obrazı canlandırardım? Rejissorlardan belə bir gözləntiniz varmı?

- Bəli, elə rollar var. Bu gün də o rolları oynaya bilərdim. Bəzilərini çox təəssüf ki, repertuardan çıxardılar. Bu da teatrda olan dəyişikliklərlə bağlı idi. Məsələn: Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” tamaşasını bu gün də biz oynaya bilərik. Nəbi Xəzrinin “Burla Xatun” tamaşası var. Bunları xatırladıqca o rollar üçün adamın burnunun ucu göynəyir. Mənə çox vaxt bu sualı verirlərki, hanı keçmiş tamaşalar, o rollar? Bu gün çox ümidliyəm, çünki Mehriban Ələkbərzadənin gəlişi ilə sanki teatra bir başqa nəfəs gəlib. Bu adam öz işinin peşəkarıdır, formada olan rejissordur. İnanıram ki, yaxşı tamaşalar hələ qarşıdadır.

- Rafiq müəllim bu gün özünə nə arzulayır?

- Mən özümə də, tamaşaçılara da, hamıya can sağlığı diləyirəm. Canımız sağ olsun ki, tamaşaçıların qarşısına həmişə üzüağ çıxaq. Elə tamaşalarla çıxış edək ki, onlar bizə o sualı verməsinlər ki, hanı o tamaşalar, o rollar? Bu arzularla yaşayırıq. Bizim pis rol ifa etməyə ixtiyarımız yoxdur. Əgər səhnəyə çıxırıqsa, bizə verilən fəxri adları, mükafatları doğrultmalıyıq.

- Allah sizi arzunuza çatdırsın. Bir daha təbrik edirik.

- Siz sağ olun, zənginiz gözlənilməz oldu. Diqqətiniz, səmimiyyətiniz üçün sizə və bütün kollektivinizə təşəkkür edirəm.

Cəmilə Hətəmxanova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm