“Mənəvi terror da terror aktının bir formasıdır”
Bizi izləyin

Müsahibə

“Mənəvi terror da terror aktının bir formasıdır”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına müsahibə verib.

Publika.az həmin müsahibəni təqdim edir:

- Qüdrət bəy, Ermənistanda yeni konstitusiya layihəsinin hazır olmasına dair mətbuatda məlumatlar yayılıb. Ermənistanın yeni konstitusiya qəbul etməsi sülh prosesini sürətləndirə bilərmi?

- Sülhə mane olan böyük dövlətlərin siyasi iradəsidir, Ermənistanın konstitusiyası yox. Biz Ermənistanı inandırmalıyıq ki, Azərbaycanın səbri tükənməz deyil. Onu kimin müdafiə etməsindən, silahlandırmasından asılı olmayaraq kəndlərimizdən işğalçı ordusunu geri çəkməli, Naxçıvana maneəsiz gediş-gəlişə imkan yaratmalıdır. Azərbaycanın qədim diyarı Zəngəzuru bəxşiş kimi qəbul edib Naxçıvanı Azərbaycandan ayrı salmaq və sonra da yolunu kəsməkdən böyük mənəviyytasızlıq və ədalətsizlik ola bilməz. Ermənistanda hər kəs başa düşməlidir ki, Azərbaycanın haqlı tələbləri yerinə yetirilməsə güc tətbiqi qaçılmaz olacaq. Azərbaycan xalqı və hökuməti buna hazır olduğunu daim nümayiş etdirməlidir. Ermənistan sülh sazişi imzalamayıb müharibəyə hazırlaşırsa biz onun özü üçün əlverişli məqamda müharibəyə başlamasını gözləməməliyik.

- Azərbaycanın Rusiya tərəfindən müharibəyə sürüklənməsinə dair deyilənlərə münasibətinizi bilmək istərdik.

- Bunu ermənilər, ermənipərəst dairələr və onlara sığınıb, onlar tərəfindən bəslənən bizim satqın soydaşlarımız deyir. Rusiya ilə Ermənistan arasında münasibətlər gərginləşib deyə, biz öz haqlı tələblərimizdən imtina etməliyikmi? Mən çox arzulayardım ki, Ermənistanın bütün dövlətlərlə münasibəti korlansın və məcbur olub sülhə gəlsin. Ermənistan sülh istəyirsə beynəlxalq hüquq normalarına hörmət etməli,sülh sazişi imzalamalı, təzminat ödəməli, müharibə canilərinin mühakimə olunmasını təmin etməlidir.

- Fransanın Ukraynaya hərbi birləşmələr göndərilməsinə dair çağırışına, Zelenskinin Ərdoğanın Rusiyanın iştirakı ilə sülh sammitinin çağırılmasına dair təklifindən imtina etməsinə, Roma papasının açıqlamasına və ABŞ-ın Ukraynaya yardımı dayndırmasına da münasibətinizi bilmək maraqlı olardı.

- Ukraynaya hərbi birliklər göndərilməsinə dair Makronun dedikləri onun növbəti qeyri-ciddi açıqlamasıdır. Əsgər göndərincə, çox demirəm, 50 ədəd müasir döyüş təyyyarəsi, müasir raketlər versin. Zelenski danışıqlardan imtina barədə verdiyi fərmanın əsirinə çevrilib. Türkiyənin təklifi ona sifətini qorumaqla vəziyyətdən çıxmaq üçün əla şans yaradırdı, çünki sülh sammiti birbaşa ikitərfli danışıqlar deyil. Təəssüf ki, bunu qiymətləndirə bilmədi. Roma papasına gəldikdə, onu deyə bilərəm ki, əksər hallarda din xadimləri Allaha ibadət edib, xalqlara yox, hökmdarlara xidmət ediblər, güclünün yanında olublar. Həm də Papa görür ki, Ukrayna xalqı qeyri-bərabər döyüşdə məhv olur, ona görə təslim olmağı təklif edir. ABŞ-a gəldikdə isə, həmişə demişəm ki, bu ölkə ilə dostluq edib ona güvənənlər mütləq peşman olacaqlar. Əminliklə deyirəm, bu gün Ukraynada ABŞ-a nifrət edənlərin sayı Rusiyaya nifrət edənlərin sayından az deyil. ABŞ Ukraynaya təzyiq edib onun nüvə silahını əlindən alan əsas ölkədir. Ukraynaya kömək etmək bu ölkənin dövlət ləyaqəti məsələsidir, siyasi, mənəvi öhdəliyidir. Amma ölkədə siaysi mənəviyyat korlandığından respublikaçılar prezidentə deyir ki, sən bizim təklifi qəbul etməsən Ukraynaya yardım ayırmayacağıq. Bu da Baydenə sərf edir. Ümid edir ki, bu yolla onları hörmətdən salıb seçkilərdə səslərini azalda bilər. Baydenin Konqresin razılığı olmadan belə, başqa yollarla Ukraynaya kömək etmək imkanı var, amma etmir. İstəyir ki,Ukraynada daha böyük faciələr yaşansın və bəzi vicdanlı amerikalılar Trampdan üz döndərsin.

Bilirsiniz, mənəviyyat korlananda zülm ərşə qalxır, qanunsuzluq, müharibələr başlayır, sosial ədalət itir. ABŞ-da bütün mənəvi dəyərlər, beynəlxalq öhdəliklər daxili mübarizədə qurban verilib. Hər şey ABŞ-ın ikili standartlar siyasətindən başladı. Bunu görən Elçibəy deyirdi ki, bu ölkə dağılacaq. İndi ABŞ-ın özündə belə çoxları bunu deyir. Cəmiyyət parçalanıb, qara dərililərə və ispan dillilərə dözümsüzlük günbəgün artır, nifrət vətəndaş müharibəsinə yol açacaq qədərdi. Tərəflər öz “lider”lərinin ən alçaq hərəkətlərinə haqq qazandırmağa, onu müdafiə etməyə hazır görünür.

Həm Ukrayna, həm Rusiya müharibədən çıxmağın yolunu tapmalıdır. Bu mümkünsüz görünsə belə. Yoxsa, bu iki slavyan xalqı bir-birinin qanını hələ çox axıdacaq.

- Qüdrət bəy, mənəvi terrorla mübarizəni necə təsəvvür edirsiniz?

-Azərbaycanda məşhur atalar sözü var: “Qılınc yarası sağalar, söz yarası sağalmaz”. Mənəvi terror da terror aktının bir formasıdır və bu cür də qəbul olunmalıdır. İnsan şərəf və ləyaqəti onun həyatı və sağlamlığı qədər dəyərlidir və eyni səviyyədə qorunmalıdır. Şərəf və layaqətin alçaldıldığı ölkədə insanlıq adına yaxşı heç nə ola bilməz, zülm olar, ədalət olmaz. Hətta heyvanlar da onlara qarşı pis rəftarı bağışlamır. Biz coğrafi baxımdan Avropada yerləşsək də müsəlmanıq və şərqli mentalitetinə sahibik. Hər bir ləyaqətli şəxs ona güllə atıb ölümcül yaralayan şəxsi bağışlaya bilər, amma onu ağır formada təhqir edəni yox. Ona görə də insan ləyaqətini alçaldanlar heç bir halda məsuliyyətdən yayına bilməməlidirlər. Bu cəmiyyətin dayaqlarını dağıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm