Stilist Anar Ağakişiyev: “Samir Əliyev haqqında...“
Bizi izləyin

Müsahibə

Stilist Anar Ağakişiyev: “Samir Əliyev haqqında...“

Azərbaycanın tanınmış stilisti Anar Ağakişiyevin Publika.Az-a müsahibəsi


- Bugünlərdə həmkarınız Samir Əliyev Azərbaycan bayrağının rənglərindən hazırladığı şərfin üzərində skelet başlarının şəkillərini həkk etdirmişdi. Bununla bağlı DİN-ə çağırılıb izahatı alındı. Samir Əliyevin bu əməli haqqında fikriniz nədir?

- Samir Əliyev haqqında bir söz demək istəmirəm. O, özü bilər, öz işidir. Sadəcə olaraq, onu deyə bilərəm ki, bayraqdır, gerbdir, bunlar müqəddəsdir. Modada bayraqdan istifadə edərkən gərək, diqqətli və səliqəli olasan. Dövlət rəmzlərinə ehtiyatla yanaşmaq lazımdır.

- Stilistlər müğənnilərin simasında elə dəyişiklik edirlər ki, maraqlı və gözəl olur. Amma buna baxmayaraq, həmin müğənniyə baxan bəzi tamaşaçılar stilistin gördüyü işlə razılaşmırlar...

- Kütlənin zövqü ilə stilistin zövqünün uyğun gəlməməsi neçə illərdi ki, davam edir. Çünki fikirlər azaddır, müxtəlifdir. Ancaq stilistlərin zövqü ilə razılaşmayan insanlar bir müddətdən sonra hər şeyi anlayırlar. Bu, hər zaman belə olub.

- Aygün Kazımova ilə Röya Ayxanın dostu olaraq, onların savaşmalarını necə qiymətləndirirsiniz?

- Bilmək olmur ki, sabah başımıza nə iş gələ bilər. Məncə, burada elə də faciəvi bir şey yoxdur. Normal qəbul edirəm. Biz insanıq. Ola bilər ki, əsəb pozğunluğumuz və yaxud da baş gicəlləndirəcək bir şey olsun.

Tamaşaçılara da onu demək istəyirəm ki, belə şeylərlə az maraqlansınlar. Təəccüblüdür ki, tamaşaçılar özləri ilə bağlı olan məlumatlarla deyil, kənarda baş verənlərə maraq göstərirlər. Müğənnilərin həyatı ilə deyil, yaradıcılıqları ilə maraqlansalar, daha yaxşı olar.

- Şou-biznesdə sizinlə bərabər 3 stilist Anar var. Onlar Anar Məlik və Anar Şaneldir. Onların içərisində daha çox siz tanınırsınız. Bəs o biri stilistlərin adları sizin iş prosesinizə təsir etmir?

- Heç bir maneçilik yaratmırlar. Ola bilsin ki, əvvəllər səhv salırdılar. İndi isə belə bir şey yoxdur. Çünki ən azından mənim iş stajım onlardan qat-qat üstündür və məni həm Azərbaycanda, həm də xaricdə tanıyırlar. Onlar da çalışırlar. Ortalıqda heç bir rəqabət yoxdur. Ruzini göndərən Allahdır.

Gürcüstanda və Rusiya yaşayan həmyerlilərimiz məni daha çox tanıyırlar. Müğənni ilə stilistin tanınmağı bir az fərqlidir. Demirəm müğənnilər gecə-gündüz telekanallardan düşmürlər deyə, məşhurdurlar. Sözüm odur ki, biz kütlə arasında tanınırıq.

- Hazırda hansı tanınmış müğənnidən sifariş almısınız?

- Xarici müğənnilərdən heç kimdən sifariş almamışam. Çünki vaxt qıtlığından əziyyət çəkirəm. Yerli müğənnilərimizin sifarişlərini çatdıra bilmirəm, qaldı xarici müğənnilər... daha çox yerli müğənnilərdən təkliflər var.

- Stilistika baxımından müğənnilərimizin fikirləri ilə sizin fikirlərinizin uyğun gəlməməsinin səbəbi nədir?

- Müğənnilərimizə zövqsüz deməzdim. Sadəcə olaraq, onlar fikirlərində geri qalıblar. Vaxtları olmur ki, stilistikaya vaxt ayırsınlar. Günlərinin çox hissəsini mahnılarına həsr edirlər. Bu mənada onları anlayıram.

- Hazırda işləriniz nə yerdədir?

- İnşallah, iyulun 1-i ad günümdə saytımın təqdimatını keçirəcəyəm. Hazırda bunun üçün çalışıram.

Fuad Mədətov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm