Müsahibə
Görücü Yeganə ölüm tarixini açıqladı - EKSKLÜZİV
- Demək olar ki, bütün işlərim su ilə bağlıdır. Su məni sakitləşdirir. İşim də su ilə bağlıdır, istirahətim də. Baxanda da su ilə baxıram. Gülləri, bir də dənizi sevirəm. Qış ayından heç xoşum gəlmir. Yay ruhuma oxşayır. Buna görə də istərdim ki, Kəbədə, Mədinədə yaşayım. Amma Azərbaycanımı qoyub, heç bir yerə gedə bilmərəm. Vətənimi başqa ölkəyə dəyişmərəm. Buralarsız, bu torpaqsız qala bilmərəm.
Özü də bu ərəfələrdə, Azərbaycan məhz mən arzuladığım bir dövrə
gəlib çatıb. Dünən gördüyüm Azərbaycan, bu gün mən istədiyim
kimidir. Şükür Allaha, ölkəmiz hər gün bir az da yüksəlir. Allah
pis gözdə, nəzərdən saxlasın. Azərbaycanımı çox sevirəm. Hələ
ölkəmiz bundan da artıq olacaq.
- Amma bir zamanlar buralardan çıxıb gedəcəyinizi
deyirdiniz...
- (Xeyli fikrə getdi) onda deyirdim, indi demərəm. O günlər artıq
çox uzaqdadır və bir daha qayıtmaz. Allah bu ölkəni idarə edənlərə,
camaatımıza cansağlığı versin. Azərbaycanımın yaxşı olmasını ölənə
qədər istəyəcəyəm. Mənim amallarımdan biri də budur. Düzdür,
gedərəm, gəzib qayıdaram. Arzularım var, Məkkəni ziyarət edim. Amma
niyə gedəcəyəm dediyimi xırdalaya bilmərəm. Buradan gedəcəyim məkan
yalnız Məkkə ola bilər. Balalarım var və mən onlara görə işləyirəm.
İnşallah, onları yerbəyer edim, arzularımın dalınca gedəcəyəm.
Uşaqlarım ailə qursunlar, sonra. Oğlum Universiteti qurtarır, sonra
onu evləndirəcəyəm. Ardınca isə qızlarımı gəlin köçürməliyəm.
- Maraqlıdır, sizin gəlininiz necə olmalıdır?
- Allah rəhmət eləsin, amma mənim qaynanam məndən razı idi. Elə mən
də ondan. Düzdür, ona 2 ay “mama” demədim. O, hətta mənim əlimdən
stəkanı almırdı ki, “mama” deyə çağırım onu. Mən ancaq Səbirə xanım
və ya Səbirə xala deyə səslənirdim ona.
- Səbəb nə idi ki?
-Anam tez rəhmətə getmişdi. Kiməsə ana demək mənim üçün çox çətin
idi. Ancaq qaynanam mənə, elə analıq etmişdi. Çox əziyyət çəkirdim.
O isə məni qucaqlayırdı, sakitləşdirirdi, deyirdi alınacaq, mən ona
da ana deyəcəyəm. Və sonda deyə bildim. Allah ona rəhmət eləsin.
Mən heç vaxt onu unutmaram.
O ki qaldı gəlinimə, əlin düşdüyü ocaq gəlin olmalıdır. Əgər mənim
qaynanam məndən razı rəhmətə gedibsə, demək ki, mənim də gəlinim
məndən razı olacaq. Kürəkənlərimə isə “oğlum” deyirəm. Qızlarım
nişanlıdır, onların yoldaşları, elə mənim də övladlarımdır. Mənim 2
qızım, bir oğlum yox, 3 qızım, 3 oğlum var.
- Sizi uzun illərdir müşahidə edirəm. Elə bil, hər fəsil başqa
bir Yeganə olursunuz...
- Gün ərzində bəlkə də yarım saat Yeganə oluram. Hərdən qaçıram,
sakitlik istəyirəm, yoruluram insanlardan. Sakitliyi ancaq dənizlə
tapıram. Gəlib burada otururam, dincəlirəm, rahatlaşıram. Kənardan
dayanıb, insanları müşahidə etməyi çox sevirəm. Mənə yuxarı başı
təklif edəndə, hər zaman ayaq tərəfə keçirəm. Çünki böyük, yalnız
Allahdır.
Ağıllı insanları sevirəm. Bəzi insanlarla rola girirəm. Onlardan
uzaqlaşmaq üçün bir müddət dözürəm. Elə insanlarla mən yalnız 5
dəqiqə ərzində ünsiyyətdə ola bilərəm, sonra qaçıram. Tutmur da,
axı ürəyim hər şeyi hiss edir. Mən də hər dəqiqə insanları yoxlaya
bilmirəm. Əziyyət çəkirəm. Hər kəsin beynində yüz fikir var. Mən
onların hamısını bilsəm, canım xəstə düşər. Hərdən öz məhəlləmdə
belə uşaqlarımdan uzaqda otururam. Uşaqdırlar da, beyinlərində min
fikir fırlanır. Hamısını bilsəm, yorularam.
- Siz insanlara qarşı da açıq şəkildə davranırsınız. Etdiyiniz
seçimləri həmin dəqiqə büruzə verirsiniz. Bəyənmədiyiniz insan bunu
çox tez hiss edir.
- Hə, o mənim xasiyyətimdə var. Düzdür, mənə deyirlər ki, sən adam
tanımırsan. Amma çalışıram ki, elə heç kimi tanımayım. Çünki
insanları yaxından tanıdıqca, ağrıdır məni. Elə insanlar olur ki,
mən onları istəyirəm, ancaq görürəm ki, o, içində mənə qarşı pis
fikirdədir. Belə insanlarla ünsiyyətim çox az olur. Onlardan
qaçıram. Qurban olduqlarım mənə bu işdə kömək edir. Şükür Allahın
bu gününə. Allah məni, səni və məni istəyənləri mərdimazardan
saxlasın.
- Yeganə xanım, sizdən niyə qorxurlar?
- Öz aləmimdə mən heç də qorxulu, vahiməli olduğumu düşünmürəm.
Kimin mənə qarşı qorxusu varsa, demək, o insanın fikri təmiz deyil.
Təmiz niyyətli insan məndən qorxmaz. Hər zaman demişəm, məndə sırf
Allah vergisidir. Allahdan qorxmaq lazımdır, məndən yox.
-Allah vergisi demişkən, bəzi insanlar bunu qarışdırırlar.
Kimisi deyir, “yatıb yuxuda almışam”, kimisi deyir, “mən elə belə
doğulmuşam”. Ancaq ən böyük problem qara magiya ilə digər baxıcılıq
növlərini dəyişik salmaqdır. Ancaq siz dürüstcəsinə etiraf
edirsiniz ki, bu, şeytan işidir.
- Bəli, baxıcılıq şeytan işidir. Mən sözümü demişəm və bunu da
danmıram. Bu sözü ölənə qədər də deyəcəyəm. Niyə də danım axı? O
qədər adam olub ki, hərəsi bunun adını bir cür çağırır. Kimisi
ekstrasensdir, çıxarıb hansısa açarını göstərir. Kimisi kosmosla
əlaqə qurur, nə bilim, nələr edir. Mən isə olduğunu deyirəm. Əldə
etdiyim hər şeyə bəziləri başqa cür baxır. Hərdən bəxtəvərlik
oxuyurlar. Day demirlər ki, içim özümü yandırır, çölüm
özgələri.
Ən adi bir stəkanın yaranması belə, insanın öz beyninə gələ bilməz.
Bunu Allah insanın ağlına gətirir və O edir. Allah bir çöpü də biz
insanların əli ilə yaradır. Sən də onu hazırlayanda düşünürsən ki,
gör necə də gözəl bacardım. Bəziləri yatıb yuxuda çox şey görür.
Mən yuxuda alınan vergiyə inanmıram. Allahın işinə qarışa bilmərəm.
Gəlib yalandan Azərbaycan üçün sözlər deyənləri də görmüşük.
-Və yəqin ki, bu cür insanları qınayırsınız?
- Axı o cür insanların dediyi heç bir söz həyata keçməyib. Əgər o
deyilənlərdən, verilən açıqlamalardan biri həyata keçibsə, beşi
yalan çıxıb. Mən yalan danışa bilmərəm. Azərbaycan üçün proqnoz
vermək əvəzinə, dua edirəm. Arzulamaqla dua etməyi çox sevirəm.
Bilirəm ki, mərdimazarlar var. Əslində bizim Azərbaycanımızda da
hələ görüləsi işlərimiz var. İnsanlar daha da mehriban olub,
birləşməlidirlər. Hazırda bizi gözə gətirmək çox asandır.
Bizimkilərdə isə bir az sözə getmək var. Ən əsası odur ki, Allah
insanlarımızın ağlını əlindən almasın. Hər zaman demişəm ki, mən
Allahın işi ilə siyasətə qarışmıram. Amma deyirəm ki, görəcəksiniz,
hər şey yaxşı olacaq.
“Eurovision” mahnı müsabiqəsində əmin idim ki, hər şey yaxşı
qurtaracaq. Baxmayaraq ki, bir çoxları “partladacaqlar”,
“dağıdacaqlar” deyirdilər və öz uşaqlarını belə, ora buraxmırdılar.
Amma mənim oğlum da final gecəsi orada olub, mən çox rahat idim.
Uşaqlarım deyirdi ki, mama, de ki, yenə bizimkilər qalib gələcək.
Deyirdim yox, hələ bir neçə il dincəlsinlər, sonra bir daha qalib
gələcəklər. Axı çox çətin və məsuliyyətli işdir.
- İndi deyirsiniz Azərbaycan bir daha bu müsabiqəni
qazanacaq?
- Əlbəttə, qazanacaq. Biz qazanan xalqıq, qalib olmağı sevirik. Pis
işdə məğlub, yaxşı işdə isə qalib oluruq. Biz həm ağıllı, həm
qonaqpərvər, həm də çörək verən xalqıq. Bizə dəyməyənlə işimiz
yoxdur. Mən özüm də beləyəm, dırnağımı tapdala, başından sıxım.
Amma mənə balaca bir yaxşılıq et, ömür böyü əvəzini çıxım.
- Amma özünüz kimi heç kimi də görmürsünüz...
- Mən özüm kimi baxıcı nəinki Azərbaycanda, bütün dünyada belə,
görmürəm. Gördüyümü siz görsəniz, heç bilmirəm nə olar. Bir də hər
zaman təkrar edirəm, Allahın işinə qarışa bilmərəm.
- Digər baxıcılar Allahın işinə qarışır ki?
- Bəli, qarışırlar. Məsələn, Azərbaycanda baş tutan möhtəşəm
“Eurovision” mahnı müsabiqəsi üçün də çox “baxıcılar” nələrsə
demişdilər. Ay baş tutmayacaq, ya bədbəxt bir hadisə olacaq. Ancaq
mən bilirdim ki, pis heç nə baş verməyəcək. Əmin idim ki,
Azərbaycanım bundan salamat qurtaracaq. Əgər biz Azərbaycan
tarixindəki və bugünkü kişilərə nəzər salsaq, görərik ki, onlar
nələr ediblər. Heç bir yerdə kişilər öz ölkəsindən çıxa bilməyəndə,
bizimkilər hər gün bir səfərdə idi.
Mən neçə əsr bundan öncə olanları deyirəm. Babamın neft quyuları
olub, tacir idi. Atamın dayısı baş prokuror işləyib. Ümumilikdə,
Azərbaycan kişiləri hər zaman qurub-yaradıblar. Ən gözəl nə varsa,
onu məhz bizim kişilər edib. Elə bu “Eurovision” ərəfəsində də
onlar nələrə qadir olduqlarını göstərdilər. Hər zaman Azərbaycan
kişiləri ilə fəxr etmişəm.
- Sizə qarşı təxribat hazırlayıb, pislik etmək istəyənləri nələr
gözləyir?
- Deyin nələr gözləmir ki (gülür). Əslində o insanların başına
gələnlər mənlik olmur. Düzünü desəm, bu barədə heç danışmaq
istəmirəm. Çünki sonra hər kəs bütün başına gələnlərdə məni
günahkar hesab edər. Həyatda heç kimə pislik arzulamamışam. Bu işə
Allah baxır.
Vallah, mənim heç kimlə işim yoxdur. Nə isə olanda belə, ancaq
Allahı çağırıram, hər şeyi ona tapşırıram. Mən heç kim üçün pis iş
görmürəm. Özüm üçün isə yalnız təmizlik işi görürəm. Gözü, nəzəri,
mənə olunan cadunu təmizləyirəm. Kiminsə mənə qarşı pis əməli
varsa, onu təmizləyirəm, sadəcə bu.
- Bir dəfə sizə vergi verildiyi andan mənə danışmışdınız.
Sözləriniz yadıma düşür. Deyirdiniz ilk dəfə “Onu” görəndə saçım
ağardı.
- Bəli, o mənzərə... bir gecəyə saçlarım ağardı. İndi bu mövzuya
qayıtmaq istəmirəm. Mənim öz aləmim var. Vergi almağın arzusunda
belə, olmamışam. Mən direktor arvadı idim. Bu işi kasıblıqdan
etməmişəm. Yanıma insanlar gəlib, niyə az baxdığımı soruşanda,
deyirəm, hər dəqiqənin bir hökmü var.
- Deyilənlərə görə, siz cadu etmirsiniz. Pis niyyətlə yanınıza
gələnləri qovursunuz?
- Heç kimin ailəsinin dağılmasına imkan vermərəm. Mən şirinlik
edirəm, eşidəndə ki ailə dağılır, bütün gücümü sərf edib, bunun
qarşısını almağa çalışıram.
- Bir də deyirlər, qız bəxti açmaq ən böyük savabdır...
- Ən gözəl işdir 40, 42 yaşında olan qızın bəxtini açmaq. Bu, ən
sevdiyim işdir. 40 yaşında qızlar deyəndə ki, “Yeganə xanım, mən
ərə gedirəm” dünyanın xoşbəxti oluram. Həmin xəbəri verən qızları
qucaqlayıb, ağlayıram. Bu yaşda ərə verdiyim qızlar deyir ki, neçə
ildir saysız-hesabsız baxıcıların yanında olublar. Amma heç kim
onlara kömək edə bilməyib. Mən bunu bacarıramsa, niyə də
sevinməməliyəm? Bu yaxınlarda da bir bəxti açılan qız gəlib dedi
ki, icazə verin, ayaqlarınızdan öpüb, dedim “Əstağfurullah,
ayaqlarımdan niyə öpürsən, get ondansa 1 kilo “qrilyaj” al yeyim”.
Bu sözlərim qızın özünün də xoşuna gəldi.
- Yeganə xanım, müəyyən bir pilləyə gəlib çatmısınız. Bu
illərdən sonra heç özünüzə hesabat vermisiniz?
- Bəli və nəticəm çox gözəl olub. İldən-ilə daha da güclü oluram.
Allaha çox şükür ki, neçə il bundan öncə bilmədiyimi bu gün
öyrənmişəm. İnsan ölənə qədər öyrənməlidir.
- Ölümdən söz düşmüşkən, yadıma sizin bir cümləniz düşür: “Mən
öləcəyim günü bilirəm”. Həmişə bu etirafı etsəniz də, heç vaxt o
tarixi açıqlamamısınız. Bəlkə o günü bizə deyəsiniz?
-(xeyli fikrə getdi). Bu sözü bilirsiniz niyə demişəm? Mənə vergi
veriləndə 7 ay əziyyət çəkdim və o anlarda məhz bu günümü görürdüm.
O gördüklərimin arasında ömrümün müddəti də deyildi. Əgər o
zamanlar bu günə qədər yaşadığım hər bir günü görmüşəmsə, demək ki,
ölüm tarixim də düzdür. Qismət!
-Və sizin ölüm tarixiniz?..
- 74 yaş!
- Bu tarixi bilə-bilə yaşamaq çox çətindir. İlin üstünə il
gəldikdə, vahiməyə düşmürsünüz?
- Düşürəm. Gələn il 50 yaşım olacaq. Deməli, artıq 24 ilim
qalır.
- Və qorxursunuz...
- Yox, vahiməli gəlsə də ölümdən qorxmuram. Düzdür, hər kəsə can
şirindir. Amma bircə istədiyim var, ona çatım, sonra rahat ölə
bilərəm. Övladlarımın hər birindən bircə nəvə görüm. Allah kimə nə
qədər ömür veribsə, onu da yaşayar, İnşallah. Amma bircə, əzabla
ölmək istəmirəm. Xəstə yox, sağlam ölüm. Onsuz da çox əzab
çəkmişəm. 18 yaşımda anamı itirmişəm. Atamı da itirmişəm, yoldaşımı
da. Övladlarımın da əzab çəkməsini istəmirəm. Anasız qalmaq çox
çətindir. Bunu övladlarımın da yaşamasını əsla istəmirəm.
Balalarım valideyn olsun, başları öz uşaqlarına qarışsın, mən də
yaddan çıxım. Onlar mənsizliyi görməsinlər. Düzdür, mən onları
atasız böyütdüm. Amma Allah əzizlərimi alıb, mənə vergi verdi. Mən
öz gücümə uşaqlarımı saxladım. Allah onları darda qoymadı.
- Bəlkə bir az qarışmaq istəmədiyiniz siyasətdən danışaq. Adınız
çəkiləndə hər kəsi eyni sual maraqlandırır: görəsən işğal altında
olan torpaqlarımızın aqibəti nə olacaq?
- Siz mənə “Eurovision”la bağlı sual verəndə, müsbət cavab
verirdim. Çünki hiss edirdim ki, hər şey yaxşı olacaq. İndi eyni
cavabı torpaqlarımız haqda da deyə bilərəm. 12 il bundan öncə
dediyim sözü bir daha təkrar edirəm: işğal altında olan
torpaqlarımız alınacaq. Azərbaycanın ərazi bütövlüyü tam bərpa
olunacaq.
Allah Azərbaycan kişilərini saxlasın. Tanrı onlara güc versin. Hər
bir şeyi onlar özləri həll edəcəklər. Bunun üçün səbir və dua
lazımdır. Bu günümüzə şükür etsək, alınacaq. Allah izin verməsə,
alınmayacaq, odur ki, səbirli olun.
- Deyirlər 2012-ci ildə dünya dağılacaq. Güclü zəlzələ olacaq.
Bu, nə dərəcə doğrudur?
- Əşi, sən Allah məni güldürməyin. Nə oldu, bəs 2011-də dağılırdı?
Qədimdən də zəlzələ, vulkan, daşqınlar olub. Yadımdadır, hələ mən
uşaq idim, Nardaranda dəniz nə qədər qabağa gəlmişdi. Sonra öz
yerinə qayıtdı. Bir də Badamdar tərəfdə torpaq yerində tərpənirdi,
yer ayrılırdı. Bunlar hələ sovet vaxtından qalıb və indi də var.
Amma bu baş verənlər dünyanın dağılması deyil axı. Niyə bunları
şişirdirlər?
Allah görəndə ki, insan vara yox deyir, bu cür əldə olunanları az
bilir, hər şeydən narazıdır, onda vurur dağıdır hamısını. Deyir
narazısan, get çabala. Amma insan hər gününə şükür edib, varlıq,
gözəllik istəyəndə Allah da onu verir. Odur ki, millətimiz ancaq
gözəllik və yaxşı işlər üçün can atsalar, Allah istədiyimiz hər
şeyi nəsib edəcək. Bir daha təkrar edirəm, torpaqlarımız alınacaq.
Geci-tezi var. Səbirli olmaq lazımdır. Dəqiq tarixi açıqlaya
bilmərəm. Ancaq bir sözü dəqiq deyə bilərəm: bizim öz
torpaqlarımızdan başqa da alınacaq məkanlarımız var.
- Bir də ən çox bir məqama fikir vermişəm. Haqqınızda yazılan
hər hansı bir xəbər məhz şou-biznes bölməsində dərc olunur. Deyəsən
sizi sürükləyib, bu sahəyə salmaq istəyirlər...
- Mən siyasət bölməsinə çıxa bilmərəm axı, düzdür? Məni ilk dəfə
efirə kanalların birində yayımlanan maqazin, şou verilişi dəvət
etdi. Ondan sonra tamaşaçıların ağlında məhz bu bölmədə qaldım.
Mənə gələn əksər dəvətlər elə şou mövzularında olub. Bir neçəsinə
getsəm də, digər qismindən imtina etmişəm. Yadımdadır, hələ Aygün
Kazımovanın verilişindən də imtina etdim. Sonra “Günəbaxan”nın
açılışına da dəvət etdilər, getmədim.
- Şou-biznesdən söz düşmüşkən, kimi dinləyirsiniz?
- Mən tək şou-biznesi izləmirəm ki. Bizim gözəl sənətkarlarımız
var. Dünyaca məşhur xanəndə Ağaxan Abdullayev, Alim Qasımov, Səkinə
İsmayılova, çox sevirəm Zeynəb Xanlarovanı, Faiq Ağayevi, Zülfiyə
Xanbabayevanı, Aygün Kazımovanı, Brilyant Dadaşovanı, əməkdar
artistlərdən Ədalət Şükürovu, Abbas Bağırovu bəyənirəm,
müğənnilərdən Röyanı və Xumar Qədimovanı çox istəyirəm.
- Bayaqdan gözlərinizə fikir verirdim. Onlarda qəribə bir məna
var, parıldayır...
- Bu sözü mənə çox adam deyir. Bəlkə də gözlərimdə məqsədlərim,
arzularım gizlənib. Azərbaycanımın firavan olmasını istəyirəm.
Məqsədim də budur. Bir də dünyanın bütün müqəddəs ziyarətlərində
olmağı arzulayıram. Bunu isə yalnız tövbədən sonra edə bilərəm.
- Bəs nə vaxt tövbə etməyi düşünürsünüz?
- Məndən olsa, elə bu dəqiqə ataram bu işi. Ancaq ata bilmirəm.
Çünki uşaqlarım var. Onları düşünməliyəm. Bununla yanaşı, qarşımda
görüləsi hələ çox işlər var. Bir də ki, mənə icazə vermirlər.
Tövbənin də vaxtı var. Necə ata bilərəm ki, gücüm hər gün bir az da
çoxalır. Buradan da bu nəticəyə gəlmək olar ki, əgər mən
gündən-günə güclənirəmsə, demək, hələ lazımam.
Türkan
Publika.Az
Foto müəllifə məxsusdur
-
İKT18:48
"Telegram"da "Moscow" ləqəbini 200 min dollara ALDILAR - FOTO
-
Magazin118:24
Namiqin bacısı bədbəxt hadisənin qurbanı olub - VİDEO
-
MDB17:49
Putin fərman imzaladı: Gürcülərə böyük JEST
-
Sosial17:31
Laçına müntəzəm avtobus reysi istifadəyə veriləcək
-
Dünya16:16
Ərdoğan bu ölkələrə gedir: məscid açacaq
-
Nida Təhlil 15:50
Azərbaycan-Ermənistan razılaşması: Bu bəndlər olmadan...
-
Region15:02
Türkiyədən tarixi qərar: Rusiyanın tətbiq etdiyi bu ifadə dəyişdirilir
-
İqtisadi gündəm14:22
İsrail İrana hücum edərsə, neft bu qiymətə olacaq