Mirsalam Mirsalamov: “Bu barədə heç nə danışmayacağam“ - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Mirsalam Mirsalamov: “Bu barədə heç nə danışmayacağam“ - MÜSAHİBƏ

Tanınmış teleparıcı və "Azad Azərbaycan" televiziyasının keçmiş baş prodüseri Mirsalam Mrsalamovun Publika.Az-a müsahibəsi

- ATV-dən çıxmağınıza əsas səbəb nə idi?

- ATV-dən getməyimə əsas səbəb, nə Vüqar Qaradağlının telekanala prezident təyin olunması ilə, nə də hər hansı kadr dəyişikliyi ilə bağlıdır. Sadəcə olaraq, mənim həyat prinsipim, mövqeyim başqadır və buna görə də telekanaldan getmişəm.

- Sizdən sonra aparıcısı olduğunuz "Canlı səs" verilişinə də müdaxilələr oldu. Əvvəl aparıcı dəyişdi, sonra da verilişin süjet xəttinə həm dəyişikliklər, həm də əlavələr oldu. Buna münasibətiniz necədir?

- Aparıcının başqasıyla əvəz olunması təbiidir. Amma verilişin konsepsiyasının dəyişməsini bəyənmirəm. Burada da heç kimi günahkar bilmirəm. Yəqin ki, onlar verilişi başqa cür təsəvvür edirlər, başqa cür görürlər. Verilişin konsepsiyasının dəyişməsinə cavab olaraq onu deyə bilərəm ki, "Canlı səs" kommersiya məqsədi ilə hazırlanmayıb, sırf müğənnilərin canlı ifası ilə öz sənətlərini nümayiş etdirməsi üçün yaradılıb. Bir də ki, veriliş zamanı müğənni heç vaxt tamaşaçıdan SMS istəməyib. Yalvarışlar, çağırışlar olmayıb. Bir məsələyə də aydınlıq gətirim ki, veriliş canlı yayımlanmırdı, ona görə də sonda hər iki müğənnini qalib kimi təqdim edirdik. Amma veriliş efirə getdiyi zamanda SMS vasitəsilə ən çox səs faizi toplayan əvvəlcədən çəkdiyimiz qalib müğənnini nümayiş etdirirdik. Bunu 4 aydır ki, heç yerdə açıqlamamışam. İlk olaraq sizə dedim.

- Bu həftədən etibarən konsepsiyası dəyişilən "Canlı səs"in nümayişi olacaq. Verilişin yaradıcısı olaraq bu məsələ sizi narahat etmir?

- ATV-də Nanə Ağamalıyevanın təqdimatında "Ulduz oldun" verilişi var. Həmin verilişdə nə olur? Eynilə, dəvət olunan müğənni 4-5 mahnı oxuyur. Ola bilər ki, "Ulduz oldun"la "Canlı səs"in fərqi, "Canlı səs"də canlı ifanın olmasıdır. Burada elə bir xüsusi göstərici yoxdur. Və yaxud "106 House" verilişi vardı ki, orada da müğənni gəlirdi, təriflənirdi və mahnı oxuyurdu. Amma mən aparıcı olduğum verilişdə müğənnini tərifləmirdim. Müğənni yaxşı insan, yaxşı ifaçı kimi təqdim olunmurdu. O, necə idisə, olduğu kimi də göstərilirdi. Düşünürəm ki, həmin verilişin aparıcısı olmaq üçün gərək, aparıcının musiqi savadı olsun.

- Bu fikriniz hazırda verilişin aparıcısı olan Cavid Gülə bir ismarışdır?

- Bu barədə bir söz deyə bilmərəm və bilmirəm ki, onun musiqi savadı var, ya yox. Kim istəyirsə, bu ismarışı üzərinə götürsün.

- ATV-də 6 il çalışmısınız. Amma ilyarım baş prodüser vəzifəsini icra etmisiniz. Rəhbər vəzifədə çalışdığınız ərəfədə telekanalda hər hansı dəyişikliklər etmisiniz?

- Telekanalda heç bir struktur dəyişikliyi olmamışdı. Elçin Əlibəyli çox mükəmməl strukturla çalışırdı. Mən də həmin strukturu davam etdirmişəm. Sadəcə, Elçin müəllim telekanala rebrendiq fikrini irəli sürüb, mən isə həmin fikir üzərində çalışmışam. Bir sözlə, telekanalda gördüyüm ən böyük iş rebrendiq olub. Elçin müəllim bunun üzərində çalışmışdı, amma yarımçıq qalmışdı. Mən telekanala baş prodüser vəzifəsinə təyin olunandan 1 ay sonra bunu tamamladım və düşünürəm ki, uğurlu rebrendiq də olub.

Mənim ATV-də qalmağım və getməyim telekanalın efirində heç nəyi dəyişməyəcəkdi. Çünki telekanala yeni fikirli insanlar gəlib. Onlar telekanalda yayımlanan verilişlərə baxıblar, öz qeydlərini aparıblar və bunu tətbiq etməyə başlayıblar. Kompromislərə gedən insan olmuşam. İstəmərəm ki, söz-söhbətlər, incikliklər yaransın.

Qürur yaxşı hissdir. Amma gərək hamıda olsun. Telekanalın bəzi işçilərində bu hiss olmadığından mən də orada qalmadım.

- Vado Korovin ATV-yə seriallar departamentinin müdiri vəzifəsinə təyin olunub...

- ATV-də heç vaxt departament olmayıb. Şou və xəbərlər bölməsi olub. Mən bildiyimə görə, Vado Korovin telekanala kreativ direktor vəzifəsinə təyin olunub. Bu vəzifəni icra edən şəxs yeni layihələr, yeni ideyalar üzərində çalışmalıdır. Vado çox gözəl aktyordur, KVN ustasıdır. Mən özüm də onu izləmişəm, sevmişəm. Televiziyanı nə qədər bilib-bilmədiyini deyə bilmərəm. Çünki televiziya ayrı sahədir, kino, teatr və KVN isə tamamilə ayrı sahədir. Mən də sizin kimi mövsümün açılışında, yəni sentyabr ayında televiziyaya baxacağam. Nə dəyişiklik olduğunu görmək istəyirəm. Bəlkə elə mən özüm baxıb nə isə öyrənəcəyəm? Çünki Vüqar Qaradağlının jurnalist kimi böyük təcrübəsi var. Səhv etmirəmsə, filoloqdur və televiziyanı yaxşı bilir. İlk gündən demişəm ki, o, televiziyanı bilən adamdır. Uğurlar olsun, müvəffəqiyyətlər arzulayıram. Çox gözəl olmasını da istəyirəm.

Televiziyada çalışdığım müddətdə rəhbər olmaq istəməmişəm. Çünki Azərbaycan Maliyyə-İqtisad Kollecini, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin kultrologiya fakültəsini mədəniyyətin meneceri istisası üzrə bitirmişəm. Sözüm odur ki, elmi, nəzəri və təcrübi baxımdan televiziyada çalışan peşəkar prodüser olmuşam. Bu sahədə 11 illik təcrübəm var. Məni ATV-yə Elçin Əlibəyli dəvət edib və həyatımın 6 ilini həmin telekanala həsr etmişəm.

- Prodüserlərin işdən çıxarılıb, yenidən bəzilərinin geri qaytarılması prosesi baş verdi. Sizcə, kadr islahatlarında bu cür amillər televiziyanın hazırladığı verilişlərə təsir edə bilər?

- İslahatlardan əvvəl də kimisə işdən çıxarırdıq, kimisə işdə saxlayırdıq ki, bundan da heç kimin xəbəri olmurdu. Ola bilər ki, haqlı olaraq həmin prodüserlər işdən çıxarılıb və yaxud bir başqa səbəb var. Yəni bunu sensasiya hesab etmirəm. Bir də ki, ATV-də elə struktur qurulmuşdu ki, prodüserlərin verilişlərin gedişatına heç bir təsiri olmurdu. Onlar menecer kimi tapşırıqları yerinə yetirirdilər. Prodüser televiziyada ən tənqid olunan və ən çox iş görən şəxsdir.

- "Bizim səhər" verilişinin aparıcıları dəyişdi. Verilişin aparıcılarından biri olan Anar Cəfərovu ümumiyyətlə, televiziyadan uzaqlaşdırdılar. Sizcə, bu cür dəyişiklik verilişlərə təsir etmir? Axı tamaşaçılar arasında da bu cür məsələlər birmənalı qarşılanmır...

- "Bizim səhər"in aparıcılarının verilişi yaxşı aparmaqlarını deyə bilmərəm. Ola bilər ki, pis aparsınlar. Əslində, yaxşı aparıcı ilə verilişi yaxşı aparmaq ayrı-ayrı şeylərdir. Onlar ATV-nin televiziya siyasətini izləyirdilər və işlərini də çox yaxşı yerinə yetirirdilər. Bizi qane edirdi. Anar öz şəxsi populyarlığının, şəxsi keyfiyyətlərinin üzərində işləmirdisə, bu, mənim problemim deyildi. "Canlı səs"in bütün işlərini özüm nəzarətdə saxlayırdım, özüm idarə edirdim. Amma "Bizim səhər" həm əyləncə, həm informasiya, həm də musiqili veriliş idi. Burada hər şey əvvəlcədən hazırlıqlı olurdu. Aparıcıya hazır mətn verilirdi və o, mətndə yazılanları səsləndirirdi. Aparıcı verilişin yönünü dəyişdirə bilməz, ona nə tapşırılırsa, ona da əməl etməlidir.

Vüqar Qaradağlının aparıcıların dəyişməsini düz edib-etməməsi haqqında bir söz deyə bilmərəm, çünki hazırda rəhbər odur.

- Rəhbər olduğunuz dövrdə Zaur Baxşəliyevin aparıcısı olduğu "Onun yarısı" verilişi bağlandı və bir müddət sonra həmin veriliş bərpa olundu. Amma hazırda bu cür izdivac verilişlərinin bağlanması yenidən diqqət mərkəzindədir. Bu barədə nə deyə bilərsiniz?

- Zaur çox gözəl aparıcıdır. Respublikada ən baxımlı, onun aparıcı olduğu verilişidir. Hətta ilk gündən "Onun yarısı"nın danışıqları gedəndə, mən dedim ki, səhv fikirdir. Amma nəticədə mən dediyim olmadı. Çünki son vaxtlarda verilişdə 50-60-a yaxın toy oldu. Bu da 100 namizəd deməkdir.

Qaldı verilişin bağlanıb-bağlanmamasına, bu barədə bir söz deyə bilmərəm. Zaurun özü fikirləşirdi ki, yeni bir layihə ilə tamaşaçıların qarşısına çıxsın. Mən Zauru alqışlayıram ki, televiziyanın saat 5-dən 7-dək olan iki saatlıq vaxtını ən reytinqli vaxt edib. Ona halaldır!

- ATV-də çalışdığın müddətdə hər hansı yeni bir televiziya layihəsi üzərində çalışırdınız ki, bu layihə ilə də ajiotaj yaradasınız?

- Mövsüm üçün partlayış yaradacaq layihə hazırlayırdım. Bu layihənin bir çox amillərini düşünmüşdüm. Bu barədə ətraflı heç nə danışmayacağam.

- Düşünmürsünüz ki, siz çıxandan sonra tamaşaçının ATV-yə münasibəti dəyişəcək?

- KİV-i izləyirəm. Bundan başqa, sosial şəbəkələrdə haqqımda yazılan şərhləri oxuyuram. Görürəm ki, məni sevənlər, televiziyada görmək istəyənlar var. Yəqin nə isə yaxşı işlər görmüşəm ki, onlar bu fikirdədirlər. Hər bir insana həmin xoş fikirlərinə görə, təşəkkür edirəm.

- Hazırda nə işlə məşğul olacaqsınız?

- Qarşımızdakı 3 ayı ailəmlə birlikdə istirahət edəcəyəm. Günümüzün səmərəli keçməsinə çalışacağam. Çünki neçə ildir bütün vaxtımı televiziyada keçirirdim. Səhər evdən çıxırdım, axşam saatlarında gəlirdim. Hətta elə olurdu ki, evə bir həftə gələ bilmirdim. İstəyirəm övladlarıma vaxt ayıram. Hələ ki, telekanallardan mənə təklif gəlməyib. Amma dostlarım müxtəlif təkliflər ediblər. Təkliflər əsasən saytlarla bağlı olub ki, həmin saytı işlədim. Hələ dəqiq özüm də bilmirəm nə işlə məşğul olacağam. Çox güman, veriliş hazırlayacağam. Əslində, prodüser mərkəzi açmaq istəyirəm.

Həyat yoldaşım Fidan Mirsalamova da peşəkar rejissordur. O, xalq artisti Eldar Quliyevin tələbəsidir. Onun da verilişlərimdə böyük əməyi olub. Bir sözlə, televiziya dəqiq elmlərdən biridir. Amma bütün qeyd etdiklərim Azərbaycan televiziyasında tam həyata keçirilmir. Bunu yalnız Murad Dadaşovun işində görmüşəm və o, çox yaxşı da çalışır.

- Bəzi müğənnilər sizin televiziyadan çıxmağınıza sevinirlər. Onlar bu barədə mətbuata açıqlama verməsələr də, öz aralarında danışırlar. Sizə qarşı niyə belə bir fikirdə olsunlar ki?

- Çünki mən müğənnini tərifləməmişəm, tərifləməyəcəyəm də. Müğənnini olduğu kimi qəbul edirəm. Şou-biznesdə baş verən qalmaqalların heç birinin mənə aidiyyatı yoxdur, olmayıb və olmayacaq da. Aygün Kazımova, Nazim, Elçin Cəfərov, Eyyub və başqa müğənnilər də var ki, onları sevirəm və onlarla dost münasibətim var. Amma bəzi müğənnilər var ki, onlara "kitayiskiy" şirni" ("çinsayağı şirni") deyirəm. Çünki əsli varsa, deməli, bunun "geydirməsi" də var.

-Elə müğənnilər olub ki, sizə pul təklif etsinlər?

- Belə bir şey olmayıb. Çünki onlar bilirlər kimə müraciət edəcəklər. Mən "Canlı səs" verilişində heç kimdən pul almamışam. Bəzi məsələlər var ki, bunun üçün müğənnidən pul alınıb. Amma bu da şəffaf olub. Belə ki, dekorasiya ustası Həmdi bəyin hazırdalığı dekorasiyaların, tekniki ləvazimatların alınmasını müğənninin üzərinə qoymuşduq.

- Bəs kliplərinin efirdə yayımlanması, nəyə görə müğənnilərimiz arasında hər zaman mənfi qarşılanıb? Adətən, klip yayımlanmasına görə, ATV-nin yüksək məbləğ istəməsi söylənilib.

- Müğənni toya 10 min manata gedir. Kim ona deyə bilər ki, niyə məhz bu qiymətə gedirsən? Əlbəttə, deyə bilməzlər. Bizdə də həmin prosesdir. Qiymət təyin olunub və belə də olmalıdır. Kommersiya televiziyasıdır. Başqa cür necə olmalıdır ki?

- Sonda demək istədikləriniz varmı?

- Publika.Az saytının rəhbərliyinə və kollektivinə minnətdarlığımı bildirirəm. Publika.Az-ın inkişafında nə lazımdırsa, əlimdən gələni edəcəyəm. Hər şeyə görə, təşəkkür edirəm.

Fuad Mədətov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm