“Ailə qurmadığıma görə çox peşimanam“
Bizi izləyin

Müsahibə

“Ailə qurmadığıma görə çox peşimanam“

Aradan illər keçməsinə baxmayaraq Nisə xanım bu gün də öz kübarlığı, hələ də təravətini itirməyən səsi ilə milyonların sevimlisidir. Qeyd edək ki, Nisə xanım düşündüyümüzdən də sadə imiş. Nisə Qasımovayla müsahibəni oxuculara təqdim edirik.

- Verdiyiniz açıqlamaların birində televiziya aparıcılarından incidiyinizi bildirmişdiniz...

- Bəzi teleaparıcılar məni verilişlərinə dəvət edir, lakin sonda hörmətsiz davranırlar. Aparıcı ağzımı açmağa imkan vermir. Hər dəfə reklam fasiləsilə bağlı sözümü yarımçıq kəsirlər. Hər halda, artıq 40 ildir səhnədəyəm. Efirə yeni çıxmış hansısa gənc ifaçı deyiləm ki, ağzımı yumsunlar! Onlar mənə qarşı hörmətsizlik edirlər.

- Nisə xanım, siz bu sənətə Zeynəb Xanlarova ilə bir başlayıbsız. Bəs hansı səbəbdən Z.Xanlarova olduqca populyarlaşdı, siz isə bir az kölgədə qaldız?

- O vaxtı məni bu sənətdə görmək istəməyənlər çox idi. Özümə yaraşdırmıram bu sözü deməyi, lakin mənə paxıllıq edənlər çox oldu.

- Zeynəb Xanlarova sizə rəqib idi?

- Bu sənətdə hər bir kəs bir -birinə rəqibdir.

- Zeynəb Xanlarova ilə münaqişəniz olubmu?

- Bəzi insanlar elə bilirlər ki, Zeynəb mənim düşmənim olub. Lakin səmimi sözümdür, bizim aramızda heç vaxt münaqişə olmayıb. Bir-birimizə hörmət edirik. Mən onun xətrini çox istəyirəm.

- Bir müddət Moskvada yaşadınız. Orada hansı fəaliyyətlə məşğuldunuz?

- Orada iki konsertdən sonra bir neçə el şənliklərinə, toylara dəvət aldım və düşündüm ki, bir müddət pulumu-paramı qazanım. Beləliklə, orada qaldım. Və qala-qala daha çox düşünməyə başladım. Sənətə gəldiyim ilk vaxtlarda kəsilən qol-qabırğam, "döyüldüyüm", xarici səfərlərdən uzaqlaşdırıldığım vaxtlar - hamısı bir-bir gözümün qabağına gəldi. Dedim mən niyə getməliyəm Azərbaycana? Beləcə üç il orada qaldım. Amma vətən həsrəti çəkib gətirdi. Və mən qayıtdım!

- Moskvaya getməyinizə səbəb nə oldu?

- O vaxt, yəni 1996-cı ildə televiziyada ilk əyləncəli şou-proqramı mən eləmişəm. AzTV-də "Ulduzlar görüşəndə" proqramı ilə. Məqsədim küsülü müğənniləri efirdə hamının gözü qarşısında barışdırmaq idi. Axı ömür əbədi deyil. Bir gün gələn bir gün də gedəcək. Allah hər bir insana ona layiq olan qabiliyyəti, ayrıca taleyi verir. Axı biz nəyi paylaşa bilmirik? Cavabı çox sadədir: kiminsə nailiyyətini, uğurunu. Bəli, kiminsə uğurunu kiminsə gözü götürmür. Bax, faciə bundadır. Moskvaya gedişim də elə-belə olmadı. "Ulduzlar görüşəndə" teleşousunda mən adi dekolte geyinmişdim. İnsanı xalqın gözündə utanca vardırmayan bir dekolte. Bu gün anam rəhmətliyin sözü olmasın, tumançaqlar, yaxası-başı açıqlar, abır-həya bilməyənlər efirlərdədir. İnsanların gözünü döyənək ediblər. 1995-ci ildə mən Moskvanın iki nəhəng konsert salonuna dəvət aldım. Dəvəti qəbul etdim. Çünki maddi vəziyyətim ürəkaçan deyildi. Çox sənətçilər öz var-dövləti ilə gündəmdə idilər. Vaxt vardı ki, Nisə Qasımovanın yanında demirdilər ki, imkanlıdırlar, villaları var. Təkcə adım və soyadım mənə bəs eləyirdi. Amma hiss etdim ki, bəzi çevrələrə, bəzi qruplaşmalara Nisəni məzlum, ruhdan düşmüş görmək sərf eləyir. Bu isə mənə çox toxunurdu. Mən o vaxtlar "Cıdır" restoranında işləyirdim. İlk əyləncəli şou-proqramı da orada yaratmışdım…

- Nisə Qasımova Moskvadan geri döndüyünə peşiman deyil ki?

- Əksinə, xoşbəxtəm. Mən öz vətənimi çox sevirəm. Pis, ya yaxşı fərqi yoxdur- bura mənim vətənimdir və onu dünyanın cənnət guşəsinə belə dəyişmərəm.

- Konsert vermək fikriniz var?

- Yaxın zamanlarda belə bir fikrim yoxdur. Çünki konsert vermək heç də asan iş deyil. Bu, böyük maddi vəsait tələb edir. Hələ ki belə bir imkanım yoxdur. Lakin çox istərdim ki, tamaşaçılarıma konsert verim.

- Sizin aləminizdə sənətkar kimdir?

- Müğənni, sənətkar ayrı şeydir. Sənətkar Zeynəb Xanlarova, Flora Kərimova, Nazpəri Dostəliyeva, Brilyant Dadaşova, Elnarə, Röya, İlqar Muradov, Samir Cavadzadə, Eltondur, Ayaz Qasımovdur, İzzət Bağırovdur və layiqli neçə-neçə müğənnilərdir.

- Eşitdiyimə görə, siz bu sənəti atanızın arzusu ilə seçmisiniz…

- Atam rəhmətliyin gözəl səsi vardı. Xüsusilə də muğamlarımızı gözəl bilirdi. Amma onun müğənni olmaq arzusu həyata keçməmişdi. Ona görə də həmişə arzulayırdı ki, heç olmasa, övladı müğənni olsun. Biz dağlı olduğumuz üçün daha çox Şirvan zonasına yaxınıq və ən çox Şirvan muğamlarına üstünlük veririk. Bu, məndə də belədir. Genetikdir. Həmişə deyirəm ki, müğənni nəyi yaxşı bilirsə, nəyi bacarırsa, onu ifa eləməlidir.

- Sizi sevən, yolunuzda fəda olmaq istəyən kişilər çox olub. Bəs siz necə? Ürəkdən sevdiyiniz biri olubmu?

- Mən hələ gənc yaşlarımda bir qohumumu sevmişdim. Amma alınmadı. Taleyimiz ayrıydı. Bəzi oxuduğum mahnılarda onun ünvanına sevgi mesajları göndərmişəm. Sonradan isə uzaqdan-uzağa sevdiyim, simpatiya bəslədiyim insan olub. Ümumiyyətlə, sevgi, ailə qurmaq haqqında düşünəndə həmişə məyus oluram. Ailə qurmadığıma, dünyaya övlad gətirmədiyimə görə çox peşimanam…

Türkan Nadirqızı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm