“Bu barədə Araz Əlizadə bir söz deyə bilməz…” - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

“Bu barədə Araz Əlizadə bir söz deyə bilməz…” - MÜSAHİBƏ

- Sosial Demokrat Partiyasının növbəti qurultayının vaxtı dəqiqləşibmi?

- Qurultay iyul ayının 31-də keçiriləcək.

- Hazırlıqlar necə gedir?

- Rayon təşkilatlarının konfransları artıq başa çatıb, qurultay nümayəndələri seçilib.

- Qurultayın keçirilmə yeri ilə bağlı hansısa problem yoxdur ki?

- Hələlik yox...

- Qurultaya yer ayrılmasıyla bağlı müraciət olunubmu?

- Partiyanın qurultayıdır, niyə kiməsə müraciət etməliyik? Gedib lazım olan yeri icarəyə götürəcəyik. Azərbaycanda qəribə hal yaranıb. Bir çox partiyalar qurultay keçirmək istəyəndə icra hakimiyyətlərinə müraciət edirlər ki, bizə yer verin. Ay qardaş, sən müstəqil təşkilatsan, istədiyin yeri götür, qurultayını keçir.

Sosial Demokrat Partiyası indiyə kimi qurultay keçirmək üçün kiməsə müraciət etməyib. İcarəyə yer götürüb qurultayımızı keçirmişik. Bir neçə dəfə köhnə “İnturist”də toplaşmışıq.

Mənə qurultay üçün yer verməlidirlər deyən ideoloji rəqiblərimi başa salmaq istəyirəm ki, məsələ onların dedikləri kimi deyil. ASDP qurultayı partiya zalında keçirdiyi vaxt da olub. Bəzən qurultay nümayəndələrinin sayını azaltmışıq. Maddi imkanımız çatanda restorana yığışmışıq.

- Bu dəfə qurultayın gündəliyində hansı məsələlər daxildir?

- Ötən dövrün hesabatı dinləniləcək, müxtəlif çıxışlar olacaq və rəhbər orqanlara seçkilər keçiriləcək.

- Yayılan məlumatlara görə, eks-prezidentlər haqqında qanunun qəbulundan sonra Azərbaycana qayıdan Sosial Demokrat Partiyasının həmsədri, keçmiş prezident Ayaz Mütəllibov qurultayda siyasətdən və həmsədrlikdən gedəcəyi ilə bağlı bəyanat verəcək...

- Bu fikri mən yalnız mətbuatdan oxumuşam. Ayaz müəllimlə bu barədə söhbətimiz olmayıb. Biz Ayaz Mütəllibovun fikrinə hörmətlə yanaşırıq. Ona zorla nəyisə qəbul etdirmək olmaz. Bircə onu deyim ki, siyasət Ayaz Mütəllibova ağrılardan başqa heç nə verməyib.

- Ayaz Mütəllibov siyasətdən və həmsədrlikdən getsə, partiyanın həmsədrlik formatında dəyişiklik olacaqmı? Olacaqsa, sədr postuna mümkün namizədlər varmı?

- Bu məsələni qurultay müəyyən edəcək. Araz Əlizadə qurultaya kimi bu barədə heç nə deyə bilməz.

- Ümumiyyətlə, həmsədrlik formatının yaradılmasına zərurət nə idi?

- Bizdə həmsədrlik ona görə yaradılıb ki, 1995-ci ildə mən mühacirətə getməli olacağımı bilirdim. O zaman qurultaya müraciət etdim ki, mühacirətə getməli olsam, xahiş edirəm, mənə sədrlik institutunun həmsədrlik institutu ilə əvəz olunması barədə qərar qəbul eləmək səlahiyyəti verilsin. Yəni mənə səlahiyyət verilsin ki, həmsədr təyin edim. Qurultay səlahiyyət verdi. Azərbaycandan gedəndə isə Zərdüşt Əlizadəni həmsədr təyin etdim.

- Ümumilikdə, həmsədrlik formatını uğurlu hesab etmək olarmı?

- Bunun müsbət və mənfi cəhətləri var. Müsbət cəhət onun demokratikliyidir. Mənfi cəhət odur ki, partiyada Filankəslərə və Filankəşçilərə ayrılma baş verə bilər.

- Ayaz Mütəllibovun Azərbaycana qayıtmasından sonra harada yaşayacaq?

- Ayaz Mütəllibovun Azərbaycanda öz evi var. Bundan əlavə eks-prezident kimi ona nə təklif edəcəklər, bunu zaman göstərəcək. Mən onun şəxsi həyatına qarışa bilmərəm. Onun şəxsi həyatı haqqında indiyə kimi heç nə deməmişəm və fikrim də yoxdur.

- Sosial Demokrat Partiyası siyasi bloklara niyə qoşulmur?

- Siyasətçilər arasında əfsuslar olsun ki, bloklaşma, birləşmə və birgə fəaliyyət mədəniyyəti yoxdur. Sonuncu dəfə biz “Yeni Siyasət” blokuna qoşulduq. Seçkilərə kimi hamımız bir şeyi danışmışdıq, seçki kampaniyası başlayan kimi hərə başladı yorğanı öz üstünə çəkməyə.

Başa düşdüm ki, ən çox hörmət etdiyim, yaxından tanıdığım adamlar da birləşmə, bloklaşma mədəniyyətinə malik deyillər. Bu bizim qəti fikrimizdir: Bir daha hansısa siyasi bloka qoşulmayacağıq.

- Sizcə, Azərbaycanda əqidə üzərində qurulan nə qədər partiya var?

- Əqidə üzərində qurulan partiyaya ASDP misaldır. Zəifdir, yoxsa güclüdür, bunu yalnız azad və demokratik seçki göstərə bilər. Yaxşı olardı ki, partiyaların gücünü müəyyən etmək üçün proporsional seçki sistemi bərpa olunsun. Majoritar seçki sistemində kimin pulu çoxdursa, onun da qələbə şansı çoxdur.

Müsavat Partiyası özünü milli demokratik partiya hesab edir. Əslində Məmmədəmin Rəsulzadə dövründə bu partiya sosial-demokrat partiyası kimi yaranmışdı. Demokrat Partiyası da milli demokratdır, o birilər də həmçinin – çoxları milli demokratdır. Amma onlarda bu əqidə nəzərə çarpmır. Özünü milli demokrat, liberal demokrat əqidəsinə yaxın olduqlarını bəyan edənlər sosial demokrat şüarları ilə çıxış edirlər. Edirlərsə, qoy birləşsinlər. Camaatı çaş-baş salmasınlar.

Azərbaycanda 100-dən çox təşkilat var. Gülməlidir.

- Sizcə, ölkədə neçə partiya olmalıdır?

- Mərkəzçi, sol və sağ partiyaların bölgüsü aparılmalıdır. Bir də olsun milli demokratlar. 4-5 partiya Azərbaycan üçün kifayətdir.

- Partiya üzvlərinin sayı siyasi mübarizə üçün hansı önəm daşıyır?

- Qərbdə partiya üzvlərinin sayı deyilən bir anlayış yoxdur. Yalnız bircə bir şey var - partiya seçkilərdə nə qədər səs toplayır. Bu o deməkdir ki, ölkədə bu qədər tərəfdaşı var.

Qərbdə qeydiyyatdan keçmək üçün partiya 10-15 nəfərin iştirakı ilə özünü elan edir, bank hesabı açırlar və başlayırlar fəaliyyətə. Seçkilərdə uğurlu olsalar parlamentə düşürlər və dövlət tərəfindən maliyyələşir. Uğursuz olduqda isə dağılırlar...

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm