Müsahibə
Ələsgər Məmmədli: “MTRŞ verilişə qadağa qoya bilər, amma...“ - MÜSAHİBƏ
-Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin izdivac verilişlərinin dayandırılması ilə bağlı açıqlamasına ANS telekanalının prezidenti Vahid Mustafayev bildirib ki, televiziyanın yaradıcılıq istiqamətlərinə, proqramlarına heç bir qurumun qarışmağa ixtiyarı yoxdur. Məsələnin hüquqi tərəfi necədir?
- Hesab edirəm ki, ANS telekanalının prezidenti Vahid Mustafayevin açıqlaması yerində verilib. Milli Televiziya və Radio Şurası hər hansı proqramın yayımı və yaxud yayımının qadağası ilə bağlı qərar vermək səlahiyyətinə malik deyil.
Yalnız hansısa proqramda dini, milli, irqi ayrı-seçkiliyin təbliğ olunduqda, hakimiyyəti zorla ələ keçirməyə çağırış edildikdə və bu kimi hallarda qadağa qərarı çıxarıla bilər.
Bu zaman Milli Televiziya və Radio Şurası həmin proqramın yayımını dayandıra və yayıma cavabdeh şəxsləri cəzalandıra bilər. Qanunvericiliyə görə, telekanal yayımlayacağı proqramı özü müəyyənləşdirməlidir.
Milli Televiziya və Radio Şurası bəzi verilişlərin efirlərdən yığışdırılmasını tövsiyə edə bilər. Qanunvericilik Şura tərəfindən proqramların qadağan ediməsini özündə ehtiva etmir.
- Xarici təcrübədə fərqli bir məqam varmı?
- Xarici ölkələrdə də fərqli bir şey yoxdur. Yəni hansı proqramın yayımı teleradio sahəsində tənzimləyici qurum tərəfindən müəyyənləşdirilə bilməz. Proqramların ömrünü tamaşaçı auditoriyası, reytinq müəyyənləşdirir.
Veriliş efirə çıxır, reytinq qazanmırsa tele-şirkət rəhbərliyi onu başqa bir proqramla əvəzləyir. Yəni rəqabətə davam gətirən proqram efirdə qalır, digərləri isə efiri tərk edir. Efirdə hansı proqramın qalıb-qalmamasını dolayısı ilə istehlakçı, tamaşaçı təyin edir.
- Xarici ölkələrdə proqramların reytinqini ölçən şirkətlər fəaliyyət göstərir. Azərbaycanda bu sahədə vəziyyət necədir, reytinq hesabatları reallığa uyğun gəlirmi?
- Azərbaycanda ikisi beynəlxalq, biri yerli olmaqla 3 şirkət televiziya proqramlarının reytinqini ölçür. Reytinq hesabatlarının reallığı tam əks etdirib-etdirməməsini tam demək çətindir. Teleradio Şurası da daxil olmaqla bəzi qurumlar onların açıqladığı reytinq məlumatlarına şübhə ilə yanaşır.
Əsas məsələ reytinqi ölçən şirkətlərin istifadə etdiyi metodlar, yer və tamaşaçı seçimidir. Bunlar həm gizli, həm də çox diqqətli araşdırılmış sosioloji seçimlə olmalıdır. Məsələn, zəngin bir ailənin zövqü ilə kasıb ailənin zövqü, yaxud şəhərin mərkəzində yaşayan bir insanın televiziyaya baxmaq vərdişi ilə ucqarda yaşayan insanın vərdişi eyni olmaya bilər.
Reytinq cihazlarını yerləşdirərkən bütün əhalinin əhatə olunmasına diqqət yetirilməlidir. Metodologiya çox aydın olmalıdır.
Məsələnin digər tərəfi də var. Reklam verən şirkət reytinqləri qəbul edir və reklam verirsə, onlara çox şübhəylə yanaşmaq lazım deyil.
- Sizcə, Milli Televiziya və Radio Şurasına verilən səlahiyyətlər teleradio sahəsindəki vəziyyətə nəzarət etmək üçün yetərlidirmi?
- Məsələ hüquqi problemlərlə bağlıdır. Hesab edirəm ki, teleradio sahəsinin səlahiyyətləri yetərlidir. İndiki qanunda göstərilən səlahiyyətlərdən şikayət etməyə dəyməz. Şuranin televiziya proqramlarina müdaxilə hüquqları yoxdur, bu olmamalıdır da...
- Milli Teleradio Şurasının telekanalların proqram siyasətinə qarışmağa ixtiyarı olmadığı halda xarici teleserialların yayımı necə qadağan edildi?
- Əslində, bu da qanunsuzdur. Ancaq hansısa pornoqrafik və erotik materialların yayımı qadağan edilə bilər. Bu qanunla yol verilən haldır. Ancaq istənilən halda, Azərbaycan telekanallarında xarici teleserialların yayımına qadağa qoyulması mübahisə doğurur və hətta deyərdim ki, bu, Milli Teleradio Şurasının səlahiyyətlərini aşması deməkdir.
"İctimai televiziya və radio yayımları haqqında" qanunda bir maddə var ki, İctimai Televiziya ən yaxşı xarici serialları Azərbaycanda yayımlamalıdır. Yəni qanunda belə bir müddəa varkən Milli Teleradio Şurasının məlum qərarı hansı məntiqə sığır?
- Xarici teleserialların yayımının qadağan olunmasından sonra onların yerini alan teleseriallar sizi qane edirmi? Media ekspertindən əlavə həm də tamaşaçı kimi...
- Süni qadağalarla vəziyyəti düzəltmək mümkün deyil. Sözsüz ki, Azərbaycanın yaradıcılıq imkanları var və yaxşı teleseriallar ərsəyə gətirmək mümkündür. Ancaq mövcud potensialın inkişafı üçün süni qadağalar məqbul deyil.
İlk növbədə dayanıqlı bazar yaradılmalıdır. Dayanıqlı bazarı isə rəqabət mühitini yaradacaq. Çalışmalıyıq ki, teleradio bazarını liberallaşdıraq. Onda yaxşı ideyalar ortaya çıxacaq. Bunu edə bilməsək, uzun müddət boşluğu doldura bilməyəcəyik.
- Telekanal rəhbərliyi iddia edir ki, kanalın proqram siyasətinə dövlət qurumu müdaxilə edə bilməz. Siz bir az əvvəl qeyd etdiniz ki, xarici ölkələrdə hansı proqramın efirdə qalıb-qalmamasını reytinq müəyyənləşdirir. Sizcə, sözügedən izdivac verilişləri efirdə olmalıdırmı?
- Həmin verilişlərin həm müsbət, həm də mənfi tərəfləri var. Bu verilişlər birbaşa olmasa da, arxa planda müxtəlif sosial problemləri ortaya çıxarır. Məsələn, insanlar evlənmək üçün nədən bu verilişlərə üz tutur, nədən müəyyən yaşa kimi evlənə bilməyiblar, boşanıblarsa hansı səbəblərdən boşanıblar, qərarlar icra olunmayıbsa nədən icra olunmayıb...
Təbii ki, məsələnin neqativ tərəfi də var. Bununla belə, reytinq yüksəkdirsə, deməli, verilişə tamaşaçı tələbatı var və tələbat ödənməlidir.
Ömər Əmirov
Publika.Az
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”