Əli Əhmədov: “Onların ağrıyan yeri mədələridir...“
Bizi izləyin

Müsahibə

Əli Əhmədov: “Onların ağrıyan yeri mədələridir...“

Milli Məclisin orqanı olan "Azərbaycan" qəzeti Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, millət vəkili Əli Əhmədovla müsahibə dərc edib. Publika.Az-ın məlumatına görə, Əli Əhmədov bir sıra mühüm mövzulara münasibət bildirib.

Əli Əhmədov BMT Təhlükəsizlik Şurasına sədrlik edən Azərbaycanın bu imkandan Dağlıq Qarabağ münaqişəsinin həllində necə yararlanmalı olduğu sualına cavabda deyib:

"Azərbaycan dövlətinin öz müstəqilliyinin bərpasının 20-ci ilində dünyanın ən mötəbər beynəlxalq təşkilatının üst qurumuna üzv seçilməsi böyük uğur hesab olunmalıdır. BMT və onun Təhlükəsizlik Şurası dünya dövlətləri tərəfindən etibar qazanmış bir qurumdur. Azərbaycanın belə bir qurumda təmsil olunması ölkəmizin dünya birliyində böyük hörmət və nüfuz qazandığının bariz nümunəsidir. Bu, eyni zamanda, Azərbaycanın inkişafına, bir dövlət olaraq qüdrətlənməsinə dünya birliyinin verdiyi qiymət kimi də qəbul oluna bilər.

Bütün bunlarla yanaşı, Azərbaycan terrora məruz qalan bir ölkədir. Torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, 1 milyondan artıq soydaşımız doğma yurdlarından didərgin düşüb. Eyni zamanda, Azərbaycan sivilizasiyalararası əməkdaşlığın mərkəzi, Cənubi Qafqazın lider ölkəsi hesab olunur. Ona görə də bölgədə təhlükəsizliyin təmin olunması üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır.

Münaqişənin nizamlanması prosesində ölkəmizin hansı formada yararlanması məsələsinə gəlincə, birmənalı şəkildə qeyd etmək lazımdır ki, bütünlükdə Azərbaycanın bu quruma üzv seçilməsi beynəlxalq aləmdə respublikamızın nüfuzunun artmasının nümunəsi kimi problemin həll olunmasına öz təsirini göstərir.

Əgər dünya birliyində Azərbaycanın hörməti artırsa, bu, münaqişənin ədalətli şəkildə həll olunmasına öz təsirini də göstərə bilər. Digər tərəfdən, bu qurumda Azərbaycanın təmsil olunması ölkəmizin öz problemlərini həll etməsi üçün daha təsirli addım atmaq imkanı yaratmış olur. Azərbaycan terrorizmə, ədalətsizliyə qarşı mübarizə aparıb və bundan sonra da aparacaq. Ona görə də Ermənistanın təcavüzünün aradan qaldırılmasında ölkəmizin beynəlxalq gücü məsələyə cəlb etməyə haqqı var.

Birmənalı şəkildə qeyd etmək lazımdır ki, obyektiv olaraq ölkəmizin belə bir quruma üzv seçilməsi Dağlıq Qarabağ probleminin həll olunmasında Azərbaycan hökumətinin sistemli şəkildə bu istiqamətdə daha geniş miqyasda fəaliyyət göstərməsi üçün yaxşı imkanlar yaratmış olur".

Erməni lobbisinin Azərbaycana qarşı apardığı informasiya müharibəsinə qarşı ölkəmizin apardığı hücum diplomatiyasından danışan millət vəkili deyib ki, Azərbaycanın əsas düşməni erməni lobbisidir:

"Dövlətimizin günü-gündən qüdrətlənməsi, dünyada tanınması torpaqlarımızı işğal etmiş erməniləri vahiməyə salıb. Bu gün həqiqət ondan ibarətdir ki, Azərbaycan iqtisadi cəhətdən və digər parametrlərə görə Ermənistanla müqayisə olunmayan bir mərtəbəyə çatıb. Ölkəmizin ordusu Ermənistanın ordusu ilə müqayisədə həddən artıq böyük gücə malikdir və bütün bunların hamısı həm böyük rəqəmlərlə ifadə olunur, həm də illər keçdikcə Ermənistanla Azərbaycan arasındakı fərqlər böyüməkdədir.

Təbii olaraq, bütün Azərbaycanın dinamik inkişafı erməni lobbisini qorxuya salır və onların Azərbaycana qarşı apardığı mübarizə də güclənir".

Əli Əhmədov təəssüflə qeyd edib ki, erməni lobbisinin Azərbaycana qarşı apardığı təbliğat kampaniyasında bu və ya digər dərəcədə sinxron fəaliyyət göstərərək əslində o təbliğatın dəyirmanına su tökən Azərbaycanın daxilində qüvvələr də var.

Azərbaycanda bir neçə gündən sonra keçirilən "Eurovision-2012" mahnı müsabiqəsindən danışan millət vəkili hesab edir ki, bu, bütövlükdə ölkəmizin Avropanın mahnı müsabiqəsində uğur əldə etməsi Azərbaycanın gənc dövlət kimi böyük nailiyyətlərindən biri sayılmalıdır: "Təsəvvür edin, Azərbaycanda Avropanın mahnı müsabiqəsinin keçirilməsinə qarşı çıxanlar kimlərdir? Birinci qüvvə, təbii ki, erməni tərəfini təmsil edən erməni iştirakçılarıdır. Onlar mahnı müsabiqəsində iştirakdan imtina etdilər və beləliklə də yarışmanın Bakıda keçirilməsindən bir vasitə kimi istifadə edib Azərbaycanın imicini yaralamağa çalışdılar. İkinci qüvvə, erməni lobbisinin dəstəyi və maliyyə köməyi ilə ayrı-ayrı ölkələrin mətbuatında Avropa müsabiqəsinin Bakıda keçirilməsi ilə əlaqədar uydurmalar yayaraq, Azərbaycanın imicinə zərbə vurmaq istiqamətində fəaliyyət göstərən bəzi ölkələrin qərəzli mətbuatıdır.

Sonuncu qüvvə isə Azərbaycanın daxilində "beşinci kolon" missiyasını öz üzərinə götürmüş insanlardır ki, onlar yenə də "Eurovision"un Bakıda keçirilməsindən istifadə edərək ölkəmizə ləkə yaxmağa çalışırlar. Bu üç qüvvə birgə fəaliyyət göstərir".

"Aqressiv müxalifət bir neçə dəfə icazəli mitinq keçirdi. Ancaq "Eurovision-2012" mahnı müsabiqəsi öncəsi Bakı Şəhər İcra Hakimiyyətinin onlara təqdim etdiyi məkanda mitinq keçirmək istəmədilər. Bu səbəbdən icazəsiz mitinq keçirərək qarışıqlıq yaratmağa başladılar. Sizcə, bunun səbəbi nədir?" sualına cavabda Əli Əhmədov deyib: "Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerlərdən müxtəlif bəhanələrlə imtina edilməsini əsaslı saymıram. Əgər onların tərəfdarları varsa, tərəfdarlarının sayı yetərincədirsə, şəhərin istənilən yerində öz mitinqlərini keçirə bilərlər. Nəzərə almaq lazımdır ki, təklif olunan yer şəhərin mərkəzindən uzaqda deyil və bəhanə üçün səbəb yoxdur.

Deməli, təklif olunan yerdə mitinqlərin keçirilməsindən imtina edilməsi məkanla əlaqədar deyil. Ümumiyyətlə, mitinqin harada keçirilməsindən daha çox mitinqdə nə qədər adamın iştirak etməsi əsasdır. Digər tərəfdən, mitinqin keçirilməsinin müəyyən bir məqsədi olmalıdır.

Mitinq keçirmək məqsədə çevrilə bilməz. Hər həftənin sonunda mitinq keçirilməsinin mənasını başa düşmək mümkün deyil. Mitinqi keçirməklə müxalifət nəyəsə öz etirazını bildirir və bu etirazı bildirmək üçün bir və ya iki mitinq keçirilməsi yetərlidir. Hər həftə mitinq keçirmək iddiasını ortaya qoyan müxalifətin, görürəm ki, gizli niyyətləri var".

YAP sədrinin müavini deyib ki, müxalifətin və onlara sifariş verib havadarlıq edənlərin bütün cəhdlərinə baxmayaraq, ölkəmizdə "Eurovision-2012" mahnı müsabiqəsi uğurla həyata keçiriləcək: "Kimin hansı niyyətlərə xidmət etməsindən asılı olmayaraq, bu yarışma Avropa müsabiqələri tarixində ən əhəmiyyətli, ən yaddaqalan müsabiqədən biri kimi tarixə qovuşacaq!"

2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərində aqressiv müxalifət birləşmə imkanlarından söz açarkən Əli Əhmədov bunu mümkünsüz sayıb: "Son illərin təcrübəsinə istinad etsək, deməliyəm ki bu, mümkün deyil! Azərbaycan müxalifəti indiyədək hər hansı bir birləşmək niyyətlərini sona çatdıra bilməyib. Dəfələrlə onlar bu və ya digər formada birləşməyə cəhd göstəriblər. Amma daxili intriqalar, şəxsi iddialarının partiya maraqlarından üstün olması belə bir birliyi həyata keçirməyə imkan vermir.

Ona görə də əminəm ki, onların birləşib vahid namizədi ortaya çıxarması mümkün olmayacaq. Digər tərəfdən, müxalifət liderləri qarşıdan gələn prezident seçkilərində heç bir uğur qazana bilməyəcəklərini aydın dərk edirlər. Ona görə də onlar üçün ən böyük nailiyyət prezidentliyə namizəd kimi irəliyə sürülməkdir. Bu isə təbii ki, imkan vermir ki, onlar seçkiyə vahid namizədlə qatıla bilsinlər. Qəti əminliklə qeyd etmək istəyirəm ki, Azərbaycan vətəndaşları ölkəmizdə həyata keçirilən siyasəti dəstəkləyir və daim Prezident İlham Əliyevlə birdirlər!"

"Ziyalılar forumu"ndan danışarkən Əli Əhmədov deyib ki, qurum həqiqətən öz adına sadiqdirsə, heç olmasa hərdən ziyalıların məşğul olmağı vəzifə bocu bildikləri problemlərdən də söhbət açaydılar: "Onlar yalnız siyasətlə məşğuldur, yalnız siyasi bəyanatlar verirlər. Əgər belədirsə, niyə adlarını "ziyalıların siyasi forumu" qoymayıblar? Gözəl bir söz var: ya olduğun kimi görün, ya da göründüyün kimi ol! Bunlar nə olduqları kimi görünə bilirlər, nə də göründükləri kimi ola! Siyasətlə məşğul olmaq istəyirlər, buyurub olsunlar.

Amma bunu etiraf etsinlər, daha oram ağrayır, buram ağrıyır deyib ah-zar etməsinlər. Azərbaycanda hamı çox gözəl bilir ki, ziyalılar forumunda toplaşanların ağrayan orqanlarının adı nə ürəkdir, nə də baş. Ağrayan yerlərinin adı mədədir!

Onlardan biri, Rafiq Əliyev son toplantılarında deyib ki, neft pulları hər yerə xərclənir, amma Qarabağa xərclənmir. Açığı mən bu qədər cəfəng, mənasız, məntiqdənkənar bir iddia eşitməmişəm. Belə bir iddianı ortaya qoymaq üçün insan nəinki ağlını, görünür, vicdanını da itirmiş olmalıdır!

Bu gün Azərbaycanın hərbi xərcləri Ermənistanın dövlət büdcəsindən xeyli çoxdur. Azərbaycanın Neft Fondunun vəsaitləri hesabına yüz milyonlarla pullar xərclənib, məcburi köçkün əhali üçün hər bir şəraiti olan evlər tikilib, qəsəbələr salınıb. Onlar çadırlarda, vaqonlarda yaşamaq məhrumiyyətindən qurtulublar.

Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin həyat səviyyəsini yaxşılaşdırmaq məqsədilə hər il on milyonlarla vəsait xərcləyir. Siyahını uzada bilərəm. Hesab edirəm, yetərlidir! Ancaq onu demək istəyirəm ki, bunların hamısı əvvəla, Qarabağ üçün, ikincisi isə neftdən gələn gəlirlər hesabına edilir. Əgər bunu kimsə dərk edə bilmirsə, bu, artıq onun problemidir! Azərbaycanda həyata keçirilən nə varsa, birbaşa Dağlıq Qarabağ probleminin həllinə yönəlib.

Azərbaycan bu məqsədlə ortaya böyük səylər qoyur. Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətin əsas qayəsi Dağlıq Qarabağ probleminin həllinə nail olmaqdır. Amma bu həqiqətləri kimlərsə ya görmür, ya da qəbul etmək istəmirlər. Azərbaycana qara yaxmaq üçün hər cür ifadələr işlədən insanların bəzisi təəssüf ki, özünü ziyalı adlandırır. Əslində, "ziyalılar forumu"nun bu cür bəyanatlar səsləndirməsi orada toplaşanların hansı maraqlara xidmət göstərməsindən xəbər verir".

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm