Müsahibə
Mustafa Hacıbəyli: “Partiyadan üç nəfər Arif Hacılıya etiraf edib ki...”- MÜSAHİBƏ
Hazırda həbsdə olan Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılının qardaşı, Müsavat Partiyası Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Mustafa Hacıbəyli Publika.Az-a müsahibə verib.
- Arif Hacılının adı ətrafında gedən son müzakirələr Müsavat Partiyası daxilində qanadlara bölünmə və ciddi bir qarşıdurmanın olduğu təsəvvürünü yaradır. Bu təsəvvür nə dərəcə doğrudur?
- Müsavat bir qədər fərqli partiyadır, burada ciddi demokratik ənənələr var. Partiyada, deyildiyi kimi, ciddi bir bölgü, qarşıdurma yoxdur. Biz hamımız İsa Qəmbərin tərəfdarlarıyıq. Arif Hacılının özü də, digər müsavatçı vicdan məhbusları da bunu dəfələrlə bəyan ediblər.
Partiyada münasibətlər səmimidir. Lakin qanadlanma yox, müəyyən fikir ayrılıqları var. Fikir ayrılıqları qurultayla bağlı ortaya çıxıb. Müsavat Partiyasının qurultayının keçirilməsinə hakimiyyət tərəfindən maneələr yaradılır, qurultayı keçirməyə münasib yer ayrılmır.
600 nəfərdən çox qurultay iştirakçısı, digər partiyalardan olan nümayəndələr və xarici qonaqları da nəzərə alanda, 700-800 yerlik böyük zala ehtiyac var. Məlum olduğu kimi, biz istədiyimiz yerləri - Əl Oyunları Sarayı və ya Opera və Balet Teatrını əldə edə bilmədik. Lakin yaranmış vəziyyəti nəzərə alanda mən hətta partiyaların gizli qurultay keçirməsini də münasib sayıram.
Əmircandakı Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında 600 yer var, əlavə stullar qoymaqla yerlərin sayını 700-ə çatdırmaq olar. Düşünürəm ki, bu məkan hazırkı şəraitdə qurultay üçün münasib sayıla bilər.
Bu məsələ öz həllini mayın 7-də tapacaq. Həmin gün Təşkilat Komitəsinin iclası olacaq və hesab edirəm ki, sonda qurultaya getmək qərarı veriləcək. Yəni, hazırda ən real variant məhz Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayıdır.
Hər halda, qurultayın dəqiq tarixi təyin olunandan sonra başqanlığa namizədlərin qeydiyyatı başlayacaq. Həmçinin qurultayda İsa Qəmbərin prezidentliyə namizəd kimi irəli sürülməsin təklifi də gündəmdədir.
- Arif Hacılı “Yeni Müsavat” qəzetinə müsahibəsində demişdi ki, qurultayın yubadılmasını istəyən şəxslər var, bu açıqlama da mübahisəyə səbəb olub. Bu şəxslər kimlərdir və məqsədləri nədir?
- Onların kim olması və məqsədləri barədə heç nə deyə bilmərəm. Arif Hacılı lazım bilsəydi, bunu müsahibəsində deyərdi. Lakin bu faktdır ki, partiya rəhbərliyində təmsil olunan şəxslərdən 3 nəfər 6 saylı Cəzaçəkmə Müəssisəsinə gedərək Arif Hacılıya baş çəkib, orada etiraf ediblər ki, qurultayın yubadılmasında maraqlıdırlar. Onlar öz fikirlərini müəyyən şəkildə əsaslandırıblar, amma mən bu barədə əlavə informasiya verə bilmərəm.
Kənardan bu qurultayın yubadılması barədə müxtəlif fikirlər səsləndirilir. Guya Müsavat Partiyası mitinqləri məhz qurultayı yubatmaq məqsədi ilə həyata keçirir. Məsələ bundadır ki, biz qurultayımız olmayan illərdə də mitinqlər keçirmişik. Ən əsas isə qurultayı mümkün qədər tez keçirmək Müsavat Partiyasının və başqanının maraqlarına uyğundur.
-Arif Hacılının başqan seçiləcəyi halda onun azadlığa tez buraxılacağını düşünürsünüzmü?
- Ənənələrə uyğun olaraq, kim daha çox səs toplayacaqsa, o da başqan seçiləcək. Çox güman ki, seçki alternativli olacaq, hər kəsə bərabər təbliğat-təşviqat şəraiti yaradılacaq. Hər halda, Arif Hacılıya və ya digər bir şəxsə görə qurultayımızı planlaşdırmamalıyıq. Biz nizamnaməni əsas tutmalıyıq, çünki bu sənəd universaldır və bütün dövrlər üçün keçərlidir. Bizim borcumuzdur ki, nizamnamədə nəzərdə tutulan müddəaları yerinə yetirək. Arif Hacılının namizədliyi amili olmasaydı belə, Müsavat öz qurultayını keçirməlidir.
Ümumiyyətlə, siyasi məhbusların müdafiəsinin özünün xüsusi tələbləri var. Onları azad etdirməyin yolları tapılmalıdır. Siyasi məhbusların mümkün qədər tez azad edilməsinə nail olmağın yollarından biri də onların statusunu artırmaqdır. İsa Qəmbər həbsdə olan Əhəd Məmmədli və Rüfət Hacıbəylini öz müşavirləri təyin etməklə, onların buna layiq olması ilə yanaşı, həm də bu gənclərin həbsdə saxlanmasını bir qədər çətinləşdirib.
Arif Hacılı məsələsinə gəldikdə, biri var başqanı həbsdə saxlamaq, biri də var başqan müavinini. Amma yenə də biz qurultayı Arif Hacılıya görə nə tələsdirməliyik, nə də yubatmalı. Əvvəlcə qurultayın tarixi bilinməlidir, sonra namizədlik məsələsi müzakirə mövzusu olmalıdır.
Rüfət Əhmədzadə
Publika.Az
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi