Türkiyəli sabiq nazir: “Ermənistanda vəziyyət lap pisləşəcək“ - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Türkiyəli sabiq nazir: “Ermənistanda vəziyyət lap pisləşəcək“ - MÜSAHİBƏ

- Ahmet bəy, ilk sualımıza ondan başlayaq ki, bu gün Azərbaycan türk dünyasında hansı rolu oynayır?

- Azərbaycan hər zaman deyildiyi kimi, türk dünyası üçün qardaşlıq və birlik körpüsü olmaqla, türk birliyinin qurulmasına töhfə verən qardaş dövlətdir. Onu da unutmamalıyıq ki, azərbaycanlı qardaşlarımız XX əsrin əvvəllərində türk-islam dünyasında ilk demokratik, parlamentli respublikanı yaradıb. Bu tarixi hadisə Azərbaycanın hansı dəyərlərə və potensiala sahib olduğunun göstəricisdir. Bu gün türk birliyinin qurulması üçün göstərilən bütün səyləri ürəkdən alqışlayıram. Eyni zamanda hesab edirəm ki, Azərbaycan kimi digər türk dövlətləri türk birliyinin qurulmasında fəal iştirak etməlidilər. Türk birliyi bizim əsas strateji hədəflərimizdən biri olmalıdır.

- Türkiyənin ən çox narahat olduğu və öz yarası hesab etdiyi Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi bölgə üçün nələr vəd edir?

- Hər şeydən öncə Ermənistan Azərbaycanın işğal etdiyi torpaqlardan çıxmalıdır. Bu proses başlanmasa, vəziyyət gərgin olaraq qalacaq. Ermənistan isə bunu etmək istəmir və öz mənasız iddialarının arxasınca düşüb. Bütün dünya bilir ki, Ermənistan beynəlxalq hüququ pozaraq, Azərbaycanın torpaqlarını işğal edib. Ermənistan hakimiyyəti vəziyyəti ciddiyə almalıdır. Bunun başqa yolu yoxdur. Yox, Ermənistanın siyasi rəhbərliyi zamanı uzatmağa çalışsa, onda onlarçün heç də hər şey yaxşı olmayacaq. Bu yol onları xoşbəxt gələcəyə aparmır.

- Fikirlərinizdən belə aydın olur ki, hazırda Ermənistanın tutduğu yol onu bir dövlət olaraq uçuruma aparır...

- Belə də düşünmək olar. Gəlin, erməni xalqına obyektiv sual verək: Ermənistan müharibədən nə qazandı? Bu sualın cavabı birdir. Müharibə Ermənistana yalnız və yalnız problemlər bəxş etdi. Bu gün sadə ermənilər aclıq və problemlər içərisində çabalıyırlar. Bu günlərdə ölkə müxalifətinin əsas isimləri də bir milyon insanın Ermənistanı tərk etdikləri bildirirlər. Deməli, özləri etiraf edirlər ki, münaqişədən ən çox ziyan çəkən tərəF Ermənistandır. Hələ vəziyyət bundan sonra daha pisləşəcək.

-Sizcə, Ermənistana barışa gələcəkmi?

- Ermənistanın başqa yolu yoxdur. Ermənistan bütün layihələrdən kənarda qalıb. Bu isə Ermənistan üçün milyardlarla pul itkisi deməkdir. Ölkə ziyalıları həyacan təbili çalmalıdırlar. Mənasız və uzağı görünməyən siyasətdən əl çəkməsələr, onların vəziyyəti bundan da pis olacaq.

- Bu gün Ermənistanda yerləşən "Metsamor" Atom Elektrik Stansiyasının bölgə üçün təhlükəsi haqqında sual vermək istərdik. Bu stansiyanın bölgə üçün əsas təhlükəsi nədən ibarətdir?

- "Metsamor" bölgə üçün ciddi təhlükə yaradır. Bu stansiyada hansısa hadisə baş versə, bütün qonşu dövlətlər ciddi ziyan çəkəcəklər. Bu isə ekoloji fəlakətə və başqa dəhşətli faciələrə səbəb ola bilər. Beynəlxalq təşkilatlar hərəkətə keçib, bu stansiyanın bağlanması üçün addımlar atmalıdırlar.

Elnur Eltürk

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm