“Azəravtoyol”, metropoliten və BŞİH arasında Uçan Naməlum Obyekt – QONMAĞA YER TAPMIR - - FOTOLAR
Bizi izləyin

Nəqliyyat

“Azəravtoyol”, metropoliten və BŞİH arasında Uçan Naməlum Obyekt – QONMAĞA YER TAPMIR - - FOTOLAR

Bir neçə il qabaq - 2011-ci ildə Bakı metropoliteni xətlərinin sırasına daha biri - “Dərnəgül” metrostansiyası əlavə olundu. Görülən işlərin nəticəsi olaraq, Binəqədi rayonu ərazisində inşa edilən “Dərnəgül” metrostansiyasının yerləşdiyi ərazi də abadlaşdırıldı. Yenidənqurma işləri aparıldı, yeni park, habelə yeni yollar çəkildi. Amma təəssüf ki, həmin yollardan artıq heç bir əsər-əlamət qalmayıb. Başqa sözlə, bu yol da digər yeni salınan, amma ömrü qısa olan yolların sırasına qatılmaq üçün çox gözləmədi. Elə bunun nəticəsidir ki, avtomobillər çəkilən bu yeni yoldan keçmək üçün sözün əsil mənasında yol axtarırlar.

Publika.az-ın əməkdaşı sözügedən əraziyə gedərək buradakı vəziyyətlə yerindəcə tanış olub.

Açığı, ucqar dağ kəndlərində belə bu cür yollara az rast gəlinir.

Yeni salınan parkın yaxınlığında qurulan dairə avtomobillərin hərəkətində müəyyən nizam yaratsa da, maşınların burdan keçməsi sürücüdən hünər istəyir.

Dairədə addımbaşı qarşına 3-4 metr enində çalalar çıxır, kanalizasiya quyularının qapaqları isə qeyb olub. İllərdi ağzını göylərə açmış bu yola çatanda insan istər-istəməz uçan avtomobillər dövrünün tez gəlməsini diləyir.

Son vaxtlar Bakının bəzi qəsəbə və prospektlərində də dağılmış avtomobil yollarına tez-tez rast gəlirik. Bu tip yolları düzüb-qoşub, “alman təcrübəsi” adı ilə sırıyırlar. 3-4 il sonra yerin aşınma qatı üzə çıxanda görürsən ki, “almanski” nədi, heç “ərəbski” də deyilmiş. Nə bilək, nə “zibiliskiymiş...”

Qayıdaq “Dərnəgül”ə...

Yolun kənarında dayanan taksi sürücüsü Həmid Quliyevə yaxınlaşdım. Sürücü deyir ki, maşını bu dairəvi yol boyunca sürməkdənsə, parkın ortası ilə sürmək daha təhlükəsizdir, amma təəssüf ki, qanun buna icazə vermir. Həmin yoldan istifadə edən “93” saylı marşrut avtobusunun sürücüləri də şəraitdən narazıdırlar. Onlardan biri deyir ki, hər dəfə dairənin çala-çuxurlarını görəndə əsəblərinə hakim ola bilmirlər:

“Vallah, bu yol bizə maddi zərər verməkdən başqa bir işə yaramır. Hər ay avtobusun təmiri üçün bir ətək pul tökürük”.

Bu mənzərəni ağzıaçıq “seyr edən” kanalizasiya quyusunun biri də düz yolun ortasındadı. Hansısa xeyirsevər götürüb “ağzına” maşın təkəri dürtmələyib, xırda daşlarla bəzi çökmüş hissələri “bərpa” etməyə çalışıb.

Bu cür mənzərələr bir az da artsa, paytaxtımızı Mars proyeksiyasına da bənzətmək olardı. Buradakı parkda “yaradılan” baxımsızlıq şəraitini də mövzumuza “bonus” olaraq əlavə edək, məsul olanlar utansın.

Məsul demiş, bu yerlərin bütün bunlara görə, kim və ya kimlər məsuliyyət daşıyır?

Əvvəlcə “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. Söylədi ki, həmin ərazi metro tikintisi layihəsi çərçivəsində ərsəyə gəlib:

““Dərnəgül” parkı və həmin dairəni əhatə edən yolun tikintisini biz aparmamışıq”.

Beləcə kanalizasiya quyusunun uçan qapağı - adını vəziyyətə uyğun olaraq UNO qoyaq - “Azəravtoyol”dan yan keçdi.

Daha sonra “Bakı Metropoliteni” QSC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Anar Nəcəflinin dediklərini təsdiqlədi. Amma necə, diqqət edin:

“Metro tikintisi zamanı “Dərnəgül” parkı və dairə yolunun inşası bizim Bakı Metropoliteni tikinti idarəsi tərəfindən inşa edilib və daha sonra “Azəravtoyol”un sərəncamına verilib”.

Aha, UNO yenidən “Azəravtoyol”a tərəf qayıtdı.

Qurumun mətbuat xidmətinin rəhbəri təkrar əlaqə saxlayanda söylədi ki, həmin yol “Azəravtoyol”a təhvil verilibsə, mövcud şəraitin yaxşılaşdırılması prosesi bu il ərzində həyata keçiriləcək:

“Adətən tikintisi icra olunmuş avtomobil yollarına 4-5 ildən bir texniki baxış keçirilir və ehtiyac olduğu halda bərpa işləri aparılır. Biz də öz öhdəmizə düşən vəzifəni yerinə yetirərək bu il ərzində həmin ərazidəki problemləri həll edəcəyik”.

Bir az sonra Anar Nəcəfli redaksiyamıza zəng elədi. Söylədi ki, ünvanı araşdırıblar və həmin ərazi “Azəravtoyol” ASC-yə tabe deyil.

Beləcə, UNO üçüncü bucağı da tapdı – deməli, problemdən qurtulmaq üçün atlayış portalı Bakı Şəhər İcra Hakimiyyətində olmalıdır.

İcra orqanına bağlanmaq cəhdimiz üç boyutlu labirintə düşməyimizlə nəticələndi. Uzun-uzadı cəhdlərimizdən sonra bircə səs eşidə bildik - “Alo”. Yenicə sevinmişdik ki, o səs də kəsildi.

Bircə dairənin problemlərini həll etmək uğrunda mübarizəmizdən əl çəkdik. UNO isə bu bucaqlar arasında əsəbi şəkildə uçmaqdadı.

Rüfət Soltan,

Fotolar Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm