Nida.az
Bakıda otel foyesindəki soyuq görüş: Qafqazı yeni müharibə gözləyir?
Azərbaycanın enerji layihələrinə əsas rəqib hesab olunan
“Türk axını” layihəsinin dalana dirənməsindən sonra Türkiyə-Rusiya
münasibətlərində kəsişmə prosesi başlayıb. Ankaranın Krım tatarları
məsələsində sərt mövqeyi də Kremldə narahatlıqla izlənilir.
Halbuki, Qərb Ukrayna böhranından sonra Rusiyaya qarşı hücuma
keçəndə Türkiyə neytrallığını qoruyub saxlaya bilmişdi. Bu həm də
Ankaraya öz manevr imkanlarını genişləndirmək üçün lazım idi. Lakin
iyulun 20-də Suruç terror aktından sonra Türkiyənin İŞİD və PKK-ya
qarşı hərbi əməliyyatlara start verməsi, Suriyada siyasi tarazlığın
dəyişməsi daşları yerindən oynatdı.
Ankara Əsədin getməsini israrla tələb etməyə başladı ki, bu, ABŞ-a
da sərf edir. Əvvəldən Əsədi müdafiə edən Rusiyanın Türkiyə ilə
toqquşması artıq pik həddinə çatdı. I Avropa Oyunlarının açılış
mərasimi zamanı Bakıda üz-üzə gələn liderlərin otel foyesində soyuq
görüşü əsəblərin hələ Xəzərin sahillərində tarıma çəkildiyini
göstərirdi. Diplomatiya isə həmişə səbir istəyir və görünür, nə
Moskvada, nə də Ankarada səbir qalıb. Beləliklə, aktiv müharibəyə
qoşulan Türkiyə ilə Rusiya Suriya torpaqlarında yenidən baş-başa
gəlir. Bu, regiondakı situasiyanın dəyişməsinə səbəb olmaqla
yanaşı, avtomatik olaraq, “qaz müharibələrində” də gedişləri
dəyişdirdi. Belə demək mümkünsə, “Türk axını” layihəsinin nəfəs
borusu olan Türkiyənin oyundan çıxması Rusiyaya ağır başa gələcək.
Bu, Azərbaycan qazını əsas alternativ görən ABŞ-ın birbaşa əlini
gücləndirir, həmçinin, dolayısı ilə Bakının da maraqlarına
uyğundur. Moskvanın “Şimal axını” layihəsini canlandırmaq cəhdləri
də oyunun gedişindəki dəyişikliklərdən xəbər verir.
Rusiyalı politoloq Andrey Areşev hesab edir ki, Yaxın Şərqdə
döyüşlərə Ankaranın cəlb olunmasının məntiqi davamı olaraq
Türkiyə-ABŞ yaxınlaşması baş verməli idi: “Artıq ən yüksək
səviyyəli türk siyasətçiləri Krım məsələsini dilə gətirir və Rusiya
ilə münasibətlərdə bu amilin təsir etdiyini vurğulayırlar”.
Ekspertlərə görə, Rusiya-Türkiyə münasibətlərinin gərginliyi
Qarabağ münaqişəsinə də təsirsiz ötüşmür. Belə ki, Türkiyə üçün
problem olan PKK-ya ermənilərin dəstəyi Ankaranı qəzəbləndirir.
A. Areşev qeyd edir ki, bu proseslərin ardından Rusiya Ermənistanla
hərbi əməkdaşlığını daha da genişləndirə bilər.
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan
Ermənistanın xarici təhlükəsizliyi Rusiyadan asılıdır. İndiki
proseslər Türkiyə və Azərbaycanı daha da yaxınlaşdırır. Bütün
hallarda Qafqazda yeni münaqişə ocağı yarana bilər. Bu da ilk
növbədə Dağlıq Qarabağdan başlaya bilər”, – deyə ekspert
bildirib.
“Çünki Türkiyə neoosmanizm fəlsəfəsini irəli sürür və
vaxtilə Osmanlı imperiyasının tərkib hissəsi olan əraziləri, təkcə
Suriya və Yaxın Şərqi deyil, Qafqaz və Krımı da Rusiyadan almaq
istəyir”, - deyə Şərqşünaslıq institutunun ərəb və İslam
tədqiqatları mərkəzinin əməkdaşı, politoloq Boris Dolqov
bildirir.
Onun fikrincə, maraqların toqquşduğu dövrdə rus-türk
müttəfiqliyindən danışmaq mənasızdır.
Asif Nərimanlı
-
Səhiyyə20:12
Arıqlamaq üçün İNQİLABİ DƏRMAN - Oral forması da sınaqdan keçirildi
-
Magazin219:40
Məşhur serial ulduzu 59 yaşında vəfat etdi - FOTO
-
Sosial19:24
Qadınların şəklini çəkib "TikTok"da yayan şəxs SAXLANILDI - FOTO
-
Sosial19:00
Kəmaləddin Heydərov bu xanıma VƏZİFƏ VERDİ - FOTO
-
ABŞ17:46
Tramp prezident olsa, Maskı müşavir edəcək - İDDİA
-
Dünya16:51
Zelenski ABŞ-a yaxın olan məmurları qovdu: Kiyevdə nə baş verir?
-
Sosial16:13
Güclü külək əsəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ
-
Cənubi Qafqaz15:38
Avropa İttifaqının missiya rəhbəri Qaragölə niyə gəlib?