Ziyad Səmədzadə: “Bu, gəlirlərdən vergi tutulmasında çətinlik yaradırdı”
Bizi izləyin

Nida.az

Ziyad Səmədzadə: “Bu, gəlirlərdən vergi tutulmasında çətinlik yaradırdı”

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi təsdiq edilib.

Publika.az-ın məlumatına görə, layihə haqda parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərək bildirib ki, dəyişikliklərə əsasən, idman mərc oyunlarında əldə edilən gəlirlərə vergi tətbiq olunacaq.

Komitə sədri qeyd edib ki, bu sahənin inkişafı və stimullaşdırılması ilə əlaqədar olaraq ölkə başçısının sərəncamı ilə idman mərc oyunlarında əldə olunan gəlirlər vergidən azad edilib: “Ancaq son üç ildə bu sahə xeyli inkişaf edib və gəlirlər əldə edilir. Ona görə də bu sahədən gələn gəlirlərdən vergi tutulması nəzərdə tutulur. İdman mərc oyunlarından əldə edilən gəlirlərdən 10 faiz həcmində vergi tutulacaq. Qanun layihəsində bina tikintisi ilə məşğul olan şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun verilməsi də nəzərdə tutulur ki, həmin vergini ödəyən hüquqi şəxslər əlavə dəyər vergisinin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxslər isə əlavə dəyər vergisinin və gəlir vergisinin ödənilməsindən azad edilirlər. Layihəyə əsasən həmin fəaliyyətlə məşğul olan şəxslər tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadratmetri üçün 45 manat zona əmsalları tətbiq edilməklə sadələşdirilmiş vergini hesablayıb dövlət büdcəsinə ödəyəcəklər.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüquqlarını istifadə etmədikləri halda təməl işlərinə başlanılmış binaların və təqdim edilmiş tikinti sahələrindən asılı olmayaraq əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata alınırlar. Bu halda təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə əlavə dəyər vergisi və maliyyə nəticələrindən asılı olaraq vergi ilinin yekunlarına görə mənfəət vergisi ödənilir. Nəticədə tikintisi başa çatmamış binalar üzrə sadələşdirilmiş vergi ödənilmədiyindən maliyyə vəsaiti vergi ödəyicisinin sərəncamında qalmaqla bu sektorun inkişafına müsbət təsir göstərəcək”.

Z.Səmədzadə bildirib ki, qanun layihəsində daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlərdən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması da nəzərdə tutulub: “Məlum olduğu kimi Vergilər Məcəlləsinin qüvvədə olan müddəsasına əsasən mənzillərin və digər daşınmaz əmlakların təqdim edilməsindən əldə olunan gəlir vergiyə cəlb olunur. Təqdim edilən belə daşınmaz əmlakların alınmasına, tikilməsinə, təmirinə çəkilən xərclər təsdiq edilən sənədlərin bir çox hallarda olmaması bu gəlirlərdən vergi tutulmasında çətinlik yaradırdı.

Qeyd olunanları nəzərə alaraq mülkiyyətində olan, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslərin sadələşdirilmiş vergi ödəyicilərinə aid edilməsi bu sahələrin təqdim edilməsi, satılması üzrə müqavilələri təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması və müvafiq bəyannamənin vergi orqanına təqdim edilməsi ilə bağlı müddəalar qanun layihəsinə daxil edilib.

Həmin dəyişikliklər mənzillərin və digər daşınmaz əmlakın təqdim edilməsindən gəlir əldə edən şəxslərin vergi uçotuna alınması və onlar tərəfindən bəyannamələrin vergi orqanına təqdim edilməsini aradan qaldırmaqla inzibatçılığı sadələşdirir. Bununla yanaşı, qanun layihəsində fiziki şəxslərin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsinin ödəmə mənbəyində vergidən azad edilməsi nəzərdə tutulur. Yəni fiziki şəxs 5 il müddətində yaşadığı evdə qeydiyyatdadırsa, həmin ev satıldıqda ondan heç bir vergi tutulmayacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm