SSRİ-nin ikinci şəxsi: “Heydər Əliyevə xəyanət etmədiyim üçün hava limanında...”
Bizi izləyin

Nida.az

SSRİ-nin ikinci şəxsi: “Heydər Əliyevə xəyanət etmədiyim üçün hava limanında...”

“Heydər Əliyev Azərbaycan Prezidenti kimi Moskvaya gələndə “Vorbyovo” dağlarındakı qonaq evlərində qalırdı. İki dəfə mənə zəng edib yanına çağırıb. Biz görüşmüşük, çay içmişik və köhnə dostlar kimi söhbət etmişik”.


Publika.az xəbər verir ki, bu barədə keçmiş SSRİ Nazirlər Sovetinin sədri, hazırda senator olan Nikolay Rıjkov “Moscow-Baku” portalına Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə bağlı xatirələrini bölüşdüyü müsahibəsində deyib.


Rıjkov bildirib ki, onu Heydər Əliyevlə Baybakov tanış edib: “Sonradan tale elə gətirdi ki, bizim ikimizi də eyni vaxtda Moskvaya çağırdılar. Onu Nazirlər Soveti sədrinin birinci müavini, məni iqtisadiyyat üzrə katib seçdilər. Sonralar gördüm ki, Nazirlər Sovetində hər şey yaxşı getmir. Ona qarşı məqsədli planlar hazırlayırdılar. Misal üçün, Nazirlər Sovetinin sədri Tixonov ya xəstələnəndə, yaxud məzuniyyətə gedəndə səlahiyyətlərini Heydər Əliyevə yox, Arxipova verirdi. Bu, əlbəttə, çox mənfi münasibət idi. Lakin mən 1985-ci ildə Nazirlər Sovetinə sədr gəldim və ilk iclasda elan etdim ki, mən olmayanda səlahiyyətlərimi birbaşa Heydər Əliyev icra edəcək”.


O, Mixail Qorbaçovun Heydər Əliyevə qarşı təzyiqlərindən də danışıb: “Münasibət birdən-birə dəyişmədi. Tədricən oldu. Sonradan mənə aydın oldu ki, Qorbaçov bütün cəhdlərlə onu kənarlaşdırmağa cəhd edir. Mən həmişə deyirdim ki, birinci müavin kimi Əliyev çox yaxşı işləyir. Heydər Əliyev çox incə insan idi. O, şəxsi söhbətlərdə kartları açırdı. Lakin rəsmi vəziyyətdə Siyasi Büronun qərarlarını yerinə yetirirdi. O, fikrini bildirəndə də çox incə, diplomatik davranırdı. Anti-alkoqol kampaniyası başlayanda Heydər Əliyevlə mən eyni fikirdə idik. Biz bunu mənasız hesab edirdik. Lakin təəssüf ki, biz azlıqda idik, onlar çox idi. Mən onda belə deyirdim: “Elə təəssürat yaranır ki, sanki biz içkini sevirik, onlar yox”. Halbuki, əslində hər şey tam əksinə idi. Heydər Əliyev möhkəm iradəyə sahib idi. Bu həm ailədən gələn amil idi, həm də həyat təcrübəsindən qaynaqlanırdı. O anlayırdı ki, lovğa insan heç vaxt müvəffəqiyyət qazanmayacaq, insanları həmişə özündən uzaqlaşdıracaq. O həm də çox savadlı insan idi”.


Rıjkov istefa verəndən sonra həyat yoldaşı ilə Urala gedərkən rastlaşdıqları hadisəni xatırlayır. “Mən artıq deputat idim. Biz “Domodedovo”da deputat otağında təyyarə gözləyirdik. Səhər idi. Bu vaxt iki nəfər əlində şampan şərabı və qədəhlərlə gülə-gülə gəldilər. “Nikolay İvanoviç, bizimlə içməyinizi xahiş edirik” dedilər. Mən gülərək “Səhər vaxtı nəyin sağlığına içək?” soruşdum. Onların cavabı maraqlı idi: “Biz azərbaycanlıyıq və Əliyevə xəyanət etmədiyiniz üçün sizə minnətdarıq. Gəlin bunun sağlığına içək”. "Yaxşı,- dedim,- gəlin səhər-səhər günah işlədək. Çünki buna dəyər”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm