Diplomatik manevr: Azərbaycan Fars körfəzinə çıxış əldə edir
Bizi izləyin

Nida.az

Diplomatik manevr: Azərbaycan Fars körfəzinə çıxış əldə edir

Prezident İlham Əliyevin İran səfəri ikitərəfli əməkdaşlıq istiqamətində imzalanan bir sıra müqavilələrlə yadda qaldı. Azərbaycan liderinin Tehranda İran prezidenti Həsən Ruhani ilə apardığı müzakirələrdə əsas mövzulardan biri də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi oldu.


Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə dəmir yolu, dəniz, avtomobil, çay və hava nəqliyyatı ilə daşımaları təmin edən nəqliyyat infrastrukturu və nəqliyyat vasitələri daxildir. Təkcə Hindistan istisna təşkil edir ki, onun yalnız dəniz marşrutları ilə daşımalarda iştirakı nəzərdə tutulur. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa-Cənubi Asiya - Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.


Bu ilin əvvəlində İrana səfər edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində Azərbaycanla İran arasında dəmir yolu xətti 2016-cı ilin sonunadək tikiləcək.

“2016-cı ilin sonunadək Azərbaycan ərazisində İranla sərhədə qədər yolun çatışmayan 7,5 kilometrlik hissəsi və sərhəddə uzunluğu 100 metr olan dəmir yolu körpüsü inşa olunacaq”, - deyə o bildirib.


“Şimal-Cənub nəqliyyat dəhlizi bütün bölgə üçün önəmlidir”


Prezident İlham Əliyev də Tehrana səfərində mətbuata birgə çıxış zamanı bildirib ki, Həsən Ruhani ilə bu layihə haqda geniş müzakirələr aparıb: “Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması hər iki tərəfin marağındadır. Biz bu önəmli layihənin həyata keçirilməsində fəal iştirak edirik, öz səylərimizi qoyuruq. Şimal-Cənub nəqliyyat dəhlizi nəinki İran və Azərbaycan, bütün bölgə üçün önəmlidir. Ümumiyyətlə, demək istəyirəm ki, bizim siyasi, iqtisadi əlaqələrimiz, konkret layihələrin icrası, eyni zamanda, bölgədə sabitliyin möhkəmlənməsinə xidmət göstərəcək və göstərir”.


“Biz Oman dənizindən, Hind okeanından tutmuş Asiyadan Avropaya qədər körpülərimizi birləşdirə bilərik”


İran prezidenti Həsən Ruhani da Azərbaycanla nəqliyyat layihələrindən danışarkən deyib ki, Azərbaycan Respublikası, o cümlədən İran elə bir coğrafi mövqedə yerləşir ki, onlar bir-biri üçün keçid-körpü ola bilər: “Biz Oman dənizindən, Hind okeanından tutmuş Asiyadan Avropaya qədər körpülərimizi birləşdirə bilərik. Biz Azərbaycan və Qafqaz vasitəsilə Avropa ilə birləşə bilərik. Azərbaycan da İran vasitəsilə cənub dənizləri ilə, okeanlarla birləşmiş olar. Biz gərək bu dəhlizdən çox yaxşı istifadə edək, bundan faydalanaq və bunu daha da genişləndirək və çalışaq ki, bir-birimizə kömək etməklə Qəzvin-Rəşt və Rəşt-Astara dəmir yolunun tikintisinə və birləşməsinə nail olaq. Biz bu dəhliz vasitəsilə Qara dənizə və Avropaya, Rusiyaya çıxaq, onların dəmir yolu sisteminə birləşək. Biz bu sahədə əməkdaşlıq etməliyik”.


Azərbaycan liderinin İrana səfəri və ikitərəfli münasibətlərdə daha bir səhifənin açılması ölkəmizin regional əhəmiyyətini daha da artırdı. Xüsusilə nəqliyyat layihələrində əsas yer almaq Azərbaycana həm iqtisadi, həm də siyasi cəhətdən divident qazandıracaq. Hesab etmək olar ki, Azərbaycan həm Fars körfəzinə, həm də Qara dənizə çıxış imkanı əldə edir.


“Ölkəmiz Fars körfəzinə, oradan da Hind okeanına çıxmaq imkanı əldə edir”


Milli Məclisin deputatı Musa Qasımlı deyir ki, Prezident İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri həm ikitərəfli, həm regional və beynəlxalq münasibətlər baxımından xüsusi əhəmiyyət kəsb edir.


“Səfər zamanı Şimal-Cənub dəhlizinin, Astara-Astara dəmiryol xəttinin tikintisinə dair imzalanan sənəd müstəsna əhəmiyyət daşıyır. Şərq və Qərb arasında körpü olan Azərbaycan bu sənəd reallaşdırıldıqdan sonra Şimal və Cənub arasında da etibarlı, sərfəli və əlverişli tranzitə çevrilir, ölkəmiz Fars körfəzinə, oradan da Hind okeanına çıxmaq imkanı əldə edir. Yeni dəmiryolu xəttinin tikintisi və işə salınması ölkəmizə əlavə gəlirlər gətirəcək, iqtisadiyyatımızın neftdən asılılığını xeyli azaldacaq, əlavə iş yerləri açılacaq, vətəndaşlarımızın həyat şəraitinin daha da yaxşılaşdırılmasına kömək edəcək, dövlətimizin beynəlxalq nüfuzunu və mövqelərini möhkəmləndirəcək”, - deyə deputat bildirib.


“Fars körfəzinə çıxış mübarizəsində Sarkisyan məğlub olub”


Qeyd edək ki, Prezident İlham Əliyevin siyasi manevrləri ilə Azərbaycanın Fars körfəzinə və Hind okeanına çıxış əldə etməsi regionda ən çox Ermənistanı narahat edir. Çünki İran üzərindən sanksiyalar aradan qalxandan sonra Ermənistan böyük dividentlər əldə edəcəyini düşünürdü. Lakin rəsmi Bakının cəld və ağıllı addımları ermənilərin xəyallarını puça çıxartdı. Bunu erməni ekspertlər də etiraf edirlər.

Misal üçün, İranşünas ekspert Emma Beqidjanyan Sarkisyan rejimini tənqid edərək, onu “dil pəhləvanı” adlandırıb: “Ermənistan hökuməti dildə danışmağı çox sevir, amma diplomatiyaya gələndə heç nə edə bilmirlər. Bunu Azərbaycan-İran münasibətlərində aydın gördük. Azərbaycan prezidenti Ruhani ilə son dövrlər 4 dəfə görüşüb, hər iki ölkədən bir-birinə 50 yüksək vəzifəli şəxs baş çəkib”.

Erməni ekspert qeyd edib ki, Fars körfəzinə çıxış uğrunda aparılan mübarizədə Serj Sarkisyan məğlub olub.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm