“Mehmetcik” Osmanlı torpağında, Rusiyaya siqnal, Baydendən Gülən sözü... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

“Mehmetcik” Osmanlı torpağında, Rusiyaya siqnal, Baydendən Gülən sözü... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Heç şübhəsiz ki, bu gün medianın gündəmində olan əsas mövzu Türkiyə ordusunun Suriyaya daxil olmasıdır. Ankara "kürd dəhlizi"nin yaranmasının qarşısını almaq üçün hərəkətə keçdi. ABŞ-ın vitse-prezidenti Co Baydenin Ankaraya səfəri və İtaliyada baş verən zəlzələ də günün əsas mövzularından idi.

"Mehmetcik" Suriyaya girdi

Türkiyə Silahlı Qüvvələrinə bağlı F-16 qırıcıları və topçu birlikləri bu gün səhər Suriyanın Cerablus şəhərinin İŞİD-dən azad edilməsi üçün əməliyyata başlayıb. Aviazərbələrdən sonra – günorta saatlarında Türkiyənin tank birlikləri Suriyaya daxil olub.

Türkiyə Silahlı Qüvvələri Suriyanın Cerablus mahalının mərkəzinə girib. "Reuters" agentliyinin yazdığına görə, İŞİD Cerablusun ətrafında yerləşən kəndlərdən çəkilir.

İŞİD terror təşkilatının döyüşçüləri Cerablusdan qaçmağa başlayıb. Bu haqda CNN Türk kanalının canlı yayımına bağlanan və Cerablusda qohumlarının olduğunu bildirən bölgə vətəndaşları bildirib.

Dəməşq və Moskvadan ŞƏRH

Türkiyə ordusunun Suriyada bu gün başladığı "Fərat Qalxanı" əməliyyatına rəsmi Dəməşqdən reaksiya gəlib.

Suriya Xarici İşlər Nazirliyindən verilən açıqlamada türk əsgərinin Suriyaya girməsi ölkənin suverenliyinin pozuntusu adlandırılıb. Açıqlamada bildirilir ki, Suriya ərazisində terrora qarşı aparılan bütün əməliyyatlar Dəməşqlə koordinasiya edilməlidir. Nazirlik həmçinin bildirib ki, Ankara İŞİD-i digər terror təşkilatları ilə əvəz etmək niyyətindədir.

Rusiya Xarici İşlər Nazirliyindəki mənbə də bildirib ki, Ankara əməliyyatı Dəməşq ilə koordinasiya etməlidir.

Ankaradan verilən rəsmi informasiyaya görə, Rusiya əməliyyatla bağlı məlumatlandırılıb.

"Türkiyə Suriya bataqlığında çox şey itirəcək" – ŞOK TƏHDİD

PYD-nin (PKK terror təşkilatının Suriya qolu) lideri Saleh Müslim Türkiyə ordusunun bu gün Suriyanın şimalında başladığı əməliyyata reaksiya verərək Ankaranı təhdid edib.

Müslim üç dildə yazdığı tvitdə Türkiyənin Suriya bataqlığında çox şey itirəcəyini deyib.

"Fərat Qalxanı" nə qədər davam edəcək? - RƏSMİ

"Bu əməliyyatın məqsədi sərhədimizin İŞİD terror təşkilatından təmizlənməsidir. Bunun üçün əlimizdəki bütün imkanlardan istifadə edəcəyik".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ordusunun Suriyada başladığı hərbi əməliyyatı şərh edərkən deyib.

"Ankaradakı son iki terror aktını törədənlər Suriyadakı PYD düşərgələrindən gəlib. Bu əməliyyatın məqsədi İŞİD-dir. Saleh Müslim (PYD-nin rəhbəri – red.), ya da PYD niyə narahat olur? Onlar İŞİD-lə mübarizə apardığını iddia etmirlərmi? Əgər məqsəd İŞİD-lə mübarizə aparmaqdırsa, bu əməliyyata dəstək verərlər", - Çavuşoğlu bildirib.

O, Suriya Demokratik Gücləri ilə yanaşı, YPG (PYD-nin silahlı qanadı –red.) döyüşçülərinin də Fərat çayının şərqinə keçməli olduğunu söyləyib."Keçməzlərsə, lazım olan addımları atarıq", - Türkiyə xarici siyasət idarəsinin başçısı vurğulayıb.

Qeyd edək ki, Türkiyə ordusu bu səhər Suriyanın şimalındakı Cerablus şəhərini İŞİD-dən azad etmək üçün əməliyyata başlayıb. Türkiyə Daxili İşlər Nazirliyinin başçısı Efkan Ala bildirib ki, əməliyyat təhlükə tam aradan qaldırılana kimi davam edəcək.

Eyni zamanda, KİV əməliyyatın təxminən iki həftə davam edə biləcəyini deyib. "Əməliyyat iki həftə davam edə bilər", - NTV kanalı hərbi mənbələrə istinadən bildirir.

Ərdoğandan SƏRT MESAJ: "Türkiyə diz çökməyəcək"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun Suriyada başladığı əməliyyatla bağlı danışıb.

Prezident Suriyadan ölkəyə edilən hücumların işi bu həddə gətirdiyini deyib. "Türkiyə ordusu bu səhər Suriyanın şimalında davamlı şəkildə ölkəmizi təhdid edən İŞİD və PYD kimi terror təşkilatlarına qarşı əməliyyata başlayıb. Suriyadan ölkəmizə edilən hücumlar işi buraya qədər gətirdi. Dedik ki, bu işə burada nöqtə qoymaq lazımdır. Artıq bu işi həll etmək lazımdır. Suriyadan edilən hücumlara son qoyulmalıdır", - Ərdoğan bildirib.

Türkiyə prezidenti ölkəsinə qarşı çirkin planlar quran qüvvələrə sərt mesaj göndərib: "Türkiyəni bölə, dövlətimizi yıxa, azanlarımızı susdura, bu ölkəyə düz çökdürə bilməyəcəksiniz",

"FETÖ və İŞİD..." - Bərzani Ankaradan nəyi xahiş etdi?

Ankara səfərinin ikinci günündə mətbuat konfransı keçirən Şimali İraq regional kürd rəhbərliyinin başçısı Məsud Bərzani Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırımla keçirdiyi görüşlərin nəticələri haqqında danışıb.

Bərzani prezident və baş nazirlə keçirdiyi görüşlərdə kürd muxtariyyətindəki FETÖ (Fəthullahçı Terror Təşkilatı) məktəblərinin müzakirə olunduğunu bildirib.

Kürd siyasətçi bu məktəblərdə təhsil alan şagirdlərin zərər görməməsi şərti ilə problemin həlli mövzusunda razılaşdıqlarını deyib. Bərzani həmçinin İŞİD terror təşkilatı ilə mübarizə mövzusunda razılaşdıqlarını vurğulayıb.

"Bölgədə böyük dəyişikliklər qapıdadır. Buna görə də həmrəylik və yaxınlaşmanın daha çox olması lazımdır. Türkiyədə sülh prosesi çox əhəmiyyətlidir, ancaq bunun üçün daha çox işə və zamana ehtiyac var. Ümidsiz deyilik. Təəssüf ki, keçən müddət ərzində pis hadisələr baş verdi. Sülh prosesinin yenidən başlanması üçün xahiş edirəm", - Bərzani qeyd edib.

İtaliyada güclü zəlzələ: 73 nəfər ölüb

İtaliyanın mərkəzi hissəsində yerləşən Amatriçe şəhərində səhər saatlarında güclü zəlzələ baş verib. Rixter cədvəli üzrə 6,2 ballıq zəlzələ ən azı üç əyalətə - Askoli Piçeno, Fermo və Maçerataya zərər vurub.

Zəlzələnin gücü İtaliyanın bir çox şəhərində hiss edilib. Zərbə dalğası ölkə paytaxtı Romaya qədər çatıb. Amatriçe şəhərinin meri Sercio Pirotssinin sözlərinə görə, vəziyyət zəlzələdən sonra yaranan sürüşmə ilə daha da mürəkkəbləşib.

Son məlumatlara görə, İtaliyada zəlzələ qurbanlarının sayının artaraq 73 nəfərə çatıb. Bu barədə İtaliya Mülki Müdafiə Xidmətinin rəsmi nümayəndəsi İmmakolata Postilyone bildirib. İktin düşənlərin sayı barədə hələ dəqiq məlumat verilmir. Təxminən 100 nəfərin xəsarət aldığı deyilir.

"Şəhərə gələn və gedən bütün yollar kəsilib. Şəhərin yarısı yox olub. İnsanlar dağıntıların altındadır", - Pirotssi dövlət telekanalı RAI-nin efirində bildirib.

Kravçuk Krımı Rusiyaya verdi – ŞOK BƏYANAT

Ukraynanın birinci prezidenti Leonid Kravçuk Krımı Rusiyanın bir hissəsi kimi tanıyıb.

Keçmiş prezident bu haqda UNN agentliyinə müsahibəsində deyib. "Krımı öz orbitinə cəlb etdilər, o artıq Rusiya federal sisteminin bir hissəsidir. Krım artıq faktiki olaraq Rusiyadır", - Kravçuk vurğulayıb.

O, əlavə edib ki, yarımadanın Ukraynanın tərkibinə qayıdışı üçün uzun müddət gözləmək lazım olacaq. Keçmiş dövlət başçısının sözlərinə görə, Kiyev Donbası nəzarəti altına mütləq qaytaracaq.

Kravçuk avqustun 22-də bildirib ki, əgər Kremldə kiminsə ağlına Ukraynanı özünü tabe etdirmək ideyası gələrsə, bu, Rusiyanın sonunu gətirə bilər.

Qeyd edək ki, Kravçuk 1991-ci ildən 1994-cü ilə qədər dövlət başçısı postunu tutub.

Poroşenko: "Bu, Rusiyaya siqnaldır ki..."

"Kiyevdə keçirilən hərbi parad Rusiyaya siqnalıdır ki, ukraynalılar öz müstəqilliyi üçün mübarizə aparmağa hazırdır".

Bunu Ukrayna prezidenti Pyotr Poroşenko Ukraynanın Müstəqillik Günü münasibətilə Kiyevdə keçirilən hərbi paradda çıxışı zamanı deyib.

"Bizim paradımız düşmənə siqnaldır ki, ukraynalılar öz müstəqilliyi üçün mübarizə aparmağa hazırdır. Cəbhəyə hərbi komissarlıqlar vasitəsilə 300 min insan gəlib", - dövlət başçısı bildirib.

Poroşenko hesab edir ki, xarici təhdid müasir Ukrayna siyasi millətinin formalaşması prosesini sürətləndirib.

Co Bayden Türkiyədə

ABŞ-ın vitse-prezidenti Co Bayden bu gün Ankaraya səfər edib.

Bayden öncə Türkiyə Böyük Millət Məclisində olub. 15 iyul dövlət çevrilişi gecəsində bombalanan parlament binasını gəzən Baydenə həmin gecə parçalanan mərmər parçası hədiyyə edilib.

ABŞ-ın vitse-prezidenti daha sonra baş nazir Binəli Yıldırım və prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Vitse-prezidentin Türkiyədə keçirəcəyi görüşlərdə müzakirə olunacağı ən əhəmiyyətli mövzular Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülənin ekstradisiyası və Türkiyə ordusunun Suriyada başladığı əməliyyat olub.

Binəli Yıldırımla görəndən sonra birgə mətbuat konfransı keçirilib. Bayden qanunların icazə verəcəyi halda Güləni Türkiyəyə ekstradisiya edə biləcəklərini deyib. "Bizim hər hansı bir adamı qorumağa niyyətimiz yoxdur, amma bunun qanunlarımıza uyğun gəlməsi zəruridir", - vitse-prezident söyləyib. O, Türkiyənin ABŞ-dan daha yaxşı dostunun olmadığını dilə gətirib.

Bayden ABŞ-ın 15 iyul çevriliş cəhdindən əvvəlcədən xəbərinin olmadığını deyib: "Əgər ABŞ çevriliş cəhdi ilə ilə bağlı əvvəlcədən məlumatlı olsaydı, bunu maneə olmaq üçün əlimizdən gələni edərdik".

Kremldən Ukraynanın Müstəqillik Gününə "hədiyyə"

Rusiyanın İstintaq Komitəsi Ukraynanın müdafiə naziri Stepan Poltorak və Ukrayna ordusunun bir sıra yüksəkvəzifəli nümayəndələri barəsində cinayət işi qaldırıb.

Bu haqda İstintaq Komitəsinin xəbərində deyilir. Ukraynanın yüksək vəzifəli hərbi şəxsləri mülki əhali barəsində qeyri-qanuni hərəkətlərdə və qadağan edilmiş vasitələrin tətbiqində ittiham olunur. Barəsində cinayət işi qaldırılan şəxslərin siyahısına müdafiə nazirindən başqa, Ukrayna Müdafiə Nazirliyinin Baş qərargahının müdiri Viktor Mujenko, quru qoşunlarının keçmiş komandiri Anatoli Puşnyakov, quru qoşunlarının komandiri Sergey Popko, Ukrayna Milli Qvardiyasının komandanı Yuri Allerov daxildir.

Xatırladaq ki, avqustun 22-də Ukraynanın baş prokurorluğu Rusiyanın 18 yüksək vəzifəli hərbi məmuru barəsində axtarış elan edib. Ukraynanın baş prokuroru Yuri Lusenko mətbuat konfransında bildirib ki, onlar terror qrupunun yaradılması, müharibə təbliğatı, həmçinin təcavüzkar müharibənin aparılmasında ittiham olunur. Şübhəlilər arasında Rusiyanın müdafiə naziri, onun iki müavini və Rusiya Silahlı qüvvələrinin daha on generalının adı var.

Qeyd edək ki, bu gün Ukrayna müstəqilliyinin 25-ci ildönümünü qeyd edir. Ukrayna ordusunun bir sıra yüksəkvəzifəli nümayəndələri barəsində cinayət işinin bu gün qaldırılması təsadüf sayıla bilməz.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm