Nida.az
“Bütün müxalifət birlikləri dağıla bilər” - Ərəstun Oruclu
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış politoloq
Ərəstun Oruclunun Publika.Az –a müsahibəsi
-Müxalifət düşərgəsində nə baş verir, gərginliyin,
qarşıdurmanın səbəbləri nədir?
-Siyasətdə belə bir şey var: uğuru bölüşmək daha asandır, nəinki
uğursuzluğu. İnsanlar ortada uğurlu nəticə olanda bunu özünün uğuru
sayır, uğursuzluğu isə başqasının ayağına yazmağa çalışır. Bu
insanın təbiətindən gələn şeydir. Ümumiyyətlə, bu, yeni situasiya
deyil, əvvəllər də belə olub. Uzun müddətdir ki, Azərbaycan
siyasəti böhran üstündədir. Bu böhranın bitmə nöqtəsi görünmür,
lakin artıq bitməyə doğru gedir. Qarşıdan parlament seçkilərinin
gəlməsi ilə yanaşı, digər tərəfdən dünyada qlobal çevrədə ciddi
dəyişikliklər baş verir. Şübhəsiz ki, heç bir ölkə, o cümlədən
Azərbaycan bu prosesdən kənarda qalmayacaq, qala da bilməz.
İstər-istəməz hansısa təsirlər az yaxud çox səviyyədə olacaq. Bu
baxımdan hesab edirəm ki, 3-4 ay durğunluqdan sonra siyasi
aktivliyin artması müstəvisinə keçəcəyik. Təkcə müxalifət
düşərgəsində deyil, cəmiyyətdə də bunun işartıları görünür.
Şübhəsiz ki, bir il, yaxud bir il yarımdan sonra parlament
seçkiləri ərəfəsində tamamilə fərqli mənzərə yaranacaq. Ən azı
2013-cü ilin prezident seçkiləri ərəfəsindəki mənzərəni çətin
görək. Ona görə ki, artıq bir çox siyasi partiyalar, qurumlar,
hərəkatlar koalisiya, müxalifət birlikləri məsələsinə ehtiyatla
yanaşırlar. Çünki illər boyu bu birliklər, koalisiyalar yetərincə
uğursuz olub. Çox güman ki, bu paradiqmalar, format üzərində geniş
siyasət konsepsiyasını görəcəyik. Amma şübhəsiz ki, bunun hamısı
Azərbaycana beynəlxalq təsirlərin artması ilə müşahidə olunacaq.
Bunun üçün yetərincə ciddi səbəblər var. Səbəblərdən biri də odur
ki, Qərb, xüsusilə ABŞ-İran münasibətləri tam yeni müstəviyə keçir.
Bir tərəfdən NATO qoşunlarının Əfqanıstandan çıxarılması yaxın
zamanlarda yekunlaşır, digər tərəfdən Şərq Tərəfdaşlığı proqramı
üzrə Avropa genişlənməsi davam edir. Əlbəttə bunların fonunda demək
ki, hər şey seçkilərdəki kimi qalacaq, yaxud iki il və ya ötən ilki
kimi olacaq, bu yanlış olar. İstənilən halda yeni situasiya
yaranacaq və bu situasiya özünü həm daxili, həm xarici, həm
iqtidar, həm də müxalif müstəvilərdə göstərəcək.
-O zaman hesab etmək olar ki, qarşıdakı dövrdə hazırki
birliklər, bloklar dağılsın, yaxud təsisçilər tərəfindən
buraxılsın?
-Mümkündür. Hər-halda bu birliklərin effektivliyi görünmür. Bəlkə
həqiqətən də kimlərdəsə mövcud blokları effektiv işləyən siyasi
koalisiyalara çevirmək alınacaq. Lakin şəxsən mənə inandırıcı
görünmür. Bunun da obyektiv səbəbləri var. Bunlardan birincisi odur
ki, son 20 ildə mövcud olmuş bloklar - bir neçəsi xaric, o da
mütləq əksəriyyəti azlıqdır - sırf siyasi prinsiplər üzərində
qurulmayıb, ya şəxsi münasibətlər üzərində qurulub, ya da şəxsi
münasibətlər üstündə dağılıb. Yaxud da hansısa ötəri maraqlar
üzərində yaradılıbdır. Əslində bu hədəflər, məqsədlər üzərində
yaradılmalıdır ki, bu da olmayıb.
-Şəxsi maraqlar, şəxsi münasibətlərdən danışdınız.
Hazırkı mənzərə odur ki, müxalif düşərgə sanki siyasəti iqtidara
gəlmək üçün deyil, şəxsi münasibətlərini aydınlaşdırmaq üçün
istifadə edir.
-İnam olmayanda belə olur. Tutalım ki, müxalifət partiyaları və
qurumları iqtidara gəlməyə özündə güc, inam tapmayanda, şübhəsiz
ki, aktuallığını, təsir dairəsini qoruyub saxlamaq üçün, sıralarını
genişləndirmək üçün başqa mübarizə məkanları, hədəfləri axtarır. Bu
da adətən müxalif düşərgədə olur. İqtidarla mübarizə strateji
hədəfə yönəlmiş mübarizədir. Orda ehtimal görünmürsə, nəticə
yoxdursa, başqa forma seçilir.
-Yeni partiyaların meydana çıxması ehtimallarını necə
qiymətləndirirsiniz?
-Belə ehtimallar yüzlərlədir. Ola da bilər, olmaya da. Hər şey
yaranacaq situasiyadan asılı olacaq. Yeni situasiya yaranacaqsa,
mümkündür ki, mövcud partiyaların özlərinin daxilində dəyişikliklər
olsun, yeni dəyərlər, prinsiplər ortaya çıxsın. Bütün variantlar
mümkündür. Lakin hər bir variantın zəruri şərtləri olmalıdır. Əgər
belə şərtlər olacaqsa, yeniliklər ola bilər. Həmçinin bu və ya
digər formatlar meydana çıxa, partiyalararası transferlər ola
bilər.
-Milli Şuranın perspektivini necə
görürsünüz?
-Çətin sualdır. Gördüyümüz odur ki, daxilində sular tam durulmayıb.
Bulanıqlıq hələ də qalır, bir-birini ittiham edənlər hələ də var.
Bu ittihamların mahiyyətinə baxdıqdan gərginliyin artması görünür.
Bu baxımdan perspektivlə bağlı konkret fikir söyləmək çətindir.
Şəxsi fikrim budur ki, Milli Şura əvvəldən uğurlu format olmayıb.
Sürətlə yaranan, bir çox məsələlərə aydınlıq gətirilmədən
yaradılıb. İldırımvari proses idi. Belə proses də nadir hallarda
uğur qazanır. Mənim fikrimə görə, yaxın iki ayda bu qurumda da hər
şey aydınlaşacaq.
-Siz AXCP və Müsavata yaxın olmusunuz. Müəyyən dövrlərdə
təkrar-təkrar ortaya çıxan iki partiya arasındakı münasibətlərin
kökündə nə dayanır?
-Dərinə gedəndə bu iki partiya arasında fundamental ziddiyyətlər
yoxdur. Görünür şəxsi münasibətlər, şəxsi maraqlar, partiya
maraqlarından irəli gəlir.
-Burda kiminsə haqlı olduğunu demək
mümkündür?
-Əgər dava baş verirsə, burda hər iki tərəfin səhvləri var. Mən
deməzdim ki, bir tərəf haqsız, o biri haqlıdır. İstənilən
münasibətdə tərəflərin öz haqları var. Ola bilər hansısa haqlı
olsun. Zənnimcə münaqişə baş veribsə, bu, artıq hər iki tərəfin də
müəyyən günahkar olması deməkdir.
Asif Nərimanlı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ