Taleh Bağırzadəni Kürdəxanıdan tanıyıram – Tural Abbaslı
Bizi izləyin

Nida.az

Taleh Bağırzadəni Kürdəxanıdan tanıyıram – Tural Abbaslı

Ağ Partiya sədri Tural Abbaslının Publika.az-a müsahibəsi:

- Sizcə, AXCP Azərbaycanda şəriət dövləti qurmaq istəyən, İranın adamı olduğu sübut və dəlillərlə təsdiqlənən Taleh Bağırzadəni niyə müdafiə edir?

- Bu suala AXCP rəhbərliyi cavab versə, daha məqsədəuyğun olar. Çünki mən onların siyasi planlarından xəbərdar deyiləm. Amma Taleh Bağırzadə məsələsinə tək prizmadan yanaşmaq olmaz. Biz bu məsələni daha çox hüquqi aspektdən qiymətləndirməliyik. Ağ Partiya olaraq istər Taleh Bağırzadə, istər onun təşkilatına mövqeyimiz bundan ibarətdir ki, ədalətli istintaq və ədalətli məhkəmə olsun. Əgər ortada iddia olunduğu kimi, cinayət faktları varsa, bu, ictimaiyyətin önünə sərilməlidir ki, müxtəlif qruplar bu cür insanları dəstəkləməsin. Mən Taleh Bağırzadəni Kürdəxanı həbsxanasından tanıyıram. Düşünürəm ki, bu məsələnin manipulyasiya olunmaması üçün məhkəmə prosesi şəffaf aparmalıdır. AXCP-nin isə niyyətinin nə olması öz işidir.

- Tural bəy, bəs sizcə, necə olur ki, AXCP həm İranla, həm də Qərblə işləyə bilir?

- Fikrimcə, bu sualı İrana və Qərbə vermək lazımdır. Necə ola bilər ki, bu iki zidd qütb dünya miqyasında qarşıdurmada olduğu halda eyni zamanda bunlarla işləyir?! Maraqlı burasıdır ki, dünyada hətta silahlı qarşıdurmada olan ölkələr Azərbaycana qarşı tutduqları mövqedə müttəfiq kimi hərəkət edirlər. Bu hal Qarabağ məsələsində də açıq-aydın müşahidə olunurdu. Biz Ağ Partiya olaraq, təsis olunduğu gündən milli-mənəvi dəyərlərə sadiq mühafizəkar partiya olduğumuzu elan etdik. Bundan sonra bütün Qərb dairələri, səfirliklər bizimlə əlaqələri kəsiblər, o cümlədən, də İran.

- Maraqlıdır ki, Tehranla qarşıdurmada olan Qərb Azərbaycanda İran tərəfdarlarını müdafiə edən bir partiyaya dəstək verir. Ən azı belə görünür. Fərqində deyillərmi?

- Bu məsələdə bir sıra fərqli məqamlar var. Məsələn, İran deyir ki, mən şəriət dövlətiyəm. Məntiqlə Ermənistan Azərbaycan qarşıdurmasında İran müsəlman olan Azərbaycanın yanında olmalı idi. Lakin müharibənin ilk günlərindən sonuna qədər, həmçinin 30 illik işğal dövründə də altdan-altdan Ermənistana dəstək verdi. 44 günlük müharibədə belə qoşunlarını qanunsuz olaraq Azərbaycan ərazisinə daxil edib, 18 saat Azərbaycan ordusunun əməliyyatını yubatdılar. Bu kimi məsələlərdə şəriət və digər bir çox şeydən daha üstün dövlət marağıdır. Dövlət maraqları hər şeydən öndə gəlməlidir. Biz bu gün müxalif partiyanın nümayəndələriyik və Azərbaycanda iqtidar partiyası olmaq üçün mübarizə aparırıq. Bütün bunlar öz yerində. Lakin dövlət maraqları dedikdə iqtidar-müxalifət, hər hansı partiya anlayışı ikinci plana keçməlidir. Təəssüf ki, bu, bizdə müşahidə olunmur. Oturub dua edirdilər ki, neftin qiyməti 6 dollara ensin, Azərbaycanın iqtisadiyyatı məhv olsun və biz hakimiyyətə gələk. İqtisadiyyatı məhv olmuş, əraziləri işğalda olan dövlətin iqtidarı olmaq istəyini başa düşə bilmirəm. İqtisadi baxımdan güclü, siyasi baxımdan azad, hərtərəfli özünü təmin edə biləcək Azərbaycanın müxalifəti olmaqdan qürur duyaram, nəyinki oyuncaq dövlətin iqtidarı. Bu baxımdan düşünürəm ki, Azərbaycanda siyasi səhnədə dövlətçilik anlayışı hələ oturuşmayıb.

- 2013-cü ildə AXCP Moskvanın layihəsi olan Milyarderlər İttifaqını dəstəkləyirdi, indi də İranın layihəsini dəstəkləyir. Demokratik dəyərləri əsas tutan bir partiyanın gah Rusiyaya, gah da İrana meyllənməsini necə izah edərdiniz?

- Hər bir partiyanın özünün xarakteri var. Elə partiya var ki, hakimiyyətə gəlmək üçün istənilən dövlətlə əməkdaşlıq edə bilər, elə partiya var ki, dövlətçilik naminə hər şeydən keçə bilər və s. Fikrimcə, sərbəst siyasi rəqabət mühiti yaransa, bu məsələlərə xalq özü qiymət verə biləcək. Əminəm ki, siyasi səhnə məhdudlaşdırılmasa, müxalifətdaxili məsələlər özlüyündə həll olunacaq. Cəmiyyət hər şeyi analiz edir və kimin nəyi niyə etdiyini gözəl bilir. Kənardan qidalanan siyasi oyunçuların səhnəmizdə güclənməməsi üçün xalqa müraciət etmək və güvənmək lazımdır...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm